Müəllif: Zərifə BABAYEVA Bakı
Almaniyada E.coli bakteriyası ilə yayılan bağırsaq infeksiyasının mənbəyi, nəhayət, aşkarlanıb. Rəsmi açıqlamaya əsasən, buna paxlalı bitkilər səbəb olub. "Corriere della Sera" yazır ki, Almaniyada infeksiyanın yayılma mənbəyi mərcimək, soya, noxud və lobyadır.
Bu bəyanatla Almaniyanın Mikrobiologiya İnstitutunun direktoru Roberta Koha Reynhard Bürger çıxış edib. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə Federal İdarənin nümayəndələri ilə görüşdə o deyib: "Əsasən paxlalı bitki zoğlarından yeməkdə istifadə etmiş insanlar xəstəlikdən şikayətlənirlər".
Bürgerin sözlərinə görə, Almaniya xiyar, pomidor və kahısı sağlamlıq üçün heç bir təhlükə yaratmır.
Xatırladaq ki, almanlar əvvəlcə bağırsaq infeksiyasının yayılmasına görə, İspaniya istehsalı olan tərəvəzləri günahlandırırdı. Lakin indi "ispaniyalılar"ın üzərindən bu ittiham götürülüb.
İnfeksiyanın mənbəyi Reyn-Vestfaliya federal ərazisində də aşkarlanıb. Paxlalı bitkilər buraya Aşağı Saksoniya fermasından gətirilib. Qeyd edək ki, sözügedən fermanın 3 əməkdaşı bağırsaq infeksiyasına yoluxub. Fermaya infeksiyanın necə düşdüyü heç cür aydın deyil. Çünki buradakı istehsalat prosesində bütün sanitar qaydalarına və təhlükəsizlik şərtlərinə sərt şəkildə əməl olunub. Almaniyanın kənd təsərrüfatı naziri bildirib ki, onların Aşağı Saksoniyanın kənd təsərrüfatı istehsalçılarına qarşı heç bir iddiası yoxdur.
Əvəzində, Avropa İttifaqının Rusiyaya bəzi iddiaları var. Çünki Avropada bağırsaq çöpünün aşkarlanmasından sonra bu ölkənin Köhnə Dünyadan tərəvəz idxalına qoyduğu qadağa hələ də qüvvədədir (buraxılışımızın çapa getdiyi günə - iyunun 13-dək - red.). Almaniyada 32 nəfərin ölməsinə, 4 minə yaxın insanın infeksiyaya yoluxduğu üçün xəstəxanalara yerləşdirilməsinə baxmayaraq, Brüssel Rusiyanın qadağanı tezliklə aradan qaldıracağına ümidlidir. Rusiya - Aİ sammitində artıq bu məsələ ilə bağlı müəyyən razılaşma əldə edilib. Rusiya prezidenti Dmitri Medvedev Nijnı-Novqorodda keçirilmiş 27-ci sammitin yekunlarına dair təşkil olunmuş mətbuat konfransında bildirib ki, onun ölkəsi Avropa İttifaqından tərəvəz idxalını bərpa etməyə hazırdır. Lakin bunun üçün Aİ-nin müvafiq xidmətlərinin zəmanəti olmalıdır. "Məsələni sammitdə müzakirə etdik. Bunun öz incəlikləri və kommersiya tərəfləri var. Biz Avropa istehsalı olan tərəvəzlərin Rusiya bazarlarına nəqlinin bərpası mexanizmini müzakirə etmişik. Avropa İttifaqının səlahiyyətli qurumlarının zəmanəti altında idxalı bərpa etməyə hazırıq", - deyə D.Medvedev qeyd edib. Prezident bildirib ki, bunun üçün "Rusiya bazarlarına idxal olunacaq məhsulun təhlükəsizliyinə zəmanət verən sertifikat razılaşdırılmalıdır".
Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu isə Aİ-nin "sertifikatın layihəsini razılaşdırıl-ması üçün rusiyalı həmkarlarına bu gün və ya sabah göndərməyə hazırdır".
Amma Rusiya hələ ki heç bir cavab addımı atmayıb.
