«YENI AĞASI DAHA GÜCLÜ OLACAQ»
Boks üzrə dünya çempionu olan yeganə azərbaycanlı ağası məmmədov rinqə qayıtmaq planlarını «R+”la bölüşdü
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Boks Azərbaycanda çox populyar idman növüdür. Bunun başlıca səbəblərindən biri boksçularımızın mötəbər yarışlarda, xüsusilə Yay Olimpiya Oyunlarında daim medal qazanmasıdır.
Haqqında söhbət açacağımız idmançı boks üzrə dünya çempionu olan yeganə azərbaycanlıdır. Lakin iş elə gətirib ki, Afina Olimpiadasında bürünc medal qazandıqdan sonra, Ağası Məmmədov sevimli peşəsi ilə vidalaşmağa məcbur olub. Ağır yol qəzası nəticəsində onun nəinki karyerası, hətta həyatı da təhlükədə idi. Bu səbəbdən də Ağası boksçu karyerasını erkən başa vurmalı oldu. Bu yaxınlarda isə dünya çempionumuzla bağlı sensasiya sayıla biləcək bir xəbər aldıq - Ağası Məmmədov yenidən rinqə qayıdır! Bu necə mümkün oldu, yenidən yığmaya qayıtmaq arzusu nədən qaynaqlandı, ağır qəza keçirən idmançımız uzunmüddətli fasilədən sonra əvvəlki şöhrətini qaytara biləcəkmi? Bütün bu suallarımızı Ağası Məmmədov özü cavablandırdı.
- Böyük idmana qayıtmağın münasibətilə səni təbrik edirik. Doğrusu, bu qərar bir az gözlənilməz oldu.
- Uzun müddət bu barədə fikirləşirdim. Hələ rinqdə mübarizə aparmağa gücümün olduğunu hiss edərək idmana qayıtdım. Artıq 6 aydır məşqlərə qoşulmuşam. Əslində, bu xəbəri sirr saxlayırdım. Əgər siz xəbər tutmusunuzsa, deməli, sirr saxlamağı bacarmıram (gülür). Əvvəlki illərdən fərqli olaraq, 60 kq.-da çıxış etməyi planlaşdırıram.
- Rinqə qayıdışın nə vaxt baş tutacaq?
- Hazırda verdiyim normativlər məni sevindirir. Hiss edirəm, istədiyim kimi mübarizə apara biləcəyəm. Yaya qədər boksa qayıdışım baş tutmalıdır. İnşallah, uğurlu olar.
- Yəni doğrudan da əvvəlki Ağasını rinqdə görə biləcəyik?
- Əvvəlki Ağasını bir daha görməyəcəksiniz. Yeni Ağası ondan güclü olacaq. İdman inkişaf edirsə deməli rəqiblər də güclənir. Ona görə daha yaxşı formada olmalıyam.
- Uzun müddət idmandan kənarda olandan sonra yenidən boks əlcəklərini geyinmək nə qədər çətindi?
- Hər şey insanın özündən asılıdır. Əgər qarşına məqsəd qoyursansa, ona çatmalısan. Mayda Bakıda boks üzrə turnir olacaq. Orada iştirak etmək istəyirəm. Özümü göstərməklə milliyə qayıda bilərəm.
- Dedin ki, idman inkişaf edir və rəqabət artır. Azərbaycan boksunun hazırkı vəziyyətini necə qiymətləndirirsən?
- Yığmamız yenidən yaradılır. Hazırda milli barədə danışmağım düz çıxmaz. Son illər yığmamız bizi çox sevindirmədi. Amma əminəm ki, yaxın gələcəkdə hər şey düzələcək. Ölkəmizdə kifayət qədər səviyyəli boksçu var. Sadəcə, bəzilərinin titulu yoxdur. İdmançının ad-sanı olmayanda isə ona inam azalır.
- Sentyabrda Bakıda lisenziya xarakterli dünya çempionatı olacaq. Federasiya komandanın qarşısına maksimum yəni 10 lisenziya qazanmağı başlıca məqsəd qoyub. Səncə, bu realdı?
- Hər şey öz əlimizdədir. İdmanda mümkünsüz şey yoxdur. Bakıda keçirilən dünya çempionatı komandamız üçün əlavə stimul olacaq, ona görə də komandamıza inanıram. 10 lisenziya qazanmaq mümkündür. Londona böyük heyətlə yollanmaq real məqsəddir.
- Bəs «Baku Fires» peşəkar boks klubunun çıxışını necə, izləyirsənmi?
- Komandamızın yarımfinala çıxması məni çox sevindirdi. Dünya boks seriyası çox baxımlı yarışdır. Hamı bilir ki, boks kasıbların idmanıdır. Yəni tennis və ya futbolda böyük pullar var. İdmançılar il ərzində böyük maliyyə əldə edir. Amma biz də belə deyil. Dünya boks seriyası isə idmançılara həm də qazanmaq imkanı verir. Boksçular həm qələbəyə, həm də pula sahib çıxır. Hərçənd, baş geyimi olmadan rinqdə yarışmaq çox çətindi. Bəziləri bu yarışda zədə ehtimalının böyük olduğunu deyir. Bunu şişirtməyə ehtiyac yoxdu. Onsuz da idmanın əksər növləri zədəsiz keçinmir.
- Bəlkə elə buna görə əksər idman növlərində olduğu kimi, boksda da legionerlərimizin sayı çoxalıb?
- Legionerlərin çıxışını müsbət qiymətləndirirəm. Bunun səbəbi gənclərin vaxtını səmərəsiz keçirməsidi. Azərbaycanda idmana və idmançılara olan qayğı dünyanın heç bir ölkəsində yoxdur. Onda niyə gənclər idmana üz tutmaq istəmirlər? Axı gənc idmanla məşğul olmaqla həm də özünü maddi cəhətdən təmin edə bilər. Ona görə Azərbaycan Bayrağını yüksəldən legionerləri qınamaq olmaz. Hər şeyin günahı özümüzdədir. Əgər biz üzərimizdə işləmiriksə, bəs medalı kim qazansın? Ona görə bunu legionerlər edirlər.
- Sənin yığmada çıxış etdiyin vaxt Əli İsmayılov, Şahin İmranov, Vüqar Ələkbərov, Ağası Məmmədov, Ruslan Xairov kimi ulduz adlar var idi. Niyə gənc nəsil həmin boksçuları əvəzləməkdə çətinlik çəkir?
- İnanın mənə, bizdə dediyiniz boksçulardan güclü olan uşaqlar var. Adlarını çəkdiyiniz boksçuların vaxtı yığmamızın qarşısına çıxan yox idi. Amma gənclərə vaxt vermək lazımdı. Çox şey idmançının özündən asılıdı. Şəxsən mən yığmaya qayıtmaq üçün çox çalışıram. Bilirəm ki, bunun üçün öz çəkimdə güclü olduğumu sübut etməliyəm.
MƏSLƏHƏT GÖR:

566

