
KADRARXASI
"Vertolyot insidenti"nin siyasi fəsadları İrəvanın təsəvvür etdiyindən daha ciddi ola bilər
Müəllif: NURANİ Bakı
Azərbaycanın Ağdam rayonu ərazisindəki cəbhə xəttində noyabrın 12-də baş vermiş "vertolyot insidenti" həm Bakının, həm də İrəvanın diqqət mərkəzində qalmaqda davam edir. Bununla yanaşı, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Mi-24" vertolyotunun vurulması ilə bağlı hadisəyə Ermənistan və Azərbaycandan kənarda diqqət getdikcə azalır. Beynəlxalq qurumlar, ilk növbədə isə ATƏT, onun Minsk Qrupuna həmsədrlik edən ölkələr insidentdən dərhal sonra tərəfləri təmkinli olmağa, münaqişəni mümkün qədər tez zamanda danışıqlar yolu ilə çözməyə çağırmaqla, işlərini bitmiş sayırlar.
Xatırladaq ki, insident ermənilərin işğal altında olan Qarabağda keçirdikləri və Ermənistan KİV-i tərəfindən son dərəcə geniş reklam olunan "Birlik-2014" hərbi təlimləri zamanı baş verib. Təlimlərdə zirehli texnikadan, artilleriyadan və s. istifadə olunurdu. Erməni vertolyotunun cəbhə xətti üzərində uçması da, Azərbaycan mövqelərinə tərəf dönüşlər edilməsi də daha çox vəziyyətin gərginləşdirilməsinə hesablanmış oyunlara bənzəyir. Daha doğrusu, bütün bunlar, sanki, Azərbaycanın bənzər dələduzluğa hansı reaksiyanı göstərəcəyinin sınağı idi. Yəqin ki, İrəvan Azərbaycan tərəfindən bu qədər sərt reaksiya gözləmirdi.
Daha bir maraqlı məqam: beynəlxalq qurumların "ehtiyatlı" və ünvansız bəyanatları Azərbaycan auditoriyasında tamamilə haqlı suallar yaradıb: dünya birliyi nə vaxtadək təcavüzkarla təcavüz qurbanına "eyni yanaşma" ortaya qoyacaq? Üstəlik, indiyədək heç kəs münaqişənin məğzini anlamadan onun həllinə nail olmayıb.
Amma beynəlxalq strukturların bu "ehtiyatlı" bəyanatları İrəvanı da əməlli-başlı məyus edib. Birincisi, münaqişənin ilk illərindən ermənilər ictimai rəydə simpatiyaya vərdiş ediblər və dünya ictimaiyyətinin münaqişə tərəflərinə münasibətinin dəyişəcəyini qətiyyən gözləmirdilər.
İkincisi, Ermənistan "vertolyot insidenti"nə görə məsuliyyəti var qüvvəsilə Azərbaycanın üzərinə qoymağa çalışırdı.
Üçüncüsü, Ermənistan-Azərbaycan münaqişəsi kimi problemlərdə son zamanlaradək yazılmamış bir qayda var idi : növbəti hərbi fəallıqdan zərər çəkən tərəf dünya birliyi tərəfindən şəfqət görürdü.
Bu siyahını uzatmaq da olar. Lakin son insidentdən sonrakı ilk günlərdə meydana fərqli mənzərə çıxdı: Ermənistan vertolyotunu itirsə də, o, antiazərbaycan isteriyası qaldırmağa nail ola bilmədi. Hər halda, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərlə söhbətində ATƏT-in Minsk Qrupundan və digər beynəlxalq qurumlardan incik düşdüklərini son dərəcə emosional şəkildə dilə gətirdi. O, bu qurumların "susqunluğunun cinayətə bərabər olduğunu" bildirdi.
Bütün bunların fonunda əksər ekspertlər hesab edirlər ki, Ermənistan XİN-in növbəti "donos diplomatiya"sına başlaması gözlənilən idi. Bunun səbəbi heç də yalnız İrəvanın məntiqsiz şəkildə Azərbaycana qarşı "diplomatik hücumlar"a nail olacağına inanması deyil. Bu gün Ermənistan XİN-i İrəvanın geniş reklam etdiyi "həlak olmuş hərbçilərin cəsədlərinin götürülməsi məqsədilə keçirilən xüsusi hərbi əməliyyat"la bağlı gözlənilməz "piar effekti"lə üzləşib. Beynəlxalq instansiyalara vertolyotda həlak olmuş hərbçilərin qalıqlarının götürülməsilə bağlı müraciətlər Ermənistan hakimiyyəti deyil, heç kimin tanımadığı Dağlıq Qarabağ separatçıları tərəfindən edildiyindən, İrəvanın əvvəldən bu işin diplomatik yolla çözüləcəyinə inanmadığı aydındır. Onlar, məhz, bu səbəbdən, təxribatçı şoulara əl atıblar.
Azərbaycan tərəfi lap əvvəldən ermənilərin reallıqda heç bir əməliyyat keçirmədiyini, «Mi-24»də həlak olmuş pilotların qalıqlarının yerinə isə Ermənistanın başqa şəraitdə həlak olmuş hərbçilərinin meyitlərini nümayiş etdirəcəyini bildirmişdi. Ermənistan Müdafiə Nazirliyinin guya əməliyyatın keçirildiyini təsdiq edən videogörüntüləri hər kəs tərəfindən saxta görüntülər kimi dəyərləndirilib. Görüntülərdə şübhəyə səbəb olan bir çox məqamlar var. Erməni tərəfi guya hadisə yerindən götürülmüş bir hərbçi cəsədini nümayiş etdirib. Azərbaycan Müdafiə Nazirliyi isə havada vurulmuş və dərhal alışaraq yerə çırpılmış 11 tonluq vertolyotdan cəsədin bu cür tam formada - yanmadan, bədəndə xəsarət izləri olmadan çıxmasının mümkünsüz olduğunu bəyan edib. Tezalışan materialdan tikilmiş paraşütün əla vəziyyətdə qalması isə şübhələri daha da artırıb. Bundan başqa, vertolyotun yerə çırpıldığı 3-4 saniyə ərzində pilotların bu paraşütdən istifadə etmək üçün nəzəri imkanları belə, olmayıb. Bütün bunlardan bir qənaətə gəlinib: "Erməni tərəfinin açıqladığı foto və videomaterialların məhv edilmiş hərbi vertolyota heç bir aidiyyəti yoxdur". "Heyət üzvləri"nin təntənəli dəfn mərasimi də heç kimə inandırıcı gəlməyib.
Ermənistanda isə ölkə XİN-in ünvanına yenidən ittihamlar səsləndirilməyə başlanıb. Nazirlik "vertolyot insidenti"lə bağlı passivlikdə günahlandırılır. İttihamların mahiyyətini Ermənistanın sabiq xarici işlər naziri, ölkə parlamentinin deputatı Aleksandr Arzumanyan açıqlayıb. Onun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi həmişəki kimi, qüsursuz işləsə də, XİN-in addımlarında müəyyən nöqsanlar olub. Doğrudur, deputat XİN-in avqustdakı ilə müqayisədə, bu dəfə daha yaxşı işlədiyini əlavə edib. Lakin onun bu fikirləri nazirliyə qarşı növbəti tənqid dalğasının əsasını qoyub: xarici işlər nazirinə biznes-klass biletindən tutmuş, rusiyapərəst xarici siyasətə qədər, bütün günahlarını xatırladıblar. İrəvanda nəşr olunan "Lragir" qəzeti yazır ki, "son zamanlar xarici ölkələrin Ermənistandakı səfirləri vacib məsələlərlə bağlı XİN-lə deyil, Müdafiə Nazirliyilə əlaqə yaratmağa üstünlük verirlər".
"Joqovurd" qəzetində yer almış yazıda isə deyilir: "Məsələ ondadır ki, ilk növbədə, Ermənistanda, sözün əsl mənasında, Xarici İşlər Nazirliyinin olub-olmadığı müəyyənləşdirilməlidir. Çünki XİN yalnız suveren ölkələrdə olur və bu qurum ölkənin suverenliyinin, beynəlxalq arenada milli maraqlarının qorunması məqsədilə yaradılır. Ermənistanın isə nə suveren xarici siyasəti var, nə də xarici siyasi doktrinası".
Bununla yanaşı, Ermənistan XİN-i Azərbaycanın ünvanına yeni ittihamları davam etdirir. Məsələn, nazir Edvard Nalbandyan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutundakı (Stockholm International Peace Research Institute) çıxışı zamanı deyib: "Azərbaycanın dövlət büdcəsinə neft və qazdan nə qədər çox gəlir gəlirsə, Bakı o qədər çox silah-sursat alır. Ötən onillikdə Azərbaycanın hərbi xərcləri 136 milyon dollardan 3,6 milyard dollara qalxıb. 2014-cü ildə bu xərclərin artımı 25 dəfəyə çatıb. İndi Bakı gələn il hərbi büdcəni daha 27% artıraraq 4,8 milyard dollara çatdıracağı ilə öyünür. Müqayisəyəgəlməz hərbi xərclər və Azərbaycanın durmadan silah-sursat alması regional və beynəlxalq sabitliyə, təhlükəsizliyə ciddi təhdid yaradır".
Azərbaycan XİN-in cavabı özünü çox gözlətməyib. "Yarıtmaz daxili və xarici siyasəti üzündən öz xalqının inamını itirmiş, beynəlxalq arenada qeyri-ciddi, etibarsız ölkə kimi qəbul edilən Ermənistanın siyasi rejimi Edvard Nalbandyanın timsalında yalan və iftiralarla özünə haqq qazandırmağa çalışır", - deyə Azərbaycan XİN-in mətbuat katibi səlahiyyətlərini icra edən Hikmət Hacıyev bildirib: "Regionda sülh və təhlükəsizliyə ən ciddi təhdid Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Ermənistanın hərbi diktatura rejiminin yürütdüyü militarist siyasətdir. Başqa dövlətə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti həyata keçirmiş, bəşəriyyət əleyhinə cinayətlərə yol vermiş, o cümlədən Xocalı soyqırımını törətmiş, dövlət səviyyəsində terror aktları həyata keçirmiş bu dövlətin sülh haqda danışmağa, özünü sivil ölkə adlandırmağa heç bir mənəvi haqqı yoxdur. Ermənistan BMT-nin qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, Azərbaycan ərazilərinin işğalına görə məsuliyyət daşıyır", - deyə XİN rəsmisi qeyd edib. O, bildirib ki, növbəti dəfə vertolyot ritorikası ilə məşğul olan E. Nalbandyan Ermənistan prezidentinin gəncləri gələcəkdə qonşu dövlətlərə qarşı müharibəyə səslədiyini, AŞPA-da Azərbaycanın daha 20% ərazisinin işğalı, Azərbaycanın mülki obyektlərinə qarşı ballistik raketlərdən istifadə haqda bəyanatlarını unudub: "Ermənistanın Xocalı soyqırımını törətmiş hərbi diktatura rejimi əlinə düşən hər imkanda cinayətlər törətmək şansını qaçırmır. Lakin Azərbaycan Silahlı Qüvvələri qarşısında zəifliyini anlayan cinayətkar rejim yalan və iftira ilə məşğul olur. "Xüsusi əməliyyat"ın keçirildiyinə dair təşkil olunmuş tamaşa da Ermənistanın əlacsızlığının göstəricisidir. Bununla, onlar ictimaiyyətin itirilmiş inamını bərpa etməyə çalışırlar. Faciəvi durumu getdikcə dərinləşən Ermənistan məsuliyyətini dərk etməli, yalandan, özünüaldatmadan əl çəkməli, münaqişənin həlli istiqamətində real addımlar atmalıdır", - deyə Azərbaycan XİN-in bəyanatında bildirilir. Lakin son hadisələr Ermənistanın konstruktiv addımlar atmağa hazır olmadığını göstərir.
MƏSLƏHƏT GÖR: