14 Mart 2025

Cümə, 21:45

«SƏBİR ETMƏK LAZIMDIR»

Emil Mpenza Belçika-Azərbaycan cavab matçının sonunu necə görür? Belçika yığmasının məşhur oyunçusu öz proqnozlarını bizimlə bölüşdü

Müəllif:

01.05.2011

Azərbaycan klublarının artan maliyyə imkanları son illər məşhur idmançıların yolunu ölkəmizdən salmağa vadar edir. Rasim Kara, Oqtay Dərəlioğlu, Bülənt Qorxmaz və digərləri vaxtilə müxtəlif klublarımızda fəaliyyət göstərib. Cari mövsümün ən məşhur futbol transferi isə Belçika yığmasının futbolçusu Emil Mpenzanın «Neftçi»yə keçidi oldu. Vaxtilə mavi ekranlarda oyununu zövqlə izlədiyimiz futbolçunun indi doğma flaqmanın şərəfini qoruması azarkeşlərə əsl hədiyyə oldu. Belçika yığmasının futbolçusuyla söhbətimiz zamanı «Neftçi»nin premyer-liqada liderliyi, Azərbaycan futbolu və “Avro-2012”nin seçmə mərhələsində keçirilən Belçika-Azərbaycan görüşü haqda suallarımıza cavab aldıq.

- Emil Mpenza kifayət qədər tanınan futbolçudu, «Neftçi»yə keçidin barədə çox düşünmədin ki?

- Düzü, təklif gələndə bir qədər düşünməli oldum. «Neftçi» barədə məlumatım olsa da, Azərbaycan futbolu haqda bilgim az idi. İnternet vasitəsilə məlumat topladım. Digər tərəfdən, «Neftçi»nin rəhbərliyi məndə xoş təəssüratlar oyatdı. O, klubun Avropada uğur qazanmasını arzulayır. Komandanın hər zaman çempionluğa oynaması və Çempionlar Liqasında iştirakının mümkünlüyü qərarımda mühüm rol oynadı. Mənim üçün Azərbaycanda oynamaq təklifi cəlbedici göründü və qərarımdan razıyam.

- Belçikada «Neftçi»yə transferini eşidəndə təəccüblənmədilər?

- Yaxınlarım yaxşı fikirləşməyimi məsləhət görürdü. Çünki hamı Azərbaycanı yaxşı tanımır. Amma mən ölkənizə ilk səfərimdən sonra düzgün qərar qəbul etdiyimi gördüm. Azərbaycanda idmanı sevirlər və idmançılara xüsusi hörmətlə yanaşırlar.

- Artıq bir neçə aydır ki, Bakıda yaşayırsınız. Şəhər haqda fikirlərinizi bilmək maraqlı olardı/...

- Bakı çox gözəldir. Əvvəlcədən belə gözəl şəhərdə qalacağımı bilmirdim. Xüsusilə sahil ətrafında olan yerləri çox bəyənirəm. İnsanlar da xoş və gülərüzlüdü. Paytaxtınızı Avropanın məşhur şəhərləri ilə müqayisə etmək olar. Belçikada Bakının belə gözəl olduğunu bəlkə də bilmirlər.

- Məşhur klubların formasını geyinmisən. Hazırda «Neftçi»də oynamaq çətin deyil ki?..

- Bu komanda artıq mənə doğmalaşıb. «Neftçi»nin qələbəsi üçün əlimdən gələni etməyə hazıram. Hazırda turnir cədvəlində liderik və bütün komandaları qabaqlayırıq. Fikrimcə, sonda çempion olmalıyıq. Çox istərdim ki, Azərbaycanda ilk mövsümdəcə çempionluq sevinci yaşayım.

- Azərbaycan çempionatı haqda nə deyə bilərsən?..

- Ölkənizdə futbola qayğı son illərdə artıb. Hazırda klublarda peşəkar işlər aparılır. İnkişafın nəticələrini görmək üçün vaxta ehtiyac var. Futbolda tez bir zamanda uğur əldə etmək çətindi. Səbirli olmalısınız. Əsas uşaq futboludu. Çempionluq uğrunda 3-4 komandanın mübarizə aparması rəqabətdən xəbər verir. «Xəzər-Lənkəran» və «Qarabağ» kimi klubların güclü olduğunu deməliyəm. Lənkəran komandasıyla oyunumuz həmişə çətin alınır. Çempionatınız Avropanın aparıcı yarışlarından geridə qalsa da, irəliləyiş göz qabağındadır.

- «Neftçi» ilə Azərbaycan çempionu olmaq Emil Mpenza üçün nə dərəcədə vacibdi?

- Çempion olmaq çox vacibdi. «Neftçi» ilə birlikdə çempion olmaq mövsüm ərzində zəhmətimizin bəhrəsini görmək deməkdi. Həm də qələbə sayəsində Çempionlar Liqasında mübarizə aparacağıq. Bu yarış Avropanın ən nüfuzlu klub yarışıdı. Avrokuboklarda da uğur əldə edəcəyimizə inanıram. 

- Sizcə, Azərbaycan futbolunun əsas problemi nədən ibarətdi?

- Qısa zamanda bu barədə danışa bilmərəm. Hələ çox şeyi bilmirəm. Amma bəzi klubların stadionlarının olmaması problemdi. Və təbii ki, azarkeşlərin stadiona gəlməməsi üzücüdü. Futbol azarkeşlərə görə oynanılır. Əgər stadionda fanatlar yoxdursa, futbolçular ruhdan düşür. Ölkənizdə olduğum müddətdə əksər oyunlarda stadionda azsaylı azarkeş görmüşəm.

- “Avro-2012”nin seçmə mərhələsində Belçika-Azərbaycan görüşünü izləmək imkanın oldumu?

- Zədəmlə əlaqədar həmin görüşdə iştirak etmədim. Zədədən təzə sağalmışdım. Formada olmadığımdan, baş məşqçi məni Azərbaycanla oyuna çağırmadı. Belçikanın qalib gələcəyi gözlənilən idi. Komandanız səfərdə açıq futbol oynamağa hələ hazır deyil. Məğlubiyyət sizi üzməli deyil. Yığmanıza vaxt lazımdı.

- Məğlubiyyət zamanı kimi isə fərqləndirmək çətindi. Amma hansı futbolçunun oyununu bəyəndin?

- 1:4 hesablı məğlubiyyətdə Azərbaycan millisində yeganə qolun müəllifi Ruslan Abışovun oyunu xoşuma gəldi. Onunla birlikdə «Neftçi»də oynayırıq. Çox çalışqan və perspektivli futbolçudu. Üzərində işləsə, Avropa klublarından birinə transfer oluna bilər. Fikrimcə, Abışov Belçika çempionatında oynaya biləcək futbolçudu. 

- Belçika və Azərbaycan yığmaları arasında cavab matçı Bakıda olacaq. Həmin görüşdə millimizin şanslarını necə qiymətləndirirsiniz?

- Həmin oyunda mən də iştirak etmək istəyirəm. Əgər oyuna hazır olsam, məşqçi məni yığmaya cəlb edəcək. İnanıram ki, Belçikanın heyətində seçmə mərhələdə Azərbaycana qarşı oynasam, «Neftçi»nin nüfuzu daha da artar. Həm də azarkeşlər məni Bakıda yaxşı qarşılayar. Belçikanın Bakıda asanlıqla qələbə qazanacağına inanmıram. Çünki komandanız doğma meydanda həmişə yaxşı oynayır. Azərbaycan komandası doğma meydanda asanlıqla təslim olmayacaq. Azarkeşləri maraqlı oyun gözləyir.


MƏSLƏHƏT GÖR:

463