14 Mart 2025

Cümə, 21:47

ERMƏNİLƏRSİZ ERMƏNİSTAN

Yerevan seçim qarşısında: ya qonşulara qarşı ərazi iddialarından əl çəkməli, ya da səfalət içində yaşamağa davam etməli

Müəllif:

01.05.2011

Ermənistanı müharibənin (Ermənistan-Azərbaycan münaqişəsi - “R+”) başlamasından keçən dövrdə «ən dəhşətli» miqrasiya dalğası gözləyir. Bunu erməni KİV hökumətin apardığı tədqiqatlara istinadən yazır. «Aykakan Jamanak» («Erməni vaxtı») qəzeti yazır ki, hazırkı siyasi vəziyyət dəyişməsə, ilin sonunadək ölkəni daha 300 min insan tərk edəcək. Qəzetin mənbələrinin dediyinə görə, bu 300 min hələ Gürcüstana miqrasiya edən Ermənistan vətəndaşlarına aid deyil - onların əksəriyyəti qonşu ölkədə işləyir, tez-tez vətənə gəlir və geri dönür. Bu səbəbdən, onları Ermənistanda yaşayan vətəndaşlar saymaq olar.

Eyni tədqiqatın nəticələrinə görə, Ermənistanda miqrasiyanın səviyyəsinin yüksəlməsi əhalinin 80%-də sabaha inamın olmaması və məyusluqla əlaqədardır. «Bu prosesi dayandırmaq üçün insanlar yenidən sabaha inanmalıdır. Bu problemi isə yalnız hakimiyyətin dəyişməsi ilə həll etmək mümkündür. Aparılmış tədqiqatın nəticəsi ortatadır: ya hakimiyyət dəyişikliyi, ya da ermənilərsiz Ermənistan», - deyə məqalə müəllifləri yazır.

Təcrübə isə göstərir ki, Ermənistanda yalnız hakimiyyətin dəyişdirilməsi ilə siyasi, iqtisadi və müvafiq olaraq demoqrafik vəziyyəti düzəltmək mümkün olmayacaq. Rəsmi Yerevan, demək olar ki, bütün qonşularına qarşı təcavüzkar siyasətinin əsirinə çevrilib. Məhz bu siyasət Ermənistanın regionda reallaşdırılan miqyaslı layihələrdən kənarda qalmasının səbəbidir. Nəticədə, Ermənistanda əhalinin yaşamaq üçün süründüyü vaxtda onun qonşularında həyat səviyyəsi Avropanın ən inkişaf etmiş dövlətlərindəkindən heç    də  pis deyil.

Amma bu acınacaqlı vəziyyətdən çıxış yolu var. Bunun üçün əsas görülməli olan iş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bunu Yerevan da anlayır. Amma Ermənistanın hakim Qarabağ klanı xalq qarşısında bunu etiraf etməyə özündə güc tapmırsa, eks-prezident Levon Ter-Petrosyanın simasında müxalifət Qarabağ probleminin həllinin, ilk növbədə, Ermənistan üçün həyati əhəmiyyətə malik olduğunu açıq şəkildə dilə gətirir.

Hələ 1997-ci il sentyabrın 26-da Ermənistan prezidenti kimi, L.Ter-Petrosyan keçirdiyi geniş mətbuat konfransında çoxları üçün gözlənilməz bəyanat səsləndirmişdi: «Bu gün bizim rədd etdiklərimizi gələcəkdə özümüz istəyəcəyik. Amma o zaman onu da ala bilməyəcəyik. Realist olmaq və anlamaq lazımdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağdakı vəziyyətlə uzun müddət barışmayacaq. Çünki bu vəziyyət regional əməkdaşlığa, təhlükəsizliyə, Qərbin neft maraqlarına ziddir».

Ən başlıcası, L.Ter-Petrosyan hələ o zaman açıq şəkildə bildirirdi ki, Ermənistan seçim qarşısındadır: ya Qarabağ probleminin həllində kompromis, ya da uzun illər ərzində iqtisadi durğunluq, aşağı yaşayış səviyyəsi: «Ermənistan normal dövlət olmayacaq. Qarabağ problemi çözülmədən, blokada aradan qalxmadan biz yaxşı yaşaya bilməyəcəyik. Ya bu, ya o. Ya bütün dünyaya deməliyik: kənara çəkilin, problemimizi özümüz həll edəcəyik, öz gücümüzə əminik və heç bir güzəştə getməyəcəyik. Amma bu halda heç kəsin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını tələb etməyə haqqı çatmayacaq. Əksinə, yaşayış səviyyəsinin daha da aşağı düşəcəyi fikri ilə barışmaq lazım gələcək. Ya da yaxşı yaşamaq, iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, özümüzdə cəsarət tapmalı, ciddi qarşılıqlı güzəştlərə getməliyik».

O vaxtdan 14 il keçir və həyat göstərir ki, Ermənistan əhalisi ölkənin hazırkı rəhbərliyi tərəfindən devrilmiş L.Ter-Petrosyanın sözünə qulaq asmalı idi. O, bir müddət əvvəl BBC-nin Rusiya xidmətinə verdiyi müsahibəsində də bir daha bu məqama işarə edib.

L.Ter-Petrosyan bildirib ki, o zaman Dağlıq Qarabağ münaqişəsinin həlli planının iflasına «qarabağlılar (Ermənistanın hazırkı rəhbərliyi) səbəb olub. Onlar məsələyə maksimalistcəsinə yanaşıblar, əldə olunanları az hesab ediblər, bir az da sıxaraq, daha çoxuna nail olmağın mümkünlüyünü düşünüblər».

Nəticədə, Qarabağ klanı «bir az da sıxmaq» qərarı ilə nəyə nail oldu? Bu gün danışıqlar masası üzərindəki Madrid prinsiplərinin məğzi elə 1997-ci ildə müzakirə olunan mərhələli həll planından ibarətdir. Yəni beynəlxalq vasitəçilərin təklifləri, demək olar ki, dəyişməz qalıb. Amma regiondakı qüvvələr balansında ciddi dəyişiklik var.

Əgər bu il Ermənistanı bir tikə çörək tapmaq üçün 300 min insan tərk edirsə, Azərbaycana hər il iş dalınca 10 minlərlə əcnəbi gəlir. Yalnız ötən il Azərbaycanda vətəndaşlığı olmayan, təxminən, 10 min əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alıb. Burada söhbət hələ qeyri-leqal çalışanlardan getmir. Rəsmi məlumata görə, hazırda Azərbaycanda 92 ölkənin nümayəndələri işləyir. 

 

Düşündürücü deyil?

Daha bir nümunə: erməni sosioloqların araşdırması göstərib ki, əhalinin, təxminən, 60%-i ölkədəki iqtisadi vəziyyətdən narazıdır. Bunu «Qafqazın tədqiqat resursları mərkəzinin» (CRRC) Ermənistan filialının direktoru Egine Manasyan USAID, CRR və «Avrasiya» fondu tərəfindən aparılmış sorğunun nəticələrini açıqalyan zaman bildirib.

Tədqiqat Ermənistanın bütün əyalətlərində 1549 nəfər arasında təsadüfi qaydada aparılıb. «2008-ci illə müqayisədə iqtisadi durumdan narazı olanlar 16% artıb», - deyə Manasyan bildirib.

Layihə rəhbərinin sözlərinə görə, rəyi soruşulanların 69%-i ən ciddi problem kimi işsizliyi göstərib. Digər probelmlər sırasında inflyasiya, yoxsulluq, gəlirlərin aşağı olması, korrupsiya və emiqrasiya qeyd edilib.

«2010-cu ildə inflyasiya problemi 2009-cu illə müqayisədə, təxminən, 2 dəfə daha çox insanı narahat edir», - deyə “CRRC-Armenia”nın direktoru bildirib.

Bu vəziyyətin tamamilə təbii olduğunu Ermənistanla Azərbaycanın əsas makroiqtisadi göstəricilərinin müqayisə olunduğu diaqramlarımız da aydın şəkildə göstərir. Tədqiqatlarımız göstərir ki, 2000-ci ildə rəsmi məlumata görə, Azərbaycanda ÜDM Ermənistanınkından 2,7 dəfə yüksək idisə, 10 il sonra bu fərq 5,5 dəfəyə çatıb. 

2005-ci ildə Azərbaycan və Ermənistanda adambaşına düşən ÜDM-nin həcminə görə vəziyyət təxminən eyni idi. 2010-cu ildə isə bu göstəricidə Azərbaycan Ermənistanı 2 dəfə üstələyib.

2005-ci ildə Azərbaycanın Dövlət Büdcəsinin gəlirləri Ermənistan büdcəsinin gəlirlərini 2,6 dəfə, 2010-cu ildə isə 7 dəfəyədək üstələyib. Müvafiq olaraq büdcə xərcləri arasındakı fərqə görə də 2005-ci ildə Azərbaycan Ermənistanı 2,5, ötən il isə 6,4 dəfə üstələyib.

Qüvvələr balansını strateji valyuta ehtiyatları arasındakı fərq də açıq-aşkar göstərir. Bu göstəricidə Azərbaycan Ermənistanı 16 dəfə üstələyir.

Azərbaycan və Ermənistanın ÜDM-yə nisbətdə xarici borcunun həcminə də nəzər salmaq yerinə düşər. Azərbaycanda bu, ÜDM-in cəmi 7,42%-ni təşkil edirsə, Ermənistanda 2010-cu ilə xarici borc ÜDM-nin 44%-ni təşkil edir. Kritik sayılan 50%-lik hədd artıq elə də uzaqda deyil.

Xatırladaq ki, 2009-cu ildə Ermənistanın maliyyə naziri Tiqran Davtyan əhalini inandırmağa çalışırdı ki, 2025-ci ilə ölkənin xarici borcunun kritik həddə çatması gözlənilmir. Onun sözlərinə görə, yaxın 10-11 ildə ölkənin xarici borcu ÜDM-nin maksimum 37-38%-dək yüksələ bilər. Yeri gəlmişkən, 2008-ci ildə bu nisbət 13-14% idi.

Lakin keçən dövrdə nazirin proqnozlarının yanlış olduğunun üzə çıxması, mifin dağılması üçün cəmi 2 il kifayət edib.

Bu gün Ermənistanda xarici borcun həcmi kifayət qədər böyükdür. Ölkənin böyük həcmli beynəlxalq kreditlər alması üçün ehtiyatları da qalmayıb. 

Beləliklə, özünü təcrid duruma salmış, qonşularına qarşı ərazi iddiası üzündən regional layihələrdən kənarda qalmış Ermənistan hər şeydən əlavə, həm də xaricdən pul almaq imkanlarını da itirir.

Azərbaycanda isə durum tam fərqlidir. O özü xaricdə reallaşdırılan layihələrə kreditlər ayırır. Buna bariz nümunə kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin inşasına Azərbaycanın güzəştli şərtlərlə kredit ayırmasını göstərmək olar. Bundan başqa, büdcə imkanlarının artması ilə rəsmi Bakı, demək olar ki, həyat fəaliyyətinin bütün sahələrinə dövlət maliyyəsinin həcmini artırır. Digər sahələrlə yanaşı, Azərbaycanın müdafiə xərcləri də artır və bu, əlbəttə ki, Ermənistanın ürəyincə olan məsələ deyil.

Şübhəsiz, Yerevanı narahat edən məqam var - Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Bakı isə işğal altındakı ərazilərini hərbi yolla azad etmək kimi suveren hüququndan imtina etməyib. Bu səbəbdən, Ermənistan və digər ölkələrin ermənipərəst dairələri Azərbaycanın hərbi potensialını gücləndirməsini dünyaya «militarist siyasət» və «silah-sursatla hədələmə» kimi təqdim etməyə salışır.

Amma bir məqama diqqət yetirmək lazımdır ki, müdafiə xərcləri Azərabaycanın dövlət büdcəsinin məsrəfləri arasında yalnız bir istiqamətdir. İqtisadi inkişafın fonunda o, təbii olaraq, bütün digər sahələrlə paralel inkişaf edir. Başqa sözlə, Azərbaycan və Ermənistanın ümumi inkişafındakı fərq hərbi sahəyə də təsirsiz ötüşə bilməzdi və biz də məhz bunu müşahidə edirik.

Beləliklə, Yerevanın hələ Sovet İttifaqının son illərində atdığı bumeranq geri qayıdır və əgər bu, yalnız Ermənistan hakimiyyətinin başında çatlasa, ermənilər şükür etməli olacaq. 



MƏSLƏHƏT GÖR:

573