14 Mart 2025

Cümə, 00:21

«NEFTÇİ»nin ƏSAS SINAĞI QARŞIDADIR

Azərbaycan futbolunun veteranı Əhməd Ələsgərov flaqmanın uğuruna qiymət verdi

Müəllif:

15.05.2011

Azərbaycanda futbol mövsümü sona yaxınlaşır. Ölkə kubokunun taleyinə «İnter»lə «Xəzər-Lənkəran» arasında keçiriləcək final matçında aydınlıq gələcək. Premyer-liqada isə qalib məlumdur. Mövsümü uğurlu keçirən «Neftçi» 6 illik fasilədən sonra azarkeşlərinə çempionluq sevincini yaşatdı. 

Flaqmanın adı gələndə çoxları Azərbaycan futbolunun ağsaqqallarından olan Əhməd Ələsgərovu yada salır. Azərbaycan, Ukrayna və Tacikistanın əməkdar məşqçisi uzun illərdir Odessada yaşayır. 1966-cı ildə «Neftçi» ilə SSRİ çempionatında bürünc medal qazanmaqla adını tarixə yazan Əhməd Lətif oğlu Ələsgərov ömrünün 76-cı baharını yaşayır. Müstəqilliyin ilk illərində Azərbaycan millisinə başçılıq edən təcrübəli mütəxəssislə danışmaq hər zaman maraqlı olub. Elə buna görə də «Neftçi»nin çempionluq sevincini onunla bölüşmək qərarına gəldik.

Telefonun dəstəyini o özü götürdü. Bakıdan zəng vurduğumuzu eşidəndə Əhməd Lətifoviç (axı heç kimə sirr deyil ki, Əhməd müəllim belə müraciəti daha çox xoşlayır) sevindi. Bir qədər hal-əhval tutduqdan sonra qocaman məşqçi məmnuniyyətlə suallarımıza cavab verdi.

- Əhməd müəllim, necəsiniz?

- Təşəkkür edirəm. Çox sağ olun, hər şey yaxşıdır. Bakıdan zəng vurduğunuzu deyəndə sevindim. Orada vəziyyət necədir? Futboldan nə xəbər var?

- Komandanız «Neftçi» çempion olub. Yəqin, xəbəriniz var...

- Bakıdan jurnalistlər zəng vuranda xəbər tutdum. Düzünü desəm, Azərbaycan çempionatını izləməyə vaxtım olmur. Yaşım o yaş deyil. Özünüz bilirsiniz ki, əvvəlki kimi gümrah deyiləm (gülür). Amma «Neftçi»nin çempion olmasına sevindim. Flaqman çoxdan çempion olmalıydı. Bildiyimə görə, son illər qızıl medal üzünə həsrət idi. «Neftçi» həmişə lider olub. Ona görə də çempionluq bu komandaya yaraşır. Sizin vasitənizlə komandanı və futbolçuları təbrik edirəm.

- Sizcə, «Neftçi»nin çempionluğunda ən böyük zəhmət kimin olub?

- Qalmaqallı sual verirsiniz. Əgər komanda çempion olubsa, deməli, hamının zəhməti var. Klubun prezidentindən başlayaraq sıravi azarkeşə qədər hamıya təşəkkür düşür. Mənim üçün sevindirici məqam komandaya Arif Əsədovun başçılıq etməsidir. Arifi yaxşı xatırlayıram - mədəni və tələbkar insandır. Azərbaycanlı məşqçinin ölkə çempionatında uğur əldə etməsi xüsusi vurğulanmalıdır. Axı indi Azərbaycanda legioner məşqçi və futbolçular daha çoxdur. Amma Arif ən böyük sınağın bundan sonra başlayacağını bilməlidir.

- Sınaq deyəndə nəyi nəzərdə tutursunuz?

- «Neftçi»nin çempionluğuna kölgə salmaq istəmirəm. Amma Azərbaycanda qələbə qazanmaq çətin deyil. Əsas sözünü Avropada deməlisən. Gərək «Neftçi» Çempionlar Liqasında özünü göstərsin. Azərbaycanda həmişə beynəlxalq yarışlardakı uğurlar xüsusi vurğulanıb. Arif Əsədov indi komandanı Avropaya hazırlamalıdır. Çünki orda belə futbol oynamayacaqlar. Tam başqa mübarizə gözlənilir. 

- «Neftçi» Çempionlar Liqasına ikinci seçmə mərhələdən başlayacaq...

- İkinci seçmə mərhələdə bütün komandalar güclüdür. Üstəlik, «Neftçi» bir neçə ildi, avrokuboklarda iştirak etmir. Yəni komandanın avrokubok təcrübəsi azalıb. Heyəti gücləndirmək lazımdır. Hazırda «Neftçi»də kimlərin oynamasından xəbərim yoxdur. Ona görə bir söz deyə bilmərəm. Arif Əsədov məndən yaxşı bilər. İstənilən halda, «Neftçi» Çempionlar Liqasında gərgin mübarizəyə hazır olmalıdır. 

-  Azərbaycan yığmasının çıxışlarını necə, izləyirsinizmi?

- Nəticələrdən xəbər tuturam. Amma oyunlara baxmıram. Ölkədə çoxlu legioner məşqçi və futbolçuların olduğunu bilirəm. Milliyə Foqts rəhbərlik edir. Son illər futbolda elə böyük uğurlarımız olmayıb. Böyük dəstəyə baxmayaraq, o qədər sevinməmişik. Yeni parlayan ulduzlarımız da yoxdur. Əlbəttə, Azərbaycanda rəqib tanımayan futbolçular var. Mən Avropada oynayan futbolçulardan danışıram. Gərək sistemli iş aparılsın. Yerli məşqçilər xaricdə təhsil alsın. Əcnəbilərlə uzağa getmək mümkün deyil.

- Dörd il əvvəl «Bakı» klubunda işlədiniz, amma sonradan yenidən Odessaya qayıtdınız...

- Hazırda səhhətimlə əlaqədar həmin səviyyədə işləyə bilmərəm. 4 il əvvəl «Bakı» klubunun dəvəti ilə gəlmişdim. Klubun prezidenti futbolun inkişafı üçün çox böyük işlər görüb. «Bakı» komandası həmin il çempion oldu. Mən məsləhətçi kimi dəvət olunmuşdum. Sonradan Odessaya qayıtmaq istədim. Yəqin, yaxınlarda doğmalarımı görmək üçün Azərbaycana gələjəyəm. 

- İyunda Azərbaycan futbolunun 100 illiyi qeyd olunacaq.

- 100 il böyük tarixdir. Bu müddətdə həm məğlubiyyətlər olub, həm qələbələr. Yubileyi yüksək səviyyədə keçirmək lazımdır. Futbolumuzun parlayan adları olub. Banişevski, Tuayev, Cavadov, Əhmədov, Ponomaryov və digərləri. Həmin illərdə bu uşaqlar çox yaxşı oynayırdılar. Sonrakı illərdə isə Qurban Qurbanov, Vidadi Rzayev, Zaur Tağızadə, Mahmud Qurbanov var. Gənclər bu adlardan nümunə götürməlidirlər. Veteranları yaddan çıxarmaq lazım deyil.

- Azərbaycan futbolunun uğurlarında sizin də böyük əməyiniz olub... 

- Çox sağ olun. Yəqin, «Neftçi»nin SSRİ çempionatında bürünc medal qazanmasını deyirsiniz. Hər zaman nizam-intizamı əsas hesab etmişəm. Yığmada da işləyəndə ilk olaraq, futbolçuların davranışını əsas sayırdım. Futbolumuz üçün daha çox şey etmək istəyirdim. Gəlin, keçmişə qayıtmayaq. Bakıdakı bütün tanışlarıma salam göndərirəm. Məni yaddan çıxarmadığınız üçün sizə də “Çox sağ ol” düşür.


MƏSLƏHƏT GÖR:

548