
«MƏHŞƏR GÜNÜ»nə BƏRABƏR SONLUQ
Avropa İttifaqı sərhədlərinə hücum çəkmiş Şimali Afrika qaçqınlarına ağıllı və təmkinli reaksiya verə biləcəkmi?
Müəllif: Eldar PAŞAYEV Bakı
Aprelin 6-da İtaliyanın Lampeduza adasının sahillərində Afrikadan olan, təxminən, 200 mühaciri gətirən qayıq batıb. Qayıqda olan insanların əksəriyyəti itkin düşüb. Qaranlıq və pis hava şəraitində mühacirlərdən yalnız 48-ni xilas etmək mümkün olub.
Bu, ilk belə hal deyil. İtaliyanın Lampeduza adasının adı dünya xəbərlərində tez-tez hallanır. Bu, Avropanın Afrikaya ən yaxın nöqtəsidir: ada Tunisdən İtaliyaya olan məsafənin, təxminən, ortasında yerləşir.
Artıq uzun illərdir ki, bu kiçik ada Qara qitədən Köhnə dünyaya çağırılmamış qonaqların ilk dayanacaq nöqtəsidir. Artıq sanki bu səfərlərə vərdiş olunub. Amma ərəb dünyasındakı son hadisələr, xüsusilə Tunis və Liviyada, həmçinin, Kot-d'İvuarda baş verənlərlə əlaqədar, Lampeduzaya qaçqın axını nəzərəçarpacaq dərəcədə artıb. Bu, avropalıların həyəcan təbili çalmasına səbəb olub.
Qaçqınlar Lampeduza ilə yanaşı Kanar adalarına, həmçinin, Avropaya yaxın olan digər torpaqlara üz tutur. Onlar üçün ən vacib olanı istənilən yolla Aİ ölkələrindən birinin ərazisinə çatmaqdır. Lakin su ilə final səyahətinə çıxmazdan əvvəl qaçqınlar Afrikanın özündə xeyli əziyyət çəkməli olur - sərhədçilərdən qaçmaq, səhralarda gecələmək, soyğunçulardan xilas olmaq, aclıq və susuzluqla mübarizə və s.
Bütün bunlardan sonra həmin insanlar köhnə, çürük qayığa doluşaraq, açıq dənizə çıxır. Bu, böyük riskdir. Çox zaman bu vasitələrdən ailəlikcə istifadə olunur, bəziləri bunun üçün əlindəki bütün pullarını xərcləyir. Odur ki, belə şəxslərin geriyə yolu qalmır. Onlar özləri də geri dönmək haqda düşünmürlər. Afrikadan olan mühacirlər ya yaxşı həyat şansı qazanmağa, ya da ölməyə hazırdırlar.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyerresin sözlərinə görə, artıq Tunisdən Lampeduzaya üz tutmuş qeyri-leqal mühacirlərin sayı 20 mini ötüb. Digər qiymətləndirməyə görə, belə insanların sayı 22 min və daha artıqdır. İtaliyalı ekspertlər bildirir ki, ümumilikdə, Liviyadan Avropaya 200-300 min qaçqın üz tuta bilər. Bu artıq indidən «Məhşər günü»nə bərabər sonluq adlandırılır. VVS avropalılar üçün daha qorxulu rəqəmlər açıqlayır. Bəzi məlumatlara görə, Liviya-Tunis sərhədində, həmçinin, Tunisin və Liviyanın özündə və digər Məğrib ölkələrində Köhnə dünyaya üz tutmağa hazırlaşan milyonadək insan toplaşıb. Sudan, Nigeriya və digər Afrika ölkələrinin sakinləri də yaranmış şəraitdən istifadə etməyə çalışır. Tunis onlar üçün yalnız ilkin məntəqədir. Yerli sakinlərin sözlərinə görə, bu fakt artıq tunislilərin özlərini də narahat etməyə başlayıb.
RİA «Novosti» “Euractiv” internet-portalına istinadən xəbər verir ki, NATO təyyarələrinin Müəmmar Qəddafinin qüvvələrini bombalaması «böyük süni çay»ın (Great Man Made River - GMMR) infrastrukturunu zədələyərsə, bu, humanitar və ekoloji fəlakətə səbəb ola bilər. GMMR dünyanın ən böyük su nəqliyyatı sistemidir (4 min kilometr). O, Saxara səhrasının mərkəzi hissəsinin kənd təsərrüfatı məhsulları ilə təchizatını təmin edir. Liviyanın şimalındakı sərhədyanı rayonların içməli suya tələbatı da məhz bu yolla ödənilir. Bu, ölkə əhalisinin 70%-dən çoxu deməkdir. Şirin su Saxaranın altında, 600-800 metr dərinlikdəki rezervuarlardan çıxır. Fəlakət baş verərsə, Liviyanın 4,5 milyon sakini içməli sudan məhrum ola bilər.
Yeri gəlmişkən, Müəmmar Qəddafinin oğullarından biri - Seyf əl-İslam Qəddafi Qərb ölkələrinə xəbərdarlıq da edib: «Aralıq dənizində, Siciliyada, Kritdə, Lampeduzada milyonlarla gizli mühacirlə, dəniz quldurları ilə qarşılaşacaqsınız».
Qəddafinin özü isə Fransanın «Journal du Dimanche» nəşrinə müsahibəsində bildirib ki, avropalılar onun rejiminə qarşı hərbi əməliyyatları davam etdirərsə, «Liviyadan minlərlə insan Avropaya üz tutacaq və onların qarşısını heç kəs ala bilməyəcək».
Qərb mətbuatı yazır ki, potensial mühacirlərin bəziləri siyasi qaçqındır və bu halda insan haqları sahəsindəki razılaşmalara əsasən, Avropa onlara sığınacaq verməlidir. İtaliya hökuməti isə yalnız 20 min afrikalı qaçqına müvəqqəti yaşayış imkanı verə biləcəyini söyləyir (qalanlar geri qaytarılacaq). İtaliyanın baş naziri Silvio Berluskoni bildirib ki, «Lampeduzada yalnız lampeduzalılar qalacaq».
İtaliyalıları Tunis və Liviyadan gələn qaçqın axını ilə faktik olaraq, təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmaları qıcıqlandırır. Avropanın sərhəd agentliyi «Frontex» İtaliyanın sorğusu əsasında «Qermes» missiyasına (Aİ-nin 12 ölkəsindən olan 30 ekspertin, həmçinin, bir neçə təyyarə, vertolyot və gəminin iştirakı ilə) başlayıb. Məqsəd İtaliya sərhədlərində qanunsuz miqrasiyaya nəzarətin gücləndirilməsidir.
Brüssel miqrantları digər Avropa ölkələrinə paylaşdırmaq fikrində olmadığını bəyan edib. Roma isə fərqli fikirdədir. Lampeduzaya yerləşmiş qaçqınların İtaliyaya gəlməsinə icazə verilməsi onların Avropanın digər ölkələrinə də getməsinə imkan yaradır. İtaliyalıların «Tunisdən olan qaçqınları turist elan etmək istəyi» ilə isə məsələn, Paris və Berlin qətiyyən razılaşmır.
Digər tərəfdən, İtaliyanın narazılığını da başa düşmək olar. Yəni, yalnız sərhədləri problemli Şimali Afrika dövlətlərinə daha yaxın olduğu üçün, İtaliya ümumi Avropaya ünvanlanmış zərbəni təkmi qarşılamalıdır? Doğrudanmı, uzun-uzadı vahid sərhədlər haqda müzakirələr aparmış avropalılar indi mühacirlərə görə mübahisə edəcək? Belə çıxır ki, hərə öz qeydinə qalmalıdır?
İtaliyanın baş naziri Silvio Berluskoni bu məsələ ilə bağlı narazılığını kifayət qədər sərt şəkildə ifadə edib.
Əvvəllər İtaliya, İspaniya, Fransa, Kipr, Malta və Yunanıstan nümayəndələri 2012-ci ildə vahid fondun yaradılması və bütün Avropa üçün qaçqınların qəbul sisteminin tətbiq olunmasını təklif edirdi. Amma Aİ-nin bir çox ölkələrinin belə səxavətliliyə hazır olmadığı aydındır. Qlobal iqtisadi böhrandan sonra onsuz da qorxuya düşmüş Köhnə dünya çağırılmamış qonaqlardan oddan qorxan kimi qorxur. Aİ-nin bir çox ölkələrində mütəmadi olaraq gah pensiyaların azaldılmasına, maaşların aşağı salınmasına, ya da təhsil haqlarının artırılmasına qarşı etiraz aksiyaları keçirilir. Belə vəziyyətdə yadların ölkəyə axını sərt və çətin qarşılanır. Üstəlik, qaçqınların əksəriyyəti Avropaya siyasi repressiyalardan və ya azadlıq üçün deyil, məhz iş axtardıqları üçün üz tutduğunu etiraf edir. Onların çoxu heç də İtaliyada qalmaq niyyətində deyil. Məsələn, Fransada hazırkı atmosfer növbəti seçkidə, hətta millətçilərin qələbəsinə səbəb ola bilər. Həqiqətən də, onlar indi hələ yaddaşlardan silinməyən 2002-ci illə müqayisədə uğura daha yaxındır. Yeri gəlmişkən, «Milli cəbhə»nin yaradıcısı Jan-Mari Le Penin qızı, avroparlamentari Maril Le Pen artıq reytinqlərdə Nikolya Sarkozini üstələyir. Lampeduzaya baş çəkmiş Marin Le Pen Fransa prezidenti postunu tutmağa iddiasını qətiyyən gizlətmir. Yerli müşahidəçilər Le Penin iddiasına böyük hörmətlə yanaşır, bəziləri isə hesab edir ki, o, Fransada millətçiliyə və bir sıra digər məsələlərə yeni sima gətirə bilər. Le Pen psixologiyanı yaxşı bilir və şübhəsiz, əhalinin nə istədiyini anlayır. Üstəlik, ondan İsveçrə, İsveç, Belçika, Danimarkadakı həmkarları da nümunə götürə bilər//...
