
"GERİYƏ BAXMADAN" ÇALINAN ZƏFƏR
"Evroviziya-2012" Azərbaycanda olacaq, cütlüyümüz sevgi hekayəsinə bütün Avropanı inandıra bildi
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Biz qalib gəldik! Növbəti, 57-ci "Eurovision" beynəlxalq mahnı müsabiqəsi Bakıda keçiriləcək! SMS səsvermə və münsiflərin qiymətləndirməsi nəticəsində Eldar Qasımov və Nigar Camal 221 xal topladılar! Ən yüksək xalı isə (12 xal) Rusiya, Türkiyə və Maltadan aldıq.
Birincilik uğrunda yarış Azərbaycan, İtaliya və İsveç arasında getdi. Qeyd edək ki, yarımfinaldan sonra bir sıra digər ölkələrlə yanaşı, Türkiyə və Ermənistan da yarışdan kənarda qalmışdı. Yeri gəlmişkən, Ermənistan artıq indidən gələn ilin mayında Bakıda keçiriləcək yarışa qatılmayacağını açıqlayıb. Axı onlar ləyaqətlə uduzmağı da bacarmır.
Müsabiqənin yarımfinalını yalnız Avropanın 43 ölkəsindən olan televiziya tamaşaçıları deyil, internet istifadəçiləri də izləyirdi. Konsert "Eurovision"un rəsmi saytı ilə (www.eurovision.tv) canlı yayımlanırdı. Qeyd edək ki, budəfəki müsabiqə "Öz ürəyinin döyüntüsünü eşit!" (Feel your heart beat!) şüarı altında keçirilirdi. Azərbaycanlı iştirakçılar Eldar Qasımovla Nigar Camal (Ell və Nikki) yarışda isveçli müəlliflər Stefan Orn, Sandra Byurman və Yan Farquhansson tərəfindən yazılmış "Running scared" ("Geriyə baxmadan qaçmaq") balladasını ifa ediblər. Duetimiz nəhəng "Esprit Arena" stadionunun səhnəsinə ağ geyimdə çıxıb. Onların kostyumlarının rəngi və dizaynını da isveçli modelyerlər müəyyənləşdirib. Nigarın paltarı bir neçə il əvvəl bu yarışda Araşla birlikdə üçüncü yeri tutmuş Aysel Teymurzadənin məşhur ağ geyimini çox xatırladırdı. Ümumiyyətlə, ağ rəng bizə uğur gətirir. Azərbaycanlı cütlüyün sevgi tarixinə bütün Avropa inandı və onlara qələbə qazandırdı.
İlk yarımfinalın digər iştirakçılarının çıxışları birmənalı təsir bağışlamadı. Xüsusilə İsveçdən olan Erik Saadenin (I`ll be popular), sloveniyalı Maya Keuçun (No one), Ukrayna təmsilçisi Miki Nyutonun (Angel), Gürcüstanın "Eldrine" rok-qrupunun (One more day), yunan Lukas Yorkasın (Watch my dance) çıxışları fərqlənirdi. Bukmekerlər qələbəyə əsas namizədin fransalı gənc tenor Amouri Vassilinin olduğunu bildirirdi. Vəziyyət o həddə çatmışdı ki, finalın başlanmasına az qalmış Vassili ilə bağlı pul qoyuluşları ən aşağı kaffisientlə qəbul edilirdi.
Həqiqətən, o, güclü səsə malik olsa da, finalda bəlkə də həyəcandan başqa tonallığa "keçdi" və bunu hətta musiqi duyumu ən zəif olan insanlar da hiss etdi. Nəticədə, Fransa, hətta ilk onluğa da düşə bilmədi. 82 bal toplamış tenor yalnız 15-ci oldu.
İlk yerə iddialılar arasında İrlandiyadan olan Con və Edvard Qrayms qardaşları (Lipstick kompozisiyası ilə) da var idi. Onların ifa etdikləri mahnının mətni bir-biri ilə əlaqəsi olmayan sözlər toplusuna bənzəyirdi - "O, dodaqlarını boyayıb və budur, mən gəlirəm". Sözlərin davamı da təxminən, bu ruhda idi. Amma ya multfilmə bənzər personajlar artıq dəbdən düşüb, ya da onların bəxti gətirmədi - amma bu hoppanan oğlanlar yalnız 8-ci yerlə kifayətlənməli oldular.
"Eurovision"un ötənilki qalibi, Almaniyanı builki yarışda da təmsil edən Lena Mayer-Landrut 10-cu yeri tutdu.
"İctimai sakitliyi pozan" Rusiya təmsilçisi Aleksey Vorobyov isə 16-lıqla kifayətləndi.
Bu il gözlənilmədən "Euro-vision"a qayıtmağa qərar vermiş İtaliya 13 illik fasilədən sonra əvvəlcə yarışın aşkar autsayderi idi. Rafael Qualassinin ilk onluğa düşmə ehtimalı belə, bukmekerlər tərəfindən zəif qiymətləndirilirdi. Amma nahaq yerə: İtaliya final sonunda 189 xal toplayaraq, isveçli Erik Saadeni də geridə qoydu və ikinci oldu.
Bəs "Eurovision-2011"in səhnəarxasında nələr baş verdi?
Azərbaycana münasibətdə bu, həmişə erməni təxribatı ilə yadda qalır. Bu il də istisna olmadı. Mayın 13-də Rusiyanın "Birinci kanal"ında məşhur aparıcı Andrey Malaxovun "Pust qovoryat" verilişi "Eurovision"un favoritlərinə həsr olunmuşdu. Qələbə şansları daha yüksək qiymətləndirilən ölkələr sırasında Azərbaycanı da göstərən verilişdə Azərbaycan Bayrağının yerinə Ermənistan bayrağı nümayiş etdirilib. Bu, Azərbaycan tamaşaçılarının ciddi narazılığına səbəb olub, onlardan bir qrupu isə telekanalın ünvanına etiraz məktubları ünvanlayıb. Azərbaycanlı tamaşaçılardan birinin məktubunda deyilir: "İki ölkə arasında münaqişənin mövcud olduğunu nəzərə alsaq, bu fakt Azərbaycan ictimaiyyəti tərəfindən son dərəcə pis qarşılanıb. Bu üzdən növbəti verilişdə bu yanlışlığa görə rəsmi üzr istənilməsini vacib hesab edirəm. Əvvəlcədən təşəkkür edirəm. Anlayış göstərəcəyinizə və tezliklə efir vasitəsilə üzr istəyəcəyinizə ümidliyəm".
Azərbaycanın Milli Televiziya və Radio Şurası da "Birinci kanal"da baş verənləri erməni təxribatı sayır. "Bu, telekanalda işləyən ermənilərin təxribatı ola bilər. Məqsəd Azərbaycan auditoriyasının qıcıqlandırılmasıdır", - deyə Milli Şuranın üzvü Qafar Cəbiyev bildirib. Düzdür, o, bunun texniki yanlışlıq olduğunu da istina etmir. "Amma istənilən halda baş verənlər telekanal üçün biabırçılıqdır", - deyə Q.Cəbiyev bildirib. - "Bu cür telekanal işini peşəkar səviyyədə qurmalıdır. Bir xalqın milyonlarla nümayəndəsinin əsəbləri ilə, hissləri ilə oynamaq olmaz". Q.Cəbiyev hər dəfə belə yanlışlıqların Azərbaycanla bağlı baş verdiyinə də diqqət çəkib: "Niyə xəritələrdə həmişə Azərbaycanın ərazisi təhrif olunur? Qoy, heç olmasa, bir dəfə bu telekanallar Yerevanı göstərsin və bu zaman Azərbaycan Bayrağını nümayiş etdirsin. Ermənistanla bağlı belə texniki yanlışlıqlara nədən heç zaman rast gəlinmir?".
Amma bütün təxribatlara baxmayaraq, Azərbaycan qələbə qazandı. Biz birinciyik və ""Eurovision-2012" Azərbaycanda keçiriləcək.
MƏSLƏHƏT GÖR: