25 Noyabr 2024

Bazar ertəsi, 20:26

BAKIYA BİLET NEÇƏYƏDİR?

"Avroviziya-2012" mahnı müsabiqəsi artıq Azərbaycana real dividendlər gətirir

Müəllif:

01.06.2011

Azərbaycan  Avropanın   43 ölkəsini qabaqlayaraq, "Avroviziya - 2011" beynəlxalq mahnı müsabiqəsində qələbə çalıb. Bu hadisəni gerçəkdən də əvəzsiz saymaq olar. Birincisi, Azərbaycan "Avroviziya kuboku", yəni "Şüşə mikrofon" mükafatı uğrunda mübarizəyə cəmi dörd ildir  qatılır. İkincisi, isə Cənubi Qafqazdan bu cür prestijli müsabiqədə qələbə çalmış ilk ölkədir. 

Beləliklə, gələn il müsabiqə qonaqpərvər Azərbaycan torpağında keçiriləcək və bir çox ekspertlərin bildirdiyi kimi, bu, musiqi dünyası tarixində ən parlaq hadisələrdən biri olacaq. Ancaq dünya mətbuatından bir sıra skeptiklər iddia edirlər ki, Azərbaycan hələ ki bu cür irimiqyaslı hadisələrin keçirilməsinə hazır deyil və ölkə "Avroviziya-2012"nin keçirilməsindən heç bir nəzərəçarpacaq gəlir əldə edə bilməyəcək. Görəsən, belədirmi? 

 

Rifah resursları

Ondan başlayaq ki, Azərbaycan iri neft ölkəsidir və enerji resurslarının hasilatı, emalı, daşınması və təchizatın diversifikasiyası baxımından bölgədə xüsusi rola malikdir. Neftlə yanaşı ölkənin iri qaz ehtiyatları var. ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, ölkənin təsdiq edilmiş neft ehtiyatları 1,5 mlrd ton təşkil edir və bu, perspektiv strukturların hesabına daha 1,5 mlrd ton da arta bilər. Bu zaman təsdiqolunmuş qaz ehtiyatları 2 trln kubmetr təşkil edir ki, perspektiv yataqlar nəzərə alınmaqla bu göstərici 5 trln kubmetrə qədər qalxa bilər. 

Bundan başqa, bu gün həm də başqa perspektivli neft-qaz strukturlarının işlənməsindən də söhbət gedir. Azərbaycan dünya miqyaslı energetika layihələrinə qatılır və bununla yanaşı, ölkə həm də tranzit dövlət kimi çıxış edir. Başqa sözlə, neft və qazın daşınmasından və tranzitindən gələn gəlir yalnız artan istiqamətə gedir. Bu, ölkəyə neft dövləti statusundan başqa nə verir? Çox şey. Enerji resursları ilə zəngin olan Azərbaycan maksimum səviyyədə iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafına istiqamətlənib və neftdən gələn gəlirləri ölkədə bir sıra irimiqyaslı sosialyönümlü layihələrin gerçəkləşdirilməsinə yönəldir. Bunların sırasında yolların, körpülərin, başqa yol qovşaqlarının, su kəmərlərinin, çox sayda idman və mədəniyyət obyektlərinin, başqa infrastrukturun tikintisini göstərmək olar. 

Bu ilin may ayında beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli defolt emitenti reytinqləri üzrə proqnozları "sabit"dən "müsbət"ə  dəyişib və bu reytinqləri "BBB-" səviyyəsində təsdiqləyib. Agentlik Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF)  aktivlərinin artımını qeyd edir və ölkənin neft gəlirlərini idarəetməsini ağıllı sayır. Bu,  məişət səviyyəsində də hiss edilir: dünya üzrə neft qiymətlərinin artması fonunda ölkə hökuməti 2011-ci ilin dövlət büdcəsi parametrlərinə yenidən baxıb. Büdcənin əlavə gəlirləri bir sıra sosial və iqtisadi problemlərin həllinə, o cümlədən, əmək haqlarının, pensiyaların, müavinətlərin və sosial yönümlü infrastruktur layihələrinin sərmayələşdirmə həcmlərinin artırılmasına yönəldiləcək. 

Bu tipli siyasət dövlət üçün yenilik deyil: "neft pulları" artıq neçə illərdir ki, infrastrukturun yaxşılaşdırılmasına yönəldilir. Bunun ən yaxşı misalı kimi, cəmi bir neçə il ərzində dəyişmiş, meqapolisi xatırladan Bakını göstərmək olar. Artıq şəhərdə tarixi binaların üzərindən çox sayda "şüşə gödələnlər" ucalır, köhnə daşlı yollar çağdaş asfalt avtomobil yolları və hətta beton avtobanlarla əvəzlənir. Ölkənin enerji  resurslarından əldə etdiyi bütün dividendlər sırasında min kilometrlərlə avtomobil yollarını, piyada keçidlərini, metro stansiyalarını, yeni otelləri, avtovağzallırı, mədəniyyət, təhsil və səhiyyə obyektlərini də sadalamaq olar. 

Fakt  göz qabağındadır - Azərbaycanda "Avroviziya - 2012" müsabiqəsinin keçirilməsi üçün demək olar ki, bütün imkanlar mövcuddur və dövlət xəzinəsi bu cür layihələrin maliyyələşdirilməsi üçün yetərincə vəsaitə malikdir. Yeri gəlmişkən, Düsseldorfda bu il keçirilmiş müsabiqə təşkilatçılara 40 mln avroya başa gəlib. Şəksiz ki, böyük məbləğdir, keçən il Rusiya da "Avroviziya" müsabiqəsi keçirmək üçün elə həmin qədər pul xərcləmişdi. Amma yüksək xərclərin olduğunu iddia edənlər praktik olaraq Almaniyanın bu müsabiqədən götürdüyü gəlirlər barədə düşünmürlər. Axı turistlərin xərclədiyi vəsaitlər və müsabiqənin eksklüziv yayımı hesabına Düsseldorf 140 mln avro həcmində gəlir də əldə edib. Bu gəlir həm də təkcə pulla ölçülmür. 

 

Turizm genişlənir 

Ondan başlayaq ki, bu mahnı müsabiqəsində qələbə artıq Azərbaycana müəyyən gəlirlər gətirir. Səsvermənin nəticələri açıqlanarkən bir çox avropalılar ölkə haqqında internet vasitəsilə məlumat əldə etməyə qaçdılar, yəni nəticə elə də gecikmədi. 

Misal üçün, turizm saytı "TripAdvisor"un oxucuları Azərbaycana yüksək maraq nümayiş etdirməyə başladılar. Müsabiqənin finalından dərhal sonra bizim ölkənin "TripAdvisor"dakı reytinqi 4% yüksəlib. "Anlaşılmır ki, bu fenomenal sıçrayış nə ilə bağlıdır? Ya saytın oxucuları gələn il qalmaq üçün otel axtarırlar, ya da Azərbaycanın konkret olaraq harada yerləşməsini bilmək istəyirlər. Amma bir məsələ gerçəkdir - "Avroviziya" doğrudan da Azərbaycana dünya xəritəsində görünməyə imkan ya-ratdı", - deyə "Breakingtravel-news.com" saytı yazır.

"Azərbaycan "Avroviziya - 2011" müsabiqəsindəki qələbəsini bayram edərkən,  "WhichBudget.com" saytında bu ölkəyə rekord sayda bilet satışı sorğusu qeydə alınmışdı", - deyə "TravelDailyNews" saytı bildirir. 

Bazar günü, mayın 15-də Bakıya aviabilet üçün sorğuların sayı daha öncəki bazar gününə qeydə alınmış saya baxanda 54% artıb.  "WhichBudget.com"  axtarış saytının yaradıcısı və başçısı Martino Mateviç  hesab edir ki, "Müsabiqədə qələbə Azərbaycanın turizm sənayesini canlandıracaq və Avropadan turizm axınının artmasına gətirəcək".

Başqa ekspertlər də bü cür fikirləşirlər. "Azərbaycanın "Avroviziya" müsabiqəsində qələbəsi ölkənin turizm bölməsinin inkişafına maksimum müsbət təsir göstərəcək", - deyə "Region plus"a BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov bildirib. Onun sözlərinə görə, tamamilə inandırıcıdır ki, Bakıda "Avroviziya - 2012" müsabiqəsinin keçirilməsinə qədər Avropa sakinlərinin Azərbaycana marağı daha da artacaq. 

Azərbaycanla maraqlanan avropalılar internet vasitəsilə bizim ölkəni - onun təbiətini, tarixi abidələrini, milli mətbəxini, ənənələrini, adətlərini, iqtisadi imkanlarını, turizm potensialını tanımağa çalışacaqlar. Bir çoxları bizim zənginlikləri əyani görmək üçün ölkəyə baş çəkmək istəyəcəklər.  

Bununla yanaşı, Faiq Qürbətovun fikrincə, ölkə haqqında daha dolğun məlumatın yayılması üçün internet-resurslar təkmilləşməlidir. Ekspert sanır ki, 2012-ci ilin may ayında Azərbaycana Avropa ölkələrindən turist axını on minlərlə ölçülə bilər, ən azı, 10 min olacaq. Yeri gəlmişkən, son müsabiqədə Almaniyaya 70 minə yaxın turist gəlmişdi. 

Mövcud turizm potensialından danışan F.Qürbətov qeyd edib ki, hazırda Azərbaycanda yeni mehmanxana və otellər tikilir ki, onların içində  "5 ulduz"lular da var. Özü də "5 ulduz"lu otellər məhz 2012-ci ildə istifadəyə veriləcək. Onun fikrincə, turistlərin böyük hissəsi məhz yeni obyektlərə üstünlük verəcək.

Bütünlükdə, F. Qürbətov bildirir ki, bu sayda qonaq qəbul etmək üçün otellərdəki yer sayı yetərlidir. Bu zaman o, xüsusi qeyd edib ki, müsabiqə ərəfəsində ölkə mehmanxana və restoran biznesində servisin keyfiyyətini artırmalıdır; o cümlədən, bütün otel və turizm obyektlərinin internetə keyfiyyətli çıxışı təmin edilməlidir. Həmçinin, F. Qürbətov hesab edir ki, turizm marşrutlarının sayının artırılmasına, bələdçilərin hazırlanmasına, taksi sürücüləri üçün xüsusi kursaların, o cümlədən, dil kurslarının təşkilinə diqqət yetirmək lazımdır. 

Öz növbəsində Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin başçısı Aydın İsmiyev qeyd edir ki, gələnilki mahnı müsabiqəsi ilə bağlı olaraq Azərbaycanda turizm sahəsinə daha böyük diqqət veriləcək. "Ölkənin turizm sahəsində Avropa ölkələri daha prioritetli olacaq və "Avroviziya - 2012" müsabiqəsini görmək istəyənlərin böyük axını hesabına bu bölmənin önəmli artımına imkan verəcək. İl ərzində biz hazırlıq işləri görəcəyik və "Avroviziya - 2012"yə gəlmək istəyən turistlərə keyfiyyətli  xidmət göstərilməsi üçün bütün vacib tədbirləri gerçəkləşdirəcəyik", - deyə A.İsmiyev vurğulayıb.

Mədəniyyət Nazirliyinin  daxili turizmin inkişafı bölməsinin müdiri Mahir Qəhrəmanov hesab edir ki, ölkəyə baş çəkmək istəyənləri qəbul etmək üçün ölkənin turizm infrastrukturu yaxşı hazırlaşmalıdır. Qeyd edək ki, hazırda ölkə  otellərində 31 mindən çox yataq yeri var. 2012-2013-cü illərə kimi bu göstəricini 50 minə çatdırmaq planlaşdırılır. Amma müsabiqə keçirilən zaman otellərdəki yataq yerinin sayı 40 mindən az olacaq. 

"Buna görə də müsabiqənin keçirilməsi zamanı xarici qonaqların yerləşdirilməsi üçün başqa variantların, o cümlədən, kirayə variantlarının da istifadə edilməsi mümkündür", - deyə M.Qəhrəmanov bildirir. 

"Avroviziya" müsabiqəsi zamanı Azərbaycana baş çəkmək istəyən turistlərin yerləşməsindən danışarkən bir çox paytaxt otellərində nömrələrin qiymətinin çox baha olmasını da unutmaq olmaz. Mədəniyyət və Turizm Nazirliyində də bu amilə diqqət yetirirlər. 

"Azərbaycanda mehmanxana biznesi dinamik şəkildə inkişaf edir, Azərbaycanın turizm bazarına getdikcə daha iri oyunçular çıxır. Mehmanxana şəbəkələri yaradılır və fəal inkişaf etdirilir. Yeni mehmanxana obyektlərinin tikintsinə çox sayda sifarişlər edilib. Praktika göstərir ki, investorlar, əsasən, "5 ulduz"lu mehmanxanaların tikintisinə üs-tünlük verirlər. Bu, ilk növbədə, onların öz xərcini ən qısa zamanda çıxarması və yüksək gəlirlilik göstəricisinə malik olması ilə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, gələn il Bakıda keçiriləcək "Avroviziya" müsabiqəsinə əsasən gənclər gələcək, buna görə də kiçik otellərin və hostellərin şəbəkəsini inkişaf etdirmək lazımdır. Bizim nazirlik bu istiqamətdə artıq praktiki fəaliyyətə başlayıb və biz düşünürük ki, investorlar bu cür obyektlərin tikintisinə fəal qoşulacaqlar",- deyə nazirlikdən vurğulayıblar. 

Amma hostellərlə yanaşı, restoran şəbəkəsini də genişləndirmək vacibdir. Bu məsələ də nazirliyin nəzarəti altındadır. 

Eyni zamanda ekspertlər kiçik otel, kafe və restoranların açılması ilə yanaşı, bu cür obyektlərdə keyfiyyət və qiymətin mütləq tənzimlənməsinin, həmçinin, nəqliyyat infrastrukturunun optimallaşdırılmasının vacibliyini vurğulayıblar. Sonuncu  məsələ  Nəqliyyat Nazirliyinin ciddi nəzarəti altındadır. Nəqliyyat Nazirliyi katibliyinin başçısı Namiq Həsənov bildirir ki, həmin vaxta kimi Bakının yol-nəqliyyat infrastrukturu bütünlüklə "Avroviziya -  2012" müsabiqəsinin keçirilməsinə hazır vəziyyətə gətiriləcək. Onun sözlərinə görə, hazırda paytaxtın müxtəlif hissələrində - Azadlıq, Neftçilər, Parlament, Heydər Əliyev, Bülbül, Ziya Bünyadov prospektlərində,  Zərifə Əliyeva küçəsində, "Azneft"  meydanında müxtəlif yol qovşaqlarının tikintisi aparılır. 

"Həmin vaxta kimi bir sıra avtomobil yolları istismara veriləcək. Həmçinin, intensiv şəkildə Mərdəkan - Bilgəh - Sumqayıt avtomobil yolunun tikintisi aparılır, özü də işlərin böyük bölümü başa çatdırılıb. Bakının yol-nəqliyyat infrastrukturunun təkmilləşməsi ilə yanaşı, gerçəkləşdirilən tədbirlər əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilib", - deyə N.Həsənov bildirib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin təmsilçisi tərəfindən sadalanan layihələrin gerçəkləşdirilməsinə təşəbbüs hələ Azərbaycanın "Avroviziya - 2011"dəki qələbəsindən çox-çox öncə qaldırılıb. 

Öz növbəsində  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də ölkənin IT-infrastrukturunun müsabiqənin keçirilməsinə tam hazır olduğunu bəyan edir. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun  sözlərinə görə, ölkənin telekommunikasiya infrastrukturu bütünlüklə abunəçilərin tələbinə, həmçinin, mobil rabitə şəbəkəsinin zirvə yüklənmələrinə uyğun gəlir. 

"Azərbaycan vətəndaşlarının "Avroviziya" müsabiqəsi çərçivəsində səs verməsi üç il qabaq təmin edilib. Ölkə rekord qısa müddətə müvafiq infrastrukturu hazırlaya bildi. Gələn il də mobil rabitə ilə bağlı problem yaşanmayacaq", - deyə İ.Məmmədov vurğulayır.

 

Gəlirlər və xərclər 

Ancaq gəlin, pul məsələsinə qayıdaq, müsabiqə  keçirən ölkənin xərclərinin, təxminən, 40 mln avroya ($57,340 mln) bərabər olduğunu düşünək. Bununla yanaşı, məlumdur ki, Azərbaycana qonaq gələn hər bir turist burada bir həftə ərzində, ən azı, 800 manat ($1000) xərcləyir. Əlbəttə, əgər Bakıya minimum sayda - 10 min turist gələrsə, "Avroviziya" keçirməyin elə bir maliyyə gəlirindən danışmağa dəyməz - sadəcə, ölkənin təbliği və siyasi dividendlər əldə etməsindən danışmaq olar. Əgər turist sayı, təxminən, 50 min nəfər təşkil edərsə və bu daha inandırıcı proqnozdur, onda əldə edilən gəlir $50-60 mln təşkil edəcək. Yəni müsabiqənin keçirilməsi üçün xərclənən vəsaitlər bütünlükldə geri qaytarılacaq. Əgər turistlərin Bakıya gəlib-qayıtmaq üçün aviabiletə xərclədikləri vəsaitlər və başqa məsrəflər, həmçinin, müsabiqənin yayımından əldə edilən gəlirlər də nəzərə alıransa, ölkə iqtisadiyyatı $50-60 mln.-u çox keçən əlavə vəsait əldə edəcək.  

Qlobal təbliği və turizm bölməsinin gəlirləri ilə yanaşı, daha bir müsbət məqam var. Mütəxəssislər yekdilliklə əmindirlər ki, "Avroviziya" Azərbaycana sərmayə axınının daha da güclənməsinə təkan verəcək. Ölkə özü barədə bir daha hər kəsə məlumat verə biləcək və onun imici beynəlxalq səhnədə avtomatik olaraq bir neçə pillə yüksələcək. Bu amil yalnız sərmayə axınının yüksəlməsi ilə qalmayacaq, həmçinin, bir çox ölkələri Azərbaycanla ticari-iqtisadi münasibətləri inkişaf etdirməyə, şirkətləri ölkəmizdə nümayəndəliklər açmağa meyilləndirəcək, həmçinin, ölkədə daha çox tədbirlərin keçirilməsinə səbəb olacaq. Müxtəlif cür beynəlxalq konfransların, forumların, simpoziumların, seminarların, "dəyirmi masa"ların, idman çempionatlarının və s. keçirilməsi ölkənin bütün dünyada qlobal təbliğinin təşkilinə yardım edəcək.  Beləliklə, Bakıda keçiriləcək "Avroviziya - 2012" mahnı müsabiqəsi hələ uzun müddət Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. 


MƏSLƏHƏT GÖR:

438