26 Dekabr 2024

Cümə axşamı, 05:20

PEŞƏKARLA BİR KOMANDADA

"Azərbaycan Avropa Oyunlarının hazırlığı ilə bağlı möhtəşəm işlər görüb", - AOK-un prezidenti Patrik HİKKİ

Müəllif:

25.11.2014

Bakı Avropanın nüfuzlu idman funksionerlərini topladı. Azərbaycanın paytaxtında Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası keçirilib. Mötəbər tədbirin rəsmi açılış mərasimində cıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkədə siyasi və demokratik islahatların aparıldığını deyən dövlət başçısı, bunun da sürətli inkişafa təkan verdiyini qeyd edib. 

"Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli ola bilməzdi. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur", - deyə İ.Əliyev bildirib. 

Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan Prezident İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkədə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında qazandığı uğurlar müstəqil ölkənin dünyada daha yaxşı tanıdılmasına imkan verir. Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirib. 

"2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da çox rəmzidir. Eyni ölkədə, eyni şəhərdə iki ildə siz Avropa Oyunlarını, sonra isə İslam Həmrəyliyi Oyunlarını seyr edəcəksiniz. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir", - deyə Prezident İlham Əliyev söyləyib. 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax əmin olduğunu bildirib ki, gələn il Bakıda baş tutacaq Avropa Oyunları yüksək səviyyədə keçəcək.

"İdmana yatırılan sərmayə, sadəcə, infrastrukturun yaradılması ilə kifayətlənmir. Bu sərmayə, təbii ki, təhsilin inkişafında mühüm rol oynayır. Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur", - deyə T.Bax qeyd edib. 

Tomas Bax bildirib ki, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsləri Avropa Oyunlarının uğurlu alınmasına stimul verəcək. 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq edib. Patrik Hikki bildirib ki, bu 43-cü Baş Assambleya həm gələn il keçiriləcək Avropa Oyunlarını, digər tərəfdən Rio De-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq işlərini müzakirə etmək baxımından mühüm tədbirdir. Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim edib. Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin "Şöhrət" medalını təqdim edib.

T.Bax isə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanan xatirə medalını Prezident İlham Əliyevə təqdim edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir. 

İki gün davam edən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iclasında Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan və MOK idarə rəisi Vaginak Qalstyan da iştirak edib. Ermənistan təmsilçiləri Bakıda olduqları müddətdən məmnun qalıblar. AOK-un prezidenti Patrik Hikkinin sözlərinə görə, Ermənistan tərəfi Avropa Oyunlarında iştirak edəcəyini təsdiqləyib: "Ermənistan nümayəndələri Bakıda olduqları müddətdən razı qalıblar. Mən Ermənistana səfərim zamanı onların bu yarışda iştirak etmələrinin vacibliyini qeyd etmişdim. Artıq əminliklə söyləyə bilərəm ki, Ermənistan Avropa Oyunlarında iştirak edəcək. İnanıram ki, ölkəniz bütün idmançılar üçün yüksək şərait yaradacaq".

Assambleyanın iclasında Avropa Oyunlarında 20 idman növünün təmsil olunacağı, onlardan bəzilərinin 2016-cı ildə keçiriləcək olimpiadaya lisenziya verəcəyi müzakirə olunub. İştirakçı ölkələr Azərbaycanın mötəbər yarış hazırlığını yüksək qiymətləndirib. Eyni zamanda, 6 şəhərin 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarını keçirmək istəyi məlum olub. Avropa Olimpiya Komitəsi ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adını gələn ilin may ayında açıqlamağı qərara alıb. Buna səbəb Avropa Olimpiya Komitəsinin namizəd şəhərləri daha yaxından öyrənmək istəyidir.

İclasın yekunu olaraq Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Baş Assambleyanın yüksək səviyyədə keçdiyini bildirib. P.Hikki vurğulayıb ki, tədbir yüksək səviyyədə təşkil olunmuşdu və çox mühüm məsələlər müzakirə edildi: "Biz ilk Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı tərəfdaş tapa bilməzdik". Onun sözlərinə görə, oyunların keçirilməsi üçün Bakıda çox yüksək səviyyədə hazırlıq işləri görülüb ki, bunun da nəticəsində gələcək idman yarışları üçün yalnız infrastruktur baxımından deyil, o cümlədən sakinlərin təcrübəsi və biliyi baxımından böyük bir irs yaranıb. Hikki əlavə edib ki, BEGOC-un (Təşkilat Komitəsi) işindən razıdır. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bir çox Olimpiya şəhərlərinin yarışlara hazırlaşmaq üçün yeddi il vaxtı var: "Lakin BEGOC çox möhtəşəm işlər görüb. Bütün bunlar, sadəcə, 2 il ərzində edilir və onun indiyə qədər gördüyü və bundan sonra görəcəyi işlər çox möhtəşəmdir".

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları Avropanın daha beş ölkəsi ilə yayım haqqında sazişə imza atıb. Bu sazişlərə əsasən, Avropa Oyunları Albaniya, Belarus, Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq.

 

 

İLK MƏNBƏDƏN

 

"Eyni ölkədə, eyni şəhərdə iki ildə siz Avropa Oyunlarını, sonra isə İslam Həmrəyliyi Oyunlarını seyr edəcəksiniz. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti

 

 

 



MƏSLƏHƏT GÖR:

759