25 Noyabr 2024

Bazar ertəsi, 21:34

HÖRÜMÇƏK TORU DÜNYASI

Azərbaycan informasiya təhlükəsizliyinin təminatı yollarını arayır

Müəllif:

15.05.2011

Əgər "XX yüzilliyin ən böyük uğuru" mövzusunda sosial sorğu aparılarsa, rəyi soruşulanların böyük bölümü bir cavab verər: "İnternet". Gerçəkdən belədir, internet bəşəriyyətin ən böyük uğurlarından biri, bütün dünya sivilizasiyasının irəliyə sıçrayışıdır. Amma hər yaxşı işin pis tərəfləri də var. Dünya şəbəkəsi açıq-aydın müsbət imkanları ilə yanaşı, çox sayda problemlər də gətirib. İnternetin və "hi-tech"in inkişafı nəticəsində dövlət sərhədlərindən iri həcmlərlə informasiya axını keçir ki, belə olan halda da sərhədləri şərti bir cizgidən başqa heç nə saymaq olmur. Özü də bəzi hallarda bu informasiyalar çox təhlükəlidir. Buna görə də bu gün  bəşəriyyətin qarşısında duran əsas məsələlər sırasında informasiya təhlükəsizliyinin təmin edilməsi də var. İnformasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan da hazırda informasiya müharibəsi durumundadır, belə olan halda, təbii ki, bu problem onun üçün ciddi önəm daşıyır. 

 

Kibersilahın nişangahında 

Şəksiz ki, "informasiya" təhlükəsizliyi anlayışı  müxtəlif mənalar daşıyır. Əgər sadə istifadəçini məlumatın təhlükəsiz saxlanması, işlənməsi və verilməsi məsələsi maraqlandırırsa, dövlət  bununla yanaşı, həm də daha qlobal  məqsədi - informasiya sahəsində milli maraqların müdafiəsini təmin etməlidir. Bundan başqa, məlumat axını informasiya mühitinin formalaşdırılmasını, istifadəsini və inkişafını təmin etməlidir, özü də bunu həm vətəndaşların, həm də dövlətin maraqlarına uyğun şəkildə gerçəkləşdirməlidir.  Məlumat mənbəyinin kim olması və onun insanlara psixoloji şəkildə nə cür təsir etməsi də çox önəmlidir. 

Bununla bağlı, məlumatın bütün mərhələlərdə müdafiəsi xüsusi önəm daşıyır. Buna görə, bəşəriyyət fəal şəkildə, o cümlədən, kompyuter cinayətlərinə qarşı mübarizə aparır. Demək olar ki, 10 il qabaq - 2001-ci il noyabrın 23-də Avropa Şurasının kibercinayətlər üzrə konvensiyası qəbul olunub. Konvensiyanın məqsədi müxtəlif ölkələrdə fərqli olan kompyuter cinayətlərini razılaşdırmaqdır. Özü də konvensiyada kompyuter sistemləri vasitəsilə irqçi və dini ayrı-seçkilik salan materialların yayılması kimi cinayətlərdən xüsusi bəhs edilir. 

Azərbaycan konvensiyaya 2008-ci il iyunun 30-da qoşulub. Ölkədə kibercinayətlərlə mübariz? üzrə mərkəz yaradılıb, milli qanunvericiliyin konvensiyanın tələblərinə uyğunlaşdırılması üzrə işlər görülür. O cümlədən, praktik olaraq artıq Amerikanın böhran qalmaqallarına korporativ məsuliyyət mərkəzinə (CIRC - Critical Incident Response Center) oxşar İnformasiya Təhlükəsizliyi İdarəsi yaradılıb, bu sahədə kadrların hazırlanması üzrə işlər gedir. 

Bununla yanaşı, Avropanın kibercinayətlər üzrə konvensiyası tərəfin (dövlətin bu cinayətlər üzrə istintaq məsuliyyəti tətbiq etməmək) hüququnu tanıyırsa belə, Azərbaycanda  artıq Cinayət Məcəlləsinə əlavələr hazırlanaraq, Milli Məclisə təqdim edilib. Bu barədə Bakıda keçirilmiş "Kiber  və milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxış" beynəlxalq konfransında bəlli olub. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şöbə müdiri Kərim Kərimovun  sözlərinə görə, Cinayət Məcəlləsinə əlavələrin yaxın zamanlarda qəbul ediləcəyi gözlənilir. 

Bundan başqa, K. Kərimov qeyd edib ki, "virtual fəzada kibercinayətlər transmilli xarakter daşıyır" və "onun öyrənilməsi daimi aparılır". Bu zaman o qeyd edib ki, "İnternet mühitində kibercinayətlərin izlərinin örtülməsi üçün müvafiq şərait var" və  "Bu cür cinayətlərin sayı il üzrə onlarla ölçülür". MTN təmsilçisinin sözlərinə görə, onlar əsasən məlumatın məhv edilməsi və ya internet-resursların dağıdılması ilə bağlıdır. 

K.Kərimov bildirib ki, Azərbaycan bu yaxınlarda xarici serverlərdə yerləşən azərbaycandilli saytlar və informasiya resursları aşkarlayıb ki, onların fəaliyyəti kiberterrorizmin təzahürü sayılıb. MTN, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) başqa qurumlarla əməkdaşlıq çərçivəsində artıq onların fəaliyyətinə son qoyulmasına nail olub. Araşdırma zamanı bəlli olub ki, bu saytlarda milli və dini qarşıdurma yayılması, qanunsuz silahlı birləşmələr yaradılması, terrorçu və radikal dini qurumların sıralarına cəlb etmə, əldəqayırma partlayış qurğularının düzəldilməsi və onlardan istifadə barədə təlimatlar yerləşdirilib. 

K.Kərimov, həmçinin, Azərbaycan barədə yanlış məlmuat yayılmasını da göstərib ki, bu da cinayət sayılır: "Bir sıra məşhur istifadəçilərin istinad etdiyi informasiya resurobyektiv güclər tərəfindən Azərbaycan haqqında bilərəkdən verilən yanlış məlumatların yerləşdirilməsi nəticəsində öz nüfuzlarını itirirlər. Nümunə üçün "Vikipediya"nı göstərə bilərəm. Bu resurs tez-tez Azərbaycan haqqında qeyri-obyektiv məlumatlar yerləşdirir və Azərbaycanı tanımayan insanlar onun əsasında bizim ölkə haqqında yanlış məlumat əldə edirlər ki, bu da respublikanın nüfuzuna və iqtisadiyyatına mənfi təsir göstərir".

"Bu problemin aradan qaldırılması üçün müəyyən çətinliklər mövcuddur, amma bu məsələnin həlli üçün beynəlxalq təşkilatlar və xarici ölkələr müzakirələr aparır və sistematik olaraq tədbirlər görürlər", - deyə Kərimov bildirib. MTN təmsilçisi internet-resursların sayının artması probleminə də toxunub ki,  onların vasitəsilə separatçı, millətçi, radikal irqçi qüvvələr yalançı ideoloji təbliğat aparırlar. 

Onun sözlərinə görə, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasəti virtual müstəvidə davam etdirir: "Bu hücumlar qonşu ölkələrin ərazilərində də edilir. Son zamanlarda Azərbaycanın iki nazirliyinin saytına kompyuter şəbəkələrindən və informasiya resurslarından hücumlar edilib. Qonşu ölkələrdə həmkarlarımız tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar edilib ki, bu, Ermənistan vətəndaşlarının əməlləridir".

MTN təmsilçisinin sözlərinə görə, informasiya əldə edilməsi məqsədi ilə xüsusi texniki vasitələrin internetlə satışı da geniş yayılıb. Bu, telekommunikasiya trafikinin oğurlanması vasitəsilə baş verir ki, son zamanlar bu cür cinayətlərin sayı artıb. Əsasən, başqa ölkələrə ucuz telefon danışığı təmin edilməsi adı altında məhdud texniki imkanlara malik virtual şirkətlər yaradılır və onlar imkanlarında olandan çox rabitə trafiki təqdim edirlər.  Amma onlar bu rabitəni keyfiyyətli və sabit təqdim edə bilmirlər, nəticədə, kanallarda problemlər yaranır. Ötürülməsi mümkün olmayan rabitə trafiki təyinat yerinə çatmır. 

MTN rəsmisinin sözlərinə görə, İnternet vasitəsilə pornoqrafiya materiallarının, uşaq pornoqrafiyasının, narkotik vasitələrin satılması hallarına da rast gəlinir. Bundan başqa, informasiyaların məhvinə, dəyişdirilməsinə və təkzib edilməsinə, müəllif hüquqlarının pozulmasına, informasiyanın mənimsənilməsinə, kompyuterlərin və onların şəbəkələrinin tabe edilməsinə yönəlmiş virus proqramlarının yayılması, bank və maliyyə maxinasiyaları, qanunsuz yolla əldə edilmiş plastik kartların məlumatlarından istifadə edilməsi və "çirkli pulların yuyulması" hallarına da rast gəlinir. 

"Öz qanunsuz fəaliyyətləri üçün informasiya texnologiyalarının imkanlarından istifadə edən güclər, kriminal elementlər, terrorçular milli təhlükəsizlik üçün kibertəhlükə yaradırlar", - deyə K.Kərimov bildirib. 

Həmçinin, Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edir ki, inorfmasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin bir hissəsidir. Onun sözlərinə görə, qloballaşan informasiya cəmiyyətində dövlətlər arasında baş verən münaqişələr virtual fəzaya da keçir, çağdaş texnologiyaların istifadəsi ilə yeni cinayət növləri yaranır, terrorçuluq, separatçılıq, ekstremizm daha geniş yayılır. 

"Dünyada formalaşan informasiya cəmiyyətində milli təhlükəsizlik konsepsiyasının yaradılmasının vacibliyi hiss edilir", - deyə E.Vəlizadə bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən, kompyuter şəbəkələrinin qorunması məsələsi Azərbaycanın artan internet istifadəçiləri fonunda xüsusilə aktualdır. Bununla bağlı olaraq, Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsinin artırılması ilə bağlı olaraq bu sahədə bir sıra əsas beynəlxalq standartlar qəbul edilib. Belə ki, son iki il ərzində 10 standart təsdiq edilib və daha 6-sı da bunun üçün hazırlanıb. Bu, dövlət və özəl qurumlarda bir sıra informasiya təhlükəsizliyi tədbirlərinin keçirilməsini təmin etməyə imkan verib. 

 

"Təhlükəli giləmeyvə" 

Şəksiz ki, xüsusilə də virtual məkanda baş verən cinayətlərdən sığortalanmaq mümkün deyil. Bu gün bütün dünyada məşhur  "Facebook" da daxil olmaqla çox sayda sosial şəbəkələr mövcudddur. Kompyuterlər arasında internet vasitəsilə səs rabitəsi (VoIP və IM) gerçəkləşdirən "Skype" da populyardır. Bu zaman səs və mətn məlumatlarının mübadiləsi üçün pulsuz proqramlar çox saydadır və burada informasiya axınını izləmək yetərincə problemlidir. Bir sıra hallarda bu və ya başqa ölkələrin nəzarət orqanları istifadəçinin məlumatlarına, o cümlədən səs məlumatlarına  da giriş əldə edə bilərlər. 

Hazırda nəzarət orqanları üçün bu baxımdan əsl başağrısı "BlackBerry" smartfonlarıdır. Bu smartfonlar öz mükəmməl şifrələmə protokolları hesabına məlumatlaşmanın əvəzsiz müdafiə səviyyəsini təmin edir. Tamamilə aydındır ki, bu fakt  milli təhlükəsizlik baxımından dünyanın bir sıra dövlətlərinin müvafiq orqanlarını narahat etməyə bilməz. "Giləmeyvəli" smartfon problemi artıq BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Hindistanda gündəmdədir, həmin ölkələr bu qurğuların istifadəsinin qadağan edilməsi məsələsinə baxırlar. 

Əsl sensasiya isə Avropa Komissiyasının öz əməkdaşlarına "BlackBerry" smartfonlarından istifadəni qadağan etməsi barədə yayılan xəbər olub. Bu, cəmiyyətdə böyük rezonans doğurur, çox adamın fikrincə, qadağanlar internetdə informasiya təhlükəsizliyinin və istifadəçilərin fərdi məlumatlarının qorunmasının  bütün prinsiplərinin pozulmasıdır. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, "Skype"ın və "BlackBerry" smartfonlarının yaratdığı informasiya təhlükəsizliyi problemi Azərbaycanı da narahat edir. Eyni zamanda, onun sözlərinə görə, "BlackBerry" istifadəçilərinin informasiya təhlükəsizliyi məsələsi hələ ki Azərbaycan üçün elə də aktual deyil. "Bununla yanaşı, bizim mütəxəssislər  bu istiqamətdə işləyirlər", - deyə A.Abbasov vurğulayıb. 

