«ƏTRAFLI ÖYRƏNİLMƏLİ FENOMEN!»
Voleybolçu qızlarımız beynəlxalq arenada liderliyi ələ aldı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Cari voleybol mövsümü Azərbaycan klubları üçün uğurlu oldu. Zarafat deyil, qadın voleybolçularımız uzun müddət azarkeşlərimizin arzuladığı Çempionlar Liqası və Çağırış Kubokunda (Celenc Cup) sona qədər mübarizə aparmaqla bütün qitənin diqqətini özünə cəmləşdirdi.
Qitənin ən nüfuzlu voleybol turniri sayılan Çempionlar Liqasında ilk və ən böyük uğurumuz 6 il əvvələ təsadüf edir. Həmin mövsüm Azərbaycanın o dövr üçün yeganə klubu olan qadın voleybolçulardan ibarət «Azərreyl» dördlər finalına vəsiqə qazanıb. Bu dəfə bu sevinci bizlərə «Rabitə» bəxş etdi. Özü də gümüş medal qazanmaqla.
Ümumiyyətlə, mövsüm ərəfəsində «Rabitə»də baş verən dəyişiklikləri müsbət qiymətləndirmək olar. Rəhbərlik kifayət qədər səviyyəli transferlərlə gücləndi və komandanın qarşısına ciddi məqsədlər qoydu. Çempionlar Liqasında inamlı çıxışıyla yadda qalan «Rabitə» ardıcıl qələbələrdən sonra, yarışın əsas mərhələsində iştirak hüququ qazandı. Liqanın qalibi ənənəyə uyğun olaraq, dörd ən güclü klubun mübarizəsində məlum olur.
2010-2011 mövsümündə «Rabitə», «Fənərbağça», «Vaqifbank Günəş Sığorta» (hər ikisi Türkiyə) və «Skavolini» Liqanın qalibini müəyyənləşdirmək üçün İstambula toplaşdı. Əvvəlcə «Rabitə»-«Skavolini», daha sonra isə «Fənərbağça»-«Vaqifbank Günəş Sığorta» arasında yarımfinal oyunları baş tutdu. Bu mərhələdə təmsilçimiz səviyyəli oyunla azarkeşləri sevindirdi. İtaliyada ən güclü klub sayılan «Skavolini» «Rabitə» qarşısında aciz qaldı. Decan Brdcoviçin komandası hələ qrup mərhələsində Bakıda məğlub etdiyi rəqibə bu dəfə Türkiyədə gücünü göstərdi. Etibarlı müdafiə, inamlı hücumlar sayəsində «Rabitə» bu səddi 3:1 hesablı qələbəylə keçdi. Digər yarımfinalda isə sürpriz nəticə qeydə alındı. «Vaqifbank Günəş Sığorta» güclü «Fənərbağça»nı 3:2 hesabıyla üstələdi.
«Rabitə»nin finala çıxması artıq Azərbaycanda bayram kimi qarşılandı. Komandamızı qardaş ölkədə dəstəkləmək üçün çoxlu sayda azarkeşin Türkiyəyə yollanması, eyni zamanda, soydaşlarımızın arenaya Azərbaycan Bayrağı ilə gəlməsi xüsusi ruh yüksəkliyi yaratmışdı. Sözsüz ki, hamı «Rabitə»nin finalda «Vaqifbank Günəş Sığorta» üzərində qələbəsini gözləyirdi. Amma təəssüf ki, belə olmadı. Türkiyənin təcrübəli təmsilçisi 3:0 hesablı qələbə ilə Çempionlar Liqasının qalibi oldu. «Rabitə» isə Azərbaycan voleybolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində gümüş medala layiq görüldü. Sözsüz ki, komandamızın nüfuzlu yarışda 2-ci yerə yüksəlməsi ölkə idmanında yeni səhifə açdı. «Rabitə»nin və Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədov ən yaxşı ötürmə müəllifi kimi xüsusi nominasiyada qalib olmasını da yaddan çıxarmaq olmaz. Hazırda Məmmədova təkcə ölkəmizin deyil, qitənin aparıcı voleybolçularından sayılır.
Voleybol komandalarımızın uğuru bununla kifayətlənmədi. Çağırış Kubokunda 3 Azərbaycan komandası yarımfinala çıxmaqla yeni rekord müəyyənləşdirdi. Yarımfinalda «Azərreyl» məşhur «Uraloçka»nı turnirdən kənarlaşdırdı. Digər yarımfinalda isə «Lokomotiv» 2 görüşün nəticəsinə görə «İqtisadçı» komandasını məğlub etməklə finala adladı. İndiyə qədər heç bir turnirin yarımfinalında 3 komandamız mübarizə aparmamışdı.
Qarşıda komandalarımızı Azərbaycan çempionatının final mərhələsi gözləyir. Hazırda Azərbaycan superliqası qitənin ən güclü çempionatlarıyla müqayisə olunur. Məşhur ulduz voleybolçuların məhz Azərbaycan çempionatında forma geyməsi hətta bəzi ölkələri qıcıqlandırır da.
Payızda isə yeni avrokubok mövsümü başlayacaq. Bu dəfə hədəflər daha böyük olmalıdı.
MƏSLƏHƏT GÖR:





567

