Müəllif: İrina XALTURİNA Bakı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kişilərlə qadınlar arasında bərabərliyin təbiətə zidd olduğuna dair bəyanatı ilə ciddi narazılıqlara yol açıb. Üstəlik, prezident bu bəyanatla haradasa başqa yerdə yox, İstanbulda qadın haqları ilə bağlı keçirilən konfransda çıxış edib.
"Kişilərin və qadınların bədən quruluşları, həyat tərzləri fərqlidir. Hamilə qadın vaxtilə bəzi kommunist ölkələrində olduğu kimi, kişi ilə eyni səviyyədə işləyə bilməz", - deyə Türkiyənin dövlət başçısı qeyd edib.
Ərdoğanın fikrincə, zərif cinsin nümayəndələrinin əsas təyinatı "yer qazmaq" yox, ana olmaqdır. Çünki bu cür kobud iş qadının zərif təbiətinə ziddir. Ərdoğan feministlərin ünvanına da mənfi fikirlər səsləndirib. O, feministləri qadının islam cəmiyyətində ucala biləcəyi ali analıq statusunu dərk etməməkdə günahlandırıb. "Mən anamın ayaqlarından öpərəm. Qadınlara bərabərlik lazım deyil. Onlara kişilərlə eyni səviyyədə hörmət göstərilməlidir", - deyə Ərdoğan bildirib. O, hər bir qadının dünyaya ən azı 3 uşaq gətirməli olduğunu da söyləyib.
Bu çıxışdan dərhal sonra Ərdoğanı seksist ritorikada, Türkiyə cəmiyyətinə islam normaları tətbiq etmək cəhdində, 1923-cü ildə Osmanlı İmperiyasının qalıqları üzərində qurulmuş dünyəvi dövlətin prinsiplərini pozmaqda günahlandırıblar. Türkiyəli vəkil və hüquq müdafiəçisi Guliyə Gülbaharın fikrincə, prezident bu bəyanatı ilə ölkə Konstitusiyasını, həmçinin beynəlxalq hüququn gender bərabərliyilə bağlı müddəasını pozub. "Dövlət məmurlarının dilindən belə bəyanatların səsləndirilməsi kişilərlə qadınlar arasında bərabərliyə etinasızlıq yaradır, qadınlara qarşı zorakılıq hallarının artmasına yol açır", - deyə Gülbahar qeyd edib.
Məlum olduğu kimi, Ərdoğan hələ baş nazir olduğu 2012-ci ildə abortu qətl adlandırmış, eyni zamanda uşaqların dünyaya qeysər əməliyyatı ilə gətirilməsini tənqid etmişdi. Bundan başqa, Türkiyə baş nazirinin müavini Bülənt Arınç bu yaxınlarda qadınların ictimaiyyət arasında gülməsini tənqid etməklə, qadın təşkilatlarının narazılığına səbəb olub. O, qadının ictimaiyyət arasında gülməsinin islam normalarına uyğun olmadığını bildirib.
Ümumdünya İqtisadi Forumunun Gender Bərabərliyi Məcəlləsinə (özündə iqtisadi, siyasi, təhsil meyarlarını əks etdirir) görə Türkiyə 2013-cü ildə 136 ölkə arasında 120-ci yeri tutub. "Human Rights Watch" təşkilatının sentyabrda açıqladığı hesabatda isə bildirilir ki, Türkiyədə qadınlara qarşı zorakılıq hallarına yol verən cinayətkarlar - əsasən kişilər, partnyorlar, keçmiş həyat yoldaşları və ailə üzvləri - əksər hallarda cəzasız qalırlar. Hesabatda deyilir ki, 2012-ci ildə Türkiyə hökuməti qadınların zorakılıq hallarından müdafiəsinə dair qanuna əməl olunmasını təmin edə bilməyib.
Topqapı sarayındakı Sultan hərəmxanası İstanbulda Şərqlə Qərbin tam kəsişməsində yerləşən və insanların ən çox ziyarət etdikləri məkandır. Bəzən qısa şort geymiş, ucadan gülən qərbli turist xanımlar belə, etiraf edirlər ki, onlar orta əsrlər hökmdarına aid bu nəhəng evin qadınlara aid hissəsində dincələrək, həyatın ağır ritmindən uzaqlaşmaq istərdilər. Lakin müasir dünyada belə həyat tərzini təsəvvür etmək mümkün deyil. Çünki Türkiyənin hazırkı lideri ən azı bir məsələdə yanılır - beynəlxalq sənədlərdə əksini tapmış bərabərlikdən fərqli olaraq, hörmətə heç zaman hüquqi baxımdan zəmanət verilə bilməz. Əksər hallarda, həqiqətən də, qadınlardan xeyli güclü və uğurlu olan bütün kişilərin zərif cinsin nümayəndələrinə hörmət edəcəklərini düşünmək xam xəyaldır - kommunizmin ümumi bərabərliklə bağlı təbliğatı kimi. Üstəlik, feminizmin yarandığı, qadın hüquqları uğrunda mübarizənin daha kəskin olduğu ABŞ və Böyük Britaniya kimi ölkələrdə belə, qadınlara qarşı zorakılıq halları qorxulu həddədir. BMT-nin rəsmi məlumatına görə, dünyada qadınların 35%-i məişət zorakılığı ilə üzləşiblər və bu, kifayət qədər böyük rəqəmdir.
Sərt tənqidlərlə üzləşən Ərdoğan yeni bəyanatla çıxış etmək məcburiyyətində qalıb. O, sözlərinin düz anlaşılmadığını bildirib. Prezident deyib ki, o, 40 illik siyasi karyerasında daim qadın haqlarının müdafiəçisi kimi çıxış edib. Ərdoğanın sözlərinə görə, o, əslində, kişilərin və qadınların cəmiyyətdə bərabər olduqlarını, bərabər hüquqlara malik olduqlarını demək istəyib: sadəcə onlar təbiətcə fərqlidirlər və burada söhbət sırf fiziologiyadan gedir. Bu fikirlərə Ərdoğanın opponentləri klassik feminist postulatı ilə cavab veriblər - insanın cəmiyyətdəki rolunun yalnız onun təbii göstəricilərilə müəyyənləşdirmək yolverilməzdir. Çünki tibbi amillərlə əlaqədar ana olması mümkünsüz qadınlar da var və belə çıxır ki, onlar avtomatik olaraq cəmiyyətdən təcrid edilməlidirlər? Yeri gəlmişkən, patriarxal və dini cəmiyyətlərdə dünyaya uşaq gətirmək iqtidarında olmayan analar (hətta günah kişidə olsa belə), həqiqətən də, əksər hallarda gülüş hədəfinə çevrilirlər və bir çox hallarda bu, intiharadək aparıb çıxarır. Bundan başqa, bütün dünyada, təxminən 130 milyon qadın məhz gender amililə bağlı alçaldıcı hallarla üzləşirlər. Bu, onların gələcək həyatını iztiraba çevirir. "Hər halda, qadının uşaq doğmaq bacarığı ilə yanaşı, beyni, mənəvi tələbatları da var", - deyə yaşanan son hadisələrdən hiddətlənmiş bloger "Twitter" mikrobloqunda yazır.
Başqa sözlə, Ərdoğan öz aləmində haqlı olsa da, Qərbin liberal feminist düşüncəsində onun fikirləri aşkar təhqir sayılır. Amma Qərb cəmiyyətlərinin özləri belə, bu dəyərlərə nə qədər sadiqdir? Hər halda, Avropa və ABŞ-ın əksər sakinləri çılpaq qadın bədəninin müxtəlif sosial və mədəni problemlərə diqqətin cəlbi, siyasi hədəflərə çatılması məqsədilə istifadə olunmasına kifayət qədər tolerant yanaşırlar. Hər halda, feminist təşkilatların xüsusi bir etirazı səslənmir. Türkiyə prezidentinin İstanbulda çıxış etdiyi vaxtda Fransada Femen hərəkatının yarımçılpaq fəalı Strasburqda Müqəddəs Məryəm kilsəsinin minbərinə çıxaraq... Roma Papası Fransiskin Avropa Şurası və Avropa Parlamentinə səfərlərinin siyasiləşdirilməsinə etiraz edib. Onun kürəyində "Papa siyasətçi deyil", sinəsində isə "qeyri-dünyəvi Avropa"nı tənqid edən şüarlar yazılmışdı. Bundan bir neçə gün əvvəl isə Fransanın Femen hərəkatının fəalları Vatikanın Müqəddəs Pyotr meydanında etiraz aksiyası keçirmişdilər. Onların etirazı "katolik kilsəsinin Avropanın dünyəvi həyat tərzinə birbaşa müdaxiləsinə" idi. Yarımçılpaq qızlar əllərində xaçla diz çökərək nalayiq jestlər ediblər.
Roma Papası ilə yanaşı, Rusiya prezidenti Vladimir Putin də onların etirazlarının hədəfidir. Bu qızlar indiyədək bir çox aksiyaları ilə diqqət mərkəzinə düşüblər - Kiyevin mərkəzində taxta xaçı kəsməkdən tutmuş, İstanbulda keçirilən bələdiyyə seçkiləri zamanı "Ərdoğanı qadağan etmək tələbi"nə qədər. Onlar bütün siyasi tələblərini yarımçılpaq halda irəli sürürlər. Hərəkat 2008-ci ildə Ukraynada yaranıb, 2012-ci ildə isə fəallara Fransa qucaq açıb. Amma bir sıra ictimai yerlərdə hicabı qanunla qadağan etmiş ölkələrin ictimaiyyətləri nədənsə Femen fəallarının diqqəti çəkmək üçün mübahisəli üsullara əl atmasına heç də hiddətlə yanaşmırlar. Bu ilin fevralında bu hərəkata qarşı katolik assosiasiyaları və sağçı qüvvələr tərəfindən təşkil olunmuş zəif etiraz demək olar ki, heç kəsin diqqətini çəkmədi. Əvəzində Femen fəallarının bütün aksiyaları KİV tərəfindən geninə-boluna işıqlandırılır. Yəni qızlar hər dəfə hədəflərinə bir qədər də yaxınlaşırlar. Bundan başqa, "sekstremist qızlar" öz saytları, sosial şəbəkələrdə səhifələri, hətta onlayn mağazaları var. Onlar faktiki olaraq, yeni fəalların hazırlanması kursları keçirlər.
Yeri gəlmişkən, Rusiyanın da öz Femen hərəkatı var. Hər halda, "Pussy Riot" pank-qrupun üzvləri Mariya Alexina və Nadejda Tolokonnikova ilə bağlı qalmaqalı hamı xatırlayır. Onlar 2012-ci ilin fevralında Xilaskar İsa Məbədində "pank-dua" təşkil etmiş, nəticədə məhkəmə qərarı ilə həbsə atılmışdılar. Bunadək qızlar bir sıra digər aksiyalarla da yadda qalmışdılar. Onların arasında Zoologiya (Darvin) Muzeyində insanları gözləri qarşısında seks səhnəsi də var idi. Üstəlik, bu aksiya zamanı Nadejda Tolokonnikova hamiləliyinin 9-cu ayında idi. Fəallar özlərini "siyasiləşmiş feminizm"in tərəfdarları adlandırırlar. "Amnesty International" isə "Pussy Riot" qrupunun üzvlərini vicdan məhbusu elan etmişdi. Qrup üzvlərinin taleyindən ABŞ Dövlət Departamenti, AŞPA kimi qurumlar, Pol Makkartni, Madonna, Stinq kimi məşhur artistlər də narahatlıqlarını ifadə etmişdilər. Günlərin birində həbsdən azad olan Alexina ilə Tolokonnikova isə "pank"dan "hüquq müdafiəçisi"nə çevriliblər və indi bu statusla bütün dünyanı dolaşırlar.
Yeri gəlmişkən, çılpaq qızlar Roma Papasını qorxuda bilməyiblər və o, Avropa Parlamentində çıxış edib. Papa çıxışında Avropa İttifaqını bürokratizmdə, böyük ideallardan uzaqlaşmaqda, gedonizmdə, iqtisadiyyatdan asılı vəziyyətdə olmaqda günahlandırıb. Roma Papası bildirib ki, indi Avropanın istehlakçı cəmiyyətlərində insanların qayğısına qalmaq yaddan çıxıb. Qadınlara qarşı zorakılığı, cəmiyyətdə və tarixdə onların yerinin aşağılanmasını 21-ci əsrin bəlaları ilə bir sıraya qoymaq olar. Zərif cins nümayəndələrinin cəmiyyətdə rolu həmişə müxtəlif olub və belə də olacaq. Bu, mədəni kontekstdən asılıdır. Lakin qadın haqları beynəlxalq sənədlərdə əksini tapıb və o, mübahisə obyektinə çevrilə bilməz. Etiraz edilməsi mümkün və vacib olan məqam bu haqlara yanaşmada ikili standartlardır. Hər halda, bir gözlə qadınların ictimai yerlərdə gülməsini qadağan etməyə çağıran məmura hiddətlə baxmaq, digər gözlə isə çılpaq qadın döşünün üzərində yazılmış şüara heyran olmaq məntiqli və ədalətli deyil.
Hər halda, Ərdoğanın sözləri diqqətləri növbəti dəfə bu problemə çəkib. Qadınlarla kişilər arasındakı fizioloji fərqdən qaçmaq mümkün deyil - Türkiyə prezidenti bu fikrində milyon dəfə haqlıdır. Çünki kişiyə bənzəyən qadınlar və əksinə, qadına oxşar kişilər insanlığı məhvə aparır. Amma bizi fərqləndirən heç də fiziologiya deyil. Fərqlilik iqtisadi vəziyyətdə, xürafatda, müxtəlif zehni və mənəvi səviyyələrdədir.
MƏSLƏHƏT GÖR: