Müəllif: Sənan NADİROĞLU Bakı
Gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunları qitədə bir sıra idman növlərinin inkişafına təkan olacaq. Bu mənada oyun proqramına son anda daxil edilən sambonu nümunə göstərmək olar. MDB məkanında çox sevilən sambo ilə artıq bütün dünya ölkələri maraqlanır. Buna görə də Avropa Oyunlarında sambonun təmsil olunması bu idman növünə olan diqqəti artırır.
Qeyd edək ki, sambo dünyanın ən müasir döyüş idman növlərindən biri sayılır. Cüdo, ciu-citsu və güləşin qarışığı olan bu idman, Avropa və Asiyadan çoxlu müxtəlif güləş üsullarını özündə birləşdirməklə dünyada geniş yayılıb. İlkin olaraq, bu idman növü 1920-ci illərdə əsgərlərə əlbəyaxa döyüş təlimləri keçərkən Sovet Ordusu tərəfindən yaradılıb. Hazırda bu idman növü inkişaf etməkdə davam edir və beş qitənin hamısında federasiyası olmaqla, bütün dünyada populyarlığı artır.
Dünya Çempionatı günlərində Beynəlxalq Sambo Federasiyasının Konqresi keçirilib. Tədbirdə çıxış edən təşkilatın rəhbəri Vasili Şestakov sambonun Avropa Oyunlarının siyahısına daxil edildiyini və artıq seçimlərin qaydasının müəyyənləşdiyini bildirib. Şestakov sambonun bütün dünyada tanınması üçün yarışların sayının artırıldığını və bu mənada Avropa Oyunlarının idmanın bu növünün inkişafına kömək olacağını deyib. Yaponiyada keçirilən Dünya Çempionatı indiyə qədər keçirilən mundiallar arasında iştirakçı ölkələrin sayına görə ciddi fərqlənib, medallar uğrunda, ümumilikdə, 82 ölkədən 614 idmançı mübarizə aparıb.
Hər zaman mötəbər yarışlarda parlayan samboçularımız Yaponiyada da uğurlu çıxışla yadda qalıb. Amil Qasımov (74 kq) qızıl, Ağasif Səmədov (52 kq) gümüş, Emil Həsənov (68 kq) isə bürünc medala layiq görülüb.
Alim Qasımovun qələbəsi haqda xüsusi danışmağa ehtiyac var. İlin əvvəlində Avropa Çempionatında qızıl medal qazanan samboçumuz 74 kq-da rəqib tanımadı. Finalda rusiyalı İlya Lebedev üzərində parlaq qələbə qazanan təmsilçimiz əzmkar mübarizəylə yadda qalıb. Bərabər səviyyəli mübarizənin sonuna yaxın Lebedev hesabda üstün olub. Son saniyələrdə hücuma keçən Amil gözəl fəndlə rusiyalı həmkarına qalib gəlib.
52 kq-da mübarizə aparan Ağasif Səmədov çempionluğun bir addımlığında büdrədi. Finalda Gürcüstan idmançısı Gennadi Çirqadzeyə uduzan Məmmədov gümüş medalla kifayətləndi. Xatırladaq ki, mayda hər iki idmançı başqa bir turnirdə üz-üzə gəlib. O yarışda Ağasif qələbə qazanıb.
68 kq çəkidə Emil Həsənov əvvəlcə cibutili Fuad Anass Husseyni, ardından yeni zelandiyalı Aleksandr Bişopu yensə də, 1/4 finalda monqolustanlı Tumurxuleq Davadorja uduzub. Təsəlli qarşılaşmalarında isə Həsənov əvvəlcə argentinalı Fernando Qonsalesi, ardından qırğızıstanlı Eldiyar Ulu Jarkınbayı məğlub edərək, bürünc medala yiyələnib.
Hazırda istirahətdə olan dünya çempionu Amil Qasımov "R+"a açıqlamasında Bakıda keçiriləcək Avropa Oyunlarında qələbə qazanmaq istədiyini deyib: "Bu il mənim üçün uğurlu oldu. Ona görə çox şadam. Yanvardan başlayaraq, məşqləri bərpa edəcək. Bütün komandayla Avropa Oyunlarına hazırlaşacayıq. Məqsədimiz mümkün qədər daha çox medal qazanmaqdır. Bakıda keçirilən hər bir yarış bizim üçün bayramdır. Ona görə nəticə çox əhəmiyyətlidir".
Azərbaycan Sambo Federasiyasının prezidenti, sambo üzrə dəfələrlə dünya və Avropa çempionu olan Ceyhun Məmmədov "R+"a açıqlamasında millimizin çıxışını yüksək qiymətləndirib. Onun sözlərinə görə güclü idmançıların təmsil olunduğu yarışda 3 medal qazanmaq müsbət nəticədir: "Samboçuların çıxışından razıyam. 3 medal layiqli nəticə oldu. Sambo üzrə ilk dəfədir ki, Dünya Çempionatında bu sayda ölkə təmsil olunub. Buna səbəb sambonun artıq bütün dünyada sevilməsidir. İdmançılarımıza gəlincə Alim Qasımovdan qələbə gözləyirdim. Son aylar stabil çıxış edən idmançımız bununla 2014-cü ilin iki böyük yarışında uğur qazandı. İlin əvvəlində Avropa, indi isə dünya çempionu oldu. Ağasif Səmədovun gümüş medalı qızıla bərabərdir. Bütün görüşlərdə yüksək ustalıq nümayiş etdirən 25 yaşlı idmançımız finalda öz səhvinə görə məğlub oldu. Emil Həsənovun bürünc medalı onu növbəti yarışlara daha ciddi hazırlaşmağa məcbur edəcək".
Avropa Oyunları barədə danışan Ceyhun Məmmədov millimizin mötəbər yarışa hazır olduğunu bildirdi: "Sambo Avropa Oyunlarının proqramına daxil edildikdən sonra gənclər arasında seçimlərə başladıq. Bütün yaş qrupları üzrə komandalar nəzarətdədir. Biz yaza qədər yeni komanda formalaşdıracayıq. Avropa Oyunlarında ən güclü idmançılarımız iştirak edəcək. Sambonun mötəbər yarışda təmsil olunması bizim üçün sevindirici oldu. Dünya Çempionatında söhbət etdiyim federasiya rəsmiləri də Bakıya böyük sevgiylə gələcəklərini qeyd etdi. Sambo olimpiadaya daxil olmasa da dünyada böyük nüfuza malikdir. Ona görə Avropa Oyunlarında təmsil olunması təsadüfi deyil".
Qeyd edək ki, Avropa Oyunlarında 30-dan çox ölkənin samboda təmsil olunacağı gözlənilir. Azərbaycan bütün çəki dərəcələrində təmsil olunacaq. Ceyhun Məmmədovun sözlərinə görə Azərbaycan millisi mötəbər yarış ərəfəsində iki dəfə təlim-məşq toplanışına yığışacaq. Yalnız bundan sonra Avropa Oyunlarında iştirak edəcək yığmanın heyəti məlum olacaq.
MƏSLƏHƏT GÖR: