Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Bu günlərdə "FATEH" tikinti-layihə şirkətinin təsisçisinin dəvəti ilə dünyada tanınmış tür-kiyəli memar Murat Tabanlıoğlu Bakıya gəlmişdi. O, səfəri çərçivəsində Azərbaycanın xalq rəssamı Ömər Eldarovla, gələcək memarlarla - Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri ilə görüşüb və öz layihələrinin geniş təqdimatını keçirib. Azərbaycanlı memar, həmçinin, Rəssamlıq Akademiyasının müəllimi Adil Talıbovun sözlərinə görə, bu cür görüşlər böyük maarifləndirici-tərbiyəvi əhəmiyyətə malikdir, bizim gənclərin qonşu ölkələrin mədənyyəti, o cümlədən, şəhərsalma mədəniyyəti ilə tanış olmasında böyük rol oynayır. Murat Tabanlıoğlunun səfər qrafikinin gərgin olmasına baxmayaraq, biz onunla söhbət etməyə macal tapdıq.
- Cənab Tabanlıoğlu, Azərbaycana artıq dəfələrlə gəlmisiniz. Dünyasəviyyəli memarın bizim respublikada, xüsusilə də Bakıda cərəyan edən şəhərsalma meyilləri barədə fikirlərini bilmək istərdik.
- Hələ beş il qabaq mənim Bakıya növbəti səfərim zamanı Azərbaycan paytaxtında həyata keçirilməsi nəzərdə tutulan böyük memarlıq layihələri barədə söhbət gedirdi. Amma onların faktiki gerçəkləşdirilməsi barədə o vaxt danışılmırdı. Ancaq mən bu gün həmin ideyaların gerçəkləşdirilməsinin şahidiyəm. Bunun bariz nümunəsi kimi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzini göstərmək olar, mən oraya baş çəkmişəm və həm gözəlliyinə, həm də bu unikal mərkəzin tikinti miqyasına heyran qalmışam.
Bakıya dünyada tanınmış memarların, o cümlədən, istedadlı Britaniya memarı Zaha Hadidin dəvət edilməsi tək Azərbaycan xalqı üçün deyil, həm də sizin zəngin və qədim tarixə malik paytaxtınızın qonaqları üçün də böyük hadisədir. Bu fakt Azərbaycan prezidentinin, dövlətinin şəhərin mədəniyyət dəyərlərinə diqqətinin, şəhər arxitekturasına qayğı ilə yanaşmasının parlaq sübutudur. Qeyd edək ki, hətta İstanbul kimi parlaq və gözəl meqapolisdə belə, möhtəşəm miqyasda bir dənə də olsun bina yoxdur.
Bu baxımdan, "Park Bulvar" kimi iri ticarət mərkəzlərinin tikintisini də qeyd etmək istərdim ki, onlar da şəhərin inkişafı üçün çox vacibdir. Ən uğurlu qərarlar sırasında Bakıda binaların üzlənməsini də qeyd etmək istərdim ki, bu da şəhərə xüsusi kolorit verir.
Bu zaman Azərbaycanda bu gün gerçəkləşdirilən layihələri iki hissəyə ayırmaq istərdim. Mənim fikrimcə, təəssüf ki, onların heç də hamısı memarlıq baxımından yaxşı deyil. Dünyanın istənilən nöqtəsində rast gəlinən standart layihələr həddindən çoxdur. Bu cür oxşar memarlıq kompleksləri Türkiyədə də, Böyük Britaniyada da, Hollandiyada da, başqa yerlərdə də tikilir.
Düşünürəm ki, irimiqyaslı layihələrə şəhərsalma şablonlarından uzaq dura biləcək peşəkar memarları cəlb etmək lazımdır. Şəhərin ab-havasını hiss etmək lazımdır. Memar şəhərdə bir müddət yaşamalı, sadə insanlarla ünsiyyət qurmalı, küçələrində gəzməlidir. Yeni binalar, şəksiz ki, köhnə tikililərin kopiyası olmalı deyil. Əlbəttə ki, onlar çağdaş olmalıdırlar. Amma "şüşə yekəpərlər" isə artıq yetərincə bezdirici memarlıqdır.
Dünya təcrübəsində tenderlərin keçirilməsinə üstünlük verilir, nəticədə ən maraqlı memarlıq ideyaları seçilir. Bu zaman layihələr yalnız estetik baxımdan deyil, həm də müfəssəl öyrənilir.
- Yaponiyadakı dağıdıcı təkanlar fonunda seysmik təhlükəli zonalarda yüksəkmərtəbəli binaların tikintisinə qadağan qoyulmasının vacibliyindən çox danışılmağa başlanıb. Bu məsələ ilə bağlı sizin fikrinizi öyrənmək istərdik.
- Zəlzələyə davamlılıq məsələsi gerçəkdən də aktualdır, ona həm Türkiyədə, həm də Azərbaycanda xüsusi diqqət yetirirlər. Bu, bütün yeni binaların tikintisində nəzərə alınır. Problem əsasən, 40 il bundan qabaq və daha öncə tikilmiş binalarla bağlıdır. Onların tikintisi zamanı yararlı materialların istifadə edildiyinə zəmanət yoxdur. Bu tikililər potensial təhlükə mənbəyi olublar və belə də qalacaqlar.
Eyni zamanda, hazırda Bakıda tikilən yüksəkmərtəbəli binaların zələzələ baxımından təhlükli olması barədə söylənən fikirlər isə kökündən yalandır. Misal üçün, biz İstanbulda hündürlüyü 230 metrə çatan 60 mərtəbəli bina layihələndirmişik və orada zəlzələyə davamlılıq baxımından maksimum zəmanət vermişik. Bu, hesablama məsələsidir və vacib deyil ki, tikintidə mütləq polad işlədilməlidir, dəmir-beton konstruksiya da işlədilə bilər. Məsələn, Dubayda dünyanın ən yüksək binasının tikintsi zamanı polad istifadə etmədilər və xüsusi keyfiyyətli betona üstünlük verdilər. Qeyd etmək lazımdır ki, bu məsələdə Türkiyə memarları böyük uğurlar qazanıblar. Hazırda onlar dünyanın onlarca ölkəsində, o cümlədən Azərbaycanda da binalar tikirlər.
- Son illərdə Bakı xüsusilə gur inkişaf edir ki, bu da tikintinin xaotikliyi ilə müşaiyət olunur. Şəhərsalmanın inkişafında, sizcə, hansı istiqamətlərə daha çox üstünlük verilməlidir?
- Şəhər planlaşdırılması baxımından Bakı çox gözəl şəhərdir və bu, Qərbin əksər böyük şəhərlərində rastlaşdığımız ciddi nəqliyyat problemlərindən yan durmağa imkan verir. Eyni zamanda, yüksək mərtəbəli binaları məhz harada tikməyin özü də aktualdır.
Misal üçün yenə də İstanbulu göstərmək istəyirəm. Burada şəhər rəhbərliyi yüksəkmərtəbəli binaları müəyyən rayonlarda, məsələn Məsləkdə cəmləşdirməyə üstünlük verib. Bu, meqapolisin mərkəzində tarixi memarlıq koloritini qorumağa imkan verdi.
İnfrastruktur məsələsinə xüsusi diqqət yetərmək lazımdır. Dünyanın bir sıra şəhərlərində yeraltı tunellər sistemi inkişaf edib ki, bu, şəhərin görkəmini pozmadan binaları lazım olan hər şeylə təmin etməyə şərait yaradır. Yəni boru və kabellər tunnellərlə aparılır. Bakıda da bu məsələ müəyyən mənada aktualdır. Razılaşın ki, küçə ilə aparılan qaz kəmərinin görkəmi elə də xoş deyil.
Hələ beş il qabaq Bakıda ən görməli binalar Nobel çağlarında tikilib. Bununla belə, fəal şəkildə binaların xarici fasadlarının yenidən qurulması məsələsi müzakirə edilirdi və indi bu məsələ tam sürəti ilə gerçəkləşdirilir. Amma bərpaçılar sovet dönəminin əhəmiyyətsiz kiçik binalarından yan keçirlər.
Mənə elə gəlir ki, bu, Azərbaycan paytaxtı üçün ən ciddi minusu məhz bu əhəmiyyətsiz tikililər təşkil edirdi, onlar memarlıq ansmblları ilə kəskin təzad təşkil edərək diksindirirdilər.
Əgər Avropa təcrübəsinə baxılsa, görmək olar ki, Qərbdə bu məsələni ilk növbədə həll ediblər. Dövlət belə tikililərin sakinlərinə güzəştli kreditlər verib ki, onlar binalarında yenidənqurma aparsınlar.
Eyni zamanda sakinləri başqa yerlərə köçürmək də, mənim fikrimcə, elə də doğru yanaşma deyil. Onlara evlərini Bakının ruhunda yenidən qurmağa imkan vermək lazımdır. Ümumilikdə, tikinti templəri, əlbəttə ki, heyran qoyur, amma, təəssüf ki, onunla müqayisədə memarlıq problemlərinin həlli xeyli zəif görünür. Bu məsələyə lazımi diqqət yetirilməlidir.
- Yekunda Azərbaycan paytaxtının yaşıllaşdırılması barədə fikirlərinizi bilmək istərdik. Şəhərin "ağ ciyərlərini" necə təmizləmək olar?
- Gerçəkdən, bu gün Bakının yaşıllaşmağa ehtiyacı var. Azərbaycan paytaxtının küçələri həddindən tozludur. Mən eşitmişəm ki, əvvəllər Bakıda bu məsələ elə də aktual olmayıb, yaşıllıq indikindən xeyli çox olub. Bu, doğrudan da Bakı üçün problemdir. Bu problemi müxtəlif yerlərdə müxtəlif cür həll etməyə çalışırlar. Məsələn, elə şəhərlər var ki, qanunla binaların sonuncu mərtəbəsinin üzərində yaşıllıq salınması vacibdir.
- Cənab Tabanlıoğlu, sizə yaradıcılıq uğurları arzulayırıq və ümid edirik ki, yaxın gələcəkdə sizin də maraqlı layihələrinizdən biri bizim şəhəri gözəlləşdirəcək.
MƏSLƏHƏT GÖR: