
YENİ TENDENSİYALAR
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran üzrə eksperti Yelena DUNAYEVANIN "R+" jurnalına müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
- İran prezidenti Həsən Ruhani Azərbaycana səfəri zamanı İrandan Avropaya Azərbaycandan keçməklə nəqliyyat dəhlizinin çəkilməsi təklifi ilə çıxış edib. O, Bakıya İranın Fars körfəzindəki limanlarından istifadə etməsi təklifini də verib. Bundan başqa, ticarət, maliyyə və digər sahələrdə kifayət qədər perspektivli təkliflər səsləndirilib. Qərbin Tehrana iqtisadi və siyasi sanksiyalar tətbiq etdiyi bir şəraitdə bu təkliflərin reallaşdırılması ehtimalı nə qədər yüksəkdir?
- Birincisi, İran prezidenti Qərb dövlətləri ilə münasibətlərin inkişafına, qonşu ölkələrlə sıx əlaqələrin yaradılmasına tərəfdardır. Həsən Ruhani hakimiyyətə məhz bu siyasi proqramla gəlib. Bu gün Ruhani hökumətinin əsas vəzifəsi sanksiyaların aradan qaldırılmasına nail olmaqdır. Bu istiqamətdə fəal danışıqlar aparılır, müvafiq olaraq sanksiyaların aradan qaldırılması prosesi bu və ya digər formada davam edir. Hələlik bu yolda maneə görünmür.
İkincisi, Ruhani də vaxtilə Ərdoğanın etdiyi kimi, "qonşu dövlətlərlə sıfır problem" şüarını elan edib. Yəni, İran qonşuları ilə münaqişələrin, münasibətlərdəki gərginliyin aradan qaldırılması, iqtisadi əlaqələrin genişləndirilməsi ilə xarici bazarlara geniş çıxış əldə etmək istəyir.
Üçüncüsü, Rusiyanın xarici siyasi strategiyasında vacib məqam regionçuluğa üstünlük verilməsidir. O, regional təşkilatların gücləndirilməsinin tərəfdarı, geniş səlahiyyətlərə malik Xəzəryanı dövlətlərin koordinasiya mərkəzinin yaradılması təşəbbüsünün müəllifidir. Ruhani Xəzəryanı ölkələrin yalnız iqtisadi deyil, həm də siyasi birliyi, Xəzərin demilitarizasiyası, dənizdə təhlükəsizliyin artırılması və digər ideyaları dəstəkləyir.
Ruhani İran prezidenti seçildikdən sonrakı dövrdə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə 4 görüş keçirib. Onun Bakıda verdiyi bəyanat İranın xarici siyasi strategiyasına tamamilə uyğundur. Qeyd etmək lazımdır ki, İran vasitəsilə Azərbaycan neftinin ixracı da daxil olmaqla, istənilən yükün ixracı iqtisadi baxımdan Bakı üçün birmənalı olaraq səmərəlidir. Bakı-Tiflis-Heycan boru xəttinin inşasınadək həyata keçirilmiş araşdırmalar göstərirdi ki, Azərbaycan üçün beynəlxalq dəniz marşrutlarına, müvafiq olaraq beynəlxalq bazarlara ən qısa çıxış məhz İran ərazisindən keçən yoldur. Ruhaninin Azərbaycanla dəmir yollarının birləşdirilməsi ilə nəqliyyat dəhlizinin yaradılması təklifi də böyük perspektivə malikdir. Hazırda İranda Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdırılmaq üzrədir. İran dəmir yolunun Azərbaycan dəmir yolu ilə birləşdirilməsi halında çox sadə, bütün iştirakçılara sərf edən İran-Azərbaycan-Rusiya dəmir yolu dəhlizi yaranır.
- Tehranın qonşu dövlətlərlə əməkdaşlığı genişləndirməsi perspektivdə İranın nüvə proqramı ilə bağlı razılaşmaya necə təsir göstərə bilər?
- Avropa ölkələri rəsmi "ləğv olundu" qərarını gözləyirlər. Hətta danışıqların getdiyi bir vaxtda, Aİ ölkələri İran bazarına maraq göstərirlər. Eyni sözləri Rusiyaya da aid etmək olar. Hələ bir il əvvəl Moskva İranla əlaqələrin genişləndirilməsi imkanlarını öyrənirdi. Elə həmin vaxt İran neftinin hansısa mal və xidmətlər qarşılığında Rusiyaya ixracı layihəsi meydana çıxdı. Tərəflər arasında avqustda imzalanmış memoranduma əsasən, Rusiya İrandan müəyyən həcmdə neft almaq və onu ixrac etmək hüququna malikdir. Bu halda İran neft sanksiyalardan qurtulmuş olur. Əvəzində isə Rusiya İrana müxtəlif mal və əmtəələr təklif edir.
İranın geosiyasi rolunu, Yaxın və Orta Şərqdəki mövqeyini nəzərə alsaq, aydın olur ki, Tehranın iştirakı olmadan İŞİD probleminin həlli, Suriyada müharibəyə son qoyulması, İraqda, Əfqanıstanda sabitliyə nail olunması və digər regional problemlərin çözülməsi mümkün deyil. ABŞ və Aİ də bunu anlayır. Məsələn, Birləşmiş Ştatlar Tehranla geniş ictimaiyyətə açıqlamadan əlaqələr qurur, artıq banklardakı İran aktivlərinin bir hissəsinə qoyulmuş həbs aradan qaldırılıb. Bundan başqa, İranın beynəlxalq bazarda müəyyən həcmdə neft satmasına icazə də verilib. Fransa İranla Livanda vəziyyətin sabitləşdirilməsinə dair danışıqlar aparır. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurası İrana neft sanksiyaları tətbiq etməyib. Onları ABŞ, Kanada və bir sıra Avropa ölkələri tətbiq ediblər. İran isə bu sanksiyalardan müxtəlif yollarla yayına bilir. Dəmir yolu tikintisi sahəsində əməkdaşlıq isə ümumiyyətlə, sanksiyaların aid olduğu sahə deyil.
Hətta sanksiyaların ləğvi prosesi təxirə salınarsa belə, Ruhaninin təkliflərinin reallaşdırılması üçün hansısa dəhlizin tapılması, sanksiyaların təsir dairəsinə düşməyəcək layihələrin hazırlanması mümkündür.
- Yaxın keçmişədək Azərbaycanın, həmçinin bir sıra digər ölkələrin Xəzər məsələsində İranla fikir ayrılıqları var idi. Bakıda isə Ruhani Azərbaycana bu dənizin sərvətlərindən birgə istifadə olunmasını təklif edib. Bu mesajın anlamı nədir?
- İran hər zaman Xəzərin bərabərhüquqlu bölünməsindən danışıb. Bu, suyun səthinin bərabər ölçülərlə 5 yerə bölünməsi deməkdir. İndi İranda hakimiyyətə radikal-millətçi qüvvələr əvəzinə, mötədil-praqmatik siyasətçilər gəlib. Siyasi elitada, eləcə də ictimaiyyət arasında anlayırlar ki, Rusiya, Azərbaycan və Qazaxıstan arasında Xəzərin bölüşdürülməsinə dair əldə edilmiş razılaşmaya yenidən baxmaq, ondan imtina etmək mümkün deyil. İran başa düşür ki, indi ona qalan dənizin bölünməsi məsələsində Azərbaycan və Türkmənistanla ikitərəfli razılıq əldə etməkdir. Həştərxan sammitində iqtisadi və milli yurisdiksiyaya 25 millik zonanın aid olması razılaşdırılıb. İran bu təklifi qəbul edib.
- İran üçün 25 millik zona Tehranın Sovet-İran razılaşması ilə Astara-Həsənqulu xətti üzrə sahib olduğu ərazidən böyükdürmü?
- Bəli, 25 millik zona SSRİ ilə İran arasında 1940-cı illərdə əldə edilmiş razılaşmada olduğundan daha böyükdür. Tehran SSRİ ilə razılaşmaya əsasən, dəniz hövzəsinin, təxminən, 13%-nə sahib idi. Lakin Tehranda hesab edirlər ki, Astara-Həsənqulu müqaviləsində Xəzərin iki ölkə - SSRİ və İran arasında bərabər bölüşdürülməsindən söhbət gedir. Yeri gəlmişkən, heç bir sənəddə İranın dəniz sərhədləri ilə bağlı konkret fikrə rast gəlinmir. Astara-Həsənqulu xətti haqda ilk fikirlərə 1930-cu illərin sonlarına aid sovet sənədlərində rast gəlinir. Bu, Xalq Daxili İşlər Komissarlığının sərhədçilərə bu xəttin Sovet İttifaqının sərhədi kimi qorunması tapşırığı verməsi ilə bağlıdır. Sərhədin sahilyanı yaşayış məntəqələri olan Astara və Həsənqulu xətti ilə, İranla quru sərhədin başladığı yerlə keçməsi Sovet hökumətinin daxili qərarı idi. SSRİ güclü Xəzər donanmasına malik olduğundan, ümumiyyətlə, qüdrətli dövlət olduğundan, İran heç zaman onunla sərhəd məsələsində mübahisə etməyib. Ümumiyyətlə, İrandan sərhədlə bağlı fikrini soruşan da yox idi. Tehran heç zaman Xəzərdə müasir anlamda hərbi-dəniz donanmasına malik olmayıb.
- Ruhani enerji sahəsində geniş əməkdaşlıq təklifi ilə çıxış edib. Məsələn, o, İran-Azərbaycan-Rusiya iqtisadi xəttinin perspektivini vurğulayıb. Amma Tehran, Bakı və Moskva enerji daşıyıcıları bazarında rəqibdirlər...
- Obyektiv olaraq karbohidrogen bazarında vəziyyət elədir ki, hamıya alıcı çatır. Neft ixracatçılarının fəaliyyətlərini koordinasiya etmələrinin yaxşı nümunəsi var - OPEK. Neftin qiyməti ilə bağlı son böhran göstərdi ki, ixracatçılar nə qədər sıx əməkdaşlıq edərlərsə, vahid ixrac siyasəti, ixrac həcmi ilə bağlı razılaşma nə qədər çox olarsa, vahid enerji siyasətinin yürüdülməsi də o qədər asan olar. Perspektiv üçün ağıllı siyasət çox yaxşı işdir. Biz ağıllı rəqabət apara bilərik.
- Bəs Dağlıq Qarabağ münaqişəsinin həllində İran hansısa müsbət rol oynaya bilərmi?
- Qafqazda istənilən münaqişə İrandakı vəziyyətə mənfi təsir göstərir. Çünki orada böyük erməni diasporu, nəhəng azərbaycanlı icması var. Onların sayı on milyonlarladır. Bu baxımdan, şimal sərhədində davam edən münaqişə Tehranda narahatlıq yaratmaya bilməz. İranın həm Azərbaycanla, həm də Ermənistanla iqtisadi əlaqələri var və təbii ki, o, regionda sülhün təmin olunmasında maraqlıdır.
- İrandakı azərbaycanlılardan danışdınız. Azərbaycanda bəzi dairələr hesab edir ki, İran Azərbaycanın çiçəklənən, inkişaf etmiş respublika olmasında o qədər də maraqlı deyil...
- İranın praqmatik, ağıllı siyasi dairələri heç zaman Azərbaycanın müstəqillik, azadlıq haqqına mənfi münasibət göstərməyiblər. İranda sayca bütün digər millətləri üstələyən azərbaycanlılar İran cəmiyyətinə inkorporasiya olunub. İranın ali dini lideri Əli Xamneinin azərbaycanlı olduğunu vurğulamaq kifayətdir. Ali siyasi elita arasında çox sayda azərbaycanlı tapmaq olar. Mən uzun müddət Tehranda yaşamışam. İranın nəhəng şəhərlərində kifayət qədər azərbaycanlı var. Bizim müşahidələrimiz göstərir ki, milli azlıqlar arasında - əslində, azərbaycanlıları azlıq saymaq çətindir - ayrı-ayrı etnik qruplar arasında İran hökumətinə müxalifət olanlar var. Onların arasında separatçılığa, mərkəzdənqaçma əhvalına sahib olanlara rast gəlinir. Lakin ümumilikdə, ölkədə müxalif fikirli təşkilatlar və qruplar əhalinin 10-15%-ni təşkil edir. Əhalinin əsas hissəsi Tehrana yönəlib. Ruhaninin hakimiyyətə gəlişi ilə İranın milli siyasətində yeni tendensiyalar baş qaldırıb. Əgər əvvəlki hakimiyyətlər bütünlükdə əhalini şiəlik və fars dili ətrafında birləşdirməyə çalışırdılarsa, indi İran xalqının mədəni müxtəlifliyini qəbul etməyin vacib olduğunu anlayıblar. Artıq bunu açıq şəkildə dilə gətirirlər. Ruhaninin milli azlıqlarla iş üzrə xüsusi köməkçisi də var.
Ölkədə vətəndaş haqları məcəlləsi yaradılıb. Orada İranın mədəni və dil müxtəlifliyini tanımalı olduğu əks olunub. Ruhani başqa dillərdə dərslərin keçiləcəyi milli məktəblərin açılması məsələsini qaldırıb. Amma anlamaq lazımdır ki, etnik azlıqların dillərində tammiqyaslı təhsil sisteminin qurulması kadrlara, maliyyəyə, zamana və digər amillərə ehtiyac var. Yəni, İran hökuməti tədricən milli eyniliyin boğulmasından əl çəkir və milli müxtəlifliyi qəbul edir.
MƏSLƏHƏT GÖR: