14 Mart 2025

Cümə, 20:57

«QIZIL, GÜMÜŞ və DOĞRULMAYAN ÜMİDLƏR»

Cüdo üzrə yığmamız 5 il əvvəlki uğurunu təkrarladı, lakin məşqçi korpusunu düşündürəcək məqamlar da az deyil

Müəllif:

01.05.2011

Türkiyədəki cüdo üzrə Avropa çempionatında Azərbaycan yığmasının iştirakı 2 medalla yadda qaldı. 2006-cı ildə Finlandiyada keçirilən qitə birinciliyində olduğu kimi, yığma yenə vətənə 1 qızıl və 1 gümüş medalla qayıtdı. Hərçənd, cüdoçularımız nüfuzlu yarışda daha çox medal qazana bilərdilər.  

Baş məşqçi Ağayar Axundzadənin komandasında ən böyük ümidlər Elnur Məmmədli ilə bağlı idi və Pekin Yay Olimpiadasının qalibi ümidləri doğrultdu. Qitə birinciliyində 81 kq.-da çıxış edən Məmmədli bütün rəqiblərinə qalib gələrək finala vəsiqə aldı. Burada onu Moldova təmsilçisi Sergey Toma gözləyirdi. Gənc olmasına baxmayaraq, əzmkar mübarizə ilə yadda qalan moldovalı idmançı sona qədər təslim olmasa da, yekunda Məmmədlinin çempionluğuna mane ola bilmədi. Maraqlıdır ki, Sergey Toma yarışdan əvvəl Elnur Məmmədli haqda xoş sözlər deməklə onu özü üçün cüdoda kumir seçdiyini gizlətməmişdi. Məmmədli də gənc və enerjili həmkarına qalib gəlməklə, bir növ, Avropada lider olduğunu təsdiqlədi. 

Təcrübəli Olimpiya çempionumuz finalda qələbəni əlavə olunan vaxtda qazandı. Sergey Tomanın ani arxayınçılığı idmançımızın diqqətindən yayınmadı. Rəqibin kürəyini yerə sıxmaqla çempionluğu bayram edən Elnur Məmmədli bir daha cüdo üzrə Azərbaycan millisinin lideri olduğunu sübut etdi. Lakin qələbəyə baxmayaraq, Elnurun ideal formada olmadığı hiss edilirdi. Hələ ən yaxşı formasını bərpa etməyən cüdoçu bununla belə, milyonlarla azarkeşinə sevinc bəxş edə bildi. Artıq kifayət qədər təcrübəli və titullu idmançımız dünya cüdosunda ən güclü rəqib kimi qəbul olunur. 

Üstəlik, maraqlı bir faktı yada salmağa dəyər. 2006-cı ildə o vaxt 18 yaşı olan Elnur Məmmədli böyüklər arasında Avropa çempionu olmaqla karyerasında ilkə imza atdı. 2 il sonra isə o, hər bir idmançının arzuladığı Yay Olimpiya Oyunlarının qalibi oldu. Ümid edirik, tarix təkrarlanacaq. Məmmədli Avropanı fəth etdikdən sonra 2-ci dəfə olimp zirvəsinə yüksələcək. Avropa çempionatında qələbəyə görə idmançımızın aktivinə daha 180 lisenziya xalı yazıldı. Hazırda 870 lisenziya xalına malik Elnur Məmmədli dünya reytinqində ilk sıralarda qərarlaşıb.

Yığmamızın heyətində digər medalı Tərlan Kərimov qazandı; 66 kq.-da finala qədər irəliləyən həmyerlimiz həlledici görüşdə əsl xarakter nümayiş etdirdi. Macar Mikloş Unqvariyə uduzmasına baxmayaraq, Kərimov böyük uğurlara olan iddiasını nümayiş etdirdi. Vitse-Avropa çempionu bundan sonra London Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizəni davam etdirməlidir. Onun 66 kq.-da lisenziya qazanacağına ümid etmək olar. 

Ağır çəkidə ölkəmizi təmsil edən Emil Tahirovun (100 + kq) medal qazanmamasına baxmayaraq, xoş sözlərə layiqdi. Onun Avropa çempionatının ilk görüşündə rus Dmitri Sterkova qalib gəlməsi xüsusi qeyd olunmalıdır. Amma növbəti görüşdə Emilin bəxti gətirmədi. Püşk onu 3 qat dünya çempionu Teddi Rinerə rəqib etdi. Cüdoçumuz fransalı rəqibinə qarşı dəqiqəyarım mübarizə apara bildi. Əvvəlki yarışlarla müqayisədə Emil Tahirovun əzmkar mübarizə aparması sevindirici haldır. Gələcəkdə daha yaxşı çıxış edəcəyi halda, cüdoçu millidə ağır çəkilərlə bağlı boşluğu doldura bilər. 

Türkiyədəki Avropa çempionatı Nicat Şıxəlizadənin (60 kq) böyük idmana qayıdışı kimi tarixə düşdü. Dopinqə görə 4 il idmandan ayrı düşən cüdoçumuz bu müddətdə sevimli cüdonu yaddan çıxarmadığını göstərdi. Şıxəlizadə rus Beslan Mudranova qalib gəlsə də, alman Tobias Enqlamayerə uduzmaqla yarışla vidalaşdı. Çempionat ərəfəsində məşqçilər korpusu Nicatın qarşısına böyük hədəflər qoymamışdı. Çünki əsas atletin idmana qayıdışı və özünü yenidən böyük yarışda hiss etməsi idi. Nicatın yığmada yerini qoruması üçün İlqar Müşkiyevlə ciddi rəqabət gözləməsi sirr deyil. Ona görə hələlik onun Londona gedib-getməyəcəyi cavabsız qalır. 

Avropa çempionatı yığmada 73 kq.-da ciddi problemin olduğunu göstərdi. Nə Renat Mirzəliyev, nə də Ramil Qasımov bu çəkidə özünü göstərə bilir. Olimpiya çempionu Elnur Məmmədlinin çəkisini dəyişəndən sonra boş qalan 73 kq hələ də öz layiqli sahibini tapa bilmir. Məşqçilər korpusunu bu problem üzərində ciddi iş gözləyir. 

Qitə birinciliyində Elmar Qasımovun uğursuzluğu üzücü oldu. 100 kq.-da çıxış edən gənclər arasında Avropa çempionumuz böyüklərin yarışında titul üzünə həsrətdi. Püşk Elmara danimarkalı Frederik Yorgensen kimi güclü olmayan rəqib bəxş etmişdi. Amma həmyerlimiz debütdə uduzmaqla çempionatı vaxtından əvvəl tərk etdi. Onun İstanbuldakı məğlubiyyəti həyəcan siqnalı olmadı. Əks halda, Elmarın Olimpiadada iştirakı inandırıcı görünmür. 

90 kq.-da mübarizə aparan Elxan Məmmədovun da Londona yollanacaq heyətdə olması real deyil. Son 3 il ərzində bir qayda olaraq, Avropa çempionatında medal qazanan idmançı bu dəfə ilk görüşdə uduzmaqla məşqçiləri əsəbiləşdirdi. Heç kimin tanımadığı serb Nikole Nikoliçə təslim olan Elxanın əsas problemi mövsüm ərzində mötəbər yarışlarda stabil çıxış etməməsidi. 

Xanım idmançılarımıza gəlincə, Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) medal həsrətinə son qoymadı. Hərçənd, təcrübəli Kifayət, ən azı, bürünc medala ümid edə bilərdi. Lakin təsəlliverici görüşdə məğlubiyyəti onu medalsız qoydu. 

Ümumilikdə, cüdoçularımızın Avropa çempionatında çıxışını müsbət qiymətləndirmək olar. Türkiyədə medal və lisenziya xalı qazanmayan idmançıların hələ bəraət almağa şansı var. Bunun üçün onlar mayın 8-9-da Bakıda Olimpiya lisenziyalı beynəlxalq Avropa turnirində qələbə qazanmalıdılar. Ən böyük yarış isə gələn il Londonda olacaq. Söhbət dördilliyin ən böyük yarışından - Olimpiadadan gedir. 



MƏSLƏHƏT GÖR:

549