İtaliyanın bu məşhur adasına gəlmiş Le Pen bir daha bildirib ki, Avropa afrikalı qaçqınları qəbul edə bilməz. Üstəlik o, Fransa şəhərlərində küçələrdə dua edən müsəlmanları «işğalçılar”la müqayisə də edib.
Bu baxımdan, Avropaya üz tutmuş qaçqın axınının getdikcə dini çalar alması məsələni daha da təhlükəli edən məqamdır.
Getdikcə əksəriyyəti müsəlman olan mühacirlərin Avropa cəmiyyətinin bir hissəsinə çevrilməyəcəyini yumşaq formada olsa da, etiraf etməyə başlayan avropalı siyasətçilərin sayı artır. Üstəlik, belə bir fikir də var ki, məhz islam inteqrasiyanı mümkünsüz edən səbəbdir, guya bu din insan haqlarına, demokratiyanın, Avropa sivilizasiyasının əsaslarına ziddir. Avropada ən çox müsəlman əhalinin yaşadığı Fransada ictimai yerlərdə hicab geyməyə qadağa qoyan qanunun qüvvəyə minməsi ərəfəsində «Dünyəvi Fransada islamın rolu» mövzusunda debat təşkil olunub. Sarkoziyə opponent olan siyasətçilərin fikrincə, bu yolla Fransanın hazırkı prezidenti Le Peni dəstəkləyən radikal əhvallı elektoratın bir hissəsini öz tərəfinə çəkməyə çalışır. «Biz ölkəyə gələnlərin buradakı yerli özünəməxsusluğu nəzərə almadan, milli-dini xüsusiyyətləri yaşatmalarından çox narahatıq», - deyə Fransa prezidenti bildirib.
Xatırladaq ki, bu ilin əvvəlində Münhendə keçirilən illik təhlükəsizlik konfransında Böyük Britaniyanın baş naziri Devid Kemeron onun ölkəsində Qərbi Avropa tolerantlığına əsaslanan multikulturizm siyasətinin faktik olaraq iflasa uğradığını etiraf etmişdi.
İndi Britaniya cəmiyyətində müxtəlif milli icmalar öz müxtəlif həyatlarını yaşayır. Onların yaşamında Britaniya ənənələrinə aid heç nə yoxdur. Lakin rəsmi London hesab edir ki, istənilən halda ölkənin bütün vətəndaşlarının bölüşdüyü dəyərlər olmalıdır. Amma millətçilər baş nazirin bu çıxışında antiislam çalarları da hiss edə bilib.
Kemerondan əvvəl oxşar ruhda çıxışı Almaniya kansleri Angela Merkel də etmişdi. Xristian-Demokrat İttifaqının gənclər təşkilatının Potsdamda keçirilən toplantısında o, mühacirlərdən alman dilini öyrənmələrini, alman ictimaiyyətinə inteqrasiya olunmağa çalışmalarını tələb etmişdi.
Qərb KİV-in yazdığına görə, aparılan sorğular Almaniya, Fransa, Danimarka və digər Avropa ölkələrində əksər insanların islam dininə mənfi münasibətdə olduğunu göstərir. Onlar bu dinin qadınların hüquqlarını pozduğunu, fanatizm və terrorçuluğu təbliğ etdiyini düşünür. Təəssüf ki, Afrikanın müsəlman ölkələrində Avropaya qaçqın axını, güman ki, avropalıların beynində bu fikri daha da dərinləşdirəcək.
Beləliklə, görəsən, Aİ sərhədlərinə hücum etmiş miqrantlara ağıllı və təmkinli cavab verə biləcəkmi? Söhbət milli təhlükəsizlikdən və siyasi karyeradan gedən zaman tolerantlıq və insan haqlarına hörmət prinsipləri dəyişir. Nəhayət, avropalıların düşdüyü vəziyyəti də anlamaq lazımdır. İstənilən tunisli qaçqının ayrılıqda götürülən taleyi, yəqin ki, böyük faciədir, ona təəssüflənməyə, yardım etməyə ehtiyac var. Amma ümumilikdə, immiqrantlar çətin idarə olunan qüvvədir. İstənilən italiyalı fəhlənin və ya fransalı fermerin onları təhlükə saymaq haqqı var...
MƏSLƏHƏT GÖR: