Müəllif: Sabirə MUSTAFAYEVA
"Biri var idi, biri yox idi. Bir dəfə Süleyman şah başının dəstəsi ilə ova çıxmışdı. Qarışqanı yolda görüb, atını onun yanına sürərək soruşur:
- Ey, Qarışqa, nə durmusan, kimi gözləyirsən?
- Heç kimi gözləmirəm. Sadəcə, baxıram görüm, Süleymanlar necə gəlib, necə gedirlər".
Adama elə gəlir ki, mənasız süjetdir, amma Süleyman şahla Qarışqanın nağılında nə qədər xalq müdrikliyi var?.. İlk baxışda zəif görünən həşərat, öz qənaətcilliyi, əməksevərliyi və ağlı ilə Süleyman şahı heyran qoyur, amma o öz əzəmətinə baxmayaraq bu zəif, amma eyni zamanda güclü heyvancığa verdiyi sözə əməl edə bilmir...
Bu nağılı çoxumuz bilirik. Yəqin, hər bir uşağın yumşaqüzlü, sarıvərəqli kitabı olub - Azərbaycan nağılları. Xeyirxah və müdrik nağıllar - güclülər və zəiflər, hiyləgərlər və cəldlər, qorxaqlar və qoçaqlar, ədalətlilər və zalımlar haqqında nağıllar.
Hər birimiz nağılların bizi götürdüyü sehrli aləmi xatırlayırıq, uzaqlara gedirdik, orada hər an dostunun yardımına gələn Zümrüd quşları yaşayırdı. Və biz nəfəs kəsmədən qəhrəman Məlikməmməd, ağatlı Nərbala, Tıq-Tıq xanım, hiyləgər Tülkü və ağılsız Canavar, balaca cəsur Cırtdan, Əliyar oğlan barədə oxuyurduq. Biz azacıq da olsa, bu ədalətli qəhrəmanlara bənzəməyə çalışırdıq...
Nağıllar öyrədir, xəyallara dalmağa imkan verir. İmkan yaradır ki, xəyallarımızda əhvalatlar quraq və orada qəhrəmanlara, gözəl və ağıllı şahzadələrə, hirsli, amma ədalətli hökmdarlara, sadiq dostlara çevrilək. Nağıllarda həmişə Xeyir Şərə qalib gəlir.
Bu, folklorun ən qədim janrıdır və onun qorunması, gələcək nəsillərə ötürülməsi üçün mümkün hər şeyi etmək lazımdır. Axı onlarda Azərbaycan xalqının həyatı, şifahi yaradıcılığı əks etdirilib. Onlar məzmununa görə müxtəlif, formasına görə zəngindir. Nağıllarda Azərbaycan xalqının qəhrəman keçmişi, yerli və yadelli istismarçılara qarşı onun mübarizəsi, əxlaqi-mənəvi və ictimai-fəlsəfi görüşləri öz əksini tapıb. Onlar qədim xalq ənənələrini və adətlərini bizim günlərə qədər gətirib.
Nağıllarda Azərbaycan təbiətinin mənzərələri, onun yaşıl çəmənlikləri və otlaqları, əzəmətli dağları, çağ-layan çayları, çiçəkli bağları və bir çox gözəllikləri təsvir edilib. Buna görə də bizi köklərmizə qaytaran bu zəngin irsin qorunması və yayılması çox vacibdir. "İnkişaf və Sülh" İctimai Birlyinin sədri Namazəli Mustafayev də bu fikirdədir.
İstedadlı uşaqları, gənc rəssamları yığaraq, onları seçməklə üç sevimli nağıla illüstrasiya çəkmək imkanı yaradıblar. Özü də onlar nağılları Azərbaycan dilində oxuyurlar. Hər şey, həmişə olduğu kimi, adi bir ideyadan başlayıb. 2006-cı ildə ingiliscə bilən N. Mustafayev Azərbaycan nağıllarını ingilis dilinə çevirməyi qərara alır. Azərbaycan folklorunun təbliği ideyası onun linqvist həmkarlarının da xoşuna gəlib. Axı bizim xalqın şifahi xalq yaradıcılığının başqadilli uşaqlar üçün anlayışlı və sevimli olması çox vacibdir.
Məsələn, Azərbaycanda uşaqlar arasında ən populyar müsbət qəhrəman Cırtdandır. Milli özünəməxsusluğu, hazırcavablığı, cəsarəti və igidliyi ilə seçilən Cırtdan barədə çox nağıllar var. O nə qədər tənbəl olsa da, meşəyə odun yığmağa gedəndə bəhanə edərək, kəndin başqa uşaqlarının belində getsə də, Azərbaycan nağıllarının digər başqa məşhur personajı olan Divlə görüşü zamanı çox cəsarətli ola bilir. Kiçicik Cırtdan bu zaman çox böyük igidlik və cəsarət göstərir, uşaqların arasında ən qorxmaz və çevik olması ortaya çıxır. Mümkündür ki, Azərbaycan uşaqlarının qəhrəmanı balaca Cırtdanı başqa xalqların uşaqları da tanıyır. Ola bilsin, başqa ölkələrdən olan uşaqlar da Azərbaycan Cırtdanının hesabına balaca, amma qoçaq olmağı öyrənərlər. Nağılların ingilis dilinə tərcümə edilməsi bu cür imkanlar yaradır.
"Azərbaycan nağıllarında müxtəlif rakurslarda bizim xalqın tarixi, zəngin mədəni ənənələri, adətləri, mərasimləri, mənəvi dəyərləri yer alıb və çox önəmlidir ki, bu maarifləndirici materialların hamısı dünyanın bütün uşaqlarının diqqətinə çatdırılısın. Onlar bunu əldə etməklə beyinlərinə yazacaqlar, bundan sonra onların yaddaşında Azərbaycan xalqı barədə təhrif olunmuş materiallara yer qalmayacaq. Özü də indi elə şəraitdir ki, qonşularımız olan ermənilər, məsələn, Azərbaycanın nağıl qəhrəmanı Məlikməmmədi oğurlamaq, bunun onlara məxsus olduqlarını iddia eləmək cəhdləri göstərirlər. Məhz buna görə də işimizə Azərbaycanın Müəllif Hüquqları Agentliyi də qoşuldu.
Bundan başqa, nəzərə almalıyıq ki, nağıllar ədəbi mənbə kimi yalnız uşaqları deyil, həm də böyükləri maraqlandırır; onlarda xalqın keçmişi barədə çoxlu məlumat materialı tapmaq mümkündür. Bizim uşaqlara gəldikdə isə, ingilis dilində Azərbaycan nağılları bəlkə də bu dilin öyrənilməsi üçün ən yaxşı vəsait olacaq, Avropaya belə artan templərlə inteqrasiyamız baxımından bu çox vacibdir. önəmlidir ki, uşaqlar Vətənin gələcəyi naminə faydalı işlərlə məşğuldurlar", - deyə N. Mustafayev vurğulayır.
Nağılların tərcüməsi üzrə önəmli səviyyədə mətn materialı hazır olduqdan sonra aşkarlanıb ki, onlara illüstrasiya çəkilməsə, öz sehrini itirər. Bu tapşırığın öhdəsindən uşaqlardan başqa kim gələ bilər ki? Öz sevimli nağılına ən yaxşı fantaziyanı kim düşünə bilər ki? Onları nağılların şəklini çəkməyə dəvət ediblər. "Azərbaycan xalq nağılları uşaqların illüstrasiyasında" müsabiqəsi elan edilib və müsabiqəyə Tofiq İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin, Bakı Slavyan Universiteti nəzdində humanitar litseyin yetirmələri qatılıblar.
Bəzi uşaqlar hətta ilk dəfə əllərinə fırça və boya götürüblər. Balaca uşaqlar yalnız fantaziya və təsəvvürlərinin zənginliyi ilə deyil, həmçinin, gözlənilməz rəng duyumu, süjet materialının dərin təsəvvürü ilə peşəkarları heyrətləndiriblər. Elə uşaqlar olub ki, eyni nağılın motivləri əsasında bir neçə illüstrasiya çəkib. Seçim edildikdən sonra 2009-cu ildə V. Səmədova adına qalereyada uşaq yaradıcılığı sərgisi açılıb, orada uşaqlar tərəfindən Azərbaycan nağıllarına çəkilmiş illüstrasiyalar nümayiş etdirilib.
Layihə Azərbaycanın Toğrul Nərimanbəyov, Ağa Əli İbrahimov, Fuad Salayev, Oqtay Şıxəliyev, Arif Hüseynov kimi tanınmış rəssamları tərəfindən dəstəklənib. 2010-cu ilin oktyabr-noyabr aylarında isə "Azərbaycan xalq nağılları uşaqların illüstariyasında" müsabiqəsi çərçivəsində uşaq yaradıcılığı sərgisi Gəncədə, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı ilə birlikdə Uşaq Yaradıcılığı Qalereyasında keçirilib.
Daha önəmli hadisə - 2011-cu ilin fevral ayında Azərbaycan Rəssamlar İttifaqı və Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə Azərbaycan və ingilis dillərində "Azərbaycan nağılları uşaqların gözlərində" adlı 2011-ci il təqvimi buraxılıb və təqdim edilib. Bu təqvimin buraxılmasında məqsəd qabiliyyətli uşaq və yeniyetmə rəssamların işlərinin təltif edilməsi, onların geniş auditoriyaya təqdimi olub. Tədbirdə təqdim edilən rəsm əsərləri Bakıda və Gəncədə keçirilmiş müsabiqələr nəticəsində seçilmiş və təqvimə daxil edilmiş işlər olub.
Azərbaycanın əməkdar rəssamı R?fael Muradov layihənin əsas təşəbbüskarlarındandır və həvəskar şəkildə uşaqlara master-klasslar keçərək onlarla işləyir. Nə demək olar? Onun entuziazmı və işə canlı həvəs göstərməsi hədər getmir. Uşaqlar yaradıcılığa can atırlar, onun hər sözünə qulaq asırlar və hər bir jestinə diqqət yetirirlər. Rəfael müəllim isə bu həvəskarların işlərini yönəltməklə məşğuldur, amma heç vaxt onların əvəzinə səhvləri düzəltmir. Axı bu maraqlı uşaq dünyasına istənilən yanlış müdaxilə qeyri-adi istedadı, rəng həlli seçimində cəsarəti, çox vaxt peşəkarların diqqət yetirmədiyi şeyləri işıqlandırmaq qabiliyyətini məhv edə bilər.
"Bəzən ona heyrətlənirəm ki, çox vaxt rəssamlıq sənətində heç bir dərin biliyə malik olmayan, hətta ilkin şeyləri belə bilməyən uşaqlar süjet xəttini əks etdirməkdə çox maraqlı üsullar tapırlar. Bəzən elə rənglər seçirlər ki, bir peşəkar kimi, mən də onlardan istifadə etməyi arzulayıram. Özü də bu onlarda çox sadə, heç bir gərginlik olmadan alınır. Maraqlı məsələ bax budur", - deyə əməkdar rəssam bizim müxbirlə söhbət zamanı bildirib. Bu təşəbbüsə geniş dəstək verənlər sırasında "İnkişaf və Sülh" İctimai Birliyi, "Esmiralda" rəssamlıq studiyasının rəhbəri Esmiralda Tağızadə də var. Onlar da uşaqları nağıl illüstarsiyaları çəkməyə yönləndirlər. Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev hesab edir ki, "Azərbaycan nağılları uşaqların gözü ilə" layihələrinin təşkili və keçirilməsi, həmçinin, Azərbaycan nağıllarının ingilis dilinə tərcümə edilməsi ermənilərin azərbaycanlıların intellektual mülkiyyətinə qarşı törətdiyi "terror"la mübarizə formalarından biridir.
Birbaşa uşaqlara gəldikdə isə, onların layihəyə qatılması incəsənətə, elmə, biliyə, oxumağa marağı artırır, qiraət gənc istedadların aşkar edilməsində böyük rol oynayır. Ən başlıcası isə məhz uşaqlar Azərbaycan milli mədəniyyətinin və folklorunun real və potensial qoruyucularıdır.
"Region plus"un müxbiri "Mənim sevimli nağılım" layihəsinin iştirakçıları ilə də danışıb. Onlara baxanda, fikirlərini dinləyəndə anlayırsan ki, bizim ölkənin gələcəyi yaxşı əllərdədir. Onların işləri və milli mədəniyyətə canlı marağı bunu təsdiq edir. Milli mədəniyyət uşağı mənəviyyatlı, xeyirxah və rəhmdil olmağa öyrədir ki, bu keyfiyyətlər də hazırda çox nadir dəyərlərdəndir.
İlkin Cəfərov "Azərbaycan nağılları uşaqların illüstrasiyasında" layihəsinin ilk iştirakçılarındandır. O, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tatyana Kesarın "Uşaqların dünyası" uşaq rəssamlıq qalereyasındakı istedadlı şagirdlərindən biridir, 3-cü sinifdən emalatxanaya gedir.
Çox sayda Azərbaycan nağılları ilə tanış olduqdan, layihənin bütün seçim turlarını uğurla keçdikdən sonra, İlkin qrafikada "Süleyman şah və Qarışqa" nağılına dörd rəsm çəkib. Gənc rəssam kətan üzərində də gözəl çəkir. Onun kətan üzərində çəkdiyi dörd rəsm isə "Tülkü və Canavar" nağılına həsr edilib. Bütün bu şəkillər "Mənim sevimli nağılım" uşaq yaradıcılıq sərgisində nümayiş etdirilib.
Hazırda İlkin 82 saylı məktəbin 11-ci sinfində oxuyur. Rəssamlıq sənətinə sevgisini hobbi kimi dəyərləndirir. "Rəsm çəkəndə istirahət edirəm. Məndən ötrü əsas məsələ işdir. Rəssamlıq daha çox hobbimdir". İlkin öz gələcəyini biznes və maliyyə ilə bağlayır. Artıq 10 ildir kompyuter qrafikasın? öyrənir və Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş eyniadlı müsabiqədə üçüncü yer tutub. Web-saytlar düzəldir.
"Düşünürəm, həyatda uğuru özüm qazanmalıyam. Həmişə istərdim vəziyyəti nəzarətdə saxlayım və həyatımı özüm idarə edim ki, yaxınlarımın heç nəyə ehtiyacı olmasın".
İlkin öz vaxtının çoxunu babası, Azərbaycanın ilk poliqrafiya alimi Şəddad Cəfərovla keçirir. İctimai əsaslarla onun işinə yardım edir.
Əsmər Süleymanova layihənin ən dönməz iştirakçılarından biridir. Onun 17 yaşı var. Şuşa şəhərindəki 1 saylı orta məktəbdə oxuyub. Əsmərin doğma şəhəri Ermənistan tərəfindən işğal edilib və onun məktəbi hazırda Bakıda yerləşir. Əsmər artıq bir neçə ildir, Rəssamlar İttifaqının üzvü Tofiq Məmmədovun emalatxanasına baş çəkir. O, uşaq yaşlarından peyzaj, natürmort çəkir. Öz işlərini tez-tez Gənclər gününə, Xocalı qurbanlarının xatirəsinə və başqa önəmli hadisələrə həsr edilmiş vernisajlarda yerləşdirir.
"Mənim sevimli nağılım" layihəsində o, "Şirlə Dovşan" və "Qoçaqla Qorxaq" nağıllarını illüstrasiyalaşdıran 7 qrafiki iş təqdim edib. 2009-cu ildə Əsmər Ə. Əzimzadə adına rəssamlıq kollecinin tələbəsi olub. Əsmərin bir arzusu var: Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra Şuşaya qayıtmaq və ürəkdən sevdiyi doğma torpağının mənzərələrini kətan üzərinə köçürmək. Peşə inkişafına gəldikdə, Əsmər modelyer olmaq niyyətindədir. Bu gün onun sevimli dizayneri Fəxriyyə Xələfovadır.
Fəridə Əliyevanın isə 10 yaşı var, Bakıdakı Avropa litseyinin 6-cı sinif şagirdidir. "Esmeralda" uşaq studiyasının yetirməsidir. "Mənim sevimli nağılım" layihəsinə "Əliyar və Dovşan" nağılının motivləri əsasında işlər təqdim edib. "Rəsm çəkməyi çox xoşlayıram. Dərslərim çox olur və rəsm çəkərkən dincəlirəm", - deyə o bildirir. Fəridə natürmortlar, atlar, mənzərə çəkməyi xoşlayır. Fəridə öz peşə həyatını rəssamlıqla bağlayıb-bağlamaycağını hələ bilmir, amma bu gün onun valideynləri övladlarının hərtərəfli və savadlı adam olması üçün hər şey edirlər.
"İstəyirəm ki, peşə seçimimdə hansısa imkanlarım olsun. Gimnastika ilə məşğul olmuşam, rəqs ansamblına gedirəm, orada bizə Azərbaycan və Avropa rəqsləri öyrədirlər. Bu yaxınlarda Maykl Ceksonun rəqslərindən birini öyrənmişəm", - deyə o bildirir. Fəridə yaxşı oxuyur və hesab edir ki, həyatda hər şeyi öz əməyinlə qazanmalısan.
Cəbrayıl Əliyevin 8 yaşı var, 6 saylı məktəbin 3-cü sinif şagirdidir. O da Tatyana Kesarın "Uşaqların dünyası" uşaq rəssamlıq qalereyasının yetirməsidir. Cəbrayıl layihəyə qatılaraq, "Cırtdan" nağılına illüstrasiyalar çəkib. O, mücərrədliyi çəkməyi xoşlayır, uşaq yaşına baxmayaraq, artıq rəssam olmağa qərar verib.
Nərgiz Bayramovanın 12 yaşı var, 47 saylı məktəbin 7-ci sinif şagirdidir. Tofiq Məmmədovun emalatxanasına gedir. Layihəyə "Ağ atlı oğlan" nağılına çəkdiyi illüstrasiyalarla qatılıb. O da rəssam olmaq istəyir.
Uşaqlar Azərbaycana zəngin illüstrasiya materialları bəxş ediblər və bu işdə onlara böyüklər yardımçı olublar. Artıq yeni layihənin - Azərbaycan nağılları barədə çəkilmiş çox sayda uşaq rəsmlərindən istifadə etməklə cizgi filmləri yaratmağın vaxtı çatıb. Məsələn, Nərgiz Bayramova "Ağ atlı oğlan" nağılına eyni vaxtda bir neçə süjet - "Nərbala və qardaşları", "Nərbala və quşlar" rəsmlərini çəkib və bu istiqamətdə işini dayandırmağı düşünmür. Cizgi filmlərinin yaradılması ilə də müxtəlif beynəlxalq festivallara qatılmaq müm-kündür. Bu, Azərbaycan mədəniyyətinin və folklorunun təbliği deyilmi?
MƏSLƏHƏT GÖR: