Müəllif: Nərminə VƏLİYEVA Bakı
Rəssam Fərid Rəsulov özünü həyatda bəxti gətirən insan hesab edir. Nəsə istəsə, gənc rəssamın ətrafında hadisələr elə şəkil alır ki, Fərid xüsusi bir səy göstərmədən hər şeyə nail olur. Lakin Fərid işgüzar və istedadlı rəssamdır. Bu gənc insan qarşısına konkret məqsədlər qoyur və öz yolundan dönmür.
- Bildiyimə görə, ixtisasca siz oftalmoloqsunuz. Həkim - praqmatik və materialist, daim ideal axtarışında olan rəssama necə çevrildi?
- Özüm də bilmirəm ki, mənimlə bu metamorfozlar necə baş verdi... Şuşada doğulmuşam. Beş yaşım olanda ailəm Bakıya köçüb. Burada məktəbə getmiş və yeni dostlar tapmışam.
14-15 yaşım olardı, atam dedi ki, gələcək peşən haqda düşünmək vaxtıdır. Həm də bu sənət insanlara fayda verməli və ömürlük olmalıdır. Valideynlərim mənə bunu lap uşaq vaxtından öyrədiblər. Elə həmin vaxt böyük qardaşım Tibb İnstitutuna daxil olmağa hazırlaşırdı. Atam isə orada farmakologiyadan dərs deyirdi. Ətrafımda tibb kitabları, müalicəvi bitkilərin xəritələri və farmakologiya üzrə dərsliklər vardı. Belə "qonşuluq", təbii ki, mənim seçimimə təsir etdi. Atama dedim ki, oftalmoloq olmaq istəyirəm və Tibb İnstitutuna qəbul olunmaq üçün hazırlaşmağa başladım. Qəbul olundum, yeddi il təhsil aldım və qırmızı diplomla ali təhsilimi başa vurdum, öz sənətim üzrə işləməyə başladım. Bu müddət ərzində əczaxanada əczaçı, "təcili yardım"da həkim və oftalmoloq işləmişəm. Əməliyyatlar keçirirdim və xəstələri müalicə edirdim. Lakin o vaxta qədər anladım ki, işimdən həzz almıram. "Zəngdən-zəngə olan iş", səhər yoxlamaları, çoxsaylı reseptlər - bu iş mənim arzuladığım deyildi. Tibb İnstitutunun sonuncu kursunda mən incəsənət haqda xəyallar qururdum, amma ehmalca bunu evdəkilərdən gizlədirdim. Düşünürdüm ki, atam etiraz edər. Lakin ehtiyat etməyim əbəs imiş: atam məni dəstəklədi və ilhamlandırdı. Mən çəkmək istəyirdim, ən məşhur art-qalereyalarda sərgilərimi keçirmək, bütün dünyanı səyahət etmək istəyirdim. Bir dəfə dostum - rəssam Faiq Əhmədovun qardaşı məni bədii gecə ilə tanış etdi. Orada gənc, istedadlı uşaqlar vardı, onlar həyatı rahat yaşayırr və sevdikləri işlə məşğul idilər. Onların hamısı mərhum Leyla Axundzadənin rəhbərlik etdiyi "Zamanın qanadları" yaradıcı təşəbbüslərə dəstək assosiasiyasının üzvləri idilər. Onlar gənc istedadlara həmişə kömək edir və dəstəkləyirdilər. Həmin gənclərin işlərini, necə çəkdiklərini izləməyə başladım. Bir müddət sonra rəssam dostlarıma dedim ki, mən də rəsm çəkmək istəyirəm. Əvəzində isə dedilər ki, sıfırdan başlamaq və bunu öyrənmək üçün artıq gecdir. Lakin qərara gəldim sübut edim - rəsm çəkməyə başlamaq heç vaxt gec deyil. Çox istəyirdim ki, rəssam olum. Həmin dövrdə aptekdə işləyirdim və qənaət etdiyim pula videokamera aldım.
- Videokamera? Elə bildim, boya və kətan aldınız...
- (Gülür) Boya və kətanı bir az sonra aldım. İncəsənətdə yoluma art-videodan başladım. Bu, ondəqiqəlik rolik idi, "Inertia" adlandırmışdım onu. Burada geri qayıtma effektinə görə qəssab iti bıçaqla qoyun ətini tikə-tikə "yığırdı". Elə görünə bilərdi ki, bundan adi nə ola bilər? Amma əsas məğz ondan ibarətdir ki, bu qəssab şəkər diabeti olduğu üçün vegetarian olmaq məcburiyyətində idi. Yəni o, sırf inyersiya üzrə, avtomatik olaraq işləyirdi. Bu, melanxolik musiqi ilə müşayiət olunurdu. Düşünürəm ki, videonun əsas ideyasını yaxşı ötürə bildim - dağıtmaqdansa, yaratmaq yaxşıdır. Videonu Leyla Axundzadəyə göstərdim. Mənim ilk videomun ideyasını o, bəyəndi. Leyla xanım onu 2007-cildə Bakıda keçirilən "Realities of Dreams" (alüminium III) beynəlxalq sərgisinə göndərməyi təklif etdi. Daha sonra mən rəssamlıqla məşğul olmaq qərarına gəldim.
Yadımdadır, fırça, yağ, kətan aldım. Çəkməyə başladım. Bunu bacardığım kimi, düzgün hesab etdiyim kimi etdim. İlk rəsmim - naməlum qızın portreti - indi düşünürəm ki, dəhşətli idi. Bütün vaxtımı rəsmlərlə keçirməyə başladım. Üzərimdə çox işləyirdim, rəssamlarla məsləhətləşirdim, xüsusi ədəbiyyat oxuyurdum. Zamanla hər şey düzəldi və belə deyək, təcrübə yığdım. Özüm üçün xeyli rəssamlıq sirləri açdım və öyrəndim. Məsələn, mən qara boyadan istifadə etmirəm. Hesab edirəm ki, o, rəsmi ancaq "ləkələyir". Onun əvəzinə "qəhvəyi mars" çalarından istifadə edirəm. Mənim ilk rəsmlərim müxtəlif şəhərlərdə - Berlin, Drezden, Moskva, Londonda Azərbaycan mədəniyyəti günləri və Dubayda İslam İncəsənəti Festivalında nümayiş etdirilib.
2011-ci ildə mənim Orxan Hüseynov, Rəşad Ələkbərov və Faiq Əhmədovla birgə işlərimizdən ibarət "Fabulous Four" ("Fantastik dördlük") adlı sərgi keçirildi. Biz Azərbaycan mədəniyyəti, onun ən xırda və daha mühüm təzahürlərinə diqqət çəkməyə çalışmışdıq. Mən "badımcan dolması" və "yarpaq dolması" rəsmlərini nümayişə çıxarmışdım.
- İşlərinizin müəyyən silsiləsi yeməyə həsr olunub: meyvə-tərəvəzlərə, Azərbaycan yeməkləri və hətta yumurtaya da. Niyə məhz yemək?
- (Gülür) Yeməyi sevirəm. Yeri gəlmişkən, çox yeyirəm. Bütün gecə yeyə və kökəlməyə bilirəm. Görünür, maddələr mübadiləm yaxşıdır... Yeməyi, meyvə və tərəvəzləri iri planda çəkməyi sevirəm. Misal üçün, götürək, feyxuanın lətli bəhərlərini; və ya bənövşəyi, göyə çalan reyhan yarpaqlarını. Təkcə adlarının çəkilməsi insanda xoş ətir və dad yada salır. Dadlı yaddaş xeyli ləzzətli hisslər saxlayır. Və həmin bu dadlı hissləri kətana köçürürəm. Sözgəlişi, bütün rəsmlərim iri plandadır. 2010-cu ildə "Kiçik qala" qalereyasında keçirilən fərdi sərgimdə "Əşya" adlı silsiləvi işlərimi təqdim etdim. Bu rəsmlər bir neçə ay ərzində emalatxanada qarşımda gördüyüm əşyalardan ibarət idi. Ətrafımızda əşyalara o qədər vərdiş etmişik ki, hətta onların qəribə formalarını və qeyri-adi çalarlarını da sezmirik. Bununla bərabər, bütün qeyri-adi nə varsa, son dərəcə adi əşyalarda gizlidir.
- Kətana bu "surətçıxarma"nın bilavasitə prosesi necə baş verir?
- Məsələn, feyxuanı qaba qoyuram, onun müxtəlif rakurslardan foto ilə şəklini çəkirəm. Şəkilləri çıxarıram və ən koloritli və "dadlı"sını seçirəm və onun rəsmini çəkirəm. Buna bir neçə həftə vaxt gedir.
- "Xaş" silsiləsi necə yaranıb? Qanlı fonda düz cərgə ilə koloritli qoyunlar və bıçaq düzülüb. Maraqlıdır, əcnəbilər bu silsiləni necə qəbul edirlər?
- Əcnəbilər bu silsiləni anlayırlar. Bu, anlaşılandır. Onlar üçün xaş naməlum xörəkdir, bizim üçün, azərbaycanlılar üçün - bu, dadlı və həm də xeyirli yeməkdir. Hesab edirəm, bu silsilə səhər tezdən bir boşqab yağlı xaş yeməyə etiraz etməyən kişilərin xüsusi olaraq xoşuna gəlir. Biz, azərbaycanlılar dadlı yeməyin nə olduğunu bilirik...
- "Azərbaycan yeməkləri" silsiləsi mənə daha yaxındır. Kətan üzərində təsvir etdiyiniz dolma çox dadlı görünür. Hətta ağzımın suyu axır...
- (Gülür) Dadlı yaddaş öz işini görür. Biz bu yeməklərin dadını və ətrini bilirik. Ona görə də onlar bizə doğma və adi gəlir. Bu silsilədən olan bütün rəsmlər, demək olar ki, sahiblərini tapıblar və fərdi kolleksiyaları doldurublar.
- Maraqlıdır, çəkmədiyiniz hansısa dadlı təam var?
- İtburnu, Zirə pomidorları, zoğal və alça çəkməyə hazırlaşıram. Mən insanlarda dadlı və emosional assosiasiyalar yaradan hamıya məlum məhsulları təsvir etməyi xoşlayıram. Məsələn, əzgil atamın sevimli meyvəsidir. Hər dəfə əzgil görəndə atam yadıma düşür. Bundan başqa, Abşeronun gözəl mənzərələrinə, habelə "Azərbaycanın müalicəvi bitkiləri"nə həsr edilmiş silsilələr çəkməyi planlaşdırıram.
- Hazırda "Chelebi" layihəsi üzərində çalışırsınız...
- "Chelebi" layihəsi - yaradıcılıq həyatımın daha bir hissəsidir. Yerli brend yaratmaq ideyası 55-ci Venesiya Biennalisində iştirakımdan sonra yarandı. Orada "Ornamentation" pavilyonunda xalçadan qeyri-adi otaq hazırlamışdım. İnteryerin bütün elementləri - döşəmə, divarlar, tavan və hətta kiçik dekorativ detallar da Qarabağ xalçasının ornametləri olan parça ilə döşənmişdi. İdeyanı hamı bəyəndi və biz "YARAT" Müasir İncəsənt Təşkilatının təsisçisi Aida Mahmudova ilə milli "Chelebi" brendini yaratmaq qərarına gəldik. Dekabrda bizim yeni məhsulumuzun təqdimatı planlaşdırılıb. Biz Azərbaycan motivləri istifadə olunmuş eksklüziv keyfiyyətli mebel və dizayn əşyaları yaradacağıq. Misal üçün buta, nar, əncir, xalça ornametlərindən bəhrələnəcəyik. Mebel üçün üzlük xaricdə istehsal olunacaq. "YARAT" gənc rəssamları çox yaxşı dəstəkləyir. Bizdə yaratmaq, öyrənmək və işlərini dünyaya göstərmək istəyən xeyli sayda istedadlı gənclər var.
- Hansı rəssam sizin yaradıcılığınıza təsir edib?
- Ən sevimli rəssamım - Əşrəf Muraddır. Onun olduqca qeyri-adi və mən deyərdim, qəribə işləri var. Düşünürəm, dahiliyi də bu qəribəlikdədir. Ruhuma yaxın olan Tahir Salahovu çox sevirəm. Bilirsiniz, keçmiş "tibb" həyatımda rəssamlığı başa düşmürdüm və incəsənət haqda az anlayışım vardı. Mənim üçün bütün rəssamlar tuhaf idilər, sanki bu dünyadan deyildilər. Amma zamanla bu dünyaya daha da dərinə getdikcə, onu öyrənərək və təcrübə toplayaraq, anladım ki, incəsənət, əslində, unikaldır. O, insanlara özünüifadə azadlığı verir və onları daha yaxşı edir.
MƏSLƏHƏT GÖR: