24 Noyabr 2024

Bazar, 14:37

SONUN SONU?

21 may 2011-ci il tarixində Harold Kenpinqin dünyanın sonunun çatması barədə öncəgörməsi çin çıxmadı. indi dünya 21 oktyabr 2011-ci il tarixini gözləyir

Müəllif:

01.06.2011

Dünya 21 may 2011-ci il tarixini gözləyirdi. Çoxları düşünürdü ki, artıq həmin gün yuxudan ayılmayacaq. Həyatda əsas əyləncəsi televizor olan yaşlı adamlar xüsusilə həyəcanlı idilər. 89 yaşlı amerikalı moizəçi Harold Kempinqin öncəgörməsinə qulaq asan yaşlıların çoxu təskinlik üçün həyəcanla daha gənc insanlara zəng edirdilər ki, onları sakitləşdirsinlər; desinlər ki, bütün bunlar cəfəngiyatdır və qoca bir adamın sərsəmləməsidir. Həmin qoca isə iddia edir ki, o, “Bibliya”nı dəqiq araşdırdıqdan sonra, Məsih İsanın həmin gün yerə enəcəyini müəyyənləşdirib. “Bibliya” öncəgörməsinə görə, bunun ardınca Məhşər başlamalıdır; həm də Harold Kempinq bildirmişdi ki, əbədi cənnət rahatlığı Yer sakinlərinin cəmi 2%-nə qismət olacaq, qalanları isə mələklər cənnətdən «elə də uzaq olmayan» yerlərə aparacaqlar. 

Moizəçi bildirib ki, o, dünyanın sonunu müqəddəs yazıların açılması zamanı öz riyazi sxemindən istifadə etməklə müəyyən edib. Onun sözlərinə görə, Məsihi bizim eranın 33-cü ilinin 1 aprel günündə çarmıxa çəkiblər, 2011-ci il mayın 21-də həmin tarixdən düz, 722,5 min gün keçir. Bu iki tarix arasındakı fasilə müqəddəs 5, 10 və 17 rəqəmlərinin ikiqat törəməsidir. Rəqəmlərin sirli düzülüşünə Kempinq dünyada son günlərdə baş vermiş faciəli hadisələri də - Yaponiyada, Yeni Zelandiyada və Haitidə olan dağıdıcı zəlzələləri də aid edir. Onun fikrincə, bu kataklizmlər, sadəcə, zamanın sonunun çatması ismarışlarıdır, bəşəriyyət isə göylərin qəzəbinə əxlaqın çökməsi, önəmli mənəvi və sosial dəyərlərin itirilməsi üzündən tuş gəlib.    

Amma pravoslav keşişlər isə bildirirlər ki, dünyanın sonu  böyük sirdir və onu heç kim öncədən deyə bilməz. Yeri gəlmişkən, İslam dini də bu fikirdədir. İslam da başqa dünya dinləri kimi, dünyanın sonunun çatacağını inkar etmir və bildirir ki, o yalnız Yeri deyil, həm də yetərincə dəyişikliyə uğrayacaq Kainatı da əhatə edəcək. Amma təlimlərdə təsvir edilən bu hadisələrin dəqiq tarixi bildirilmir. Bu məsələyə sonra da qayıdacağıq. 

Apokalipsis baş tutmayandan sonra, Oklenddən olan amerikalı «peyğəmbər» bildirib ki, onu düzgün başa düşməyiblər, dünyanın sonu artıq başlayıb, sadəcə, insanlar üçün o, hissedilməz keçir. Pastor Kempinq iddia edir ki, cəhənnəm həmin dəqiqə peyda olmayacaq, bunun üçün beş ay vaxt lazımdır. Beləliklə, Yer sakinlərinin 21 oktyabr 2011-ci il saat 18:00 (Bakı vaxtilə 19:00) tarixinə qədər ömrü qalıb. Bəziləri Məhşər günü barədə proqnozları 23 mayda  İslandiyada oyanmış Qrimsvotn vulkanı ilə əlaqələndirirlər, yəni ilk əlamətlər başlayıb. 

 

Dünyanın son tarixi 

Qeyd etmək lazımdır ki, dünyanın sonunun bu cür «dəqiq» tarixi barədə proqnozları insanlar daim hesablamaqla məşğuldurlar; məsələn, keçən dəfə dünyanın sonunu 2000-ci ilə, yəni Milleniuma görə hesablayırdılar. 

Əgər tarixə nəzər salsaq, görərik ki, ilk dəfə dünyanın sonuna ciddi şəkildə qədim romalılar hazırlaşıblar. Əfsanəyə görə, Romanın əsasını qoyan  Romul 12 qartal görüb və onun hər biri  Roma dövrünün 10 ilini göstərib, daha sonra isə son olmalı imiş. Nəticədə, qartallar Roma üçün 120 il müəyyən ediblər. Romanın əsası bizim eraya qədərki 753-cü ildə qoyulub. Üstünə 120 il gəldikdə bizim eraya qədərki 634-cü il olur, amma biz tarixdən bilirik ki, qorxulu heç nə baş verməyib. 

Daha sonra dünyanın sonunun xronologiyası aşağıdakı şəkildə olub. 

33-cü il. Bir sıra xristianlar hesab ediblər ki, dünyanın sonu Məsihin ölümündən dərhal sonra baş verəcək. Amma onda bu baş vermədikdə, dünyanın sonunu daha yaxşı  günlərə saxlayıblar. 

666-cı il.  Adı apokalipsisdə çəkilən heyvan şeytanın ilidir, amma dünya hələ də sağ-salamatdır. 

1000-ci il.  Salnaməçilər həmin ildə qeyd ediblər ki, bütün Avropa çaxnaşma və dəhşət içində olub. İnsanlar işlərini buraxaraq, günlərlə kilsələrdə günahlarını yuyublar, əmlaklarını paylayıblar və monastırlara qapanıblar. Şimşəyin hər bir zərbəsi insanlar arasında çaxnaşma yaradırmış. Onda Akvitaniyada yağmış qırmızı yağış və İngiltərəyə düşmüş meteorit əhalini tam dəhşətə salmışdı. 

1033-cü il. Dünyanın növbəti sonu. Bu dəfə onu Məsihin ölümünün min illiyi ilə bağlayırdılar. 

1248-ci il. Ümumi məhvolma tarixi dinlərarası qarşıdurma ilə daha da dərinləşdi. Qərb xristianlarının başçısı, Roma papası III İnnokenti dəfələrlə insanlar arasında bildirmişdi ki, dünyanın sonu 1284-cü ildə - İslamın peyda olmasından 666 sonra baş verəcək. Xristianlar bu rəqəm düzülüşünə həvəslə inanırlar. Xoşbəxtlikdən, papa özü həmin günü görmədi, 1216-cı ildə ölməsi onu sarsıntıdan xilas etdi və yalanının altından çıxması üçün cəhdlərə ehtiyac qalmadı. 

1603-cü il. Dominikan rahibi, yazıçı və astroloq Tomazo Kampanella bildirmişdi ki, həmin il Yer Günəşlə toqquşacaq. Bu, baş vermədi, amma  növbəti yalan 1638-ci ildə vəfat etmiş Kampanellanın  statusuna təsir göstərmədi və o, həyatının sonuna kimi gələcəyin bacarıqlı öncəgörüsü sayıldı. 

1666-ci il. Yenə də dünyanın sonunda peyda olacaq heyvanın adı çəkildi, əvvəlində 1 olmasının fərqinə varılmadı. Bu barədə əsas qorxu İngiltərədə başladı. Hansısa yalançı «peyğəmbər» hamını büün Yer kürəsini təmizləyəcək böyük yanğınla qorxutmağa başladı.  Çaxnaşmaların qarşısını almaq yalnız uğursuz öncəgörəni həbs etməklə mümkün oldu. 

18 may 1910-cu il. Avropa yenə çaxnaşmaya düşüb, Qalleya kometi Yerə düşməlidir. Məlumatlar dəqiqləşdirildikdən sonra bəlli oldu ki, xoşbəxtlikdən o yan keçəcək. Amma bildirdilər ki, Yerə onun zəhərli sianid qazından ibarət quyruğu toxunacaq. İşbaz insanlar dərhal bazara zəhər əlyehinə zərdab çıxarmağı bacardılar, amma dünyanın sonu alınmadı. 

4-5 fevral 1962-ci il. Bu tarix gözlə görünən beş planetin Günəş və Ayla birgə «paradı» baxımından qorxu doğururdu. Yeddi iri kosmik obyektin bir xətt üzrə düzülüşü doğrudan da nadir hadisə idi. Bu da hind  münəccimlərini dünyanın sonunun çatdığını iddia etməsinə təkan vermişdi, amma bu da yan keçdi. 

1988-ci il. Aerokosmik texnikası üzrə mühəndis  Edqar Uizenant kitab çap etdirmişdi ki, dünyanın sonu məhz bu il başlayır. Kitab 4 milyon tirajla satılmışdı və müəllif böyük qonorar almışdı. Onda Uizenant «yenidən işlənmiş» nəşri çap etdirdi və dünyanın sonu tarixini 1989-cu ilə keçirdi. Amma kütlə «peyğəmbər»ə şübhə ilə yanaşdı və bu kitab uğur qazana bilmədi. 

Sentyabr, 1994-cü il. Amerika mühəndisi Harold Kempinq dünyanı öz arfimetik «hesabları» ilə xəbərdar etdi ki - Məsihin təkrar gəlişi 1994-cü ilin sentyabrında baş verəcək. Ancaq insanlar Uizenantı unutmadıqlarından daha diqqətli idilər və aldanmadılar, amma onun kitabını alan bir neçə min adam tapıldı. 

2000-ci il.  Üçsıfırlı il sonu - dünyanın sonunu gördüklərini iddia edən bir çox falçıların sevdiyi rəqəm idi. Amma hər şey yumşaq keçdi - bəzi banklarda kompyuterlər hər şeyi sıfırdan başladılar. 

2006-cı ilin 5-ci ayının 4-cü günü, gündüz saat 01:02:03, yəni 01:02:03, 04.05.06. Göründüyü kimi,  bütün rəqəmlər müəyyən qayda ilə düzülüb ki, bu da kabbalaçıları və numeroloqları qorxutmuşdu. Bu cür oxşar uyğunluq bir də 61 il sonra (01.02.03, 04.05.2067) qeydə alınacaq. Amma necə deyərlər, hətta 06.06.06 kimi məşhur tarixi belə bəşəriyyət rahatlıqla adladı.

11 avqust 2002-ci il, səhər saat 4. Tanınmış rumın öncəgörəni, ieromonax Arseni hamıya bildirirdi ki, «çağdaş dünya quruluşunun sonu»  dağıdıcı zəlzələ nəticəsində baş verəcək. Rahibin sözlərinə görə, onda cənub qütb şimal qütblə birləşəcək və Yer alovlu xaosa bələnəcək. 

29 aprel 2007-ci il. Amerika moizəçisi Pat Robertson hələ 1990-ci ildə həmin günü Yerin partlaması üçün «təyin etmişdi». Hesabı yanlış çıxdı. 

Bəs yaxın gələcək üçün dünyanın sonu nə vaxta təyin edilib? Qədim Mayya təqviminə görə, o, 23 dekabr 2012-ci il tarixinə gözlənilir. Konkret olaraq, nə baş verəcəyi bəlli deyil. Tarixçilər qeyd edirlər ki, mayyalıların sivilizasiyası tənəzzülə uğramadan əvvəl, onlar məhz bu tarixi hesablamağa macal tapmışdılar. Dünyanın sonu barədə deyilənlər isə sonradan sensasiya axtarışında olan jurnalistlərin zəhmətinin nəticəsidir. 

13 noyar 2026-cı il. 1960-cı ildə nüfuzlu «Science» jurnalında çap olunan məqalə sonradan çox sayda nəşrlər tərəfindən təkrar çap edildi. Tanınmış riyaziyyatçı, kibernetikanın banisi Hayns fon Ferster hesablamışdı ki, Yer əhalisi həmin gün elə saya çatacaq ki, özünü qida ilə təmin edə bilməyəcək. Yeri gəlmişkən,  13 noyabr 2026-cı il cümə gününə düşür. 

2033-cü il. Məsihin çarmıxa çəkilməsinin iki min illiyi. Dünyanın sonu olmaq üçün bu tarixin nəyi çatmır ki? 

 

«Dünyanın sonu» necə baş verə bilər? 

Əgər yuxarıda deyilənləri, yəni heç nəyə əsaslanmayan nəzəriyyələri kənara qoyduqda və  yalnız alimlərə müraciət etdikdə, görərik ki, həqiqətən də dünyamız dağıla bilər. Bunun bir çox mümkün səbəbləri var. 

Ekoloji fəlakət. Çox şey demək olar. Yer, su və hava kimyəvi maddələr və radiasiya ilə o qədər çirklənə bilər ki, insan ya mutasiyaya uğrayaraq tanınmaz hala düşər, ya da həyat üçün yararsız şərait nəticəsində xəstəlikdən qırıla bilər. 

Nüvə müharibəsi. Ekoloji fəalkət kimi bir şeydir, amma daha sürətlidir. 

Kosmik qəza. Alimlər düşünür ki, komet və ya asteroidlə toqquşma baş verərsə, yalnız qurunun bəzi hissələri salamat qala bilər. Amma bir anda bütün planetin məhv olması da mümkündür. 

Günəş partlaması. Yarım mil-yard il sonra Günəşin fəallaşması və ölçüsünün böyüməsi üzündən Yerdəki bütün canlı həyat yox olacaq. İnsanlar yaşamaq üçün dənizlərə və okeanlara köçəcəklər. Amma bu da onlara yardım etməyəcək -  daha 3 milyard il sonra planet kosmik kül topasına dönəcək. Bu baxımdan daha pessimist proqnozlar da var. 

Hollandiya astrofiziki, Avropa Kosmik Agentliyinin eksperti, doktor Pirs Van der Meyer aşkar edib ki, Günəşin nüvəsində temperatur, adətən, 27 milyon Farenqeyt dərəcəsi olduğu halda, son zamanlar təhlükəli 49 milyon dərəcəyə qalxıb. Onun fikrincə, Günəşin son 11 ildə istiləşməsi ulduzların təkrar doğulmadan öncəki məruz qaldığı dəyişikliklərə bənzəyir. Alim bildirir ki, hazırda bizim müşahidə etdiyimiz qlobal istiləşmə istixana effekti və ya insan fəaliyyəti ilə bağlı deyil və Günəşin qızmasından qaynaqlanır. 

Alim qeyd edir ki, Günəşdə baş verən qeyri-adi proseslər kosmosdan fasiləsiz olaraq Günəşi müşahidə edən NASA rəsədxanası tərəfindən əldə edilmiş nəhəng protuberans şəkilləri tərəfindən də sübut edilir. Aparılmış hesablamalar göstərir ki, əgər  Günəşin dərinliklərindəki  temperatur bu templərlə qalxarsa, onda proses geri dönüşsüz hala gələr və belə olan halda Günəş altı il sonra partlayar. 

Buz dövrü. Günəşin partlaması və ya onun qravitasiyasının azalması nəticəsində Yer ondan o qədər uzaqlaşa bilər ki, hər şey dona bilər. Alimlərin fikrincə, 2,25 milyon il sonra buna oxşar nəsə gözlənilir. 

İslama gəldikdə isə, burada insan sivlizasiyasının son anlarının hadisələriinn necə inkişaf edəcəyinin dəqiq təsviri ilə yanaşı, hər bir müsəlmanın dünyanın sonunun çatmasını anlaması üçün 12 əsas əlamət də müəyyən edilib. 

Məhşər gününün yaxınlaşmasının birinci əlaməti kimi Məsih İsanın yenidən gəlişi götürülür. Burada İslamın xristianlıqla həmfikirliliyi müşahidə edilir. Xristianlıqda da dünyanın sonu Məsih İsanın gəlişi ilə başlayır. Maraqlıdır ki, İsa öz mövcudluğunu bəyan edən zaman, İslam dünyasında heç bir peyğəmbər qalmayacaq. Daha sonra iki böyük İslam ölkəsi arasında qanlı müharibə başlayacaq. Sonra, hədisdə yazıldığına görə, qul qadın özünə xanım doğacaq. Məhz bu üçüncü əlamət İslam dünyasında müxtəlif mübahisələrə səbəb olur, çünki mənası dəqiq bəlli deyil. Yəqin, bununla işarə vurulur ki, uşaqlar valideynlərinə qulaq asmayacaqlar və valideynlər yavaş-yavaş övladlarının bütün əmrlərini yerinə yetirməyə hazır olan qullara çevriləcəklər.

Dünyanın sonunun dördüncü əlaməti, insanların Quran oxumağı dayandırmaqla yanaşı, həm də spirtli içkilərdən həddən çox istifadə etməsi və əxlaqsızlıqla məşğul olmaqla daha çox günaha batması sayılır. Dünyanı cahillik bürüyəcək və beşinci əlamət kimi, azsavadlı və əclaf insanların hakimiyyətə gəlməsi baş verəcək. 

Altıncı əlamət kimi, əhalinin qadın hissəsinin kəskin artması və yeddinci əlamət kimi, yalançı peyğəmbərlərin çoxalması göstərilir. Burada da xristianlıqla əlaqə özünü göstərir; xristianlığa görə  minlərlə yalançı peyğəmbər sadə insanları yanlışlığa sürüyəcək. 

İslam fəlsəfəsinə görə, dünyanın sonunun səkkizinci əlaməti dünyanı güclü zəlzələlərin bürüməsidir ki, bu da zamanın sürətlə keçməsinə səbəb olacaq. Başqa sözlə, insanlar bir gecəyə və ya bir gündüzə başqa vaxt aylarla, hətta illərlə görülən işləri gerçəkləşdirəcəklər. 

Onuncu əlamət qətllərin sayının artması, on birinci əlamət isə demək olar ki, bütün insanların varlanması, cəmiyyətdə varlı və yoxsulların olmamasıdır. Dünyanın  çatmasının son və on ikinci əlaməti odur ki, yeni ideologiyalı böyük islam dövləti qurulacaq ki, bu da islamdan imtina etmiş bütün müsəlmanları cəhənnəmə aparacaq. 

Qurana görə, Məhşər günü mələk İsrafilin güclü səsi ilə başlayacaq, bu səsdən Yer üzündəki bütün canlılar öləcək, güclü fırtına isə insanların evini toza çevirəcək və ondan heç bir əsər-əlamət belə qalmayacaq. Fəlakət elə güclü olacaq ki, o tək bizim planeti deyil, bütün Kainatı dağıdacaq.

İsrafilin ikinci səsindən sonra bütün ölülər diriləcək və Məhşər başlayacaq - hər bir kəs Allah qarşısında öz günahına görə cavab verəcək. Bu gün insanlara yalnız öz günahlarını dərk etmək deyil, onlardan qurtulmağa cəhd imkanı da veriləcək, yaxınların borcunu qaytarmaq, yaxud günahlara görə bağışlanmağı xahiş etmək cəhdlərinə imkan veriləcək. İnsanların tam təmizlənmiş hissəsi Cənnətə girərək Allahı görə biləcək. Onlara əbədi həyat bəxş ediləcək. Beləliklə, İslamda dünyanın sonu həyatın sonu kimi qəbul edilmir, onun başqa keyfiyyətə keçməsi kimi göstərilir. 

Dünyanın sonunun gəlib-gəlməyəcəyindən asılı olmayaraq, Allah insanlara bundan qorxmamağı buyurur. Quranda deyilir: «Allah dünyanın sonunun çatması vaxtını sirr saxlayır. Dünyanın müəyyən vaxtda sonunun çatacağını bildirən insanlar yalan danışırlar. Bu vaxtın sirr saxlanmasında məqsəd insanların daim ona hazır olmasında, gəlişinin qəfil baş verməsindədir».  


MƏSLƏHƏT GÖR:

367