Rusiya - Aİ sammitində iştirak etmiş Rusiyanın baş sanitar həkimi Gennadi Onişşenko bildirmişdi ki, Avropa Komissiyası tərəfindən zəmanət olacağı təqdirdə, onun ölkəsi Avropadan tərəvəz idxalına qadağanı ayrı-ayrı partiyalar üzrə aradan qaldıracaq. O deyib ki, "Laboratoriya testlərinin nəticələrinin də olduğu müvafiq zəmanət alacaqları təqdirdə, idxal bərpa ediləcək".
Avropanın narahatlığı üçün ciddi əsas var. Avropa İttifaqının iqtisadi autsayderlər - Portuqaliya, İrlandiya, İtaliya, Yunanıstan, İspaniya da daxil olmaqla, bir sıra ölkələri meyvə-tərəvəz ixracına qoyulmuş qadağa üzündən həftədə, təxminən, 200 milyon avro itirir. Üstəlik bu, infeksiyanın yayılmasına meyvə-tərəvəzin səbəb olduğu sübuta yetirilmədən baş verir. Avropa Komissiyası Aİ-dən Rusiyaya meyvə-tərəvəz ixracının ildə 3-4 milyard dollar təşkil etdiyini bildirir. Bu rəqəm, əlbəttə ki, Avropa İttifaqının böhran yaşayan banklarını xilas etmir, amma hər halda, regionda qeyri-sabitliyə əlavə təkan da vermiş olur.
Avropanın itkiləri isə davam edir. Britaniyanın "Sky News" telekanalı xəbər verir ki, E.coli epidemiyasından biznesinə zərər dəymiş fermerlərə ödənilicək kompensasiya onların üzləşdiyi ziyandan xeyli azdır; məsələn, ispaniyalı fermerlər zərərin tam ödənməsini tələb etsə də, onlara 30-50% kompensasiya təklif olunur. Hazırda heç də ən yaxşı dövrlərini yaşamayan Avropa İttifaqı yalnız kompensasiyalara, təxminən, 150 milyon avro ödəməlidir. Ekspertlər isə hesab edir ki, bu məbləğ real ziyandan qat-qat azdır.
Ümumilikdə, Avropada Rusiyanın embarqosu disproporsional və siyasi motivli addım kimi qiymətləndirilir və pislənilir. Onlar hesab edir ki, Rusiya yaranmış vəziyyətdən öz fermer təsərrüfatlarının dəstəklənməsi üçün istifadə edir. Rusiya hökumətinin bu addımını rusların özü də tənqid edir. Onlar bildirir ki, Avropa meyvə-tərəvəzinin ölkəyə gətirilməsinə qoyulmuş qadağa qiymətlərin kəskin şəkildə artmasına və nəticədə inflyasiyaya səbəb olacaq.
Əslində, avropalılar rus fermerlərinə yaranmış vəziyyətdən istifadə edərək, öz məhsullarının satışını artırmağa çalışdığını düşünməkdə yanılmayıblar; məsələn, Rusiya kənd təsərrüfatı naziri Yelena Skrınnik bildirir ki, Aİ-dən tərəvəz idxalına qadağa qoyulması daxili bazara ciddi təsir göstərməyəcək. Nazirin sözlərinə görə, ölkəyə tərəvəz idxalının, təxminən, 70%-i qış-yaz möv-sümünə düşür. İyunda isə Rusiyada məhsul yığımı başlanır: "Odur ki, Aİ-dən idxala qadağa qoyulması daxili bazardakı duruma ciddi təsir göstərə bilməz".
Skrınnik onu da bildirib ki, Rusiyanın meyvə-tərəvəzə olan daxili tələbatı yalnız yerli məhsullar hesabına ödənilməyəcək. O, MDB ölkələrindən - Özbəkistan, Azərbaycan, Tacikistan, Qazaxıstan, həmçinin, uzaq xaricdən - Türkiyə, Çin və İrandan idxal olunan məhsulların da bu işə kömək edəcəyini söyləyib.
Rusiyalı sahibkarlar isə ölkədə meyvə-tərəvəz çatışmazlığının hiss edilə biləcəyi fikri ilə razıdır. Onların sözlərinə görə, ajiotajdan istifadə edən kənd təsərrüfatı məhsulları istehsalçıları, güman ki, qiymətləri artıracaq.
Vəziyyətin çətinləşdiyini düşü-nən nəhəng mağaza şəbəkələrinin sahibləri mal idxal etdikləri ölkələri dəyişmək fikrindədirlər. Onlar daxili bazarda kartof və kök istisna olmaqla, Rusiya məhsuluna rast gəlinmədiyini bildirir. Bu səbəbdən, Azərbaycan, Türkiyə və İsraildən idxalı genişləndirmək lazım gələcək. Hazırda Rusiya bazarlarında Belarus və Ukrayna xiyarının payı getdikcə artır. Doğrudur, bu məhsullar Aİ-dən idxal olunan məhsullar qədər gözəgəlimli deyil. Üstəlik, onun çeşidlənməsi və saxlanma qaydalarına da tam əməl edilmir. Nəticədə, belə xiyar, məsələn, İspaniyada istehsal olunan xiyarla müqayisədə xeyli ucuzdur.
Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının həcminin artması haqda yerli sahibkarlar da danışır. Onlar hesab edir ki, Rusiyanın meyvə-tərəvəz bazarları uğrunda lobbiçi qrupların mübarizəsi bütün yay boyunca davam edəcək. Yəni, Aİ istehsalçıları üçün bu mövsümü itirilmiş saymaq olar. Baş verənlər fonunda rusiyalı sahibkarlar yeni tərəvəz təchizatçıları haqda düşünüb. Onların arasında Ukrayna, Azərbaycan, Türkiyə və Misir də var. Söhbət, təxminən, 600 milyon avro dəyərində 1,1 milyon ton tərəvəzin idxalından gedir.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, Rusiyadan fərqli olaraq, Azərbaycana Avropadan tərəvəz idxal olunmur: "Bizə yalnız İspaniyadan alma gətirilir və o da tam təmizdir. Azərbaycan bazarlarında, əsasən, yerli kənd təsərrüfatı məhsulları satılır. Satışda Türkiyə, İran və digər qonşulardan idxal olunan bəzi meyvə-tərəvəz növlərinə də rast gəlinir".
Bunun əvəzində Azərbaycan Rusiyanın Aİ-dən meyvə-tərəvəz idxalına qadağa qoymasından istifadə edə bilər. S.Vəliyevin sözlərinə görə, Rusiyanın daxili tələbatının ödənməsi üçün Azərbaycandan bu ölkəyə meyvə-tərəvəz ixracı 20-25% arta bilər. Normalda isə hər il Azərbaycandan Rusiyaya 200 milyon manatlıq meyvə-tərəvəz ixrac olunur.
Bəzi iqtisadçılar isə hesab edir ki, bu, ölkə daxilində sözügedən məhsulların qiymətinin bahalaşmasına səbəb ola bilər. Amma hələ ki narahatlıq üçün real səbəb yoxdur.
Azərbaycanın müvafiq strukturları ölkədə idxal olunan məhsullardan infeksiyaya yoluxma hallarının olmadığını da bildirir. Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə rəhbəri İmran Abdullayüev profilaktik tədbir olaraq, meyvə və tərəvəzləri yeməzdən əvvəl mütləq yumağı məsləhət görür.
Gürcüstanda isə E.coli infeksiyasından 32 yaşlı qadın dünyasını dəyişib. O, xəstəliyə Londonda yoluxub. Daha 9 nəfər eyni infeksiyaya yoluxmaqda şübhəli bilinərək, Tbilisi xəstəxanasının infeksiya şöbəsində saxlanılır.
Misirdə də xəstəliyəyoluxma halı qeydə alınıb. Təhlükəli infeksiya 34 yaşlı almaniyalı turistdə aşkarlanıb. O, Xurqada yaxınlığındakı Marsa-Alame kurortunda dincəlirmiş. Turisti hospitala yerləşdirsələr də, o, xəstəxanadan qaçıb.
Avropanın özündə isə "tərəvəz epidemiyası" Fransayadək gedib çıxıb. Bu ölkədə xəstəliyə yoluxanların olduğu rəsmən təsdiqlənib. Hazırda 12 nəfər sözügedən infeksiyanın daşıyıcısı olmaqda şübhəli bilinir.
MƏSLƏHƏT GÖR: