14 Mart 2025

Cümə, 10:51

ZAMAN KRAMNİKİN XEYRİNƏ İŞLƏDİ

Şahmat tacının Bakıya gətirilməsi baş tutmadı

Müəllif:

15.05.2011

Tatarıstanın paytaxtı Kazanda şahmat tacı uğrunda iddiaçıların yarışı azərbaycanlı qrossmeysterlər üçün vaxtından əvvəl başa çatdı. Ən güclü səkkiz qrossmeysterin mübarizəsində Şəhriyar Məmmədyarov İsrail şahmatçısı Boris Gelfand, Teymur Rəcəbov isə 14-cü dünya çempionu Vladimir Kramniklə bacarmadı. 

Dünya reytinq sıralamasında ilk onluqda qərarlaşan Şəhriyar Məmmədyarovun ilk mərhələdə Boris Gelfanda məğlubiyyəti bir qədər gözlənilməz oldu. İki şahmatçı arasında görüşlərin nəticələri Məmmədyarovun xeyrinə olmasa belə, çoxları 42 yaşlı Gelfandın yarımfinala çıxacağına ümid etmirdi. 6 ay ərzində yüksək səviyyədə hazırlıq keçən və çoxlu sayda debüt hazırlayan Şəhriyar Gelfandın oyununu da dərindən analiz etmişdi. Lakin partiya zamanı həmyerlimiz özünə bənzəmədi. 

Şəhriyar     Məmmədyarovun məğlubiyyətinin başlıca səbəbi yarış praktikasından əziyyət çəkməsi oldu. Sirr deyil ki, iddiaçıların turnirinə daha yaxşı hazırlaşmaq məqsədilə Məmmədyarov 6 ay bütün yarışlarda iştirakdan imtina etdi. Bu isə onun bu müddətdə faktik olaraq şahmatdan kənarda qalmasına gətirib çıxardı. İstənilən səviyyəli məşqlərə baxmayaraq, şahmatçı üçün turnirdə iştirak etmək, yarış ab-havası hiss etmək tam başqa effekt verir. 6 ay yalnız köməkçiləri ilə məşq xarakterli görüşlər keçirən Şəhriyarın oyun praktikası ilə bağlı problem artıq ilk görüşdə özünü göstərdi. 

Boris Gelfanda qarşı ilk oyunda böyük üstünlük qazanan şahmatçımız qələbə qazanmağa borclu olduğu görüşü heç-heçəylə bitirdi. Növbəti görüşdə məşqçilərin verdiyi tapşırığa əməl etməyən Məmmədyarov azarkeşlərini kobud səhvlə həyəcanlandırdı. Xoşbəxtlikdən, həmin partiyanı sülhə daşımaq mümkün oldu. Üçüncü görüşdə isə Gelfand Məmmədyarovun diqqətsizliyindən istifadə edərək vacib qələbəni qazandı. Şahmatçımızdan ümumi hesabda bərabərlik yaratmaq üçün 4-cü partiyada qələbə tələb olunurdu. Amma Şəhriyar bu vəzifənin öhdəsindən gəlmədi. Son oyunu aşağı səviyyədə keçirən təmsilçimiz partiyaboyu rəqibə heç bir təhlükə yaratmadı. Yekunda 1,5:2,5 hesabı ilə uduzan Şəhriyar ilk dəfə iştirak etdiyi iddiaçıların turniri ilə vidalaşmalı oldu.

Teymur Rəcəbovun məşhur Vladimir Kramniklə dueli isə bir qədər gərgin alındı. Məmmədyarovdan fərqli olaraq, riski sevməyən Teymur etibarlı müdafiəsi ilə rus həmkarının başağrısına çevrildi. 4 klassik şahmat partiyasında Kramnik Rəcəbovu səhv etməyə məcbur edə bilmədi. 14-cü dünya çempionunun bütün hücumlarını dəf edən Rəcəbovun sevimli taktikası - qədim hind müdafiəsindən istifadə etməməsi xüsusi vurğulanmalıdır. Uzun illər şahmatda qədim hind müdafiəsinin mahir ustası sayılan şahmatçımız Kazanda bu ənənədən imtina etməklə düzgün qərar qəbul etdi. Çünki Kramnikin məhz bu taktikaya yaxşı hazırlaşması hiss olunurdu. Belədə, Teymur özü də bilmədən çətinliyə düşə bilərdi. Amma tam fərqli oyun göstərən şahmatçımız dörd partiyada heç-heçədən sonra rapiddə bacarığını nümayiş etdirdi. Maraqlıdır ki, Kramnik-Rəcəbov duelinin sülhsevərliyi rapiddə də özünü büruzə verdi. Dörd partiya heç-heçə ilə yekunlaşdı. 

Reqlamentə əsasən, qalibi sürətli şahmatda müəyyənləşdirmək lazım gəldi. Burada isə mütəxəssislər məhz Rəcəbovu favorit sayırdı. Dəfələrlə sürətli şahmat üzrə mötəbər yarışların qalibi olan Teymurun şansları kifayət qədər yüksək göstərilirdi. 

Futbol dili ilə desək, penalti kimi sürətli şahmatda da bəxt amilinin böyük rolu var. Amma burada şahmat tarixində nadir hallarda rast gəlinən hadisə baş verdi. Birinci partiyada yüksək səviyyədə oyun keçirən Teymur Kramniki mat vəziyyətinə salmaqla qələbə qazandı. Rəcəbovun mərhələ adlaması üçün növbəti görüşdə heç-heçə əldə etməsi lazım idi. Lakin partiyanın kulminasiya nöqtəsində gedişləri qeydə alan şahmat saatı sıradan çıxdı. Hakimlər görüşü dayandıranda Kramnikin 21, Rəcəbovun isə 13 saniyə vaxtı qalmışdı. Təxminən, 5 dəqiqəlik fasilədən sonra partiya davam etdirildi və Kramnik qələbə qazanmaqla hesabı bərabərləşdirdi. Əlavə oynanılan iki blits oyunda bir qələbə və bir heç-heçə edən rusiyalı dünya çempionu yarımfinala vəsiqə qazandı. Rəcəbov isə turnirdən kənarda qaldı.

Əlbəttə, həmyerlimizin məğlubiyyətinə səbəb kimi birmənalı olaraq saat problemini göstərmək istəməzdik. Hərçənd, bu problem belə mötəbər yarışın təşkilatçılarına başucalığı gətirmədi. Dünya şahmat tacı uğrunda iddiaçıların görüşündə partiyanın vacib anında saatın işləməməsi, Kramnikin 5 dəqiqəyə yaxın vaxtda düşünərək vəziyyətdən çıxış yolu tapması diqqətdən yayına bilməz. Sözsüz ki, Rəcəbov da 5 dəqiqə ərzində başqa gedişlər tapa bilərdi. Lakin saat qalmaqalının şahmatçımıza psixoloji təsir etməsi, üstəlik, Rəcəbovun konsentrasiyasının pozulmasını dəqiq söyləmək olar. Ümumilikdə, şahmatçıya sürətli oyunlarda 5 dəqiqə vaxt verilir. Burada isə Rəcəbov yarımfinalın bir addımlığında olarkən görüş dayandırılır və qrossmeysterlər 5 dəqiqə fasiləyə yollanır. 

Doğrudur, Teymur özü məğlubiyyətinə səbəb kimi, saatın xarab olmasını göstərmir, lakin bunun oyunun taleyinə müəyyən təsir etdiyini deyib: «Mən yarımfinala çıxmaq üçün əlimdən gələni etdim. Saatın işləməməsi artıq bəxtsizlikdir. Fikrimcə, bu problem daha çox Kramnikin xeyrinə oldu. Mən artıq partiyanı heç-heçə başa vururdum. 4-5 gedişə heç-heçə olacaqdı, bu isə mənim qələbəm demək idi. Amma yaranan problem hər şeyi dəyişdi. Bəxtim gətirmədi, çox təəssüflənirəm. Qələbəni artıq hiss edirdim».

Vladimir Kramnik də saat qalmaqalının ona kömək etdiyini etiraf edib: «Rəcəbovla heç-heçə artıq qaçılmaz idi. İlk görüşdə də uduzduğumdan, yarışı tərk edəcəyimi düşünürdüm. Məğlubiyyət qaçılmaz idi. Amma saat problemindən sonra tam başqa oyun göstərdim. Saat məsələsinə gəlincə, burada mənlik iş yoxdur. Saatı mən xarab etməmişəm, özü dayanıb. İstənilən halda Rəcəbovla oyunu karyeramda ən çətin görüşlərdən biri kimi qiymətləndirirəm. Teymur çox güclü rəqibdir».

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun iddiaçıların yarışında uğursuzluğa düçar olmasına rəğmən bu mötəbər turnirdə ilk dəfə iştirakı qeyd olunmalıdır. Həm də ilk dəfə idi ki, Azərbaycan çempionluğa iddiaçıların yarışında iki şahmatçı ilə təmsil olundu. Sözsüz ki, təcrübəsizlik də özünü göstərdi. Ümid edirik, qrossmeysterlərimiz növbəti mövsümdə şahmat tacı uğrunda mübarizəni davam etdirəcəklər. Yaxın illərdə isə ən böyük arzumuz reallaşacaq - şahmat tacı Bakıya qayıdacaq. 


MƏSLƏHƏT GÖR:

394