Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycan hökumətinin uzunmüddətli siyasəti sənayenin daha rəqabətqabiliyyətli sahələrinin inkişafına təkan verilməsi və yerli məhsulların dünya bazarlarında irəliləməsinə yönəlib. Və bu siyasət çərçivəsində səmərəli təşəbbüslərin reallaşdırılmasının mühümlüyü Azərbaycan Prezidenti İlham Əliyevi cari ili - "Sənaye ili" adlandırmağa sövq edib. Tezliklə o, başa çatacaq və artıq söyləmək olar ki, qısa zaman kəsiyində atılan addımlar, heç şübhəsiz, sənaye istehsalının bir çox sahələrinin perspektiv inkişafına gətirib çıxaracaq. Azərbaycanın sənaye strategiyasının aspektləri Bakıda keçirilən "XXI əsrdə sənayeləşmə: təcrübə, müasir yanaşma və sənaye siyasətinin əsas trendləri" beynəlxalq sənaye konfransında müzakirə olunub.
Qeyri-xammal sənayenin təkmilləşdirilməsinin başlanğıcı 1990-cı illərin sonlarında start götürmüş kiçik özəlləşmənin və xüsusən də regionların sosial-iqtisadi inkişafına dair bir sıra dövlət proqramlarının reallaşdırılmasının gedişi zamanı qoyulub. Əlverişli sərmayə mühiti, dinamik inkişaf edən daxili bazarın kifayət qədər yüksək həcmi, həmçinin hökumətin neft hasilatından əldə olunan gəlirlərin qeyri - xammal sahələrinin inkişafının konvertasiyası üzrə səyləri ölkədə idxalı əvəz edən məhsulların sənaye kompleksinin formalaşmasına yardım edib.
Bu əlverişli amillər, ümumilikdə, nisbətən qısa zaman kəsiyində ölkədə 20 mindən artıq yeni müəssisələrin yaradılmasına imkan verib. Tikiş və dəri sənayesi üçün qida sahəsi və xammalın emalı, tikinti materiallarının, mebelin, elektron avadanlığın istehsalı, yük maşınları və kənd təsərrüfatı texnikasının yığılması, gəmiqayırma və neft-kimya, əlvan və qara metallurgiya - bunlar son on ildən bir qədər az müddətdə daha dinamik inkişaf edən istiqamətlərin müxtəsər siyahısıdır.
"Müasir dövlətlərin sənaye siyasətinin əsas özülləri rəqabətqabiliyyətlilik, elmtutumlu istehsal, texnoloji səmərəlilik və ekoloji təhlükəsizlik prinsipləri üzərində qurulur",- deyə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunda deyilir. Çoxsaylı infrastruktur layihələri, iqtisadiyyatın şaxələndirilməsi və makroiqtisadi sabitliyin təmin olunmasına dair səylər, həmçinin özəl sektora və sərmayə fəallığına dövlət dəstəyi, ölkədə müasir sənaye bazasının yaradılması üçün təsirli alətə çevrildi. Hazırkı mərhələdə dövlətin mühüm prioriteti yeni sənayeləşmə siyasətinin gələcək inkişafı və qeyri-neft sektorunun ixracının genişləndirilməsi hesab olunur".
Azərbaycan hökumətinin gələcək perspektiv üçün sənaye siyasətinin mexanizmi və taktikası necədir?
Yaxın on ildə iqtisadiyyatın inkişafının strateji məqsədi ölkənin ÜDM-in 80%-ni təmin edən rəqabətli, yüksək texnoloji qeyri-xammal istehsalının formalaşdırılması ilə qeyd olunub. Bununla yanaşı, ölkənin ümumi ixracının, təxminən, yarısını əlavə dəyər payı yüksək olan məhsul təmin etməlidir. "Azərbaycanda reallaşdırılan yeni sənayeləşmə proqramının əsas aləti müxtəlif profilli texnoparkların, biznes-inkubatorların, sənaye məhəllələrinin formalaşdırılması, habelə innovasiya, elmtutumlu texnologiyaların tətbiqi seçilib", - deyə sənaye konfransının işində iştirak edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
Ötən on il müddətində sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2013-cü ildə 48 faizə yüksəlib. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artıb. Yaxın perspektivdə bu potensialın daha da genişləndirilməsi planlaşdırılıb. Belə ki, yaxın üç ildə Azərbaycanda metallurgiya kompleksi istismara veriləcək. Kompleksə illik polad istehsal gücü, təxminən, 1 mln. ton təşkil edəcək Gəncə və Daşkəsəndə beş zavod nəzərdə tutulub.
Bunun üçün ötən ilin aprel ayında dövlət başçısının sərəncamı ilə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC yaradıldı: bu struktur istehsalın qapalı mərhələsini - dəmir filizinin hasilatı və emalından polad istehsalına qədər təmin edəcək. "Yaxın zamanlarda Azərbaycanda şüşə istehsalı zavodunun tikilməsi işlərinə başlanılacaq. Həmçinin karbamid zavodu və polimer istehsalı zavodunun, Qaradağda regionda ən iri Neft, Qaz Emalı və Neft-Kimya Kompleksinin tikintisi planlaşdırılır", - deyə Ş. Mustafayev qeyd edib. Son zamanlar Azərbaycanda sənaye parkları da fəal inkişaf edir: Sumqayıt və Balaxanı parkı fəaliyyət göstərir, Yüksək Texnologiyalar və Kimya Texnoparkı da yaradılır. Gəncə, Mingəçevir və paytaxtın Qaradağ rayonunda müasir sənaye şəhərciklərinin yaradılması planlaşdırılır".
Azərbaycanın dəfələrlə artan sənaye potensialı və dövlət sənaye siyasətinin səmərəliliyi dəfələrlə beynəlxalq mütəxəssislərin yüksək qiymətlərinə layiq görülüblər".
"Biz inanırıq ki, müasir sənaye yeni texnoloji sıçrayış üçün ilkin şərtlər yaradacaq, ictimaiyyətin dayanıqlı inkişafını təmin edəcək, "Azərbaycan-2020" inkişaf konsepsiyasının reallaşdırılmasına kömək edəcək, ən əsası isə həyat səviyyəsinin yüksəlməsinə və yoxsulluğun azalmasına təkan verəcək", - deyə BMT-nin Sənaye İnkişafı Təşkilatının baş katibi Li Yong (UNIDO) tədbir iştirakçılarına xüsusi videomüraciətində bildirib.
"Son illər Azərbaycan iqtisadiyyatın inkişafında, həmçinin institusional islahatlar və ekologiya üzrə son dərəcə uğurlu tərəqqiyə nail olduğunu qeyd edib", - bunu BMT-nin rezident koordinatoru Antonius Broek deyib. O, qeyd edib ki, Azərbaycan orta gəlirli ölkədən bilik iqtisadiyyatına keçid kimi prioritet istiqamət seçib. "Dünyada elə bir ölkə yoxdur ki, sosial iqtisadi inkişafa kiçik və orta sahibkarlığı, sənayeni inkişaf etdirmədən keçə bilsin. Bu baxımdan, Azərbaycanın kiçik və orta sahibkarlığı inkişaf etdirmək, müasir texnologiyaları tətbiq etmək siyasəti alqışlanmalıdır", - deyə A. Broek bildirib. Broek konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinə dəstək verəcəyinə əminliyini ifadə edib. Konfransın daha bir nəticəsi Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi ilə UNIDO arasında 2014-2018-ci illər üzrə əməkdaşlığın çərçivə proqramının imzalanması olub.
MƏSLƏHƏT GÖR: