
HƏRƏYƏ ÖZ "KÖKƏSİ"
Vaşinqton tərəfdaşları ilə opponentlərinin gizli sövdələşməsinə yol verməməyə çalışır
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Fransanın sabiq xarici işlər naziri Rolan Düma və məşhur fransalı vəkil Jak Vyerje ölkə başçısı Nikola Sarkozini məhkəməyə vermək niyyətindədirlər. Onlar prezidenti Liviyada "insanlıq əleyhinə cinayətlər"də günahlandırırlar. Düma ilə Vyerje məhkəməyə müraciət etmək niyyətində olduqlarını Tripolidə açıqlayıblar. Düma bildirib ki, o, "dinc sakinlərin müdafiəsinə yönəlmiş NATO əməliyyatlarının onların ölümünə səbəb olduğunu görərkən dəhşətə gəlib". Vyerje isə NATO ölkələrini "qatil" adlandırıb: "Fransa dövləti fırıldaqçı və qatillər tərəfindən idarə olunur. Biz sükut hasarını dağıtmaq niyyətindəyik".
Bəzi KİV-in, həmçinin, "Əl-Cəzirə" telekanalının ingilisdilli versiyasının məlumatına görə, Avropanın xüsusitəyinatlıları Liviya ərazisində çoxdan fəaliyyətdədir. Onlar NATO aviasiyasının bombalamalı olduğu yerləri müəyyənləşdirir, həmçinin, silahlı qiyamçılara təlim keçir. Halbuki, BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsi ayrıca müddəa ilə "Liviyanın istənilən ərazisinə istənilən formada xarici işğalçı qüvvələrin girməsini" qadağan edir.
Düma ilə Vyerjenin NATO-nun Liviyadakı fəaliyyətini pisləyən ilk şəxslər olmadığına baxmayaraq, Qərb geri çəkilməyi düşünmür. Xüsusilə, "Böyük səkkizlik" ölkələrinin Dövil sammitində Rusiya prezidenti Dmitri Medvedevdən də dəstək alındıqdan sonra, Qərb Liviyada əməliyyatları qətiyyətlə davam etdirməkdədir. Xatırladaq ki, məhz həmin sammitdə ABŞ və Fransa prezidentləri Barak Obama ilə Nikola Sarkozi Dmitri Medvedevdən Liviya lideri Müəmmar Qəddafinin istefaya getməyə razı salınmasında kömək istəyiblər. Onlar bunun əvəzində Qəddafiyə təhlükəsizlik, istədiyi ölkəyə rahat şəkildə köçmək imkanı vəd ediblər. Kremlin buna razılaşmasına cavab olaraq, Ağ ev və Yelisey sarayı Moskva ilə münasibətlərdə bir sıra məsələlərlə bağlı konstruktiv mövqe tutacaqlarını bəyan edib.
D.Medvedev B.Obamadan Avropada Hava Hücumundan Müdafiə (HHM) sisteminin yerləşdirilməsi məsələsində də kompromis vədi əldə edə bilib. Bundan başqa, Obama Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün yaxın zamanlarda həllini tapacağına ümid etdiyini də söyləyib.
Bu "alver"də Moskva üçün daha bir "qoğal" Vaşinqtonun Doku Umarovu "Ədalət mühakiməsinə görə mükafatlandırma" milli proqramına daxil etməsi olub. Rusiya ilə ABŞ-ın birgə bəyanatında bu məsələ də əksini tapıb. Bundan sonra Umarovun zərərsizləşdirilməsi üçün lazımi informasiyanı verəcək şəxs ABŞ-dan 5 milyon dollar mükafat alacaq. Xatırladaq ki, Umarov bir sıra başqa terror aktları ilə yanaşı, Moskva metrosunda törədilmiş partlayışa, həmçinin, 2009-cu ildə Sankt-Peterburq-Moskva dəmir yolunun partladılması, "Domodedovo" aeroportundakı terror aktına görə də məsuliyyəti üzərinə götürüb.
Paris isə öz növbəsində Rusiyaya 4 vertolyot daşıyan "Mistral" gəmisinin satışına dair razılaşmanı mümkün qədər tez vaxtda imzalamağa razılıq verib. NATO ordusunun istifadə etdiyi "Mistral"ın satışına dair hökumətlərəarası razılaşma hələ bu ilin yanvarında imzalansa da, bu, Fransanın alyansdakı müttəfiqləri tərəfindən narazılıqla qarşılanmışdı.
Görünən odur ki, indi Qərbin Şimali Afrikadakı geosiyasi maraqları bu narazılığı arxa plana keçirə bilib.
Fransa Rusiyanın Şimali Qafqazda turizmi inkişaf etdirməsinə bütün mümkün dəstəyi verməyə də razılaşıb. Tərəflər Adıgey, Qaraçay-Çərkəs, Kabardin-Balkar, Şimali Osetiya və Dağıstanda qış xizək kurortlarının inkişafı, həmçinin, Xəzər və Qara dəniz sahillərində balneoloji kurortların yaradılması və inkişafını nəzərdə tutan "hündürlük 5642" turizm klasteri layihəsini reallaşdırmağa hazırlaşırlar.
"Qazprom"un rəhbəri A.Miller isə bəyan edib ki, rəhbəri olduğu qurumla Fransanın "Total" neft-qaz şirkəti arasında qlobal bazarlarda əməkdaşlıq məqsədilə alyansın yaradılması da istisna deyil.
Məhz bu imtiyazlar müqabilində Moskva koalisiyanın Liviya cəbhəsində bundan sonra da mübarizəni davam etdirməsinə "hə" deyib. Rusiya prezidenti bildirib ki, M.Qəddafinin istefası onun öz ölkəsi və xalqı üçün yaxşı olardı. Medvedevin nümayəndəsi M.Marqelovu Benqazidə qiyamçılarla, həmçinin, Qəddafi rejiminin nümayəndələri ilə danışıqlar aparması üçün Liviyaya göndərməsindən bir neçə saat sonra isə NATO aviasiyası Tripolini bombardman edib. Bundan başqa, NATO və onun koalisiyadakı tərəfdaşları Liviyaya qarşı əməliyyatların müddətini daha 90 gün uzatmaq qərarına gəlib. Əvvəlcə əməliyyatın iyunun 27-dək davam etdirilməsi nəzərdə tutulsa da, indi bu müddət sentyabrın sonunadək uzadılıb.
Liviya müxalifəti - Keçid Milli Şurası (KMŞ) D.Medvedevin məsələ ilə bağlı ortaya qoyduğu son mövqeyi alqışlayıb. Xatırladaq ki, bundan əvvəl onlar Liviyanın sabiq xarici işlər naziri A.R.Şalkamın rəhbərlik etdiyi nümayəndə heyətini Benqazidən Moskvaya göndərmişdilər. Məqsəd "BMT TŞ-də Moskvanın səsini qazanmaq" idi.
Bundan başqa, Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri V.Ozerov BMT TŞ-nin Liviyada sabitliyin bərqərar edilməsi üçün əməliyyatlara başlanmasına razılıq verəcəyi təqdirdə, Rusiyanın bu ölkəyə sülhməramlı kontingent göndərəcəyini istisna etməyib.
Rusiya prezidentinin xüsusi nümayəndəsi M.Marqelov Benqazidə Liviya müxalifətinin liderləri ilə apardığı danışıqlardan sonra deyib: "Bunların məsuliyyətli və ciddi insanlar, şübhəsiz liderlər olduğunu söyləyə bilərəm. Onlar ekstremist ideyalar irəli sürmürlər, Liviyanın vahid dövlət olaraq sabit inkişafında maraqlıdırlar".
Əlbəttə ki, NATO-nun Liviyada əməliyyatlardan yalnız Kremldən razılıq aldığı üçün imtina etmədiyini söyləmək düzgün olmazdı. Amma Moskva ilə Dövildə əldə edilmiş razılaşma Qərbin bir neçə ciddi məqsədə anlaşmaya nail olmasına imkan yaradır.
Birincisi, Rusiya ABŞ və onun müttəfiqləri kimi, Liviyanın keçid hökumətini ölkənin gələcəyi ilə bağlı dialoq aparılması üçün legitim tərəfdaş kimi qəbul edib. Elə həmin keçid hökumətinin istəyi ilə NATO qoşunları Liviyaya girməli olacaqsa, bu, kifayət qədər ciddi faktor sayıla bilər.
İkincisi, Vaşinqton artıq bu gün BMT TŞ vasitəsilə 1973 saylı qətnamənin analoqunu Suriya ilə bağlı da qəbul etməyə çalışır. Moskva isə hələ ki buna müqavimət göstərir. Amma Rusiya Liviya məsələsində də əvvəlcə həmin mövqedən çıxış edirdi. Qərbin Moskvaya daha bir neçə "konstruktiv" razılaşma təklif etməklə Suriya məsələsində də Rusiyanın loyallığına nail olacağı istisna deyil.
Digər yandan, Moskvanın da yalnız Qərbin imtiyazlarına görə kompromisə getdiyini düşünmək olmaz. Hər halda, hələ ki Kremlə verilən vədlərin əksəriyyəti, əslində, fərziyyə xarakterlidir. HHM sistemi ilə bağlı əldə edilmiş razılaşma elə Medvedevin özünün də etiraf etdiyi kimi, yaxın gələcəyin işi deyil.
Rusiyanın ÜTT-yə üzvlüyünə gəlincə, Vaşinqton artıq bir neçə ildir sözdə bu məsələdə Moskvanı dəstəklədiyini bildirir. Amma o, yaxşı bilir ki, hazırda bu məsələdə əsas maneə Gürcüstanın barışmaz mövqeyidir. Rusiya 2008-ci ilin avqust müharibəsinin "nəticə"lərinə yenidən baxmayacağı təqdirdə, Tbilisi, çətin ki, onun ÜTT-yə gedən yolunda yaşıl işıq yandırsın. ABŞ isə avqust hadisələri zamanı Gürcüstana tam dəstək vermişdi.
Vaşinqtonun Umarovun ələ keçirilməsinə yardım vədi də xəyal kimi görünür.
Paris də Liviya məsələsi ilə bağlı Moskvayla razılaşmada, əsasən, fərziyyəyə əsaslanan vədlər verib. Burada istisna kimi, yalnız "Mistral"-ın satışı ilə bağlı razılaşmanı göstərmək olar. Amma əksər hərbi ekspertlər bu məsələyə də fərqli yanaşırlar. Onların sözlərinə görə, gəmi ilə bərabər, müvafiq texnologiyalar da qarşı tərəfə verilməsə, bu sövdələşmənin heç bir əhəmiyyəti olmayacaq.
Üçüncüsü, bu gün Rusiya bu və ya digər regionda (MDB məkanı istisna olmaqla) geosiyasi hadisələrə təsir üçün ciddi rçaqlara malik deyil. Baxmayaraq ki, bir sıra prinsipial məsələlərdə, o, Qərbdən öz fəaliyyətini Moskva ilə razılaşdırmasını istəyir. Məqsəd Rusiyanın beynəlxalq arenada fövqəldövlət imicini saxlamasıdır. Dövildə isə deyəsən, məhz buna nail olunub.
Amma burada müəyyən çətinliklər var. Doğrudur, Vaşinqton Moskvaya güzəştə getməyə razılaşıb. Amma bunu yalnız koalisiya qüvvələrinin Liviyadakı fəaliyyətini sərt tənqid edən baş nazir Vladimir Putindən fərqli olaraq, loyal münasibət ortaya qoymuş D.Medvedevin prezidentliyi dönəmində etmək fikrindədir. Obamanın Dövildə Medvedevlə şəxsi münasibətlərinə diqqət çəkməsi heç də təsadüfi deyil. Bu bəyanatın sətiraltı mənası ondan ibarətdir ki, Vaşinqton Rusiyanın fövqəldövlət imicini qoruyub-saxlamasına yalnız bir halda kömək etməyə hazırdır: 2012-ci ildə Medvedev təkrarən prezident seçilərəsə. Hər halda, Rusiyanın hakim tandemində məhz Medvedev Qərb tərəfindən daha demokratik fiqur kimi qəbul edilir.
Amma bəzi Qərb ekspertləri hesab edir ki, Liviya məsələsindəki mövqeyi ilə D.Medvedev çox riskə gedir, hətta seçkiqabağı dövrdə ölkəsi daxilindəki reytinqini də sual altında qoyur. Onların fikrincə, ruslar Putinin antiqərb ritorikasını daha yaxşı anlayır, nəinki Liviya problemi kimi məsələlərdə Qərblə əməkdaşlığa meyli.
Üstəlik, Rusiya hökumətindəki əsas simaların mövqeyi də Putinin mövqeyi ilə üst-üstə düşür. "Blumberg" telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, NATO-nun BMT TŞ-də Liviya ilə bağlı qətnamənin qəbulundan sonra başladığı əməliyyatlar əvvəldən elan edilmiş çərçivədən - Liviya üzərində uçuşların qadağan olunduğu məkanın yaradılmasından xeyli kənara çıxıb. Lavrov hesab edir ki, bununla əlaqədar gələcəkdə Rusiya BMT mandatının daha konkret olmasını tələb edəcək. O, NATO-nun Liviyada hərbi əməliyyatlar müddətinin daha 3 ay uzadılmasının problemin həllinə kömək etməyəcəyini də düşünür. Eyni zamanda, Lavrov Qərbin BMT TŞ-nin Liviya ilə bağlı qətnaməsinə dəqiqliklə əməl olunmasına güclə məcbur edilməsinin mümkünsüzlüyünü də etiraf edib.
Rusiya baş nazirinin müavini Sergey İvanov isə (vaxtilə prezident kürsüsündə Putinin potensial varislərindən, indi isə Rusiya siyasi isteblişmentində aparıcı fiqurlardan biri) NATO-nun Liviyadakı əməllərini "qruplaşmalardan birinin tərəfindən vətəndaş müharibəsinə müdaxilə" adlandırıb: "Biz BMT TŞ-nin qətnaməsini dəstəkləməklə onun sülhün möhkəmlənməsinə, münaqişənin qızışmasının önlənməsinə, dinc sakinlərin ölümünün qarşısının alınmasına yönəldiyini düşünmüşük. Lakin NATO BMT TŞ-in Liviya ilə bağlı qətnaməsini özü istədiyi kimi yozaraq, qarşı-qarşıya dayanmış qruplardan birinin tərəfini tutmaqla, vətəndaş müharibəsinə müdaxilə edir".
Liviyada baş verənlərdən danışarkən daha bir məqama toxunmamaq mümkün deyil. Baş verənlərdən tam aydın görünür ki, bu məsələdə aparıcı rol ABŞ-ın xeyir-duası ilə Fransaya həvalə edilib. Avropanın digər aparıcı dövləti - Almaniya isə sanki arxa planda qalıb. Güman etmək olar ki, Vaşinqton bununla son zamanlar Avropa İttifaqında şərtlərini diktə etməklə ABŞ-ın Avropaya təsir imkanlarını məhdudlaşdıran Berlinin "qazını almağa" çalışır. Ağ ev Almaniyanın elə həmin Dövildə ötən il üçtərəfli formatda (Almaniya-Rusiya-Fransa) keçirdiyi sammitə görə, çətin ki bağışlasın. Xatırladaq ki, həmin toplantıda Avropada təhlükəsizlik məsələsi ABŞ-ın iştirakı olmadan müzakirə edilmişdi. Həmin sammit Fransada keçirilsə də, Vaşinqton tam əsaslı olaraq belə qənaətə gəlmişdi ki, toplantının gündəliyi Berlin tərəfindən müəyyənləşdirilib.
Bundan başqa, ABŞ Avropa öklələrinin Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ enerji layihələrinin reallaşdırılmasına çalışırsa, Berlin Moskvanın himayəsində olan layihələrin həyata keçirilməsinə dəstək verir.
Bir həqiqət də var ki, Almaniya Liviya məsələsində lap əvvəldən son dərəcə ehtiyatlı mövqe nü-mayiş etdirib. O, M.Qəddafi rejiminə yalnız siyasi və iqtisadi sanksiyaların tətbiqini lazım bilirdi.
Beləliklə, görünən odur ki, Vaşinqton Avropadan olan gah bir, gah da digər müttəfiqini ön plana çıxartmaqla, onlardan hansınınsa mövqeyinin son dərəcə güclənməsini əngəlləməyə çalışır. Bu taktikanın əsasını isə vaxtilə amerikalı geosiyasətçi, "qarşısını almaq" konsepsiyasının atası, Amerikanın beynəlxalq münasibətlər nəzəriyyəsində klassik realizm yanaşmasının banisi Nikolas Spaykmen qoyub. ABŞ-ın geosiyasi mübarizəni yalnız düşmənləri ilə deyil, həm də müttəfiqləri ilə aparmasının vacibliyi fikri məhz Spaykmenə məxsusdur. O hesab edirdi ki, ABŞ bununla həmin qüvvələrə Vaşinqtonun arxasında birləşərək, dünyaya təsir imkanlarını artırmaq imkanı verməməlidir.
Bu nöqteyi-nəzərdən düşün-mək olar ki, Şimali Afrikada oynanılan geosiyasi oyunda Vaşinqton stavkanı vaxtilə birləşməsi və güclənməsində əsas rol oynadığı Almaniyaya deyil, Avropanın digər aparıcı dövləti olan Fransaya edir. Əsas məqsədi Aralıq dənizini Avropanın daxili dənizinə çevirmək olan bu geosiyasi oyun, Aralıq dənizi ittifaqı və dialoqu konsepsiyasına tam uyğundur.
Yeri gəlmişkən, Rusiyanın bu konsepsiyada iştirakı birmənalı şəkildə rədd edilir. Amma bu, necə deyərlər, başqa bir söhbətin mövzusudur.
MƏSLƏHƏT GÖR: