13 Mart 2025

Cümə axşamı, 02:47

DİRÇƏLİŞ DÖVRÜ

Azərbaycanın kimya sənayesi öz mövcudluğu tarixində yeni səhifə açıb

Müəllif:

01.05.2011

«Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunun təkmilləşdirilməsi haqqında» 24 yanvar 2003-cü il tarixli fərmana əlavələr və düzəlişlər edilməsi barədə Azərbaycan Prezidenti  İlham Əliyevin 2010-cu il 22 aprel tarixli  fərmanı ilə ARDNŞ-in tərkibində «Azərkimya» İstehsalat Birliyinin (İB) yaradılması barədə qərar qəbul edilib. ARDNŞ prezidenti tərəfindən qəbul edilmiş qərara görə, «Azərkimya» İB-nin tərkibinə səthi aktiv maddələr, orqanik sintez və  mexaniki təmir zavodları, layihə institutu  daxil edilib. Bununla yanaşı, sintetik kauçuk və etilen-polietilen zavodlarının  maddi-texniki bazasının əsasında "Etilen-polietilen" zavodu yaradılıb ki, o da «Azərkimya» İB-nin tərkibində fəaliyyət göstərir.  Beləliklə, demək olar ki, Azərbaycanın kimya sahəsinin tarixində yeni səhifə başlayıb. 

Məharətlə gerçəkləşdirilən yeni neft stategiyası nəticəsində, ölkənin energetika təhlükəsizliyinin təminatında önəmli uğurlar qazanılması, bazar münasibətləri əsasında etibarlı və əlverişli idarəetmə sisteminin yaradılması bu addımın atılmasına səbəb olub. Beynəlxalq təcrübəyə uyğun olaraq neft emalı və neft-kimya sənayesinin effektivliyinin artırılması üçün bu sahədə vahid texnoloji proses üzrə işləyən çağdaş kompleksin təşkil edilməsi lazımi investisiyaların cəlb edilməsi, ekoloji normativlərə əməl edilməsi və hazır məhsulun rəqabət qabiliyyyətinin artırılması baxımından daha geniş imkanlar açacaq. 

Hər kəsə bəllidir ki, son bir neçə ildə ölkənin kimya kompleksi xoşagəlməz tənəzzül dövrü yaşayırdı. Bunun əsas səbəbi isə mənəvi və texniki baxımdan köhnəlmiş müəssisələrin dəyişməkdə olan bazara, onun yeni tələblərinə və iş şərtlərinə uyğunlaşa bilməməsi idi. 

Sahənin investisiya ehtiyacları ilə onun gəlirləri arasında fərq, beynəlxalq standartlar səviyyəsinə gətirmək üçün lazım olan modernləşdirməni gerçəkləşdirmək baxımından, həddindən böyük idi. ARDNŞ  ölkənin kimya sənayesini bu cür ağır vəziyyətdən çıxarmaq qərarına gəldi və qısa müddət ərzində işi tamamilə ələ ala bildi. 

«Azərkimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar BABAYEV kimya sahələrinin bir sıra müəssisələrində  fəaliyyətin  bərpa edilməsi üçün görülən işlərdən danışır. 

-  «Azərkimya» Dövlət Şirkətinin ARDNŞ-in tərkibinə daxil olmasındn sonra ölkənin kimya kompleksində hansı dəyişikliklər baş verib?

- Hazırda ölkənin kimya kompleksində vəziyyət köklü şəkildə dəyişir. Azərbaycan Prezidenti İlham Əliyevin iki şirkətin  birləşdirilməsi barədə  qəbul etdiyi qərar doğru və əsaslıdır. İlk müsbət nəticələri artıq biz bu gün əldə edirik. Sinerji effekti göz qabağındadır. Əməkdaşlıq və istehsalın optimallaşdırılması üzrə variantlar indiyə kimi bu iki müəssisənin ayrılıqda fəaliyyət göstərməsi üzündən tətbiq edilə bilmirdi, amma indi onlar çox işlər görməyə imkan verir. 

Misal üçün, əgər neftayırma zavodundan yalnız birbaşa qovulmuş benzin alırdıqsa və emal üçün o, yeganə məhsul idisə, hazırda bizə  kimyəvi istehsal üçün yüngül qaz benzini, S3-S4 fraksiyaları daxil olub, apreldən isə S1-S2 fraksiyaları əldə ediləcək. 

Birləşmə prosesi həm xammal bazasını genişləndirməyə və artırmağa, həm də infrastrukturu böyütməyə imkan verib. Qısa müddət ərzində 60 km kəmər  çəkilib ki, onun vasitəsilə Heydər Əliyev adına  Bakı Neftayırma Zavodundan quru qaz əldə edilir. Yaxşı nəticələrə nail olunarsa, təchizatın həcminin artırılması nəzərdə tutulur. Layihəyə görə, "Etilen-polietilen" zavoduna bu il, ən azı, 35 min ton quru qaz verilməsi planlaşdırılır. 

İB-yə bu il xammal kimi 200 min ton birbaşa qovulmuş benzin (nafta), ARDNŞ-in qaz emalı zavodundan 26 min ton qaz benzini və 50 min tondan çox S3-S4 fraksiyası veriləcək. 

Bu gün istehsalın optimallaşdırılması yolu ilə biz məhsul buraxılışını artırmağı bacardıq. ARDNŞ-in Sumqayıt üzrə planları yetərincə böyükdür, aşağı təzyiqli polietilen  və polipropilen istehsalının təşkil edilməsi, onların yardımçı qurğularının qurulması üzrə layihəyə baxılır ki, bu da 3 il müddətinə gerçəkləşdirilə bilər. İB-nin müəssisələrində təmir işlərinin aparılması üçün  ARDNŞ hələ ki öz yatırımları və kiçik kredit resursları ilə kifayətlənir. Amma yeni iri qurğuların və zavodların tikintisi zamanı əlavə investisiyalara ehtiyac olacaq. 

- Ölkənin kimya sənayesinin inkişafı üçün ortamüddətli və uzunmüddətli perspektivdə hansı tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur?

- Hazırda ARDNŞ-də «Azərkimya» İB-də infrastruktun genişləndirilməsi və istehsalın artırılması proqramına baxılır. Biz onu iki mərhələyə ayırmışıq: birinci bölmə 2011-2013-cü illəri, ikinci bölmə isə 2013-2015-ci illəri nəzərdə tutur.

Proqramın əsas istiqamətləri sırasına xammal bazasının genişləndirilməsi hesabına emal sahələrinin optimallaşdırılması, istehsal həcminin artırılması, məhsulun çeşidinin genişləndirilməsi  və hazır məhsulun keyfiyyətinin yaxşılaşdırılması daxildir. 

Biz bu il müəssisələrin balansında olan qurğuların tədqiqatına başlamışıq. ARDNŞ Rusiyanın iki layihə institutuna müraciət edib. Onlar daha əvvəl "Etilen-polietilen" zavodunun qurğularının layihələnməsi ilə məşğul olublar. Onlara qurğuların müfəssəl yoxlanılması tapşırılıb. Bu ilin avqust ayına biz nələri dəyişmək, nə miqdarda investisiya yatırmaq barədə məlumata malik olacağıq ki, yaxın perspektivdə prosesi  maksimum səviyyədə optimallaşdıra bilək. 

Tədqiqatların nəticələrinə görə, ilkin mərhələdə polietilen istehsalının ildə 120 min tona bərabər olan layihə gücünə çatdırılması planlaşdırılır. Növbəti mərhələdə bir sıra qurğuların modernləşdirilməsi və polietilen istehsalının 180 min tona çatdırılması nəzərdə tutulur. Polipropilen istehsalı üzrə qurğunun tikintisi istehsal edilən bütün propilen məhsulunun emaldan keçirilməsini və bazarda yetərincə yüksək tələbat olan məhsulun istehsalının təşkilinə imkan verəcək. 

Bu gün ARDNŞ qarşısında artıq yeni məsələ qoyulub - mineral gübrə olan karbamid istehsalı üzrə çağdaş zavodun tikilməsi nəzərdə tutulur. Ümid edirik ki, bu zavod da Sumqayıtda tikiləcək və ARDNŞ artıq bu məsələyə baxmağa başlayıb, ilkin hazırlıq işləri və danışıqlar  aparılır. Bu, ölkəni yüksək keyfiyyətli gübrələrlə təmin etməyə imkan yaradan istehsal sahəsi olacaq. 

- Kimya kompleksində infrastrukturun genişləndirilməsi proqramı çərçivəsində 2011-ci il üçün hansı tədbirlər görülür?

- Müəssisələr 20 ildən artıqdır ki, işləyir, onlar yenidənqurulmaya, əsaslı təmirə, yeni texnologiyalara ehtiyac duyurlar. Son 10-15 ildə kimya sənayesi dünya bazarına doğru çox böyük addım atıb, halbuki «Azərkimya» olaraq biz islahatlara və dəyişikliklərə yalnız indi başlayırıq. 

2011-ci ildə  səthi aktiv maddələr və orqanik sintez zavodlarında cari təmir işləri, həmçinin, «Etilen-polietilen» zavodunda təmir işləri, hazır məhsulun yeni paketləşdirilməsi üzrə yeni sistemin tikintisini planlaşdırırıq. Suyun soyudulması üzrə yeni çağdaş qurğunun, həmçinin, azot-oksigen hasilatı üzrə qurğunun tikintisi işlərinə başlamağı düşünürük. 

Birinci rübün sonuclarına görə, İB istehsal üzrə plan göstəricilərini, təxminən, 5,6% qabaqlayır. Nəzərə alsaq ki, təmir işləri ilə bağlı yayda, təxminən, 1,5-2 ay işlər dayandırılacaq, buraxılmış vaxtın əvəzini istehsalı bərpa etdikdən sonra çıxmalıyıq. 

- «Azərkimya» İB-nin strukturunda neçə müəssisə fəaliyyət göstərir və onlar bu gün nə dərəcədə rentabellidir?

- İB-nin tərkibində 8 müəssisə işləyir. İstehsalın optimallaşdırılması, xərclərin  və itkilərin azaldılması hesabına ilin sonuna rentabelli istehsalata çıxmağa cəhd edirik. 

Yeniləşdirmə və İB-yə daxil olan müəssisələrin yenidənqurulması işləri çərçivəsində nəzərdə tutulan işlərin hesabına qısa müddət ərzində «Azərkimya» bütövlükdə ARDNŞ üçün gəlirli istehsalata çevrilməyi qarşısına məqsəd qoyub. 

- «Azərkimya» ərazisində sənaye şəhərciyinin yaradılması prosesi hansı mərhələdədir?

- Bu çox maraqlı layihədir və İqtisadi İnkişaf Nazirliyi ilə birgə hazırlanır. Layihə kimya kompleksinin ərazisində sənaye şəhərciyinin yaradılmasını nəzərdə tutur, hazırda bu ərazi sovet dövründən qalma köhnə və fəaliyyətsiz qurğulardan təmizlənir. Şəhərcikdə təşkil ediləcək istehsal sahələri, əsasən, sənaye təyinatlı məhsulların buraxılması ilə bağlı olacaq, o cümlədən, «Azərkimya» İB-nin buraxdığı yarımfabrikatların emal yolu ilə bazarda tələb olunan hazır məhsulların istehsalı nəzərdə tutulur. İstehsal sahələriinin özəl biznesin cəlbi yolu ilə təşkili də nəzərdə tutulur. 

Hazırda "Azərkimya"  istehsal edilən məhsulların 92% -ə qədərini ixrac edir. İstisna deyil ki, bu ixracatın bir hissəsi emaldan sonra yenidən hazır məhsul şəklində Azərbaycana gətirilir. Kimya məhsullarının ixracatının coğrafiyası yetərincə  genişdir - Avropa, Türkiyə, Çin və Asiyanın, MDB-nin başqa ölkələri bura daxildir. Biz bir sıra istehsal növlərini burada təşkil etmək, yəni kimya müəssisələrində buraxılan məhsulların hazır məhsula çevrilməsini Azərbaycanda gerçəkləşdirmək imkanına malikik.  Dünyanın bir çox ölkələrində - Almaniyada, Sinqapurda, ərəb ölkələrində, İranda, Türkiyədə, Rusiyada və digərilərində  də artıq bu cür sənaye şəhərcikləri yaradılıb və bu şəhərciklərdə «böyük kimya» müəssisələri ilə bərabər «kiçik kimya» müəssisələri də işləyir. 

Çox önəmli məsələ  yeni texnologiyaların tətbiqi, çağdaş istehsalın təşkili,  həmçinin, əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. İB sənaye şəhərciyində emalın xammalla təmin edilməsi ilə yanaşı, infrastrukturun və kommunikasiyanın şaxələndirilməsini də təmin edə bilər. Gələcəkdə dənizdən alternativ yolla xammal təminatını həyata keçirmək, həmçinin hazır məhsulu ixrac etmək üçün  yeni sahil qurğularının tikintisi planlışdırılır. Körpülərin tikintisi müddəti texnoloji parkın öz işinə başlama vaxtından asılıdır. Hazırda sənaye şəhərciyinin yaradılması üzrə işlər fəal fazaya daxil olub, normativ bazanın hazırlanması işləri görülür, başqa ölkələrdə artıq işə salınmış sənaye şəhərciklərinin təcrübəsi öyrənilir. 

- Sənaye şəhərciyinin ərazisində müəssisələrin yaradılması üçün hansı maliyyə mənbələri nəzərdə tutulur və bu layihə neçəyə başa gələcək?

- Hələ ki, investisiya həcmləri barədə danışmaq çətindir. Sənaye şəhərciklərinin yaradılması zamanı müxtəlif maliyyələşdirmə mənbələri nəzərdə tutula bilər - həm özəl investisiyalardan, həm də dövlət investisiyalarından istifadə edilə bilər. 

Sənaye şəhərciyində emal üçün əlavə xammal bazasının yaradılması məqsədi ilə ARDNŞ öz növbəsində aşağı təzyiqli polietilen, həmçinin, polipropilen istehsalının qurulması hesabına istehsal edilən məhsulun çeşidini artırmağı düşünür. Hazırda qurğuları təchiz edən istehsalçı şirkətlərlə danışıqlar aparılır. Bizim layihələrin maliyyələşdirilməsi zamanı  Azərbaycan Beynəlxalq Bankı ilə yetərincə uğurlu əməkdaşlıq həyata keçiririk. Hazırda bankın kredit xətti $40 mln təşkil edir.  

Sumqayıtda çox böyük imkanlar var; birincisi, kadr potensialı, yaxşı qurulmuş infrastruktur, xammal bazası,  həmçinin, real istifadə edilməli potensial mövcuddur.  Hazırda Sumqayıtda energetika təyinatlı məhsul istehsal edən texnopark fəaliyyət göstərir, bir neçə zavod «Azersun Holding» tərəfindən tikilir və orada da müxtəlif cür məhsullar istehsal olunacaq. 

Ölkə prezidentinin Sumqayıtın Azərbaycanın sənaye mərkəzinə çevrilməsi barədə verdiyi qərar fəal şəkildə həyata keçirilir. 

- Səngəçalda neft-kimya kompleksinin yaradılması üzrə hazırda hansı işlər görülür? ARDNŞ-in 2 aktivinin - Sumqayıtdakı «Azərkimya» müəssisələrinin və Türkiyə kimya kompleksinin idarəedilməsindən hansı sinergetik effekt gözlənilir?

-  Yeni neft emalı və neft-kimya kompleksinin tikinti layihəsinin gerçəkləşdirilməsi ilə ARDNŞ-də bu yaxınlarda yaradılmış departament məşğul olur. Hazırda cəlb edilmiş məsləhətçilər tərəfindən bu layihənin texniki-iqtisadi əsaslandırılmasının işlənməsi aparılır. 

«Azərkimya» və «Petkim» arasındakı korporasiyaya gəldikdə isə burada böyük perspektivlər görünür. Biz «Petkim»lə fəal işləyirik və onlardan çox şey götürməyə çalışırıq. Bu, böyük perspektivlərə malik çağdaş kimya kompleksidir. «Petkim»də gördüyümüz yenilkləri fəal şəkildə təlbiq etməyə çalışırıq və onlara bizim məhsulları Türkiyədə satmaq hüququ vermişik. Bizim məhsulların bir hissəsi «Petkim»də emal edilir və uğurla dünya bazarına çıxarılır. 

ARDNŞ-in planlarına bu kooperasiyanı daha da sıx etmək daxildir. Biz bundan yalnız uda bilərik.


MƏSLƏHƏT GÖR:

584