5 Dekabr 2025

Cümə, 20:47

MESSİNİN RƏQSİ və "BARSA"nın QƏLƏBƏ ŞOUSU

"Mançester Yunayted" "Barselona"nın zəfər yürüşünü niyə dayandıra bilmədi?!

Müəllif:

01.06.2011

Son illər Avropanın ən stabil futbol klubları olan "Barselona" ilə "Mançester Yunayted" Uembli stadionunda - Çempionlar Liqasının finalında üz-üzə gəldi. Bu iki komandanın sadəcə Avropanın deyil, həm də dünyanın gücü klublarından olması finalın əhəmiyyətini daha da artırırdı. Deməli, Çempionlar Liqasının finalında qalib gələcək komanda, həm də dünyanın ən güclüsü olduğunu sübut edəcəkdi. 

Etiraf etmək lazımdır ki, son illər gözəl oyunu ilə zövqləri oxşayan "Barselona" çoxlu sayda azarkeş toplamaqla yanaşı, həm də özünə düşmən qazanıb. Sadə avropalı azarkeş "Barselona"nı futbol tarixinin ən güclü komandası kimi qəbul etsə də, onun ardıcıl qələbələrini həzm edə bilmir. Futbolun gözəlliyi gözlənilməz məğlubiyyətlər və möhtəşəm qələbələrdir. Yəni heç kim əvvəlcədən kimin qalib gələcəyi ilə bağlı proqnoz verə bilmir. Lakin "Barselona" son illər bu yazılmamış qaydanı pozdu. Artıq kataloniyalılar hansı oyunda iştirak edirsə, azarkeşlər onlardan qələbə gözləyir və belə də olur. Xosep Qvardiolanın komandası sanki yadplanetlilərdən formalaşıb və istənilən klub üzərində asanlıqla qələbə qazanır. Məhz bu amil digər klubların fanatlarını da finalda "Barselona"nın məğlubiyyətini arzulamağa məcbur edirdi. Uemblidəki finalda hamı gözəl başa düşürdü ki, "Barselona"nı yalnız təcrübəli ser Aleks Ferqyusonun rəhbərlik etdiyi "Mançester Yunayted" dayandıra bilərdi. Amma bu da baş vermədi. Kataloniyalılar Uemblidə elə şou göstərdi ki, Ferqyusonun özü "Barsa"dan zəif olduqlarını etiraf etdilər. 

İlk dəqiqələrdə ingilislərin oyuna yaxşı hazırlaşdığı hiss olunurdu. Üstünlüyə malik "Mançester Yunayted" kataloniyalıları topsuz saxlamaqla rəqibə oynamağa imkan vermədi. 10 dəqiqə ərzində "Barsa" mərkəzi keçməkdə çətinlik çəkməklə özünə bənzəmədi. Sanki meydana ağ formada əsl qırmızı şeytanlar çıxıb (ağ forma "Mançester Yunayted"in səfər formasıdır). Amma oyun göstərdi ki, "Barselona" adlı futbol maşınını dayandırmaq mümkün deyil. İngilislər doğma Uemblidə rəqibə təslim oldu. "Mançester Yunayted"in problemi rəqibə layiqli müqavimət göstərə bilməməsi idi. Hamı gördü ki, ingilislərin heyətində yalnız Ueyn Runi ustalıq nümayiş etdirdi. Runi, hətta buraxılan 3-cü qoldan sonra belə əzmkar mübarizə göstərdi. Təəssüf ki, belə xoş sözləri ingilis fanatları haqqında demək olmur. Bütün dünyada ən güclü azarkeş qrupuna aid edilən ingilislər Uemblidə özünü göstərmədi. Yaxın keçmişdə İstambulda baş tutan "Liverpul" - "Milan" finalında mersisaydlıların fanatları 0:3 hesabı ilə  uduzarkən komandalarını irəli atılmağa və hücum etməyə məcbur etdi. Yekunda "Liverpul" inanılmaz xəyalı həqiqətə çevirdi. 0:3 hesabı il? uduzan komanda axırda qələbə qazandı. Uemblidə isə Barsa 3-cü qolu vurandan sonra, ingilislərin sektoru susmağa başladı. Bəlkə biletlərin həddən artıq baha olması əsl fanatları stadiondan kənarda qoymuşdu. Amma "Mançester Yunayted"in azarkeş ordusu 11 futbolçuya lazım olan dəstəyi əsirgədi. Məğlubiyyətə görə ser Aleks Ferqyusonu günahlandırmaq düz-gün deyil. Qocaman Ferqyusonun döyüşkən komandası son illər azarkeşləri çox sevindirib. Uemblidə də onlardan adlarına layiq futbol gözləyirdilər. Amma sonda futbolçular və azarkeşlər məşqçini döyüş meydanında tək qoydu. 

"Barselona" güclü komandadır. Lakin unutmayaq ki, hər bir komanda rəqib imkan verdiyi qədər futbol oynayır. Çempionlar Liqasının finalında isə ingilislər ilk 10 dəqiqədən sonra meydanı "Barsa"ya bağışladı. Yalnız Runi əsl mübarizlik göstərdi. Bəzi epizodlarda isə Rayan Giqz rəqibə başağrısı olmağa çalışdı. Ernandeslə Park Ci Sunun meydanda nə ilə məşğul olması matç ərzində başa düşülmədi. İngilislərdən yalnız Runi hücumda nəyəsə nail ola bilməzdi. Digər futbolçuların qorxudan müdafiədən çıxmaması yekunda məğlubiyyətin səbəblərindən oldu. 

Əlbəttə, "Barselona"ya alqış düşür. Cari mövsümü yüksək səviyyədə keçirən katalonlar ən güclü olduqlarını sübut etdilər. Məhz onların gözəl oyunu sayəsində finalda 90 dəqiqə bir gözqırpımında keçdi. Start təzyiqi dəf  edən Xosep Qvardiolanın komandası hesabı açan tərəf oldu. İnyesta və Xavinin yaratdığı gözəl hücumu Pedro dəqiq zərbə ilə başa çatdırdı. İngilislərin cavabı sol cinahdan gəldi. Ueyn Runi topu Valdesin yanından tora göndərdi. Bəlkə də Runi həmin gecə ikinci qolu da vura bilərdi. Sadəcə, hücumda lazımi dəstəyi almaması onu rəqib meydanında tək mübarizə aparmağa məcbur etdi. Tək əldən isə heç vaxt səs çıxmır. "Barselona"nın ikinci qolu daha gözəl alındı. Xavi ilə İnyestanın başgicəlləndiriçi ötürmələrindən son-ra Messi şedevr yaratdı. Argentinalı ulduz müdafiəçilərin əhatəsindən topu ingilislərin qapısına göndərməklə Liqada 13-cü oyunda 12-ci qolunu vurdu. Messinin möhtəşəm zərbəsi "Mançester Yunayted"in heyətində son oyununu keçirən qapıçı Van der Sarı da məyus etdi. Yayda "Qalatasaray"a transferi gözlənilən qolkiper Messinin zərbəsi qarşısında heç nə edə bilməzdi. Son qol isə David Vilyadan gəldi. Onun zərbəsindən sonra fırlanan top Van der Sardan qaçaraq tora düşdü. Ümumdünya cazibə qüvvəsi olmasaydı belə, holland qapıçı həmin topa tullana bilməzdi. Və bu da son, "Barselona" - 3, "Mançester Yunayted" - 1.

Belə hesablı qələbə Uemblidə "Barselona" tarixini yazdırdı. Ferqyusona sadəcə olaraq sonda rəqibin güclü olduğunu etiraf etmək qaldı. Şotlandiyalı mütəxəssis karyerası ərzində çoxlu sayda güclü klublar görüb. Amma Qvardiolanın komandası sadəcə klub deyil, bu, zərgər dili ilə desək, brilyantdır. 

Bütövlükdə "Barsa"nın qələbəsi, Messinin şedevr zərbəsi və Vilyanın möhtəşəm qolu hələ uzun müddət müzakirə mövzusu olacaq. Azarkeşlər Nou Kamp istehsalı olan "Barselona" adlı futbol maşınını iş başında gördü. Onlar futboldan həzz alırlar, onların oyununa baxmaq, sadəcə, zövq almaq deməkdir. 



MƏSLƏHƏT GÖR:

539