14 Mart 2025

Cümə, 20:50

ÇƏTİN SEÇİM

Şahin Diniyev: "Vaxtilə Emin Mahmudovu Azərbaycan yığmasına gətirə bilərdim. indi isə o özü seçim ixtiyarındadır: ya Rusiya, ya da ki Azərbaycan yığması"

Müəllif:

01.06.2011

Sirr deyil ki, Azərbaycan yığması daim səviyyəli futbolçuların axtarışında olub. Xaricdə yaşayan soydaşlarımız,  eləjə də yüksək səviyyəli  legionerlər milliyə cəlb olunaraq müxtəlif yarışlarda iştirak edib. Bu məsələdə  soydaşlarımıza xüsusi yer ayrılır. Son illər Rusiyada yaşayan bir sıra soydaşlarımızı yığmaya cəlb etmək istəyi baş tutmayıb. Əvvəlcə əslən Gəncədən olan Aleksandr Səmədovla bağlı planlarımız reallaşmadı. İndi isə Emin Mahmudovu komandaya dəvət etmək arzumuz həyata keçmədi. 

Həmin oyunçularla eyni vaxtda Rusiya premyer-liqasında işləmiş, Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyev E.Mahmudovun milliyə cəlb olunmasının vacibliyini bir neçə dəfə vurğulamışdı. Diniyev Eminin perspektivli gənc olması ilə yanaşı, vətənpərvər hisslərini də önə çəkmişdi. Amma sonradan yerli mediada Mahmudovun Azərbaycanda oynamaq istəmədiyi barədə məlumat yayıldı.

Soydaşlarımızın milliyə cəlb olunmasına mane olan səbəblər barədə suallarımızı elə Şahin Diniyevə ünvanladıq. O da söhbətə problemləri qabartmaqla başladı.

- Hər şey danışıqdan asılıdır. Hər bir futbolçu yığmada oynamağa can atır. Sadəcə, ona peşəkar tərzdə yanaşmaq lazımdır. Futbolçuya milliyə cəlb olunacağı təqdirdə, perspektivi barədə söyləmək vacibdir. Vaxtilə Aleksandr Səmədovu  da Azərbaycan millisinə  dəvət etmək istədilər, amma alınmadı; hətta Bakıya da gəldi, sonra ortaya müəmmalı problemlər çıxdı. 

- Emin Mahmudov barədə nə deyə bilərsiniz?

- "Terek"də işlədiyim zaman bir neçə dəfə telefonla danışdıq. Emin Mahmudov əslən Saatlıdandır. Atası Saatlıda anadan olub. "Saturn"da oynayanda  görüş-müşdük. Vətəninə bağlı və mentalitetimizə sadiq gəncdir. O vaxt Azərbaycan mətbuatına müsahibəmdə Mahmudova diqqət yetirməyin vacib olduğunu dedim. Hətta onun milliyə cəlb olunmasında köməyimi  də  təklif etdim. Amma məsələnin üstünə düşən olmadı. O zaman Antalyada "Xəzər-Lənkəran" "Saturn"la yoldaşlıq görüşü keçirmişdi. Yadınızdadırsa, "Saturn" 1:0 hesabı  ilə  qələbə qazandı, yeganə qolu da Mahmudov vurmuşdu. 

- İndi Emini Azərbaycana dəvət etmək olarmı?

-  Bilirsiniz, hazırda bu məsələ bir qədər qaranlıq qalır. "Saturn"un əvəzedici heyətində  oynayanda Mahmudova dəvət göndərmədik. Sonra o, klubun əsas heyət futbolçusuna çevrildi. "Saturn" dağıldı, indi Moskva "Spartak"ında çıxış edir. Birdən-birə gəl Azərbaycanda oyna, düz çıxmır axı. "Spartak" adlı-sanlı komandadır. Rusiyada 19 yaşlılardan ibarət yığmaya cəlb olunur. Emin Mahmudovun indi yığmaya cəlb edilməsi  üçün daha cəlbedici şərtlər təklif olunmalıdır. Futbolçu başa düşməlidir ki, onu Azərbaycanda nə gözləyir. Çünki  ölkəmizə gəlsə, "Spartak"da legioner sayılacaq. Rusiyada legionerlərə limit 6-dır. Belə şəraitdə onun hansı qərar qəbul edəcəyini söyləmək çətindir. 

- Bəlkə Azərbaycan yığması soydaşlarımız üçün cəlbedici deyil...

- Hazırda Azərbaycan idmanına böyük qayğı və dəstək var. Dövlət başçısı ölkədə idmana və idmançılara olan dəstəyə görə bilavasitə inkişafda maraqlıdır.  Bütün idman növlərində uğurlarımız var. Sadəcə, futbolda belə deyil. İdmanın bu növündə inkişaf üçün 3-4 il gözləmək lazımdır. Amma futbolçu gözləyə bilməz. Onun vaxtı gedir. Yaş üstünə yaş gəlir, həm də millinin qələbələri azdır. Rusiyada yaşayan futbolçu üçün nəticə daha önəmlidir. 

- Bəlkə soydaşlarımızla yanaşı, uşaq futboluna da diqqət yetirək...

- Ən düzgün qərar məhz uşaq futbolu ilə bağlıdır. Biz planlı şəkildə qərar verməliyik və ya xaricdə yaxşı futbolçular axtarmalıyıq. Uşaq futbolunun inkişafı üçün də çalışmalıyıq. Əgər uşaq futboluna diqqət ayırsaq, yaxın 5-10 ilə 1-2 səviyyəli futbolçu üzə çıxa bilər. Gələcək üçün məhz uşaq futbolundan başlamaq lazımdır.  Əgər legioner istəyiriksə, Braziliya və Argentina üzümüzə açıqdır. Bu ölkələrdə o qədər futbolçu var ki. Təbii, hamısı yığmaya - heç normal kluba düşə bilmir. Ona görə də maraqlı təklif alanda dərhal başqa ölkədə oynamağa hazırdılar. Sadəcə, biz müəyyənləşdirməliyik - bu bizə lazımdır? Ən yaxşısı sistemli iş qurmaqdır. 

- Sistemli iş, yəqin, klublardan başlamalıdır...

- Əlbəttə, premyer-liqada iştirak edən klubların uşaq klubları fəaliyyətini gücləndirməlidir. Əgər uşaq komandaları 17 yaşlılara il ərzində 2 səviyyəli uşağı təqdim etsə, hər şey yaxşı olacaq. 17 yaşlılardan ibarət komandadan 19 yaşlılara 2-3 istedadlı futbolçu gəlsə, bu artıq inkişafdır. Beləliklə, gənclər yığmasına, oradan isə əsas yığmaya cəlb olunmaq mümkündür. Hər il 2 səviyyəli gənc üzə çıxsa, rəqabət artacaq. Fikrimcə, bu yolla xaricdə oynayan soydaşlarımıza tələbat lazım olmaya bilər. 


MƏSLƏHƏT GÖR:

490