Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanda kənd təsərrüfatı sahəsində islahatların növbəti mərhələsinə qədəm qoyulub. Bu işdə əsas məqsəd istiehsalat və logistika sisteminin, həmçinin aqrar kompleksin yeni, elektron idarəetmə sisteminin tətbiqidir. Qarşıya qoyulmuş məqsədlərə addım-addım nail olunmasının yolları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycanın kənd təsərrüfatının 2020-ci ilədək strateji inkişafı" layihəsində əksini tapıb. Strategiyanın ən vacib komponenti ölkədə yeni istehsal strukturlarının - aqroparkların yaradılmasıdır.
"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə kənd təsərrüfatının inkişafını nəzərdə tutan layihədə, ilk növbədə, söhbət aqrar sənaye strukturlarının təkmilləşdirilməsindən, bu sahədə idarəetmənin səviyyəsinin artırılmasından gedir", - deyə Azərbaycan Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bildirib: "Strategiyanın ayrı-ayrı istiqamətində aqrar elmin inkişafını, elektron kənd təsərrüfatı sisteminin formalaşdırılmasını, subsidiyalaşdırma sisteminin optimallaşdırılmasını, kooperasiya və aqrar sığortanın inkişafını, bu sahəyə investisiyaların və yeni texnologiyaların cəlbi üçün əlverişli şəraitin yaradılmasını və əlbəttə ki, aqroparklar kimi yeni istehsal formalarının tətbiqini nəzərdə tutur".
Beləliklə, Kənd Təsərrüfatı Nazirliyinin yeni strategiyasında əsas vəzifələrdən biri kimi, Azərbaycanda müxtəlif profilli aqroparkların yaradılması nəzərdə tutulub. Aqrar sahədə istehsalın bu cür qurulması, məhsulların bu qaydada topdansatışı dünyanın inkişaf etmiş ölkələrində kifayət qədər geniş yayılıb. Bu, özündə universal meydançanı əks etdirən müasir kənd təsərrüfatı xablarıdır. Onun özəyini tərəvəz və ayrı-ayrı anbarlardan, həmçinin soyuduculardan ibarət böyük logistik zona təşkil edir. Bir sıra hallarda orada kiçik topdansatış, həmçinin pərakəndə satış üçün çoxprofilli bazalar, sərgi pavilyonları, işgüzar danışıqlar üçün meydançalar, mehmanxanalar, hətta kənd təsərrüfatı texnikasının təmiri üçün xidmət mərkəzləri də yaradılır.
Aqroparklarda məhsul və xidmətlərin əsas istehlakçıları pərakəndə satışla məşğul olan iri müəssisələr, həmçinin iaşə müəssisələri və supermarketlərdir. Avropa və Amerika ölkələrində bu seqmentin payı 50%-ə çatır.
Bununla yanaşı, son illərdə sadalanan xidmətlərlə bərabər, istehsal proseslərinin kifayət qədər inkişaf etdiyi aqroparklar geniş yayılmağa başlanıb. Bu struktur geniş kənd təsərrüfatı sahəsidir. Orada heyvandarlıq fermaları, quşxanalar, mexanikləşdirilmiş park, arıxana, süd zavodu, ət sexi, meyvə bağları və s. yer alır. Bu cür aqroparkların ərazisində ərzaq məhsullarının emalı və qablaşdırılması müəssisələri, qarışıqlar istehsalı və ya üzvi gübrələrin emalı sexləri fəaliyyət göstərir.
Belə aqroparkların əsas üstünlüyü aqrar istehsal sahəsində zəncirin bir neçə bəndini özündə birləşdirən qapalı infrastrukturun olmasıdır. Məsələn, burada emal xətlərinin və ya unüyüdən sexlərin tullantıları yem hazırlanmasında istifadə olunursa, mal fermalarından çıxan peyin bioloji gübrələrin (kompost) əldə edilməsində, bioqazın istehsalında və s. xammal rolu oynayır.
Bu cür aqrar sənaye istehsalının formalaşdırılması infrastrukturun yaradılması və onu işlək vəziyyətdə saxlanılmasına xərcləri xeyli azaldır. Bu, nəqliyyat daşımalarına xərclərin ciddi şəkildə azalmasına kömək edir. Bitkiçilik məhsulları və ya digər xammalların qənaətlə işlədilməsi, təkrar emalın inkişafı belə aqroparkların praktiki olaraq tullantısız, nəticədə daha rentabelli olmasına imkan verir. Nəhayət, istehsal proseslərinin belə lokallaşdırılması mütəxəssislərin potensialından daha effektiv istifadə olunmasına, müasir aqrar elmi ixtiraların, yüksək texnologiyaların tətbiqinin optimallaşdırılmasına kömək edir.
Kənd təsərrüfatı məhsullarının bu cür istehsalı postsovet məkanı üçün nisbətən yeni formadır. Bu cür layihələr hələ ki, yalnız Rusiya və Qazaxıstanda reallaşdırılır. Xəzər regionunda aqroparkların yaradılmasına ilk başlayanlardan biri də Azərbaycandır. Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfəri zamanı "Şəmkir aqroparkı"nın təməlqoyma mərasimində iştirak edib.
543 hektar ərazidə yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq.
Maraqlıdır ki, yeni aqroparkın effektivliyi həm də irriqasiya məsələlərinin optimallaşdırılması yolu ilə təmin olunacaq: suvarma üçün lazım olan su Şəmkirçay su anbarının resursları hesabına əldə ediləcək. Aqroparkın yanında uzunluğu 11 kilometr və su nəqli saniyədə 4,5 kubmetr olan kanal çəkilib. Onunla saniyədə nəql olunan suyun, təqribən, 1 kubmetri aqropakda istifadə ediləcək, qalan hissəsi isə regionda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarına veriləcək.
Dövlətin bu layihədə iştirakı yalnız su infrastrukturunun formalaşdırılması ilə məhdudlaşmır. "Şəmkir aqropark"ında müəssisələrin inşası üçün lazım olan vəsaitin böyük bir hissəsi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kredit şəklində ayrılıb. İqtisadiyyat və sənaye naziri Şahir Mustafayevin sözlərinə görə, ölkədə aqroparkların inkişaf konsepsiyası kənd təsərrüfatı sahəsində vahid koordinasiya sisteminin formalaşdırılmasını, eləcə də istehsalçı, emalçı və istehlakçının fəaliyyətinin sıx inteqrasiyasını nəzərdə tutur. İstehsalın lokallaşdırılmasının yeni forması ölkənin ixrac potensialının artırılmasına və coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasına və nəticədə, yüksək məhsuldarlığın əldə olunmasına kömək edəcək.
Nəhayət, aqropaklar regionlarda yeni iş yerlərinin açılmasına da kömək edəcək.
Eyni zamanda, aqroparkla "Zəyəm Texnologiyalar Parkı" arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana konstruksiyalarının, damla, yağışyağdırma və çiləmə üsulu ilə müasir suvarma avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək.
Yeni aqropark yaxınlıqdakı rayonların fermerlərinə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına da şərait yaradacaq. Aqroparkın təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək.
Nəticədə, istehsal və emal konsepsiyası, məhsulları saxlama, nəqliyyat logistikası, həmçinin "Şəmkir aqroparkı"nda müasir texnologiyaların tətbiqi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına, onun daxili bazarlara çatdırılması, xüsusilə yaşıl marketlər və fermer mağazaları vasitəsilə satışı üçün optimal logistikanın təmininə şərait yaradacaq. İstehsal xərclərinin azalması və rentabelliyin artımı aqropark məhsullarının kütləvi şəkildə ixracının təşkilinə imkan verəcək.
Beləliklə, Azərbaycanda aqroparkların yaradılması istiqamətində ilk addım atılıb. İqtisadiyyat və Sənaye, həmçinin kənd təsərrüfatı nazirlikləri artıq Polşa və Niderlandın profil qurumları ilə danışıqlar aparırlar. Məqsəd bu ölkələrin zəngin təcrübəsinin implementasiyası, nəhəng aqrar komplekslərin, aqroparkların yaradılmasına müasir texnologiyaların və investisiyaların cəlbidir. Azərbaycanda xidmət və istehsal aqroparkları ilə yanaşı, elmi-tədqiqat xüsusiyyətlərinə malik strukturlar da yaradıla bilər. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Xəzər rayonunda "Engilan" kənd təsərrüfatı-istehsalat kompleksinin bazasında "Xızı" aqroparkı yaradılacaq. Bu tip aqroparkların əsas təyinatı effektli aqrotexnologiyaların işlənib hazırlanmasında elmi tədqiqatların aparılmasıdır.
MƏSLƏHƏT GÖR: