14 Mart 2025

Cümə, 20:53

ƏRDOĞAN MENDERESİN REKORDUNU TƏKRARLADI

Müəllif:

15.06.2011

Türkiyə 45 ildən çox idi ki, belə şey görmürdü. Son 9 ildə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (ƏİP) son Parlament seçkisində 49,91% səs qazanaraq üçüncü dəfə birpartiyalı hökumət formalaşdırmaq imkanı əldə edib.

Hazırkı baş nazirin partiyasına seçicilərin 21 milyondan artığı səs verib. Bu, 2007-ci il seçkisi ilə müqayisədə 3,5% (təxminən, 5 milyon) çoxdur. Amma parlamentdəki 550 yerdən 326-nı qazanmış partiya mütləq çoxluq olan 361 yerə nail ola bilmədiyi üçün yenə də müxalifətin dəstəyi olmadan konstitusiya islahatları apara bilməyəcək. 

Odur ki, baş nazir, ilk növbədə, yeni konstitusiyanın qəbulu məsələsində opponentlərinin fikrini nəzərə almalı olacaq.

Türkiyə hakimiyyəti üçün parlamentdə yerlərin bölüşdürülməsində yeni tətbiq olunmuş proporsional sistem də bir qədər məyusluq yaradıb. O, ƏİP-in ötən parlamentlə müqayisədə 15 mandat itirməsinə səbəb olub. Ərdoğanın partiyasına məxsus yerlərin bir hissəsini onun əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyası (CXP) ələ keçirib. Qalan yerlər isə kürdlərin Sülh və Demokratiya Partiyasının (SDP) dəstəklədiyi müstəqil namizədlərə qismət olub.

Gözlənildiyi kimi, yeni çağırış parlamentdə ƏİP-lə yanaşı daha 2 partiya da təmsil olunub: Kamal Kılıçdaroğlunun liderlik etdiyi CXP səslərin 25,91%-ni qazanıb və bu, 2007-ci il seçkisi ilə müqayisədə 5% çoxdur. 

Dövlət Baxçalının Millətçi Hərəkat Partiyası (MHP) isə 12,99% səs qazanıb (2007-ci il seçkisi ilə müqayisədə 1,3% az).

Nəticədə, Kılıçdaroğlunun tərəfdarları parlamentdə 135, Baxçalının millətçiləri isə 53 mandat əldə edib. 

36 yeri isə SDP-nin dəstəklədiyi müstəqil namizədlər qazanıb.

Qanunverciliyə əsasən, onlar öz fraksiyalarını yarada bilər. 

Nəticədə Türkiyənin 24-cü çağırış parlamenti 4 siyasi qüvvədən ibarət olacaq - 3 partiya və 1 fraksiya.

Ərdoğanın partiyası Adnan Menderesin Demokrat Partiyasının uğurunu təkrarlayıb. Son zamanlaradək o, müasir Türkiyənin tarixində ardıcıl olaraq 3 dəfə hökuməti formalaşdırmağa nail olmuş yeganə siyasi qüvvə idi. 1950-ci ildən başlayaraq, Menderes və silahdaşları 10 il ərzində Türkiyəyə rəhbərlik etmişdilər. 

Sonda onların hakimiyyətini hərbi xunta devirmiş, baş nazir isə asılmışdı.

Ondan sonra Türkiyədə prezidentlər Süleyman Dəmirəl və Turqut Özal da daxil olmaqla, heç bir populyar siyasətçi bu uğuru təkrarlaya bilməmişdi.

Ölkə seçicilərinin yarısının səsini qazanmağa nail olmuş siyasətçi isə Süleyman Dəmirəl olub. Onun Ədalət Partiyası 1965-ci ildə seçicilərin 52%-nin dəstəyini almışdı.

Jurnalistlər və analitiklər yekdil olaraq belə düşünür ki, "Menderes rekordu"nun təkrarlanması, əsasən, Ərdoğanın şəxsiyyəti ilə bağlıdır. Təbii ki, baş nazirin elan etdiyi yeni şəhərlərin salınması layihəsi və son ildə ölkə iqtisadiyyatında ÜDM-nin 9%-lik artımı da seçkilərin nəticələrinə təsirsiz ötüşməyib. 

Analitiklər hələ seçkidən xeyli əvvəl bu qənaətdə idilər ki, 10%-lik baryeri 3 partiya aşacaq. Ekspertləri yalnız bir şey maraqlandırırdı: Ərdoğanın əsas rəqibi olan Kılıçdaroğlu mövqelərini nə qədər möhkəmləndirəcək, təhsil sahəsindəki son qalmaqalların hakimiyyətin imicinə vurduğu zərbənin fonunda CXP psixoloji 30% baryerini aşa biləcəkmi?

Son sorğular CXP-nin bu hədəfə çatacağını göstərirdi. Amma reallıq fərqli oldu. Şəxsən Kılıçdaroğlunun da qoşulduğu fəal seçkiqabağı təbliğat elə də nəticə vermədi. Partiya seçicilərin yalnız  26%-nin səsini qazandı.

Yekun mənzərənin formalaşmasında Ərdoğanla Kılıçdaroğlunun təbliğat çıxışlarındakı fərq də öz rolunu oynayıb. Hakim partiya daha çox seçicilərin "cibi" haqda danışırdısa, CXP vətəndaşların "vicdanı"ndan bəhs edirdi. Partiyaların təbliğat çağırışları da buna nümunədir. Ərdoğan tərəfdarlarının "Qoy Türkiyə inkişaf etsin", "Sabitlik davamlı olmalıdır" kimi şüarlarına Kılıçdaroğlu demokratiyanın möhkəmlənməsi ilə bağlı çıxışlarla, hakimiyyətin opponentlərinə təzyiqləri, müxalifət fəallarının telefon danışıqlarının dinlənilməsi haqda bəyanatlarla cavab verib. Yəni, hakimiyyət xalqın rifah halının yaxşılaşdırılması haqda danışırdısa, müxalifət demokratik islahatların vacibliyindən bəhs edirdi.

Ərdoğan kampaniya ərzində bir fikrə üstünlük verirdi: "Görün, son illər nələrə nail olmuşuq. Allah eləməsin, uğurlu islahatlar yarımçıq qalsın. Başlanılmış işi mütləq davam etdirmək lazımdır".

Kılıçdaroğlunun əleyhinə işləyən daha bir faktor onun deputatlığa namizədləri idi. Söhbət adları "Ergenekon" təşkilatının dövlət çevrilişi planında hallandırılan namizədlərdən gedir. Kılıçdaroğlunun namizədlər siyahısını Dəniz Baykaldan qalma "köhnə qvardiya"dan təmizləyə bilməməsi partiyanın imicinin yenilənməsinə  imkan vermədi.

Bundan başqa, iqtidarın ünvanına səslənən dünyəvilik prinsipindən uzaqlaşmaq ittihamı da seçicilərə təsir göstərmədi. Ərdoğanın əleyhdarları əmin oldular ki, o heç də ölkəni "islam dövləti"nə çevirməyə çalışmır. Nəticədə, onlar ritorikalarını dəyişməli oldular. Məhz bu, Ərdoğanın əleyhdarlarına müxalifətin əsas dayağı sayılan İzmirdə mövqelərini daha da möhkəmləndirməyə imkan verdi.

Türkiyənin siyasi arenası üçün daha bir maraqlı məqam kürdlərin dəstəklədiyi SDP-nin mövqelərinin möhkəmlənməsidir. Bu partiyanın uğuru heç də tərəfdarlarının artması ilə deyil, seçki məcəlləsindəki dəyişikliklərlə bağlıdır. SDP-nin Türkiyə kürdlərinə "demokratik muxtariyyət" verilməsi ilə bağlı təbliğatı isə etnik kürdlər arasında dəstək qazanmadı. Amma böyük fraksiya partiya liderlərinə Türkiyənin cənub-şərqindəki "problemlər"i parlament tribunasından daha geniş səsləndirmək imkanı verəcək.

Budəfəki seçki prosesinin daha bir fərqli cəhəti, gündəmdə  xarici siyasi məqamlara demək olar ki, rast gəlinməməsi idi. 2007-ci il seçkisindən fərqli olaraq, bu dəfə siyasətçilər nə Türkiyənin Avropa İttifaqına üzvlüyünü, nə də Kipr problemini yada salıb. ABŞ və İsraillə münasibətlərdəki nahamarlıq, Şimali İraqdakı vəziyyət, hətta qonşu Suriyadakı iğtişaşlar da kadr arxasında qaldı. Siyasətçilərin bütün çıxışları daxili siyasi vəziyyətə həsr olunmuşdu. Bu isə o deməkdir ki, Türkiyə siyasətçiləri arasında xarici siyasətlə bağlı ciddi fikir ayrılığı yoxdur.

Bütün bunlarla yanaşı, Türkiyə seçicilərinin mövqeyinə Azərbaycan faktoru da az təsir göstərmədi. Ərdoğanın İqdırda "qardaş Azərbaycana tam dəstək" bəyan etməsi bunun bariz nümunəsidir.

Yeri gəlmişkən, Türkiyənin yeni Nazirlər Kabinetinin rəhbəri olacaq Rəcəb Tayyib Ərdoğan bu postda ilk rəsmi səfərini, ənənəvi olaraq, Bakı və Şimali Kiprə etmək niyyətindədir.

İstənilən halda, iyunun 12-dən sonra da Türkiyə Parlamentindəki qüvvələr nisbəti dəyişmədi. Ərdoğan partiyasının qarşısında isə ard-arda üçüncü dəfə qazanılmış qələbəyə baxmayaraq, hələ çətin islahatlar durur.


MƏSLƏHƏT GÖR:

482