Müəllif: Zeynal ƏLİ Bakı
Şəhərimiz durmadan dəyişir: yeni göydələnlər, küçələr, mağazalar, simalar, hadisələr... Bütün bunların fonunda şəhərimizdə dəyişməz qalan azsaylı atributlardan biri nəinki Bakıda, ondan kənarda, hətta xaricdə də tanınmış balaca kitab mağazasıdır. Söhbət Qız Qalasının yaxınlığında yerləşən kitab mağazasından gedir...
Dəyişməzlik qalası
Sanki böyük bir şəhərdə bu, bir əbədiyyat qalasıdır və möhtəşəm qonşularının - Qız Qalasının əzəməti və Şirvanşahlar Sarayının dəbdəbəsi onu qoruyub-saxlayır. Bəlkə də o, məhz bu səbəbdən saysız-hesabsız dəyişikliklərin şahidi olmuş qoca çinar və ya palıd kimi toqquşmalardan, ayrı-ayrı hadisələrdən kənarda qala bilib. Siz nə vaxt bu mağazanın qapısını açsanız, bu yarıqaranlıq məkanda sizi oranın dəyişməz satıcısı, indi isə həm də sahibi qarşılayacaq. Söhbət daimi müştərilərin "Elman dayı" çağırdığı Elman Mustafayevdən gedir. O, elə əvvəlkitək təmkinli, səliqəlidir. Sadəcə, yaşı ilə əlaqədar bir qədər beli bükülüb.
O, müştərinin kimliyindən asılı olmayaraq, hər kəsə kitab seçimində sakit, nəzakətlə və təngə gətirmədən kömək edir: səs-küylü tələbələr, cütlüklər, uşaqlı analar, saçları ağarmış müəllimlər, evdar qadınlar və ya hətta ən çoxsaylı auditoriya olan turistlər. Bu isə təbii ki, asan deyil. Axı Elman dayının özünün də etiraf etdiyi kimi, 7 ixtisası var. "Hesab edirəm, insan özünü bir işlə məhdudlaşdırmamalıdır. Həyatda çox şeyi öyrənməyə, dərk etməyə çalışmaq lazımdır", - deyə o, bildirir.
Elman dayı Ticarət-Kulinariya Texnikumunda (bunun nəticəsində o, 1 il restoran direktoru kimi çalışıb) oxumağa, klub orkestrində tar ifaçısı kimi çıxış etməyə macal tapıb. Orduda xidmət edən zaman isə o, tikinti sahəsində, eyni zamanda, 3 ixtisasa yiyələnib. Hərbi xidməti başa vurduqdan sonra, elektrik kimi fəaliyyət göstərən Elman Mustafayev məktəbi bitirdikdən 8 il sonra universitetdə biblioqrafiya fakültəsinə qəbul olunub. Amma onun kitaba, ədəbiyyata olan marağı hər şeyi üstələyib. Amma bu gün Elman dayının qazandığı bütün bu biliklər ona müştərilərə kitab məsləhət görməkdə yardım edir. İndi o, mağazaya baş çəkənlərə yalnız bədii ədəbiyyat sahəsində deyil, musiqi nəzəriyyəsi və kulinariya sahəsində də kitablar məsləhət görə bilir.
Mağazanın sadə olmasına rəğmən, onun yaranma tarixçəsi maraqlı və müəyyən mənada, hətta simvolikdir. "Burada "Azərkitab" nəşriyyatının kitab mağazası 1978-ci ildən fəaliyyət göstərir", - deyə Elman müəllim bizimlə söhbətində bildirib. - "Onadək burada suvenir mağazası olub". Suvenir mağazasından əvvəl isə bu ərazidə... cızbızxana fəaliyyət göstərib! Odur ki, Elman müəllimin bu aforizmi lap yerinə düşür: "İki şey ucuz olmalıdır: fiziki qida - çörək və mənəvi qida - kitab". Elman müəllimin yeni "ixtisas"a keçidi mağaza üçün faydalı olub və yeri gəlmişkən, şəhərdə kitabların ən ucuz qiymətə satıldığı məkan məhz buradır. Mağazanın direktoru bunu fəxrlə dilə gətirir və bu, hörmətəlayiqdir. Axı əvvəllər 1990-cı illərədək buraya kitablar dövlət nəşriyyatlarından gətirilirdisə, 2001-ci ildəki özəlləşdirmədən sonra, kitabların əldə olunmasına xərclər artıb. Əgər əvvəllər rəflərdə, əsasən, sovet illərinə aid köhnə kitablar yer alırdısa (orada hətta 1993-cü ilədək çap olunmuş kitabları tapmaq mümkün idi), indi mağazada rəngarəng müasir ədəbiyyat, o cümlədən Rusiya və Qərb ədəbiyyatı, müxtəlif jurnallar tapmaq mümkündür. Xüsusi görünən yerdə isə "turist" ədəbiyyatı düzülüb: soraq kitabçası, bələdçi, Azərbaycan tarixinə və incəsənətinə dair kitablar, danışıq kitabçaları. Ümumilikdə, direktorun sözlərinə görə, mağaza sırf humanitar istiqamətlidir: tarix, incəsənət, musiqi, bədii ədəbiyyat - burada heç bir texniki soraq kitabçasına rast gəlmək mümkün deyil. Təbii ki, sual yaranır: ötən illərlə müqayisədə ədəbiyyat populyarlığını itirməyibmi? Yaxşı ki, yox! Dükana tez-tez klassik ədəbiyyatla maraqlanan gənclər baş çəkirlər. Elman dayının sözlərinə görə, ortayaşlı insanlar ədəbiyyatdakı yeniliklərdən kənarda qalmırlar. O, mağazaya gələn hər bir şəxsə diqqətlə yanaşır.
Oxucunu üzündən tanımaq
"Digər ticarət növlərindən fərqli olaraq, kitab ticarətinin özünəməxsus xüsusiyyətləri var", - deyə Elman müəllim bildirir. - "Məsələn, bu işdə müştərinin psixologiyasını oxumağı bacarmalı, onun intellektual və mədəni səviyyəsinii hiss etməlisən. Bu, müştəriyə uyğun kitabı məsləhət görmək üçün vacibdir". Oxucular da onun məsləhətlərini həssaslıqla və minnətdarlıqla qəbul edirlər. "Məndən tez-tez soruşurlar ki, rus dilini öyrənməyin ən yaxşı yolu nədir? Mən onlara dərslikləri məsləhət görür, mütləq şəkildə kursa getməli olduqlarını söyləyirəm. Şübhəsiz, dil öyrənilməsində bədii ədəbiyyatın rolu da çox böyükdür. Belə insanlara mən biliklərini gücləndirmələri üçün rus klassiklərinin əsərlərini oxumağı məsləhət görürəm. Söhbət Lev Tolstoydan, Anton Çexovdan, Dostoyevskidən, Qonarovdan, Turgenyevdən gedir", - deyə Elman müəllim bildirir.
Yeniliklərə gəlincə, direktorun sözlərinə görə, əgər əvvəllər sovet ideologiyasının əsas təşkil etdiyi ədəbiyyat daha çox idisə, indi mağazada istənilən kitabı tapmaq mümkündür.
Əslində, direktor təvazökarlıq edir. Onun balaca mağazasında nadir, dissident kitablarını ucuz qiymətə tapmaq mümkündür. Burada bizim mağazamızı qoca Avropanın xrestomatik romantik kitab mağazalarına bənzədən daha bir cəzbedici məqam var. Elman müəllimin təvazökar, hər zaman nəzakətli görkəminə baxdıqda, onun Azərbaycandan kənarda da məşhur olan mağazanın rəhbəri, siması olduğunu söyləmək mümkün deyil. "Bu mağaza haqqında bir çox nəşrdə məqalələr yazılıb, verilişlər çəkilib, bu yaxınlarda məndən BBC-nin Britaniya xidməti üçün müsahibə götürülüb. Bu mağaza haqqında "Nyu-York tayms" qəzetində məqalə dərc olunub. Yapon saytında bizə aid səhifə var", - deyə Elman müəllim bildirir.
Bu yaxınlarda isə onun özü "Kitab əhlinin sərrafı oldum" adlı kitab buraxıb. Kitabda tanınmış adamlarla görüşlərdən xatirələr, nadir arxiv məktubları (məsələn, Bəxtiyar Vahabzadənin Elman müəllimə ünvanladığı məktub), mağazaya dair müxtəlif nəşrlərdə yer almış çoxsaylı məqalələr, nadir fotolar əksini tapıb.
Adam özünü kitab satıcısı yox, kitabların yayılması, təbliği ilə məşğul olan şəxs hesab edən Elman dayıdan müasir ədəbiyyatın səviyyəsi, Azərbaycanın müasir müəllifləri, doğma dilimizə tərcümələrin səviyyəsi haqda da soruşmaq istəyir. Axı sovet dövrünün kitab nəşrini yada salsaq, yeni əsərlər yalnız çoxsaylı redaktələrdən, senzuradan keçdikdən sonra çap oluna bilərdi. Bir tərəfdən bu, əlbəttə ki, ifadə azadlığının məhdudlaşdırılmasıdır. Amma digər tərəfdən, o dövrdə aşağı səviyyəli ədəbiyyat bazara buraxılmırdı. Belletristika isə o səviyyədə idi ki, indi o, klassikaya çevrilib. Bu gün kitab bazarında təəssüf ki, dəyərli ədəbi əsərlərə nadir hallarda rast gəlinir. Bunu kitab mağazasının sahibi də təsdiqləyir: "Təəssüf ki, indi keyfiyyətsiz, zəif yazılmış, mənasız, süjetində problemlər olan kitablar çox çap edilir...
Gənc müəlliflərə daha çox oxumalarını, səviyyələrini artırmalarını məsləhət görərdim. Əgər sənin ədəbi biliyin məhduddursa, sən yaxşı əsər yarada bilməzsən. 50 il dostluq etdiyim Bəxtiyar Vahabzadə deyirdi: "Mən 1 cümlə yazmaq üçün 40 səhifə oxuyuram!".
Elman müəllim Azərbaycanın müasir müəlliflərindən gənclər arasında populyar olan Seymur Baycanın adını çəkir: "Seymur bura, demək olar ki, hər həftə gəlir və çox sayda kitab alır. Mən ondan soruşuram: "Seymur, sən bunların hamısını oxumağa macal tapırsanmı?". Onun cavabı belə olur: "Mən zərrə qədər bilik əldə etmək üçün günlərlə yalnız oxuyuram".
Son illərdə çoxsaylı tərcümə ədəbiyyatı meydana çıxıb. Odur ki, azərbaycandilli oxucular da nəhayət, ədəbiyyata olan ehtiyaclarını ödəyə, indiyədək yalnız rus dilində mövcud olan əsərləri doğma dilimizdə oxuya bilərlər. Doğrudur, tərcümələrin səviyyəsi nikbinlik yaradacaq dərəcədə deyil. Tərcüməçilər bəzən bağışlanmaz səhvlərə belə, yol verirlər. Bu, yalnız orfoqrafiyada yox, həm də üslubda özünü göstərir. "Tərcüməçi olmaq asan iş deyil. Bunun üçün dili yaxşı bilmək kifayət etmir. Tərcüməçi həm də tərcümə etdiyi dilin məxsus olduğu xalqın tarixini, mədəniyyətini bilməlidir", - deyə mağaza direktoru bildirir. - "Bunsuz nitqin təkraredilməz tərəflərni, incə ifadələri və frazeologizmləri qabartmaq mümkün deyil". İndiki tərcüməçiləri öz işinin ustası olmuş İsaak İbrahimovla, Mikayıl Rzaquluzadə, Mirzə İbrahimovla müqayisə etmək çətindir. Elman müəllimin sözlərinə görə, indiki tərcüməçilər işlərini tələm-tələsik görürlər və bu, bir çox hallarda gülünc halların meydana çıxmasına səbəb olur.
"Hophopnamə"ni kim yazıb?
Yeri gəlmişkən, gülməli hadisələri xatırlayan Elman müəllim danışır ki, günlərin birində mağazaya gənc cütlük daxil olub. Qız direktora müraciət edərək deyir: "Sizdə Bəxtiyar Vahabzadənin "Hophopnamə" kitabı var (məlum olduğu kimi, bu əsərin müəllifi Mirzə Ələkbər Sabirdir)". "Mən mat qaldım", - deyə Elman dayı nəql edir. - "Əvvəlcə düşündüm, qız, sadəcə, çaşdı və onun yanındakı oğlana baxdım. Amma oğlanın simasında heç bir emosiya yox idi. Düşündüm ki, bu cütlük nə vaxtsa ailə quracaq və onların övladları dünyaya gələcək. Onlar övladlarına nə öyrədəcəklər? Sonralar bu hadisəni mağazama tez-tez qonaq gələn Bəxtiyar Vahabzadəyə danışdım: "Bəxtiyar müəllim, niyə biz sizin "Hophopnamə" əsərinizdən xəbərsizik?". O, xeyli güldü və dedi ki, bu əsəri istəsə də, yaza bilməz".
...İçərişəhəri bu kiçik kitab mağazasız təsəvvür etmək mümkün olmadığı kimi, bu mağazanı da onun dəyişməz direktoru Elman Mustafayevsiz təsəvvür etmək mümkün deyil.
Ömrünüz gərək o qədər uzun olsun ki, hələ uzun müddət soydaşlarımızda bədii zövq tərbiyə edəsiniz...
MƏSLƏHƏT GÖR: