5 Dekabr 2025

Cümə, 22:27

"KİM SEVİNC İÇİNDƏ YAŞAYIRSA, YARADANIN İRADƏSİNİ YERİNƏ YETİRİR"

Bəhram Bağırzadə kimdir? Unudulmaz «KVN»çi bu barədə «Region plus»a müsahibəsində danışıb

Müəllif:

01.04.2011

Aktyor və rejissor, «Bakılı oğlanlar» şən və hazırcavablar klubunun (rusca «KVN») ən kaloritli iştirakçısı Bəhram Bağırzadə şən və kədərli, kinayəli və ciddi ola bilər.  Amma bununla yanahı, o həmişə ildırımsürətli hazırcavablığı və diqqətli olması ilə seçilir. Bu adamda maraqlı şəkildə təkrarsız obrazlar cəmləşib. Amma Bəhram Bağırzadə gerçək həyatda necədir?  Bu tanınmış «kepkalı oğlan»ın şən əhvalının arxasında nə gizlənir? Bəhram Bağırzadə «Region plus»un müxbiri ilə söhbətində bu və ya başqa məsələlər barədə danışıb. 

- Bəhram, son zamanlar siz fəal şəkildə kitab çap etdirirsiniz. Bu yaxınlarda sizin «KVN»ə həsr etdiyiniz "İ snova, salam!"  kitabı çapdan çıxıb.  Bir az öz kitabınızdan danışın... 

- Mən bu toplunu «KVN»in 50 illiyinə, «Bakılı oğlanlar» komandasının 20 illiyinə və ««Bakılı oğlanlar» planeti» teatrının 10 illiyinə həsr etmişəm. Kitaba mənim uzun müddət yığdığım lətifələr, nə vaxtsa səhnədən söylədiyim zarafatlar, reprizlər toplanıb.  Yeri gəlmişkən, oraya həm də mənim hələ oynamadığım repizlər də daxil olub, amma əminəm və ümid edirəm ki, hər şey hələ qabaqdadır. Noyabrın əvvəlində bizim komandanın Moskvanın Lujniki salonunda «KVN»in yubiley konsertində iştirakı öncəsi mütləq "İ snova, salam!"  kitabımı səhnədən komanda yoldaşlarıma və «KVN» prezidenti Aleksandr Maslyakova təqdim edəcəyəm.  Artıq bəllidir ki, bu yumor festivalında MDB-nin 14 ölkəsinin təmsilçiləri çıxış edəcəklər. Belə söyləyirlər ki, zalda qonaq qismində dövlətlərin prezidentləri də olacaq. 

Keçən il  «Mənim gəncliyimin şəhəri» adlı kitab nəşr etdirdim və oraya Sakit Məmmədovun, Rüstəm  İbrahimbəyovun, Xəyyam Mirzəzadənin, Çingiz Abdullayevin, Oqtay Zülfüqarovun  və başqa tanınmış bakılıların memuarları daxil edilib. Kitabın hər bir qəhrəmanı onun səhifələrində Bakının tarixinin müəyyən dövrünü xatırlayır, doğma şəhərdə keçirdiyi uşaqlığından və gəncliyindən danışır ki, onu bizlər - paytaxtın indiki gənc sakinləri görməyiblər. Və bütün bunlar bizim sevimli şəhərin fotoşəkillərinin fonunda çap edilib. Yeri gəlmişkən, eyniadlı disk də buraxmışam. Hazırda tanınmış bakılılara həsr ediləcək növbəti toplu üçün məlumat toplayırıq. Yaxın planda İçərişəhər haqqında kitabın çapıdır. Yəni işimiz yetərincədir. 

- Kitablarla yanaşı, siz fotoşəkillərlə də maraqlanırsınız. Deyirlər, böyük şəkil kolleksiyanız var. Sizdə fotoincəsənətə bu cür  sevgi haradandır? 

- Mərhum atam Arif Bağırzadə fotoşəkil çəkməyi çox sevirdi. Uşaqlıqda evimizdə çox sayda olan ağ-qara şəkillərə baxmağı çox sevirdim. Məhz atam fotoincəsənətə məndə maraq oyadıb. Bir neçə il qabaq köhnə fotoşəkillərin kolleksiyasını yığmağa başladım. Bu müddət ərzində əməlli-başlı kolleksiya yığa bilmişəm. Çox vaxt hobbim barədə eşitmiş insanlar köhnə şəhər və küçələrin unikal fotoşəkillərini bağışlayırlar. Artıq arxivimdə Bakının, Şəkinin, Lənkəranın və Şamaxının fotoşəkilləri var. Bu yaxınlarda siyahıda Gəncənin də qədim şəkilləri peyda olub. Onu mənə gəncəli dostlarım hədiyyə ediblər. 

- Ən köhnə fotoşəkil neçənci ilə aiddir?

- Ən köhnə fotoşəkil 1861-ci ilə aid «Bakı buxtasının görünüşü» fotoşəklidir, onu böyük rus fotoqrafı Dmitri Yermakov çəkib. Onun bütün həyatı və yaradıcılığı Tiflislə bağlı olub. Bir neçə il Yermakov İranda yaşayıb, orada hətta şahın saray fotoqrafı da işləyib. Kolleksiyamda Mişonun da, onun bir az sonrakı həmkarlarının - İsay Rubençikin, Leo Şvartsın, Bahadır Cəfərovun, Hüseyn Hüseynzadənin də fotoşəkilləri var. Bu işlərin hər birində sevimli Bakımın həyatının bir anı həkk olub. 

- Bəhram Bağırzadə «kepkalı oğlan»a necə çevrildi? Bu orijinal və unudulmaz obraz necə yarandı?

- Bu obraz mənə qədər də var idi. Sevimili aktyorlarım Bəşir Səfəroğlunun, Lütfəli Abdullayevin, Yaşar Nurinin, onun atası Məmmədsadıq Nuriyevin sevimli köhnə  filmlərdə  oynadığı qəhrəmanlar çox xoşuma gəlirdi. Sadə, bir az sadəlövh, zərif Azərbaycan yumoru ilə oynayırdılar. Onların məhz bu xüsusiyyətini götürmüşəm. Yalnız "aerodrom" kepkanı əlavə etmişəm. Yeri gəlmişkən, ilk dəfə səhnəyə kepkada hələ 1987-ci ildə məktəbdə çıxmışam, onda məktəbin «KVN» komandasında oynayırdım. Məni məhz orada gördülər və şəhərin «KVN» komandasına dəvət etdilər rəqqas kimi (gülür). Hə-hə. 19 yaşımda İncəsənət Universitetinin rejissorluq fakültəsinin ikinci kurs tələbəsi idim və üçüncü planda rəqs edirdim. Onda Yuri Solomonoviç Qusmanın diqqətini çəkdim. 

O, bizim komandanın kapitanına dedi ki, bu, «gənc və cılız qaskoniyalı»nı xəttə çıxarmaq lazımdır. Məşhur "Odessa centlmenləri" komandasının kapitanı Yan Levinzon isə çılğın çıxışımı görərək, uğurlu «KVN» gələcəyimin olacağını söylədi. Və gerçəkdən də bu alındı, «Bakılı oğlanlar» komandasının artıq çoxdan fəaliyyətdə olmamasına baxmayaraq, Aleksandr Vasilyeviç Maslyakov məni xatırlayır və hər il  “KVN” festivalına dəvət edir. Mənə hətta premyer-liqada münsif kimi oturmaq da nəsib olub. 

- İyirmi il qabaqkı Bəhramla indiki Bəhram arasında nə fərq var, zaman sizi nə qədər dəyişib? 

- Əvvəllər həddindən emosional, inadkar və bir az da tərs idim. İndi daha dözümlü və sentimental olmuşam.  

- Bəs yumor? Zarafat etməyi tərgitmisiniz? 

- Yumor həmişə yanımdadır. Amma illər keçdikcə bir qədər şəklini dəyişib. Belə deyək ki, hazırda Şirvindt  yumorunun birinci mərhələsindəyəm. Bu, spontan reaksiyalar, intellektual zarafatlar, aforizmlər deməkdir. Yeri gəlmişkən, bu yaxınlarda bir şey barədə düşünmüşəm. Bu il 38 yaşım tamam olub və bu, az deyil; əvvəllər düşünürdüm ki, çox şeyə nail olmuşam, amma necə deyərlər, hər şey müqayisədə ortaya çıxar. Mircəfər Bağırov mənim yaşımda Azərbaycan Respublikası KP MK-nın 1-ci katibi seçilmişdi. Memar  Yuzef Qoslavski 38 yaşında Bakı Şəhər Dumasının binasını layihələndirib, Freddi Merkuri həmin yaşda Monserrat Kabalye ilə duetdə məşhur "Barselona"sını oxuyub. Tarixə baxıram və həyatda nə qədər az iş gördüyümü anlayıram. 

- Amma siz də «Bakılı oğlanlar» komandasından olan uşaqlarla əsrin çempionu oldunuz! 

- Doğrudur. Amma başqalarının uğurları ilə tutuşduranda, anlayırsan ki, sən həyatda heç nə etməmisən. Məsələn, Mübariz İbrahimov 22 yaşında Azərbaycanın Milli Qəhrəmanı oldu və Vətən üçün canından keçdi. Bəs mən kiməm? Sadə «KVN»çi... 

- Amma həyat irəlidədir: hələ çox kəşflər, uğurlar və igidliklər  var...

- (Gülür) Hə, mahnıda olduğu kimi - "naş parovoz vpered leti" (uç irəli, qatarım mənim). Həyatımdan razıyam. Yaradana şükür olsun, hər şeyim yaxşıdır: ailəm, işim, uşaqlarım var. İki uşağım var - Tahirə 9 yaşındadır, Cavid isə 7. Keçən il 8 yaşlı qızım dama üzrə 10 yaşınadək qızlar arasında Azərbaycan çempionu oldu. Avqust ayında Gənclər və İdman Nazirliyi  onu Sankt-Peterburqa - rus daması üzrə dünya çempionatına yola salmışdı. Mən də onunla getmişdim. Amma çempionatdan sonra anladım ki, uşağa əziyyət verirəm. Hər bir partiyadan sonra Tahirə qızım əsəbiləşirdi və əzab çəkirdi. Yoldaşımla bu qərara gəldik ki, onu bir müddət damadan aralı tutaq. Hazırda Tahirə qardaşı ilə birlikdə təsviri incəsənətlə məşğuldur. Rəhmətlik atam həmişə təəssüflə danışırdı ki, onu rəssamlığa qoymayıblar. Rəssamlıq sənətini çox sevirdi. Uşaq olanda atam-anamla məni rəsm dərnəyinə aparırdı, bu da işimə yaradı. Pis rəsm çəkmirəm və hətta bundan pul da qazana bilərəm. Hərdən tamaşalara dekorasiyalar edirəm. 

- Bəhram Bağırzadənin arzusu nədir?

- Bir arzum var - divarlarında köhnə Bakının fotoşəkilləri olan, ofisiantları «aerodrom» kepka geyinmiş «Bəhramın qonağı» kafesi açmaq istəyirəm - 60-cı illər üslubunda olan bir kafe. Səslənən musiqi də həmin çağlara aid olmalıdır -  Maqomayevin, Behbudovun, Mustafazadənin musiqisi səslənməlidir. Düzdür, mən xeyli sonra doğulmuşam, amma həmin çağlar üçün qəribə bir nostalji hissi keçirirəm. Həmin çağların insanlarının geyim tərzi, düzgün yaşayışı, bir-birlərinə səmimi münasibəti çox xoşuma gəlir. Adamlar bir-birlərinə hörmət edib və Yaradandan qorxublar. İndi hər şey dəyişib. Zülm, zorakılıq, yalan, laqeydlik baş alıb gedir. Bu suçlara görə yertitrəmələri, sunamilər, daşqınlarla üzləşirik. Bununla Tanrı bizi xəbərdar etmək istəyir, amma  bu fəlakətlərin mənasını başa düşmürük. Əgər öz həyatını dəyişmək istəyirsənsə, ilk növbədə, özünü dəyiş. 

- Bəhram, siz ildən-ilə atanıza daha çox bənzəyirsiniz. Xarici görkəmdən savayı, Arif müəllimdən sizə daha nə qalıb?

- Atamın dünyasını dəyişdiyi bu iki ildə tez-tez «Allah rəhmət eləsin!» cümləsini təkrarlayıram. Yalnız indi, özüm ata olandan sonra anlamağa başlayıram ki, atam məhz nə hiss edib, dərdimi necə çəkib. O gedəndən sonra sanki  arxamdakı divarı, dayağı itirdim. Hər dəfə çətinliklə üzləşəndə düşünürəm: görəsən, belə vəziyyətdə o nə edərdi? Onunla mənim xasiyyətim oxşardı. 

- Bəs sizin oğlunuz Cavid? O necədir? Onun gələcəyini necə görürsünüz?

- (Gülür) O, Ariflə Bəhramın qarışığıdır. İstərdim ki, öz həyatını elmə bağlasın. Özü də Tahirə kimi onun da riyaziyyata meyli var. 

- Ailə həyatında necəsiniz?

- Qaydanı və intizamı sevirəm. Amma mən despot deyiləm. Sadəcə, hər şeyin yerində olmasını sevirəm. Çalışıram, heç zaman gecikməyəm. Tarixlərlə bağlı yaddaşım güclüdür. Dostlarımı və tanışlarımı həmişə ad günü münasibətilə təbrik edirəm. Yəqin, bu da atamdan keçib. O, hərbçi idi və intizamı sevirdi. Yeri gəlmişkən, bu məsələdə bəxtim gətirib. Arvadım da özüm kimidir (gülür). Bilirsiniz, səhnədə kefcil oğlan obrazındayam. Gerçək həyatda isə belə deyiləm. Mən anlamıram ki, əgər ailən varsa, kənarda niyə kiminləsə münasibət qurasan?.. 

- Səhnədən kənarda çox ciddi və məntiqlisiniz... 

- Yalnız ciddi adamlar səhnədən, necə deyərlər, «yerində» zarafat edə bilərlər. Ən başlıcası, belə yumor uzun müddət yadda qalır. «Qurşaqdanaşağı» dayaz zarafatlar tamaşaçı zalı tərk edən kimi unudulur. 

- «Bakılı oğlanlar»ın qalanları ilə əlaqə saxlayırsınızmı?

- Təəssüf ki, indi əvvəlki kimi tez-tez görüşə bilmirik. Biz cavan olanda boş vaxtımız çox olurdu. Heç bir qayğımız yox idi, subay və sərbəst adamlar idik. Nişanları, toyları, ad günlərini bir yerdə qeyd edirdik. İndi isə təəssüf ki, daha çox tanışların və dostların «cümə axşamları”nda görüşürük, nəsə çox erkən dünyalarını  dəyişirlər (düşünür). Ola bilər, həmkarlarım mənsiz görüşürlər.  Axı mən də əvvəlki Bəhram deyiləm. Çəkmirəm, içmirəm. Yaşıdım olan kişiləri maraqlandıran söhbətləri mənimlə edə bilmirlər. 

- Ən şən bayramlardan biri - Gülüş günü yaxınlaşır. Gerçək «KVN»çi bizim jurnalın oxucularına nə arzulayır? 

-  Hamıya xoşbəxtlik sevinci, yumoru anlamaq xoşbəxtliyi və özünə gülmək bacarığı arzulayıram. Axı bütün bunlarsız xoşbəxt insan həyatı mümkün deyil! Mən sizə yalnız başqalarına deyil, özünüzə də gülmək bacarığı arzulayıram. Özünüzə gülün! Öz yanlışlıqlarınızı gülüş və təbəssümlə düzəldin, onda bədbəxtlik sizin astananızdan içəri girə bilməz! Öz vaxtında Maksim Qorki demişdi ki, "Yaxşı gülüş mənəvi sağlamlıq əlamətidir". Bir sözlə, hamiya mənəvi sağlamlıq və sevinc arzulayıram! Axı kim sevinc içində yaşayırsa, Yaradanın iradəsini yerinə yetirir.


MƏSLƏHƏT GÖR:

645