12 Mart 2025

Çərşənbə, 22:28

"CASPIAN OIL & GAS" BÜTÜN DÜNYANIN TANIDIĞI BRENDDİR

"iteca caspian"ın icraçı-direktoru: "neft-qaz sənayesinin bütün aparıcı oyunçuları bilirlər ki, bu, hamının arzuladığı yer və məqamdır"

Müəllif:

15.06.2011

Artıq 18-ci ildir ki, Azərbaycan Xəzər regionunun neft-qaz sahəsində ən iri tədbiri - "Xəzər: neft və qaz, neft emalı və neft kimyası" beynəlxalq sərgi və konfransı "Caspian Oil & Gas" üçün qapılarını açır. Tədbir Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" tərəfindən təşkil edilir. Hər il sər-gi və konfrans dünyanın neft sahəsinin aparıcı mütəxəssislərini və əsas oyunçularını bir araya yığır, neft-qaz bölməsi məsələlərinin müzakirəsini, neftin, qazın çıxarılması və emalı sənayesinin yeni uğurlarının  paylaşılmasını təşkil edir. 

Sərgi və konfransa dövlət qurumları tərəfindən də xüsusi diqqət və qayğı göstərilir.  Təntənli açılış mərasiminə hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qatılması sərgiyə xüsusi yüksək status verir. "Caspian Oil & Gas" layihəsinə ənənəvi dəstək hər il Azərbaycan Sənaye və Energetika Nazirliyi, həmçinin, ARDNŞ ("SOCAR") tərəfindən göstərilir. Artıq altı ildir ki, sərgi Dünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tərifnaməsinə layiq görülür. Bu il də "Caspian Oil & Gas" öz başlıca məqsədinə - dünya səviyyəsində işgüzar əməkdaşlığa yardım etmək niyyətinə nail olub. "Iteca Caspian" şirkətinin icraçı-direktoru Fərid MƏM-MƏDOV "Region plus"a müsahibəsində bu önəmli hadisə barədə müfəssəl danışıb. 

- Ənənəvi neft-qaz sərgisi, bir növ, ölkənin iqtisadi fəallığının indikatorudur. Bu baxımdan, builki sərgini necə qiymətləndirirsiniz, sizcə, bu il ən yaddaqalan nə oldu? 

- Siz tamamilə doğru qeyd etdiniz ki, "Caspian Oil & Gas" Azərbaycanın sərgi sənayesinin lokomotividir. Bu, Azərbaycan müstəqillik əldə edəndən sonra Bakıda keçirilməyə başlanmış ilk ixtisaslaşdırılmış sərgidir. Həmin vaxtdan da o, bölgənin neft-qaz sənayesinin önəmli hadisəsinə çevrilib. Qeyd edim ki, "Caspian Oil & Gas" artıq özünəməxsus brenddir və bunu bütün dünyada bilirlər. Ənənəvi olaraq iyun ayının birinci həftəsində Bakı neft-qaz bölməsinin, Azərbaycanın bu sahəsinə bağlılığı olan yüksəkçinli qonaqların görüş yerinə çevrilir. Neft-qaz sənayesinin bütün aparıcı oyunçuları da həmin vaxt burada olacaqlarını dəqiq bilirlər. 

Bu baxımdan bu il sərginin yüksək səviyyəsini də qeyd etmək gərəkdir. ABŞ, Böyük Britaniya, Türkiyə, Avropa Birliyi liderləri tədbirə təbrik məktubları göndərmişdilər. Yüksəkçinli qonaqlar sırasında Norveç şahzadəsi Hokon, Avropa Parlamentinin energetika məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ-ın Avrasiya energetika departamentinin xüsusi təmsilçisi Riçard Morninqstar, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Norveçin neft və energetika naziri Ola Borten Moe və başqaları da var idi. Tədbirə Azərbaycanın, Macarıstanın, Ukraynanın, Rusiyanın, Tür-kmənistanın   sahə nazirliklərinin təmsilçiləri, həmçinin, iri neft-qaz şirkətləri və qurumlarının nümayəndələri qatılmışdılar. 

Sərgi meydanının 40%-dən çoxu dünyada tanınan iri neft-qaz şirkətləri və korporasiyaları tərəfindən tutulmuşdu və onların çoxu bizim sərginin daimi iştirakçılarıdır. Onların arasında "bp", "OMV", "SOCAR", "Statoil", "Total", "TPAO" və bir sıra başqalarını göstərmək olar. Yerli şirkətlərin iştirak faizinin artması da sevindirici haldır. Bu il onlar ümumi iştirak sayının 38%-ni təşkil ediblər. "Caspian Oil & Gas"ın artıq on səkkiz ildir, ardıcıl keçirilməsinə baxmayaraq, o, yenə də əvvəlki kimi yeni iştirakçılar cəlb edir. Bu il onlar eksponatların ümumi sayının 15%-ni təşkil ediblər. İştirakçılar tərəfindən tutulmuş sərgi sahələri ötən ilə baxanda bu il 25% artıb. Sərgi müddətində orada dünyanın 70 ölkəsini təmsil edən 5980-dən artıq şirkət iştirak edib. Həmçinin, bizim qonaqlar bu il "Caspian Oil & Gas"ın səviyyəsinin çox yüksək olduğunu da qeyd ediblər. 

- Builki neft-qaz sərgisi nə qədər səmərəli olub, iştirakçılar arasında konkret müqavilələr varmı? 

- Adətən, tez-tez belə stereotip yaranır ki, hər bir sərgidə hansısa müqavilə imzalanmalıdır. Qeyd etməliyəm ki, hazırda artıq bu elə də aktual göstərici sayılmır. Səgilərin nəticələri iştirakçıların qarşılarına qoyduqları  məsələlərlə ölçülür, sərgilər zamanı ilkin əlaqələr qurula bilər, kimlərinsə sahədə liderliyini göstərmək istəyi mümkündür, kimlərsə sərgilər vasitəsilə bazarı ilk dəfə mənimsəməyə çalışır, kimlərsə də özünü rəqiblərin fonunda göstərmək istəyir. 

Yəni sərgidə iştirakçının çox müxtəlif strategiyası və marketinq məqsədləri ola bilər. Bundan başqa, bu və ya başqa layihədə iştirakın rezonansı çox vaxt uzunmüddətli olur və tədbirin bitməsindən bir müddət sonra öz bəhrəsini verməyə başlaır. Biz sərginin təşkilatçısı  kimi iştirakçılardan bu barədə məlumat vermələrini xahiş etmirik, çünki bu, kommersiya sirridir. Əgər şirkətlər özləri bunu bildirirlərsə və tərəfimizdən şirkətin uğurlu iştirakı barədə məlumat verilməsinə etiraz etmirlərsə, onda həmişə bu cür məlumatları açıqlamağa şad oluruq. Bununla bağlı "Caspian Oil & Gas" qeyd edir ki, bu, yetərincə məşhur brenddir və bu cür ciddi, nüfuzlu sərgidə iştirak etməmək iştirakçılarda və başqa maraqlı tərəflərdə xeyli sual doğura bilər: "Niyə filan şirkət aparıcı neft-qaz meydançasında təmsil olunmayıb?". 

- Bölgənin önəmli energetika problemlərinin müzakirəsində Xəzər neft-qaz konfransının rolunu necə qiymətləndirirsiniz?

- Bu il konfransda geniştərkibli qonaq heyəti qeydə alınıb. Müzakirəçilər arasında ARDNŞ prezidenti Rövnəq Abdullayev, Avropa Parlamentinin energetika məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ-ın Avrasiya Energetika Departamentinin xüsusi təmsilçisi Riçard Morninqstar, Norveçin xarici işlər nazirinin müavini Espen Bart Eyde, Beynəlxalq Energetika Agentliyinin "Energetika bazarları və təhlükəsizlik" departamentinin direktoru Didye Hussan, Macarıstan Milli İnkişaf Nazirliyinin energetika məsələləri üzrə dövlət katibiniin müavini Pal Kovaç, qaz ixracatçı ölkələr forumunun baş katibi Leonid Boxanovski, Böyük Britaniyanın Xarici İşlər və Birlik İşləri Nazirliyinin Xəzər bölgəsinin energetika məsələləri üzrə müşaviri Anqus Miller və başqaları var idi. 

Konfrans ən aktual mövzulara toxunub və regiondan kənarda da böyük maraq doğurub. Öz mövzularına görə builki konfras keçənilkinin davamı olub ki, bu da bir növ, Azərbaycanın neft-qaz çıxaran və nəql edən ölkə kimi sabitliyinin və önəminin göstəricisidir. Sadəcə, "Caspian Oil & Gas 2011"in bir fərqi də oldu ki, burada hasilat, neft-kimya, qaz və neft emalı üzrə yeni layihələr müzakirə olundu. Həmçinin, neft və qaz nəqlinə həsr edilmiş iclas diqqəti çəkdi. Konfrans bir daha hansısa neft-qaz layihələrində iştirak məsələsi üzrə mövqeləri müəyyən etməyə yardım etdi. 

Bütün bunlar konfransın işini başa çatdıran "dəyirmi masa" zamanı fəal müzakirə edildi. Konfransın maraqlı müzakirələri və yararlı məsləhətləşmələri bu sahədə öz əksini tapacaq və yaxın zamanlarda həyata keçirilməyə başlayacaq. Beləliklə, biz əminlikə vurğulaya bilərik ki, "Caspian Oil & Gas" bu istiqamətdə aparıcı regional hadisədir. Bununla bağlı olaraq, mən Azərbaycan Sənaye və Energetika Nazirliyinə, "SOCAR" şirkətinə bu konfransın inkişafına göstərdikləri əvəzsiz qayğıya görə təşəkkür edirəm. 

- Azərbaycanda builki yaz sərgi mövsümü nə dərəcədə uğurlu olub, hansı yenilikləri vurğulamaq olar?

- 2011-ci ilin yaz sərgi mövsümü çox uğurlu olub. Biz bu il yenidən "AutoShow" sər-gisi keçirdik, halbuki yetərincə sərgi meydançası olmadığından, bu sərgi keçən il keçirilə bilməmişdi. 

Həmçinin, başqa sərgilər də həm sahə, həm də iştirak sayına görə artım göstərdilər. Biz sər-gilərimizdə 20%-dən 30%-ə kimi artım olduğunu deyə bilərik. Həmçinin, tərəfimizdən iki yeni layihənin buraxıldığını da demək olar. İlk olaraq 1-ci Xəzər Beynəlxalq "Plastmass və Kauçuk" sərgisi "Plastex Caspian"ı göstərə bilərik, debütə baxmayaraq, bu sərgi xarici şirkətlərin böyük marağına səbəb olub. Kommersiya şirkətləri ilə yanaşı, sərgidə Avstriya və Almaniyanın milli stendləri də fəaliyyət göstərib. 

"Caspian Oil & Gas" ilə birlikdə yeni aktual mövzu "Caspian Power",  yəni 1-ci  Xəzər beynəlxalq "Energetika və alternativ enerji" sərgisi işə salınıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkə bu sahədə bir sıra layihələr gerçəkləşdirir. Son sərgidə bu sahədə bazarın tanınmış şirkətləri iştirak edib. Onların sırasında "AZENCO STP Sumgait Technologies Park", "AZERENERGY JSC", "GOKNUR Baki LLC", "NEXANS Turkiye Azerbaijan Branch office", "Power & Engineering Solutions", "Schneider - Electric", "TE Connectivity - TYCO Electronics Raychem GMBH", "TURQUOISE LLC" və başqaları olub. Alternativ enerji mövzusu ən aktual məsələlərdən olduğundan, həmçinin, Azərbaycanda onun inkişafı üçün bütün imkanların mövcudluğu səbəbindən, biz gələcəkdə bu sərginin kəmiyyət və keyfiyyətcə inkişafını proqnozlaşdırırıq. 

Bizim layihələrin inkişafı ilə yanaşı,  sərgilərin infrastrukturunu da inkişaf etdiririk. Bu il daha sürətli keçidin təmini üçün qonaqların elektron qeydiyyatı sistemi tətbiq edilib ki, bu da sərgidə qeydiyyatdankeçmə prosesini xeyli sadələşdirib. Həmçinin, tərəfdaşımız olan "Bakı Ekspo Senter" ilə biz qonaqları rahat avtobuslarla kompleksə qədər və əksinə daşımaq təcrübəsini tətbiq edirik. Beləliklə, mövsümün birinci yarısı çox müsbət olub, ilin ikinci yarısı da bu qədər dolğun və məhsuldar olmağı vəd edir. 

- Gələn mövsümə hansı planlarınız var, "Iteca Caspian" hansı istiqamətləri inkişaf etdirəcək?

- Payızda Azərbaycanda 11 sərgi keçirməyi planlaşdırırıq. Onların arasında ənənəvi "BIHE", "Education and Career", "BakuBuild", "BakuTel" və başqa sərgilər var. Bizim bütün sərgilər "Bakı Ekspo Senter"də keçirilir. Bununla bağlı olaraq,  şirkətin qarşısında duran əsas məsələlərdən biri sərgi ekspozisiyası sahəsinin artırılması, mövcud layihələrin konsolidasiyasıdır. Bakını regionun sərgi sənayesinin şəksiz liderinə çevirmək çox önəmlidir. Biz, həmçinin, Azərbaycanda regional əhəmiyyətli yeni sərgi layihələrini işə salmaq üçün  iqtisadiyyatın müxtəlif sahələrini də gözdən keçirəcəyik, marketinq araşdırmaları aparacağıq. 


MƏSLƏHƏT GÖR:

637