
AVROPANIN “KÜRƏYİ”ni YERƏ VURDUQ
Güləş üzrə Azərbaycan yığması həm qazandığı medalların sayına, həm də topladığı xallara görə birinci yerə çıxdı
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Almaniyanın Dortmund şəhərində keçirilən güləş üzrə Avropa çempionatı idman tariximizə böyük hərflərlə yazıldı. Ölkədə ən populyar idman növlərindən sayılan güləş növbəti dəfə yüksək səviyyəsini nümayiş etdirməklə zirvəyə yüksəldi. Əvvəlcədən ötən il Bakıda keçirilən qitə birinciliyində əldə etdiyimiz uğurların Almaniyada təkrarlanması çətin görünürdü. Amma güləşçilərimiz nəinki uğurları təkrarladı, hətta nəticələri daha da yaxşılaşdırdı.
Dortmunddakı çempionatda ilk olaraq sərbəst üsulla güləşən pəhləvanlar ümidləri doğrultdular. Yığmanın medal hesabını 96 kq.-da yarışan dünya və Avropa çempionumuz Xetaq Qazyumov açdı. Ardıcıl olaraq ikiqat Avropa çempionu ispaniyalı Eder Villanuevanı, belaruslu İvan Yankovskini, dörddəbir finalda erməni Edqar Yenokyanı, yarımfinalda isə moldovalı Nikolay Çebanı məğlub edən pəhləvan finalda rusiyalı Vladislav Baytsayevdən də güclü oldu. Qazyumov finaldakı rəqibini asanlıqla üstələdi (1:0, 7:0). Bununla 3-cü dəfə Avropa çempionu olan Xetaq Qazyumov karyerasını başa vuran Namiq Abdullayevin rekordunu təzələdi. Böyük ümidlər bəslədiyimiz Mahmud Məhəmmədov 55 kq.-da fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. Yarımfinalda gürcü Vladimir Xinçaqaşviliyə uduzan Məhəmmədov qızıl medaldan əlini üzməli oldu.
Bürünc medal uğrunda görüşdə vitse-dünya çempionu Mahmud Maqomedov Gennadi Tulbeanı (Çernoqoriya) üstələdi. Ötən il Bakıda Avropa çempionu olan Cəbrayıl Həsənov (66 kq) karyerasında 2-ci dəfə qitədə ən güclü olduğunu sübut etdi. O, növbəylə Vladimir Qotsian (Moldova), Pyetro Piçitelli (İtaliya), Qyorqeli Veller (Macarıstan) və Cavd Bolaq (Almaniya) üzərində qələbə qazanaraq finalda mübarizə aparmaq imkanı əldə etdi. Həlledici döyüşdə bolqar Leonid Bazanovdan güclü olan Cəbrayıl titulunu qoruya bildi. Şərif Şərifovla (84 kq) Cəmaləddin Məhəmmədov (120 kq) da çempionatın bürünc medalı ilə kifayətləndi. Komandamızda Aqil Quliyevlə (74 kq) Toğrul Əsgərov (60 kq) medal ümidini doğrultmadı.
Komanda hesabında sərbəst güləşçilər Rusiyanı irəli buraxaraq, 2-ci yeri tutdular. Lakin onların 2 qızıl və 3 bürünc medal qazanmasına rəğmən komandada müəyyən problemlərin olduğu üzə çıxdı. Aqil Quliyevin 74 kq.-da möhkəmlənə bilməməsi, ötən il dünya çempionatında gümüş medal qazanan Toğrul Əsgərovun 60 kq.-da özünü göstərməkdə çətinlik çəkməsi məşqçiləri düşünməyə məcbur edəcək.
Həmişə olduğu kimi, yığmada Xetaq Qazyumova alqış düşür. Liderlik xüsusiyyətlərini özündə cəmləşdirən millinin kapitanı daim üzərində işləməklə nümunəyə çevrilib. Eyni zamanda, gənc Cəmaləddin Məhəmmədovu da qeyd etmək lazımdı. İlk dəfə 120 kq.-da çıxış edən pəhləvanın bürünc medal qazanması ağır çəkidə perspektivini göstərir.
Xanım güləşçilərin çıxışı daha uğurlu oldu. Zarafat deyil, ötən il 2 qızıl qazanan zərif cinsin nümayəndələri Almaniyada 3 dəfə Azərbaycan himninin səslənməsinə nail oldu. Mariya Stadnik (48 kq), Nadejda Semençova (67) və Yuliya Radkeviç (59 kq) qızıl medal qazanmaqla komandamızın uğurlu çıxışında böyük rol oynadı. Azərbaycan güləşi tarixində ilk dəfə qadın pəhləvanlarımız Avropa çempionatında 3 qızıl medal əldə etdi. Olesya Zamula (63 kq) isə bürünc medala layiq görüldü.
Ən yüngül çəkidə Mariya Stadnikin qələbəsini xüsusi qeyd etməliyik. Analıq məzuniyyəti ilə əlaqədar ilyarım idmandan ayrı düşən xanım güləşçimizin qayıdışı möhtəşəm alındı. 2010-cu ildə dünya və Avropa çempionatlarında qələbə qazanan Stadnik Almaniyada karyerasında 3-cü dəfə qitənin ən güclüsü oldu. Bu qələbə ilə Mariya 48 kq.-da rəqib tanımadığını sübut etdi. Doğrudan da ən yüngül çəkidə Mariya bütün rəqiblərindən güclü olduğunu dəfələrlə nümayiş etdirib. Məhz buna görə də London Olimpiya Oyunlarında medal ümidlərimizdən biri Mariya ilə bağlı olacaq.
Nadejda Semençovanın ötənilki uğuru təkrarlaması onun stabil çıxışının göstəricisidi. Yuliya Radkeviç isə Avropa çempionatındakı qızılla yığmada 59 kq.-da yerini möhkəmlətdi. Ötən il Bakıdakı yarışda iştirak etməyən Radkeviç Almaniyada Avropa çempionu oldu. Komanda hesabında xanımlarımız Ukraynadan sonra 2-ci yeri tutdu.
Fərid Mansurovun rəhbərlik etdiyi yunan-Roma güləşçilərimiz Avropa çempionatında 1 qızıl və 4 bürünc medal qazandılar. Yığmada ən böyük nailiyyət Rafiq Hüseynovun adıyla bağlıdı. 74 kq.-da bütün rəqiblərinə qalib gələn Hüseynov ilk dəfə mötəbər yarışın qızıl medalına layiq görüldü. Demək olar ki, Azərbaycan Avropaya yeni çempion bəxş etdi. Hüseynovun üzərində işləməklə daha böyük uğurlara nail olacağına ümid etmək olar. Şalva Qadabadze (96 kq) və gənc Eldəniz Əzizlinin (55 kq) bürünc medalını yüksək qiymətləndirmək lazımdı. Eldənizin karyerasında ilk böyük yarışda iştirakı, Şalvanın isə 96 kq.-a yenicə qədəm qoyması başa düşüləndi. Amma Həsən Əliyevlə (60 kq) Vitali Rəhimovun (66) bürünc medalları azarkeşləri bir qədər təəccübləndirdi. Həsəndən - ötən ilin ən yaxşı idmançısı, dünya və Avropa çempionları olmaqla daha böyük nəticə gözlənilirdi. Vitalinin isə potensialı ondan qızıl medal gözləməyə imkan verir. Hər iki pəhləvan üzərində işləməklə dünya çempionatında lisenziyaya sahib çıxmağa borcludu. Yunan-Roma güləşçilərimiz də komanda hesabında Rusiyadan sonra 2-ci oldu.
Ümumilikdə, Avropa çempionatı güləşimizdə rekord göstərici ilə yadda qaldı. Ötən il Bakıda keçirilən qitə birinciliyində 11 medalla tarix yazan pəhləvanlarımız bu dəfə 14 medala sevindi. Həm medalların sayına, həm də ümumi xalların yekununa görə ölkəmiz (135 xal) birinci yeri tutdu. 6 qızıl, 2 gümüş və 5 bürünc medalla millimizdən 1 xal geri qalan Rusiya ikinci, Ukrayna (98 xal) isə 4 qızıl, 3 gümüş və 3 bürünclə üçüncü oldu. Unutmayaq ki, güləşçilərimizin ən böyük sınağı sentyabrda Türkiyədə keçiriləcək dünya çempionatı olacaq. Lisenziya uğrunda mübarizədə də komandamızdan maksimum nəticə gözləməyə haqqımız çatır.
MƏSLƏHƏT GÖR: