25 Noyabr 2024

Bazar ertəsi, 21:51

UŞAQ BAĞÇASINDAN PENSİYAYADƏK SOSİAL ƏDALƏT

Müəllif:

15.04.2011

Azərbaycan artıq birinci il deyil ki, iqtisadi siyasətinin sosial istiqamətli olduğunu bəyan edir. Lakin bu ilin əvvəlindən ölkənin valyuta ehtiyatlarının artması, dünya iqtisadiyyatındakı böhran tendensiyalarının vəziyyətə təsir risklərinin azalması fonunda görülən tədbirlər daha geniş və konkret xarakter alıb. Görünür, dövlət məhz bu il sosial ədalətsizliyə dair bir sıra ciddi problemləri arxivə göndərməkdə israrlıdır. Nazirlər Kabinetinin 2011-ci ilin ilk rübünün sosial-iqtisadi yekunlarına dair iclasında Prezident İlham Əliyev əhali üçün çox vacib olan bir sıra məsələlərlə bağlı konkret tapşırıqlar verib.

Artıq qeyd olunduğu kimi, Azərbaycanın artan maliyyə imkanları dövlətə və hökumətə həllinə xeyli vəsait tələb olunan problemlərin uğurlu çözümünə real imkanlar  yaradır. Qeyd edək ki, 2011-ci ilin ilk 3 ayının yekunlarına görə, ölkənin valyuta ehtiyatları 34,2 milyard dollar təşkil edir və bu göstərici gündən-günə artır. Prezidentin qeyd etdiyi kimi, hazırda Azərbaycanda neft hasilatı, demək olar ki, ən yüksək həddə çatıb və bu səviyyədə qalacaq. "Qaz hasilatına gəlincə, növbəti illərdə bu sahəyə qoyulan investisiyalar hesabına ölkədə qaz istehsalının həcmi artmalıdır", - deyə o bildirib. İstənilən halda, iqtisadiyyatın sabit artımı (1,6%) təmin olunub. Axı qeyri-neft sektoru inkişafdadır və hazırda o, 5,6% artıb. Üstəlik bu, son rəqəm deyil.

Bu baxımdan, dövlət başçısının hökumət qarşısına qoyduğu məsələlərdən birincisi monopoliya ilə mübarizənin gücləndirilməsi olub. "Biz kiçik və orta sahbikarlığın inkişafında, nəhəng şirkətlərimizin olmasında, onların güclənməsində maraqlıyıq. Amma eyni zamanda, bu nəhəng şirkətlər istər-istəməz monopolistə çevrilir, bəzən isə öz maraqlarını təmin etmək üçün qəbuledilməz addımlar atır", - deyə İ.Əliyev bildirib.

İkinci vəzifə elə birinci məsələdən meydana çıxır: korrupsiya ilə rüşvətxorluqla mübarizənin gücləndirilməsi. 

Prezident bildirib ki, bu mübarizə genişmiqyaslı və hərtərəfli olmalı, inzibati tədbirlər, cəza tədbirləri və ictimai nəzarət gücləndirilməlidir.

Hökumət qarşısında qoyulmuş daha bir vəzifə işsizliyin aradan qaldırılması olub. Bununla əlaqədar olaraq, dövlət başçısı Azərbaycana gələn əmək miqrantlarının artması fonunda daxili əmək resurslarının qorunub-saxlanmasını tapşırıb: "Baxmayaraq ki, son illər Azərbaycanda, təxminən, 1 milyon iş yeri yaradılıb və onların əksəriyyəti daimi iş yerləridir, işsizlik problemi hələ də mövcuddur. Biz elə etməliyik ki, ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin olunsun".

Ənənəvi olaraq, dövlət başçısının tapşırıqlarında infrastruktur məsələləri də yer alıb. Son toplantıda İ.Əliyev qəzalı şəraitdə olan bütün məktəb binalarının bərpasına, yeni uşaq bağçalarının tikintisinə, kənd və qəsəbə yollarının təmirinə də tapşırıq verib.

Bu məsələlər arasında uşaq bağçaları ilə bağlı məqamın müəyyən qədər yenilik olduğunu qeyd etmək lazımdır. Özəlləşdirilmədən sonra onların əksəriyyətinin fəaliyyətini dayandırması, ölkədə məktəbəqədər təhsil ocaqlarının açıq-aşkar çatışmaması dəfələrlə yazılıb və deyilib. Yaşı 3-6 arasında olan uşaqlar üçün normal qiymətə bağçalar çox deyil. 1-2 yaşlı uşaqlar üçün belə bağçaları isə barmaqla saymaq olar. Amma görünür, nə qədər deyilsə və yazılsa da, hökumət bu məsələnin həlli yolu haqda yekun qərara gələ bilmirdi. Nəticədə, bu problemin aradan qaldırılması üçün rasional təklif prezidentin dilindən səsləndirildi: "Hesab etmirəm ki, özəlləşdirmənin nəticələrinə yenidən baxılmalıdır. Onsuz da hamı bilir ki, Azərbaycan vədinə sadiq dövlətdir. Həm daxili, həm də xarici investisiyalar dövlət tərəfindən qorunur. Bu siyasət bundan sonra da davam etdiriləcək. Ona görə bizim bircə yolumuz qalır ki, yerlər müəyyən edilsin və biz uşaq bağçalarının tikintisinə geniş şəkildə başlaya bilək. Odur ki, bu göstərişi də verirəm, büdcəyə əlavələrdə bu məsələ mütləq öz həllini tapmalıdır. Bu il növbəti illərdə uşaq bağçalarının tikintisi proqramı icra edilməlidir".

Prezident yaşlı sakinləri də yaddan çıxarmayıb - 2006-cı ilədək pensiyaya çıxmış insanlar pensiyalarının artırılmasını çoxdan gözləyirdilər. Dövlət başçısı bildirib ki, bu sahədə də qeyri-müəyyənlik var: 2006-cı ildən sonra yeni qaydalar qəbul olunub və bu qaydaların tətbiqindən sonra pensiyaya çıxmış şəxslər daha çox pensiya alır.

Qeyd edək ki, ölkədə, təxminən, 1 milyon 300 min pensiyaçı var. Onlardan 900 mini pensiyaya 2006-cı ilədək olan dövrdə çıxanlardır. Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun sözlərinə görə, 2011-ci ilin ilk rübünün sonuna əmək pensiyalarının orta aylıq məbləği 114 mindir. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur.

Göründüyü kimi, prezidentin sosialyönümlü göstərişləri, demək olar ki, bütün əhali kateqoriyalarını əhatə edib. Ölkə başçısı həmçinin büdcənin dürüstləşdirilməsi zamanı əmək haqqı və sosial ödənişlərə yenidən baxılmasını da tapşırıb.   

Qeyd olunan müsbət qərarların əhalinin rifahı və ümumilikdə cəmiyyətin əhvalına müsbət təsirilə yanaşı, bazara əlavə pul kütləsinin daxil olmasının istehlak bazarındakı qiymətlərə mənfi təsir göstərə biləcəyindən narahatlıq da var. Bu ilin ilk rübündə Azərbaycanda inflyasiyanın 9,1% artmasından dövlət başçısı da narahatlığını ifadə edib: "Həm dünyada gedən proseslər, neftin bahalaşması, həm də ölkədə əməkhaqqı və pensiyaların gözlənilən artımı istər-istəməz inflyasiya risqini də artıracaq. Çalışmalıyıq ki, 2011-ci ildə inflyasiya birrəqəmli olsun. Bütün antiinflyasiya tədbirləri daha fəal və məqsədyönlü olmalıdır".

Beləliklə, dövlət başçısı bir daha hökumət qarşısında qoyduğu vəzifənin nədən ibarət olduğunu göstərdi: əhalinin sosial baxımdan ən az müdafiə olunan təbəqəsinin rifahının real şəkildə yaxşılaşdırılmasına nail olmaq, yoxsulluğu aradan qaldırmaq. 

Hökumətin isə bu vəzifənin öhdəsindən gəlməsi üçün bütün imkanları var.


MƏSLƏHƏT GÖR:

547