
BERTİ FOQTS GETMƏYƏ HAZIRDIR
Amma döyüşsüz təslim olmaq fikrində deyil. Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi ilə eksklüziv müsahibə
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan idmanında tanınan simalar çoxdur. Lakin hazırda ən məşhur sima, yəqin ki, Berti Foqtsdur. “Avro-2012”nin seçmə mərhələsində Belçikaya 1:4 hesablı məğlubiyyətdən sonra yığmamızın sadiq azərkeşləri və hətta futbolla maraqlanmayan insanlar da alman məşqçinin adını əzbərləməli olub.
Futbolda həmişə belə olur: qalib gələndə komanda qəhrəmana çevrilir, uduzanda isə bütün tənqidlər məşqçiyə ünvanlanır. Belçikaya biabırçı məğlubiyyətdən sonra veteran futbolçular, jurnalistlər və hətta bəzi deputatlar Foqtsu tənqid atəşinə tutdu. Hələ oktyabrda Türkiyə üzərində 1:0 hesablı qələbədən sonra alman məşqçiyə xilaskar gözüylə baxanlar, indi onun istefasını tələb edir. Foqts isə bu ağır məğlubiyyətdən sonra vətəni Almaniyaya üz tutmuşdu. Sonradan isə Bakıya qayıdaraq çempionat oyunlarını izləməyə başladı. Elə onunla görüşümüz də Azərbaycan premyer-liqasının oyunlarının birində baş tutdu. Yəqin, müsahibəyə razılaşanda Berti Foqts suallarımızın nə qədər «acı» olacağını bilmirdi.
- Yəqin, təlim-məşq toplanışı ilə bağlı Bakıya qayıtmalı olmusunuz?
- Aprelin 11-14-nə qədər Bakıda yığmanın təlim-məşq toplanışı keçirilməli idi. Həmin dörd gün ərzində futbolçuların hazırlığıyla tanış olmalıydım. Amma qərara aldıq ki, təlim-məşq təxirə salınsın. Çünki hazırda çempionatda vacib oyunlar keçirilir və belə bir mərhələdə klublara mane olmaq istəmədim. Digər tərəfdən, onsuz da oyunçular tibbi müayinədən keçəcək. Həmin vaxt onların hazırlığı ilə maraqlanmaq imkanı olacaq.
- Artıq Belçikayla oyundan kifayət qədər vaxt keçib. Oyunu analiz edə bilmisinizmi? Yəni, niyə belə alındı?
- Futbolda az səhv buraxan komanda qalib gəlir. Və buna görə də meydana çıxan hər bir komanda daha az səhv buraxmağa çalışır. Şəxsən mən Brüsseldə meydanda mübarizə görmədim. Nə qədər acı olsa da, futbolçuların özünə bənzəmədiyini etiraf etməliyəm. Oyun başdan-ayağa səhvlərdən ibarət idi. Məşqdə xariqələr yaradan futbolçular, Brüsseldə meydanda heç gözə dəymədilər. Doğrudan da, həddən artıq səhvlər buraxdıq. Bu cür səhvlərlə isə oyunda nəyəsə ümid etmək sadəlövhlük olardı.
- Belçikanın güclü komanda olması ilə razılaşırıq. Amma mübarizəsiz məğlubiyyəti anlamaq çətindir. Elə bil, oyunçular hələ meydana çıxmazdan əvvəl məğlubiyyətlə barışmışdı...
- Bilirsiniz, mən heç vaxt mətbuatda futbolçuları müzakirə etməyi sevməmişəm. Amma siz məni məcbur edirsiniz ki, onlardan bəzilərinin adını çəkim. Həmin gün 1-2 futbolçunu çıxmaq şərti ilə, digərləri, sadəcə, səhv buraxmaqla məşğul oldu. Onlar anlamırlar ki, ölkənin əsas komandasında oynamaq şərəfdi. Millidə də belə oyun göstərərlər?!
- «Onlar» dedikdə bütün komanda nəzərdə tutulur. Bəlkə, konkret ad çəkəsiniz?
- Çəkə bilərəm. Məsələn, Mahir Şükürov və Rail Məlikov onlara olan ümidləri doğrultmadılar. Konkret bu futbolçuların adlarını çəkməyim, onların daha təcrübəli olmasıyla bağlıdı. Onların hər ikisi gənclərə nümunə olmalıdır, amma bunun əvəzinə Brüsseldə kobud səhvlərə yol verdilər. Belə çıxır ki, məşqdə heç nə ilə məşğul olmamışıq. Onların meydanda 90 dəqiqə nümayiş etdirdiyinə baxanda soruşa bilərsiniz ki, bəs bu 10 gün nə ilə məşğul idiniz?
- Bəziləri sizi komandanı müdafiə futbolu oynatmaqda günahlandırır. Doğrudanmı, siz komandaya 90 dəqiqə müdafiədə oturmağı tapşırırsınız?
- Belçika ilə oyunda nə müdafiə var idi, nə hücum. Elə bil, Türkiyəni udan bu komanda deyildi. Türkiyə ilə oyunda futbolçuların gözləri parlayırdı, meydanda sona qədər can qoyurdular. Brüsseldə isə bunları görmədim. Mən müdafiəmeyilli futbol oynatmaq istəməmişəm. Əksinə, komandadan imkan daxilində tez-tez hücuma keçmək tələb olunurdu. Sadəcə, Cavadov heç nə edə bilmədi.
- Azərbaycan mediasını izləmək imkanınız olubmu? Futbolçular sizi onları başqa mövqedə oynatmağınızdan şikayətlənib...
- Müsahibə verməkdənsə, qoy futbol oynasınlar. Mövqe ilə bağlı onlardan soruşanda, nədənsə heç nə söyləmədilər. Ona görə, nəsə deməyə çətinlik çəkirəm.
- Hər halda, Azərbaycan mətbuatının yığmanı və şəxsən sizi tənqid atəşinə tutmasından, yəqin ki, xəbəriniz var?
- Məğlubiyyətdən sonra tənqidi normal qəbul edirəm. Rusiya ilə qazandığımız heç-heçə, Türkiyə ilə oyunda əldə etdiyimiz qələbədən sonra ünvanımıza çoxlu sayda xoş sözlər dedilər. İndi isə uduzmuşuqsa, deməli, tənqid olunmalıyıq. Qoy futbolçular buna öyrəşsinlər.
- Amma sizin istefanızı tələb edənlər də var...
- Müqavilə məsələsini AFFA həll edir - unutmayaq ki, yekun qərarı federasiya verir. Amma istənilən halda, əgər getməyimlə hər şey düzələcəksə, onda problem yoxdur - gelə bilərəm.
- Belçika ilə oyunlarından narazı qaldığınız futbolçuları növbəti hazırlığa çağıracaqsınızmı?
- Qazaxıstanla oyuna qədər millinin futbolçuları tibbi müayinədən keçəcək. Yalnız bundan sonra qərarımızı verəcəyik. Yığmanın heyətində dəyişiklik olacağını gözləmək olar - ümidləri doğrultmayanlar millidə olmayacaq. Hələlik, dəqiq olan yalnız budur ki, Mahir Şükürov Qazaxıstan və Almaniya ilə oyunlarda komandada olmayacaq.
- Mahir özü oynamaq istəmir, yoxsa?
- Şükürov mənə yaxınlaşaraq müəyyən müddət onu yığmaya çağırmamağımı xahiş etdi. Bilirsiniz ki, o, hazırda klubsuzdu, Mahaçqalanın «Anci» klubundan ayrılıb. Bakıda «Neftçi» ilə birlikdə məşq etsə də, oyunlarda meydana çıxmır. Əgər praktika yoxdursa, deməli, formasını itirir. Ona görə Mahir yığmaya kömək edə bilməyəcəyini bildirdi. Yaxın 3-4 ay ərzində millidə olmayacaq.
- Necə düşünürsünüz, Qazaxıstanla oyuna qədər komandamızda problemləri yoluna qoymaq mümkün olacaqmı?
- Yığmanın səviyyəsini yüksəltmək üçün vaxt lazımdı. Futbolda 1-2 ay çox az müddətdi. İstənilən halda, AFFA ilə birlikdə komandanın səviyyəsini yüksəltmək üçün səylə çalışırıq. Unutmayaq ki, futbol komanda oyunudur. Və əgər 1-2 futbolçu oynamırsa, yekunda bütün komanda məğlub olur.
Qazaxıstanla oyuna hələ vaxtımız var. Ona görə ümid edirəm, hər şey yaxşı olacaq.
- Yəqin, şübhə etmirsiniz ki, Qazaxıstanla oyunda azarkeşləri yalnız qələbə qane edəcək...
- Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibə gəlincə, Qazaxıstan güclü komandadı. Yadınızdadı, Almaniyanın baş məşqçisi Yoahim Löv onlarla oyundan sonra nə dedi? Löv açıq şəkildə bildirdi ki, «Qazaxıstan Azərbaycandan güclüdür».
- Bununla nə demək istəyirsiniz?
- Əminəm ki, Qazaxıstana Azərbaycanla oyunda çətin olacaq. Odur ki, biz onlarla oyuna yaxşı hazırlaşmalıyıq.
MƏSLƏHƏT GÖR: