14 Mart 2025

Cümə, 06:16

AZƏRBAYCAN SEVGİSİ AVROPANI FƏTH ETDİ

Müəllif:

15.05.2011

"Komsomolskaya pravda" qəzeti Azərbaycanın nüfuzlu ""Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində qələbə qazanacağını proqnozlaşdıran zaman yarışın finalına hələ 2 həftə var idi. "Növbəti ""Eurovision" Bakıda keçiriləcək?!" başlıqlı məqalədə qəzet proqnoz verməyə çalışmış, bu zaman iştirakçı ölkələrin kliplərinə internetdə baxılma sayını əsas götürmüşdü. Aydın olmuşdu ki, internetdə Azərbaycanın Eldar Qasımov və Nigar Camal duetinin (Ell və Niki) "Running Scared" kompozisiyası daha populyardır.

"Belə qənaətə gəlmək olar ki, müsabiqənin gedişində də avropalı teleaparıcılar ifaçıları, təxminən, belə qiymətləndirəcək. Əlbəttə, müxtəlif sürprizlər, bir-birinə dost ölkələrin "sözləşməsi" mümkündür. Amma ümumi mənzərə olduğu kimi qala bilər",  - deyə qəzet hələ mayın əvvəlində yazırdı.

Musiqi tənqidçiləri və bukmekerlər də kimin qələbə şansının yüksək olduğunu müəyyənləşdirməyə çalışırdı. Amma son zamanlar bukmekerlərin proqnozlarının əksər hallarda yanlış çıxması da sanki ənənə halını alıb.

Yeri gəlmişkən, onların budəfəki proqnozları da səhv çıxdı. Bu il bukmekerlər gənc fransalı tenor Amori Vassilini favorit göstərsələr də, o, sonda yalnız 15-ci pilləni tuta bildi. Azərbaycanın isə ən yaxşı halda 3-cü olacağı proqnozlaşdırılırdı.

"Komsomolskaya pravda"nın proqnozu isə doğruldu. "Eurovision-2011"də qələbəni Azərbaycan qazandı. Skeptiklərin proqnozlarına baxmayaraq, romantik Elya və Niki dueti həqiqətən ən yüksəkdə idi.

Müsabiqənin nəticələrini şərh edən digər Rusiya qəzeti - "Kommersant" yazır ki, Eldar və Nigar duetini yalnız səmimi-qəlbdən alqışlamaq qalır: "Azərbaycana, Rusiya da daxil olmaqla, tarixi yaxın dövlətlərin yüksək xal verdiyi zaman səsvermənin "geosiyasi prinsipləri"ndən danışmaq olardı. Amma İslandiya və San-Marino da Azərbaycana səs verdiyi zaman hər şey tam aydın oldu".

Bununla yanaşı, rəqabətin zəif olduğunu da söyləmək olmaz. Fransa təmsilçisi Amori Vassilinin "Sognu" mahnısı ("Arzulayıram"), Böyük Britaniyanın "Blue" qrupunun I Can ("Mən bacarıram") musiqisi, ötənilki "Eurovision" qalibi olmuş alman Lena Mayerin "Taken By A Stranger" kompozisiyası, rusiyalı Aleksey Vorobyovun "Get You"  mahnısı qələbəyə layiq idi.

Amma Azərbaycanı seçdilər. Avropaya daha çox Eldarla Nigarın sevgi haqda oxuduqları mahnı təsir etdi. Almaniya mətbuatının "Running Scared" mahnısı haqda şərhlərində bildirilir ki, bu lirik mahnıda Şərq həssaslığı və Qərb pop-balladalarının təsiri var.

Yeri gəlmişkən, təcrübə göstərir ki, Avropanı romantik sevgi qədər heç nə fəth etmir. 2009-cu ildəki müsabiqədə ilk yeri tutmuş norveçli Aleksandr Rıbakı xatırlayırıq. Peşəkarlıq baxımından onun ifa etdiyi musiqini musiqi şedevri adlandırmaq mümkün deyildi. O, təmiz sevgi haqda tarix idi.

Bu dəfə 10-cu yeri tutmuş "Eurovision-2010"un qalibi Lena Mayer-Landrut deyir: "Müsabiqəöncəsi Azərbaycanın qalib olacağını proqnozlaşdırırdım. Belə də oldu. Bu əladır!".

Təcrübə göstərir ki, Avropanın əsas musiqi müsabiqəsində qələbə üçün yalnız incəsənət  kifayət etmir. Builki yarışda "Eurovision"un mətbuat mərkəzində çalışan jurnalistlərin əksəriyyəti bildirir ki, Ell və Nikki duetinin qələbəsi daha çox aparılmış düzgün PR-kampaniyanın nəticəsidir.

Simvolik məqamdır ki, nəticələr  açıqlandığı vaxt Azərbaycan komandası, əlində, Azərbaycanla yanaşı, həm də Türkiyə Bayrağını tutmuşdu. Türkiyədə bu, Azərbaycanın jesti kimi qəbul edildi. "Qələbə türklərindir", "Bu bizim qələbəmizdir", "Azərbaycan tərəfindən xoş jest" - bunlar Türkiyə KİV-in Azərbaycanın uğurunu işıqlandırdığı məqalələrin başlıqlarındandır.

"İnanılmazdır, sanki qalib Türkiyədir". Bu, TRT telekanalı aparıcısının canlı yayımda səsləndirdiyi sözlərdir.

Beləliklə, Azərbaycan komandası yalnız ölkəni deyil, bütünlükdə Türk Dünyasını layiqincə təmsil edəcəyinə, növbəti il ""Eurovision"un Azərbaycanda keçiriləcəyinə dair vədinə əməl etdi.

"Eurovision"a ev sahibliyi etmək hüququ istənilən ölkə, həmçinin, Azərbaycan üçün əlamətdar hadisədir. Qonşu Ermənistanla informasiya müharibə şəraitində olan Bakı üçün isə bu, ilk növbədə, təbliğat baxımından vacibdir. Digər tərəfdənsə, Azərbaycan özünün Avropanın mədəni məkanına inteqrasiyanı vacib saydığını nümayiş etdirmək imkanı qazanır. 

Üstəlik, "Eurovision"un təşkili infrastruktura, həmçinin, turizm infrastrukturuna böyük investisiyaların cəlbinə yardım edir.

"Eurovision" müsabiqəsinin icraçı-direktoru Yon Ola Sand bildirib ki, o artıq Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə Bakının "Eurovision-2012"yə ev sahibliyi etmək hüququnu verən sənədi təqdim edib: "Biz Azərbaycanın bu müsabiqəni Bakıda ən yüksək səviyyədə təşkil edəcəyinə əminik".

Əlbəttə, "Eurovision"un icraçı-direktorundakı bu əminlik konkret təcrübədə vəziyyətin real analizinə əsaslanır. Bakı dəfələrlə ən yüksək səviyyəli beynəlxalq mərasimlərə, həmçinin, siyasi, iqtisadi, idman və mədəni tədbirlərə ev sahibliyi edib və təşkilatçılıq bacarıqlarını nümayiş etdirib. Bu baxımdan, 2012-ci ildə Avropanı miqyasına və rəngarəngliyinə görə əvvəlkilərdən heç nə ilə geri qalmayacaq  növbəti şou gözləyir.


MƏSLƏHƏT GÖR:

382