14 Mart 2025

Cümə, 11:13

MAYDANDAN SONRA

Ukraynanın yeni hökuməti qəti olaraq Avropaya doğru gedir

Müəllif:

25.11.2014

Ukraynada eyni vaxtda 2 Maydan hərəkatının ildönümü qeyd olunur - "Narıncı inqilab"ın 10-cu, ötən il baş vermiş Avromaydanın isə 1-ci. Ölkə başçısı Pyotr Poroşenkonun sərəncamı ilə noyabrın 21-i Ukraynada ləyaqət və azadlıq günü elan edilib. 2013-cü ildə Maydanda etirazların başlanmasına səbəb ozamankı hökumətin Aİ-nin Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammitində Avropa İttifaqı ilə assosiativ üzvlüyə dair saziş imzalamaqdan imtina etməsi idi. Bununla başlayan etirazlar bir müddət sonra prezidentin istefası, ölkədə köklü dəyişikliklərin aparılması tələbi ilə genişmiyaslı mitinqlərə çevrildi. Bir müddət sonra etirazlar küçələrdə milislə toqquşmalara çevrildi, bütün dünya Kiyevin mərkəzində və Ukraynanın digər şəhərlərində gedən şiddətli atışmaları müşahidə etməyə başladı. Toqquşmalar nəticəsində 100-dən artıq insan dünyasını dəyişdi. İndi onları "İlahi yüzlük" adlandırırlar. Ukraynanın hazırkı hökuməti bir il əvvəl start götürmüş hadisələri faciə hesab edir. Bununla yanaşı, Kiyev hesab edir ki, ölkənin əldə etdikləri verilən qurbanlara dəyərdi və indi ukraynalıların sevinməli olduqları məqamlar var.

"Ukrayna ləyaqət və azadlıq meydanıdır. Bizi bir yox, iki inqilab belə etdi - 2004-cü ildə baş vermiş və Azadlıq Bayramına çevrilmiş Maydan və 2013-cü ildə yaşamış Ləayaqət İnqilabı. Bu, Ukrayna üçün son dərəcə ağır imtahan idi. Ukraynalılar avropalılıqlarını, ləyaqətlərini, azadlığa can atdıqlarını nümayiş etdirdilər", - deyə Poroşenko bildirib.

Kiyevdə və ölkənin digər şəhərlərində xatirə tədbirləri, konsertlər, fleşmoblar təşkil olunub. Paytaxtda Avropaya inteqrasiyaya həsr olunmuş "Varşava-Kiyev" avtoyarışı başa çatıb. 2013-2014-cü illərin payız-qış aylarında baş verənlərin bir çoxu hələ qiymətləndirilməli, yaxud yenidən qiymətləndirilməlidir. Lakin Ukraynanın tarixi artıq iki yerə bölünüb - "Maydandan əvvəl və sonra". Çünki Maydan hadisələri ilə ölkə sakinləri Avropa kursu və azadlıq uğrunda mübarizəni təsdiqləməklə yanaşı, həm də bir sıra problemlər "qazanıblar" - ölkə ərazisinin bir hissəsi faktiki olaraq itirilib, Cənub-Şərq Ukraynada silahlı qarşıdurma davam edir, iqtisadi böhran hər addımda hiss olunur. Ukraynanın Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Şimkivin sözlərinə görə, ölkənin 2015-2017-ci illərdə bərpa olunması planı bu il dekabrın 15-dək hazır olacaq. Bütün dəyişikliklərin əsasını Ukrayna ilə Avropa İttifaqı arasında imzalanmış assosiativ üzvlüyə dair saziş təşkil etməlidir. Hələliksə Ukrayna çətin dövrünü yaşayır.

Ukrayna Milli Bankının rəhbəri Valeriya Qontaryova ölkənin qızıl ehtiyatının, demək olar ki, qalmadığını etiraf edib. Onun sözlərinə görə, indi Ukraynanın "çox məhdud sayda qızıl külçələri qalıb. Bu, ümumi qızıl valyuta ehtiyatının cəmi 1%-dir - 123,58 milyon dollar". Maraqlıdır ki, Milli Bankın rəsmi statistikasına görə, bu rəqəm deyiləndən 8 dəfə çox - 988,66 milyon dollar olmalıdır. Bu il fevralın sonunda Ukraynada qızıl ehtiyatının həcmi 1 milyard 809 milyon dollar olub. İndi bu qədər qızılın hara yox olduğu tam aydın deyil. Üstəlik, bu ilin martında dünya bazarlarında qızılın qiymətinin sürətlə aşağı düşdüyü bəllidir. Demək, onu satmaq heç bir halda ölkəyə sərf etməzdi.

Qontareva bu ilin əvvəlindən Ukrayna qriveninin devalvasiyasının 100% təşkil etdiyini söyləyib. Ukrayna Milli Bankı hesab edir ki, bu ilin sonunda inflyasiyanın səviyyəsinin proqnozlaşdırılan 19%-dən 25%-ə yüksələcəyini gözləmək olar. Bu, 2000-ci ildən keçən dövr üçün ən yüksək göstəricidir. Hətta qlobal iqtisadi böhranın yaşandığı 2008-ci ildə belə, Ukraynada inflyasiyanın səviyyəsi cəmi 22,3% olub. Bundan başqa, Milli Bank 2014-cü ildə ölkə iqtisadiyyatının 7,5, 2015-ci ildə isə 4,3% geriləyəcəyini proqnozlaşdırır. 2014-cü ilin ilk yarısında Ukraynanın xarici dövlət borcu 1,65 dəfə artıb. Maliyyə hesabatına görə, 2014-cü ilin 9 ayı ərzində Ukraynadan kapital axını 359 milyon dollar təşkil edib. Aydındır ki, hazırkı şəraitdə heç kim Ukraynaya investisiya yatırmağa tələsmir.

Hazırda Kiyev faktiki olaraq Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun beynəlxalq yardımları hesabına yaşayır. BVF tərəfindən Ukrayna iqtisadiyyatının kreditləşdirilməsinə dair 2 illik proqram, ümumilikdə, 17 milyard dolların ayrılmasını nəzərdə tutur. Bu məbləğin 4,6 milyardı artıq Ukrayna tərəfindən təqdim edilib. Dünya Bankına gəlincə, Kiyev bu qurumdan 2014-cü ildə razılaşdırılmış 3,5 milyard dollarlıq yardımın 2,5 milyardını artıq alıb. Faktiki olaraq, BVF-dən əldə edilmiş vəsaitin böyük hissəsi köhnə kreditlərin bağlanmasına gedir.

Ukraynaya ekspert yardımı ilə də köməklik göstərilir. Dünya Bankının Ukrayna, Belarus və Moldovadakı nümayəndəliyinin rəhbəri Çimao Fan hesab edir ki, indiki mərhələdə, ilk növbədə, Ukraynanın neft-qaz sektorunda islahatlar aparılmalı, ölkənin enerji asılılığı aradan qaldırılmalıdır. Həqiqətən də, bu halda nəinki Ukraynanın dövlət büdcəsinin yükü azalar, həm də o, xarici siyasət baxımından mövqelərini xeyli gücləndirər. Xatırladaq ki, indiki şəraitdə Kiyev Rusiyadan aldığı qaza görə kifayət qədər böyük məbləğlər ödəyir.

Noyabrın 21-də ABŞ-ın vitse-prezidenti Cozef Bayden və ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Ukraynaya səfər ediblər. Ukraynalıları uğurlu demokratik seçkinin keçirilməsi münasibətilə təbrik edən amerikalı qonaqlar Kiyevə yeni hökumətin formalaşdırılmasının gecikdirilməməsini məsləhət görüblər.

Ukraynada koalisiyanın formalaşdırılması prosesinin uzanmayacağı bildirilsə də, məsələ həqiqətən də ləngiyir. Səbəb aparıcı postlara namizədlərlə bağlı müzakirələrin uzanmasıdır. Koalisiyda 5 partiya yer alır: "Pyotr Poroşenkonun bloku", "Xalq cəbhəsi", "Özünəyardım" Birliyi, Oleq Lyaşkonun rəhbərlik etdiyi Radikal Partiya və "Batkivşşina" birliyi. 421 mandatlıq Ukrayna Ali Radasında "Pyotr Poroşenkonun bloku" 132 deputat yeri qazanıb. Yasenyukun "Xalq cəbhəsi" 82, "Özünəyardım" 33, Müxalifət Bloku 29, Radikal Partiya 22, "Batkivşşina" 19, "Azadlıq" 6 deputat yeri əldə edib. "Güclü Ukrayna", "Zastup", "İradə" və "Sağ sektor" partiyaları hərəsi mojaritar dairələrdən 1 deputat yeri qazanıblar. Bundan başqa, yeni Ali Radada 94 mojaritar dairədən seçilmiş müstəqil deputatlar da var.

Hakim koalisiya arasındakı ziddiyyətin məğzi Arseni Yasenyukun effektiv işləmək üçün daxili işlər, maliyyə və ədliyyə nazirləri postlarında "öz adamları"nı görmək istəməsidir. "Xalq cəbhəsi" isə Aleksandr Turçinovun parlamentin sədri vəzifəsində qalmasında israr edir. Poroşenkoya gəlincə, o, Konstitusiyaya əsasən, xarici işlər və müdafiə nazirlərini təyin etmək səlahiyyətinə malikdir. Xatırladaq ki, indi Ukrayna yenidən 2004-cü ilin Konstitusiyası ilə yaşamağa başlayıb. Orada prezidentlə müqayisədə parlament tərəfindən seçilmiş baş nazirə daha çox səlahiyyət verilir. Bundan başqa, namizədlərlə bağlı fikir ayrılıqları ilə yanaşı, islahatlara yanaşmada da ziddiyyətlər var. Məsələn, "Pyotr Poroşenkonun bloku" torpaq sahələrinin satılması ilə bağlı moratoriumun ləğvini istəyir. Danışıqlarda iştirak edən tərəfdaşlar isə əks fikirdədirlər. Dövlət əmlakının özəlləşdirilməsinin başa çatma müddəti ilə bağlı da fikir ayrılıqları var. Aydındır ki, bu şəraitdə ölkədə həm parlament, həm də hökumət baş nazirlə prezident arasındakı ziddiyyətlər fonunda işləməli olacaq. Eyni zamanda, "Azadlıq" və "Sağ sektor"dan olan və parlamentdə gözlənilən sayda yer əldə edə bilməmiş incik millətçilər öz sözlərini deyə bilərlər.

Kiyevdə hakimiyyət uğrunda mübarizənin getməsi ölkənin cənub-şərqindəki vəziyyətin düzəlməsinə, ən azı, bir qədər sabitləşməsinə imkan vermir. Söhbət tanınmamış Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikası (LXR) ətrafındakı vəziyyətdən gedir. 

Yeri gəlmişkən, koalisiya razılaşması layihəsində Kiyevin bu vilayətlər üzərində hakimiyyətinin bərpası nəzərdə tutulub.

ATƏT sentyabrdan tərəflər arasında ayırma xəttinin yekun razılaşdırılması üzərində işləyir. Bu razılaşmadan sonra ağır silahların geri çəkilməsi mərhələsinə keçilməlidir. Lakin istənilən an hərbi əməliyyatların bərpa olunacağını heç kəs istisna etmir. Noyabrın 16-da prezident Poroşenko Kiyevin "total müharibə"yə hazır olduğunu bəyan edib. Ukraynanın daxili işlər naziri Arsen Avakov isə Facebook sosial şəbəkəsindəki səhifəsində Milli Qvardiyaya əlavə silahlar vəd edib - snayper tüfənglərindən tutmuş, "anonsu verilməyən digər silahlaradək". Ukraynaya bu işdə xaricdən yardımın olacağı da gözlənilir. ABŞ prezidentinin məsləhətçisi Toni Blinken əmindir ki, Ukraynaya silah-sursatın verilməsi ölkədə sabitliyin təmininə yardım edəcək. Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-dan Ukraynaya silah yardımının Cenevrə razılaşmasını pozacağını bildirir. 

Yeri gəlmişkən, Arseni Yasenyuk Moskvaya neytral ərazidə Donbasla bağlı "ciddi danışıqlara başlanılmasını" təklif edib. Amma Rusiya təklifi rədd edərək Kiyevə "velosiped icad etməməyi" məsləhət görüb. Ruslar bu mövqelərini ortada Minsk razılaşmasının olması ilə əsaslandırıblar. Yasenyukun təklifinin ABŞ-ın danışıqlar prosesinə qoşulmaq istəyi ilə əlaqəli olduğu da istisna deyil.

Beləliklə, Ukraynada Maydan hadisələrinin başlanmasından düz, 1 il sonra qurulmuş yeni hökuməti ölkənin ərazi bütövlüyünün və iqtisadiyyatının bərpası ilə yanaşı, məhkəmə və hüquq-mühafizə orqanları, milli təhlükəsizlik və müdafiə sistemlərinin yenidən qurulması ilə, antikorrupsiya islahatları ilə məşğul olmaq, Ukraynanın bloklara qoşulmama statusunu ləğv edərək, qəti olaraq Avropaya doğru getmək niyyətindədir.

"Reytinq" sosioloji qrupunun apardığı sorğu ukraynalıların yeni hökumətə necə yanaşmalarını, gələcəkdə ondan nə gözlədiklərini üzə çıxarıb. Məlum olub ki, Prezident Poroşenkodan (ukraynalıların 49%-i ona etibar edir, 42%-i bəyənmir) və baş nazir Yasenyukdan (52%-40%) Ukrayna əhalisinin, təxminən, yarısı razıdır. Ali Radanın spikeri Aleksandr Turçinovun vəziyyəti daha pisdir. O, yalnız 32%-in xoşuna gəlir (55% Turçinovu bəyənmir). Rəyi soruşulanların yarısından bir qədər çoxu (51%) ölkənin NATO-ya üzv olmasını dəstəkləyir, 25% bunun əleyhinədir. Respondentlərin, təxminən, yarısı (48%) Ukraynanın bloklara qoşulmama statusunun qanunvericiliklə ləğvini dəstəkləyir, 28% isə bunu lazımsız hesab edir. Ölkənin Avropa İttifaqına üzv olmasını dəstəkləyənlərin sayı daha çoxdur - 64%. Rəyi soruşulanların, təxminən, 36%-i isə barışığın ləğvini, bütünlükdə Donbasda Kiyevin hakimiyyətinin bərpasınadək antiterror əməliyyatlarının davam etdirilməli olduğunu lazım bilir. 21% respondent regiona geniş iqtisadi və humanitar səlahiyyətlərin verilməli olduğu qənaətindədirsə, 17% həmin ərazilərə Ukraynanın tərkibində müstəqillik, federativ status verilməsini daha doğru sayır. 9% isə ümumiyyətlə, həmin regionların Ukraynadan ayrılmasına tərəfdardır.

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett bu ölkənin milli birliyə nail olmaq üçün verdiyi qurbanlardan danışarkən bildirib ki, "indi ukraynalılar bir sıra suallara cavab verməlidirlər: bütün bunlara dəyərdi, ya yox". Ümid edək ki, Ukrayna vətəndaşlarına "birlik" üçün bir daha güc tətbiqi gərək olmayacaq - nə Maydanda, nə də Donbasda. Avromaydan məqsədinə nail oldu - Kiyevdə yeni iddialı hökumət quruldu, ölkə Qərbin dəstəyi ilə ciddi islahatlara başlamaqda qərarlıdır. Odur ki, Maydandan sonrakı Ukrayna üçün hər şey hələ yeni başlayır.



MƏSLƏHƏT GÖR:

615