13 Mart 2025

Cümə axşamı, 23:22

«ƏN UNUDULMAZ AD GÜNÜ»

Heydər Əliyevin özü çox vaxt ad gününü unudardı, amma tarix onu unutmayacaq

Müəllif:

15.05.2011

«Ailəmizdə uşaqların ad günlərini qeyd etmək ənənəsi və imkanı olmayıb. Mənim bir dənə də olsun uşaqlıq şəklim yoxdur. İlk dəfə «ad günü» anlayışını yalnız qızım doğulanda anlamışam. Biz qızımızın, daha sonra oğlumuzun ad gününü qeyd etməyə başladıq. Öz ad günlərimi isə - istəyirsiniz inanın, istəyirsiniz yox - çox vaxt yaddan çıxarırdım. Xatırlayıram, bir dəfə gecə saatlarında işlədiyim DTK-dan qayıdarkən qapının qarşısında azyaşlı qızım və həyat yoldaşım məni təbrik etdilər. Mən onların nədən danışdıqlarını başa düşmədim. Bu zaman onlar dedilər: «Axı sənin ad günündür».

Yalnız 70 yaşım olarkən, balaca Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyim vaxtda, hər şeyin çox çətin olduğu dövrdə köməkçilərim yanıma gəldilər və dedilər: istəsəm də, istəməsəm də, ad günümü qeyd edəcəklər. Bu, həyatımda ən şən və yaddaqalan ad günüm idi. Mahnı oxuyur, sağlıqlar deyirdilər. Sonradan hamı dağılandan sonra özüm də məətəl qalmışdım ki, necə də şən və yaxşı keçdi. 

Həyatımda bu, bir daha təkrarlanmadı».

2000-ci ildə «Moskovski komsomoles» qəzeti Heydər Əliyevin bu xatirələrini dərc edən zaman o bilmirdi ki, vaxt gələcək, ad günü yalnız ailəsində yox, bütün ölkədə qeyd olunacaq. Hər il mayın 10-da minlərlə insan Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri Xiyabana axışır. Bu münasibətlə bütün ölkədə bayram tədbirləri keçirilir. Həmin gün müasir Azərbaycanın çiçəklənməsi və rifahına işarə olaraq Gül Bayramının keçirilməsi də artıq xoş ənənəyə çevrilib.

Ümummilli Lider Heydər Əliyevin doğumunun 88-ci ildönümü isə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf edib. Simvolikdir. Eyni zamanda Heydər Əliyevin simasında bu önəmli tarixlər arasında birbaşa bağlılıq da var.

 «Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan dünya xəritəsində müstəqil ölkə kimi yalnız 20 ildir ki, mövcuddur. 20 il tarixi baxımdan uzun bir dövr deyil. Lakin bu 20 il ərzində ölkəmiz böyük uğurlar əldə edib. Bu gün Azərbaycan müxtəlif sahələrdə rekord inkişaf tempini nümayiş etdirən, regionda lider olan, dünyanın aparıcı dövlətləri ilə partnyor əlaqələr quran, beynəlxalq arenada nüfuza malik olan bir dövlətdir. Bu gün Azərbaycan güclü, qarşısına istənilən məqsədləri qoyub həll etməyə qadir olan və gələcəyə ümidlə baxan dövlətdir», - deyə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Parlamentinin deputatı Mehriban Əliyeva Ümummilli Liderin ad günü münasibətilə təşkil olunmuş mərasimə toplaşan qonaqları salamlayarkən bildirib.

Müasir Azərbaycanın bu cür xarakteristikası, əlbəttə ki, konkret göstəricilərə əsaslanır. Dövlətin və cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinə aid saysız-hesabsız fakt misal çəkmək olar. İnkişafında Heydər Əliyevin iştirakı olmayan sahə tapmaq isə sadəcə çox çətindir.

«Heydər Əliyev tibb haqda danışır, düşünürsən ki, bütün həyatı boyunca yalnız tibb sahəsində çalışıb; nəqliyyat problemləri haqda danışır, elə bilirsən ki, bu, böyük nəqliyyatçıdır», - deyə rusiyalı musiqişünas Janna Dozorseva H.Əliyev haqda xatirələrini bölüşərkən bildirir.

General-polkovnik, Azərbaycan Kommunist Partiyası MK-nin keçmiş üzvü Aleksandr Kovtunov isə fenomenal şəxsiyyəti belə xatırlayır: «Mən onun qəbuluna düşən zaman respublikanın hərbi hazırlığı, dövlət sərhədlərinin mühafizəsi haqda uzun-uzadı söhbət etdik. O, sanki sərhəddəki ərazilərin hər qarışını tanıyırdı».

Demək olar ki, bütün tədqiqatçılar belə fikirdədir ki, Heydər Əliyev yalnız tarixi şəxsiyyət olmayıb, o həm də müasir Azərbaycan tarixinin lokomotivi rolunu oynayıb. Hələ Sovet Azərbaycanına başçılıq edərkən, SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyev Kommunist Partiyasının yalnız Kremlin tapşırıqlarını yerinə yetirməklə məşğul olan stereotip rəhbərlik obrazından uzaqlaşa bilmişdi. O, təkliflərlə, təşəbbüslərlə çıxış edir, istəyinə nail olur, bəzən sovet idarəçilik üsullarından kənara da çıxırdı. Azərbaycanda sovet dönəmində yaradılmış, demək olar ki, bütün sənaye müəssisələrinin, hər bir nəhəng mədəniyyət obyektinin, təhsil, səhiyyə qurumlarının inşası H.Əliyevin təşəbbüsünün nəticəsidir.

«Hərdən belə düşünməyə başlayıram ki, o vaxtlar Heydər Əliyev arzularında nəinki Azərbaycanın müstəqil inkişafını istisna etməyib, hətta hansısa şəkildə bunu planlaşdırıb da», - deyə SSRİ DTK-nin generalı olmuş Vladimir Medvedev bildirir.

H.Əliyevin siyasi fəaliyyətini tədqiq edən bir çox şəxslər bu qənaətdədir - o, gələcək müstəqil Azərbaycan üçün strateji baza yaratmaqla məşğul olub. Buna əmin olmaq üçün Azərbaycanda hərbi təhsilin tarixinə nəzər salmaq kifayətdir. Sovet rəhbərliyinin maneələrinə baxmayaraq, H.Əliyev Bakıda bu gün müstəqil Azərbaycan ordusu üçün yüksək ixtisaslı kadrlar hazırlayan təhsil ocağının açılmasına nail olub. Bu, sovet rəhbərliyində təmsil olunmuş şəxs üçün çox cəsarətli addım idi. Bu addımı atan şəxs bilirdi ki, yuxarının şifahi tapşırığına əsasən, hərbi məktəb yalnız Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərə bilərdi. «Bunları görərkən düşündüm: axı biz Sovet İttifaqının bərabərhüquqlu respublikasıyıq, bizim böyük səlahiyyətlərimiz var. Niyə görə ordudan məhrum olunmuşuq? Nəticədə biz bu məktəbi yaratmaq qərarına gəldik. Bu məktəbi yaradan zaman onun 30 illiyini qeyd edəcəyimiz ağlıma gəlməzdi. Bu mənimçün böyük şərəfdir. Buna görə çox xoşbəxtəm», - deyə Heydər Əliyev 2003-cü ilin aprelində Naxçıvanski adına Hərbi Məktəbin yubiley tədbirindəki çıxışı zamanı bildirmişdi.

Heydər Əliyev axınla üzməyi xoşlamırdı. Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə imzalanmış «Əsrin müqaviləsi» də bunun göstəricisidir. Həmin illərdə ölkə hərbi qarışıqlıqdan, vətəndaş müharibəsi və siyasi hərc-mərclikdən yenicə ayılırdı. Azərbaycanın enerji resursları uğrunda mübarizə isə getdikcə qızışırdı. Çətin beynəlxalq şəraitdə və Ermənistanla müharibənin davam etdiyi bir vaxtda elə qərar qəbul edilməli idi ki, beynəlxalq oyunçuların maraqlarının nəzərə alınması ilə yanaşı, ilk növbədə, Azərbaycanın strateji maraqları da təmin edilsin. Cüzi yanlışlıq ölkəyə müstəqillik bahasına başa gələ bilərdi. Digər yandan, Azərbaycan dünyada investisiyalar üçün çox riskli ölkə kimi tanınırdı. Lakin bu çətinliklərə baxmayaraq, H.Əliyev Azərbaycanın neft strategiyasının əsasını uğurla qura bildi. «Əsrin müqaviləsi» və digər neft-qaz müqavilələri, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi transmilli nəql layihələri sayəsində ölkəyə milyardlarla dollar xarici kapital axmağa başladı.

«Azərbaycan etibarlı tərəfdaş kimi özünü dünya birliyinə təqdim edə bilmişdir. Təbii resurslarımızın işlənilməsi, nəqli, ixracı nəticəsində biz iqtisadi müstəqillik qazana bilmişik. İqtisadi müstəqillik isə dövlət müstəqilliyinin əsasıdır», - deyə prezident İlham Əliyev Ümummilli Liderin 88-ci ildönümünə həsr olunmuş mərasimdəki çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, son 7 ildə Azərbaycanın iqtisadi inkişafı dünyada analoqu olmayan templərlə irəliləyib: «İqtisadiyyatımız təxminən 3 dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik. İqtisadiyyatımız artıq çoxşaxəlidir. Eyni zamanda, enerji siyasətimiz də Heydər Əliyevin qoyduğu neft strategiyası əsasında qurulub. Bu strategiya müasir tələblərə uyğunlaşdırılıb və zənginləşdirilib».

Bu gün Azərbaycan özünü etibarlı tərəfdaş və regionda sabitləşdirici faktor kimi təsdiqləmiş ölkədir. Rəsmi Bakının siyasəti kifayət qədər açıqdır, onun prioritetləri tam aydındır: «Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi».

Bütün bu faktorların sonda müasir Azərbaycanın əsas probleminin həllinə kömək edəcəyinə şübhə yoxdur. Artan iqtisadi qüdrət və beynəlxalq nüfuz Ermənistanın işğal etdiyi ərazilərin boşaldılmasında  əsas  yardımçı amillərdən sayılır. Bu isə Heydər Əliyevin xatirə gününə ən dəyərli töhfə olacaq.

«Heydər Əliyev vaxtında vəzifədə olsaydı, Qarabağ faciəsi və Azərbaycan tarixinin digər dəhşətli məqamları olmazdı. Keçid dövründə ölkələrin başında həvəskarlar və səriştəsiz insanlar deyil, Heydər Əliyev kimi şəxslər durmalıdır», - deyə məşhur qazax yazıçısı və şairi Oljas Süleymanov bildirib. 

Tarix göstərir ki, o yanılmayıb.



MƏSLƏHƏT GÖR:

635