14 Mart 2025

Cümə, 21:43

BERTİ FOQTSUN KRESLOSU LAXLAMAĞA BAŞLADI

Amma məğlubiyyətlərə görə oyunçuların da üzərinə az məsuliyyət düşmür

Müəllif:

15.06.2011

Futbol üzrə Avropa Çempionatının seçmə mərhələsində keçirilən Qazaxıstan-Azərbaycan və Azərbaycan-Almaniya görüşləri yeni "heç nə" ilə yadda qaldı. Xüsusilə Astanadakı görüş futbol ictimaiyyətinin səbir kasasını daşdırdı. Seçmə mərhələdə özümüzə uyğun yeganə rəqib olan Qazaxıstanla matçda azarkeşlər yalnız qələbə gözləyirdi. Amma yekunda Berti Foqtsun rəhbərlik etdiyi komanda yenə məğlubiyyətə uğradı. 

Milli komanda Astanada çox aşağı səviyyədə oyun nümayiş etdirdi. Qazaxıstanın yeni yaradılan komandası ümumiyyətlə məhəllə kollektivini xatırladırdı. Bununla belə, rəqib əzmkarlıq sayəsində futbol meydanını qələbəylə tərk edə bildi. 

Sözsüz ki, yığmanın məğlubiyyətləri tez-tez olur. Amma belə zəif rəqibə uduzmağı qəbul etmək mümkün deyil. Qazaxıstanın yeni təyin olunan baş məşqçisi bir həftə ərzində topladığı komanda ilə Berti Foqtsun 3 il çalışdırdığı yığmanı udmaqla düşünməyə mövzu verdi. 2:1 hesablı qələbə qazanan Qazaxıstan seçmə mərhələdə ilk qolunu da bizə vurdu, ilk xalını da bizdən aldı. Səbəb isə sadədir. Futbolçuların arxayınlaşması, rəqibə yuxarıdan-aşağı baxması yekunda acınacaqlı nəticəyə gətirib çıxardı. 

Hər zaman olduğu kimi, bu dəfə də məğlubiyyətə görə baş məşqçi qınandı. Berti Foqts tənqid olundu, istefaya səsləndi. Lakin futbolçuların da bu məğlubiyyətdə "payı" az deyildi. Foqtsun əsas səhvləri yaxşı hazırlıqlı olmayan futbolçulara güvənməsi, eyni zamanda, mövqe seçimində verdiyi yanlış qərarlardır. 

Futbolçulara gəldikdə isə onların aşağı səviyyədə oynaması göz qabağında idi. Əgər ölkənin əsas hücumçusu sayılan Vaqif Cavadov 5 metrdən topu tora göndərə bilmirsə, deməli, biz ona ümid etməkdə yanılmışıq. Yox, əgər Rauf Əliyev qapıçıyla təkbətək qalanda özünü itirirsə, deməli, bu futbolçudan artıq nəsə gözləmək real deyil. Ümumilikdə, Qazaxıstanla oyunu aşağı səviyyədə keçirən yığma layiq olduğu məğlubiyyətlə üzləşdi.

Almaniya ilə oyuna gəlincə, bu matçdan heç kəs möcüzə gözləmirdi. Aydındır ki, dünya səviyyəli bundestimə qarşı Berti Foqtsun komandasının  xal qazanmaq şansı az idi. Bu səbəbdən, azarkeşlərin yeganə gözləntisi gözəl oyunla bağlı idi. Qazaxıstanla oyunla müqayisədə daha yaxşı futbol sərgiləyən milli 1:3 hesabıyla uduzdu. Komandanın yeganə qolunu meydana sonradan çıxan Murad Hüseynov vurdu. Maraqlıdır ki, hesabda 2 top fərqiylə geridə olan yığmamız müdafiəyə çəkilmədi. Hücum futbolunu davam etdirən milli üzvləri təsəlli qolunu vura bildi. 

Oyunçu seçiminə gəlincə isə, Rail Məlikov özünü mənfi tərəfdən göstərdi. "Neftçi"nin müdafiəçisi cinahda heç nə ilə fərqlənmədi. Aleksandr Çertoqanov yalnız uzaq zərbələrlə Noyerə problem yaratmağa çalışdı və təbii ki, istəyinə çatmadı. Vaqif Cavadov yenə hücumçu kimi vəzifə borcunu yerinə yetirmədi. 

Heyətdə yalnız qapıçı Kamran Ağayev, Əfran İsmayılov və Murad Hüseynovu (yeganə qolumuzun müəllifi) mübarizliyə görə fərqləndirmək mümkündür. Digər oyunçular yığmaya layiq oyun göstərmədi və ya göstərə bilmədi. 

AFFA rəhbərliyinin yaratdığı ideal şəraitin müqabilində layiqli oyun göstərə bilməyən yığmanın gələcəkdə bizləri sevindirəcəyi sual altındadır. Bu arada Foqtsun sələfləri və futbol veteranları yaranmış vəziyyətdən öz çıxış yollarını təklif edirlər.

 

İqor Ponomaryov, milli komandanın sabiq baş məşqçisi: 

- Sözün düzü, futbolçu seçimi yanlış idi. Cavid Hüseynov Qazaxıstanla oyunda çox zəif oynadı. Onu dəyişmək lazım idi. Hər iki oyun yığmada ciddi dəyişikliyin olmadığını göstərdi. Berti Foqts oyunları yenidən izləməli və nəticə çıxarmalıdı. Onu tənqid etməyin əleyhinəyəm. Amma nəticəyə görə həmişə baş məşqçi cavabdehdir. Yaxın aylarda yığmanın oyununda dəyişiklik olmalıdır. Millinin belə oyunu azarkeşləri küsdürə bilər. 

 

Kazbek Tuayev, milli komandanın sabiq baş məşqçisi:

- Qazaxıstanla oyun sadəcə biabırçılıq idi. Mən belə oyun gözləmirdim. Futbolçular başa düşməlidirlər ki, millidə oynayırlar. Milli ölkənin rəmzi komandasıdır. Onlar Azərbaycanı təmsil edirlər. Bütün dünya onlara baxır. Son 2 oyundan sonra millidə heç bir inkişafın olmadığı göründü. Foqtsdan hesabat tələb olunmalıdır. 

 

Şahin Diniyev, milli komandanın keçmiş baş məşqçisi: 

- Yığmanı tənqid etmək asandır. Gərək milliyə dəstək olaq. Hər iki oyun başa çatdığından, indi analiz etmək olar. Komandada problem çoxdur. Hamısında da baş məşqçini günahlandırmaq düzgün deyil. Foqtsun əlində olan futbolçular budur. Reallıqla barışmaq vacibdir. Bu gün Azərbaycan millisinin səviyyəsi göz qabağındadır. Biz böyük qələbələr arzulaya bilmərik. Məşqçinin taleyinə gəldikdə, onunla AFFA məşğul olmalıdır. Biz o barədə heç nə deyə bilmərik. 

Ağasəlim Mircavadov, milli komandanın sabiq baş məşqçisi:

- Almaniya ilə oynadığımız oyunu Astanada göstərsəydik, məğ-lub olmazdıq. Milli Bakıda daha yaxşı oynadı. Sadəcə, stabil oyun yoxdur. Son oyunda Rahid Əmirquliyev yaxşı təsir bağışladı. Ümumiyyətlə, fikrimcə, komandada dəyişiklik olmalıdır. Lixtenşteyn futbol ölkəsi sayılan Litva kimi komandanı məğlub edir, biz isə Qazaxıstana uduzuruq. Avropada komandamıza hörməti saxlamaq üçün layiqli futbol oynamalıyıq. Yığmanın hazırkı səviyyəsi ürəkaçan deyil.

 

Qurban Qurbanov, milli komandanın sabiq baş məşqçisi: 

- Qazaxıstanla oyunda bəxtimiz gətirmədi. Məncə, uşaqlar çalışdı. Amma nəticə olmadı. Komanda qələbə üçün əlindən gələni etdi. Yığmanı Qazaxıstandan zəif saymıram. Almaniya ilə oyuna gəlincə, bu tam başqa mövzudur. Bundestim səviyyə fərqinə görə bizi çox qabaqlayır. Biz belə komandalarla ayaqlaşa bilmərik".

 

İsgəndər Cavadov, veteran futbolçu: 

- Artıq hesabat tələb etməyin vaxtıdır. Berti Foqts aldığı pulun müqabilində heç nəyə nail olmayıb. Qazaxıstana uduzmaq mənə çox pis təsir etdi. Fikrimcə, seçmə mərhələnin sonunda hesabat tələb olunmalıdır. Bizə futbol lazımdır, reklam yox. Foqtsun adı sadəcə reklamdır. Dövlət başçısının qayğısı nəticəsində bütün idman növləri inkişaf edir. Futbolda da qələbələr görmək istəyirik".

Mütəxəssis rəylərinə əlavə etməyə ehtiyac yoxdur. Seçmə mərhələnin sonuna 3 oyun qalmış baş məşqçini dəyişmək o qədər yaxşı hal deyil. Onsuz da yığma Avropa çempionatının final mərhələsinə çıxmağı qarşısına məqsəd qoymayıb. 

Lakin mütəxəssislərin fikrincə, seçmə mərhələnin sonunda Berti Foqtsdan hesabat tələb etmək lazımdır. Əgər alman məşqçi yığmaya kömək edə bilmirsə, onunla işbirliyini davam etdirməyə ehtiyac yoxdur. Ona xərclənən pullarla milli komanda üçün böyük məşqçi korpusu yaratmaq olar. 



MƏSLƏHƏT GÖR:

523