O bildirib ki, informasiya texnologiyalarının inkişafı ilə internet istifadəçiləri arasında "Skype" proqramı getdikcə daha böyük populyarlıq qazanır və onun da istifadəsi informasiya təhlükəsizliyi baxımından müəyyən risklərlə müşayiət olunur. "Bir sıra ölkələrdə mövcud informasiya təhlükəsizliyində qorunmağa yönəlmiş üsulların işlənməsi üzərində çalışırlar. Bizim ölkə də istisna deyil", - deyə A.Abbasov vurğulayıb.

Bu zaman qeyd etmək lazımdır ki, "Skype"də informasiya təhlükəsizliyi problemi də bu gün çox aktualdır, çünki sistemin müdafiəsində xeyli xəta mövcuddur.  Konfidensiallığın olmaması, yəni məlumata sanksiyasız girişin mümkünlüyü hakerlər tərəfindən "Skype"ı iş danışıqları üçün istifadə edən bütöv təşkilatların qiymətli informasiyalarının oğurlamasına,  işinə nəzarət etməsinə imkan verir. Buna görə də bu cür proqramlarda məlumatların müdafiəli və konfidensial olması məsələsi yetərincə problemli duruma düşür. 

Həmçinin qeyd etmək lazımdır ki, məlumatların qorunması və konfidensiallığı çox vaxt istifadəçilərin özlərindən asılıdır. Məsələn, bizim ölkədə bu cür, ilk baxışdan, asan həll edilə bilən problem mövcuddur: bizdə lisenziyalı proqram təminatı, o cümlədən, antivirus proqramları yayılmayıb ki, bu da təhlükəsizlik səviyyəsini aşağı salır. 

 

Diqqət! Təhlükəli məlumat 

Daha bir problemli məsələ - etibardır. İnformasiya təhlükəsizliyindən danışarkən, internetdə yalan məlumatların olmasını da unutmaq olmaz. Və burada söhbət bu və ya digər ölkənin imicindən, yəni böhtandan getmir. Sadə istifadəçilər üçün böyük təhlükələr, hətta hakerhücumlarından, informasiya müharibələrindən, terrora çağırışdan və bank kartlarında yalan yolu ilə nağd pul çıxarılmasından deyil, tibb preparatlarına yalan annotasiyalardan, reseptlərdən, tibbi prosedurlardan, məişət cihazlarının istismar üsullarından da gəlir. Bu sahədə kiçicik qeyri-dəqiqlik ona etibar edənlər üçün fəlakətlə nəticələnə bilər. Hansısa hökumət orqanının  portalına yerləşdirilmiş yanlış məlumatın və ya hansısa qanun layihəsinin nəticələri isə daha ağır ola bilər. 

Ekspertlərin fikrincə, problem ondadır ki, internet istifadəçiləri  şəbəkədə yerləşdirilmiş istənilən informasiyaya etibar etməyə meyillidirlər. Amerika alimləri müəyyən ediblər ki, insanların internetdə yerləşdirilmiş məlumata etibarı yetərincə yüksək səviyyədədir və zaman keçdikcə azalmır. Bununla yanaşı, tədqiqatçılar əmindirlər ki, insanlar, demək olar ki, şəbəkədə olan yalan məlumatları süzgəcdən keçirmək vərdişlərindən məhrumdurlar. 

Şəksiz, İnternetə inanıb-inanmamaq hər bir adamın öz işidir. Amma hər kəs bilməlidir ki, bu gün dünya şəbəkəsi virtual olsa da, gerçəklikdir və onun mövcudluğundan imtina etmək mümkün deyil. Bununla belə, şəbəkəni də insanlar idarə edir. Müxtəlif xasiyyətə, prinsiplərə, baxışlara və davranışlara malik insanlar idarə edir və onlar da heç də həmişə mövcud ümumi qəbul edilən  normalara uyğun olmurlar. Beləliklə də informasiya təhlükəsizliyi probleminin aktuallığı, demək olar ki, tükənməzdir. Əsas odur ki, internet insanları yox, insanlar interneti idarə etsinlər.


MƏSLƏHƏT GÖR:

478