ŞƏRQLƏ-QƏRBİN QOVUŞDUĞU YERDƏ
Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev «Region plus»a ölkənin turizm perspektivlərindən və mədəniyyətlərarası dialoqda respublikanın rolundan danışıb
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
İqtisadiyyatın rəqabətqabiliyyətli sahələrindən biri turizmdir, ekspertlərin fikrincə, bu, iqtisadiyyatın uğurlu inkişafında aparıcı rol oynayan sahələrdəndir. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə müsahibəmizin əsas mövzusu ölkənin turizm sənayesinin perspektivləri və gələcəyi, bu sahənin inkişafı üçün hansı konkret addımların atılması barədədir.
- Cənab nazir, Azərbaycan Prezidenti İlham Əliyevin ayrıca Fərmanı ilə 2011-ci il ölkədə Turizm İli kimi elan edilib. Bəllidir ki, bu il üçün yetərincə sıx tədbirlər planı təsdiq edilib və orada həm ölkədaxili, həm də beynəlxalq xarakterli tədbirlər tam aydın şəkildə əksini tapıb. Bununla belə, sizin özünüzün məsələyə yanaşmanızı öyrənmək istərdik.
- Tamamilə haqlısınız, bu planda öz əksini tapmış bütün tədbirləri sadalamara ehtiyac yoxdur. Bu sənəd cəmiyyətə açıqdır və ölkənin istənilən vətəndaşı onunla tanış ola bilər. Dövlət başçısı İlham Əliyevin bu təşəbbüsünün məna yükünü və gerçək təyinatını təhlil etmək daha önəmlidir. Bu durum, ilk növbədə, yetərincə konkret dövlət tapşırıqlarının gerçəkləşdirilməsində turizmin önəminə xüsusi diqqət yetirilməsindən xəbər verir.
Azərbaycanda turizm yalnız milli iqtisadiyyatın strateji istiqaməti olmaqla qalmır, həm də effektiv təbliğat üsulu və ölkənin pozitiv beynəlxalq imicinin formalaşması deməkdir. Turizm universal sahədir və onun peşəkar təşkili nəticəsində iqtisadi, siyasi və hətta sosial tapşırıqların gerçəkləşdirilməsini uğurla təmin etmək olar. Başqa sözlə, turizm müəyyən funksional sintez təqdim edir ki, bu, həmin sahəni prioritet etməklə yanaşı, həm də ölkənin sabit inkişafının təmin edilməsi işində strateji baxımdan önəmlidir.
Şəksiz ki, turizm böyük iqtisadi və investisiya potensialına malikdir. Bununla yanaşı, Azərbaycanın coğrafi və iqlim xüsusiyyətlərini nəzərə alanda, bu potensial dəfələrlə artır. Bundan başqa, bu sahəyə dünyada olan obyektiv tələb baxımından turizm kommersiya fəallığının bir növü kimi böyük perspektivlərə malikdir. Azərbaycanda «turizm dəyərləri» sayılan bütün parametrlər var, bunlar məhz ictimai təhlükəsizlik, siyasi sabitlik, mədəniyyətin dünyəvi xarakteri, milli dözümlülük, demokratik dəyərlərə sadiqlik, coğrafi landşaftın müxtəlifliyi, zəngin flora və fauna, əlverişli iqlim və inkişaf infrastrukturudur. Bütün bu amillər bizə ümid etməyə imkan verir ki, yaxın tezlikdə Azərbaycanda turizm milli iqtisadiyyatın ən rentabelli və güclü inkişaf etmiş sahəsinə çevriləcək.
- Britaniyanın «The Times» qəzetinə 2010-cu ilin 21 oktyabr tarixində verdiyiniz müsahibədə «Ölkəyə MDB-dən, Qərbi Avropadan, Orta Asiyadan və dünyanın başqa ölkələrindən turistlər cəlb etmək nə qədər çətindir?» sualına cavabınızda daha çox siyasi məqamlara toxunmuşdunuz. Bu nə ilə izah edilir?
- Bu gün xarici turistləri heyrətləndirmək çox çətindir. Dünyada baş verən həyəcanın fonunda turist, sadəcə, təhlükəsizliyinə zəmanət istəmir, həm də mənəvi-ideoloji baxımdan rahatlıq istəyir. Azərbaycan tolerant, çoxmillətli ölkədir, burada mədəniyyətlərin dialoqu yalnız yazılmış siyasi dəyər deyil, həm də Azərbaycan xalqının mədəni-siyasi xüsusiyyətidir. Bu təkzibolunmaz gerçəklik yetərincə önəmlidir və bu, ölkəyə xarici turistlərin cəlbində böyük rol oynaya bilər.
Çoxsaylı xarici ekspertlər, Avropanın tanınmış dövlət xadimləri və sadə müşahidəçilər dəfələrlə bildiriblər ki, Azərbaycan dözümlülüyün və dini tolerantlığın nümunəsi və hətta optimal modelidir. Bizim işimiz ölkənin bu mövcud və obyektiv imicini möhkəmləndirmək və inkişaf etdirməkdir. Mədəniyyətlərarası dialoqda ölkənin bu statusu, bəli, məhz statusu yalnız xarici turistlərin cəlbi ilə qalmayacaq, həm də konkret xarici siyasi məqsədlərin həllində yardımçı ola bilər. Bununla da turizm mədəniyyət siyasəti ilə tandemdə ölkənin beynəlxalq siyasi arenada effektiv təbliğat alətinə çevrilə bilər. Bir sözlə, hər şey Azərbaycanın milli maraqlarına xidmət etməlidir.
Bu zaman həm də ölkənin sürətlə inkişaf edən turizm infrastrukturunu unutmaq olmaz. Otellər şəbəkəsi, həmçinin, beşulduzlu otellər şəbəkəsi bütün ölkə üzrə yayılıb. Qusardakı «Şahdağ» layihəsi əzəmətlidir və bu barədə artıq Qərbdə də danışırlar. Bizim turistlərə təklif etdiyimiz servisin keyfiyyəti ildən-ilə yaxşılaşır. Yerli və xarici sərmayəçilərin marağı birlikdə turizmin sürətli inkişafına dəstək verir. Bir cümlə də Azərbaycan Turizm İnstitutu barədə danışmaq istəyirəm. Məhz bu institut bu gün peşəkar kadrların hazırlanması üçün əsas olacaq. Bu kadrlara isə tələb, onların önəmi isə ölkənin turizm infrastrukturunun inkişafına mütənasib olaraq artır.
- Azərbaycan ictimaiyyəti «Mədəniyyət» kanalının açılmasına yetərincə müsbət yanaşdı. Bu hadisəni ziyalılar və yaradıcı peşələrin təmsilçiləri xüsusilə müsbət şərh edirlər. Bəs ölkənin mədəniyyət və turizm naziri bu kanaldan nə gözləyir?
- «Mədəniyyət» kanalının açılması faktına ölkədə gerçəkləşdirilən mədəniyyət siyasətinin davamı kimi baxmaq olar. Mədəniyyət siyasətinin əsas strateji məqsədləri təhlil edilərsə, aydın olar ki, qarşıya qoyulan məqsədlərə çatılmasında təbliğat xüsusi rol oynayır. Təbliğat amilinin özəlliyi kanalın vacibliyini və strateji önəmini xüsusilə aktuallaşdırır. Bundan başqa, kanal tərbiyə, təhsil, mədəni identifisikasiya, «mədəni vətənpərvərlik»in formalaşdırılması kimi proseslərdə, həmçinin, estetik zövqün və mədəni orientasiyanın formalaşmasında əvəzedilməz rol oynayır.
Şəksiz ki, «Mədəniyyət» kanalı bütün dərdlərin sehrli dərmanı deyil. Yeni qurum artıq mövcud kanallarla sərt rəqabət şəraitindədir. Bundan başqa, kanal aktiv tənqidə hazır olmalıdır. Axı yeni kanaldan çox şey gözləyirlər, deməli, onun fəaliyyətinə diqqət çox olacaq. Unutmaq olmaz ki, yeni kanal Azərbaycanın və onun mədəniyyətinin xaricdə təbliğində böyük rol oynayacaq. İnformasiya savaşı şəraitində KİV-in, xüsusilə də televiziya kanalının statusu strateji zərurət kimi artır. Amma onu da demək lazımdır ki, «Mədəniyyət» kanalı yalnız maarifçilik işi ilə kifayətlənməməlidir. Çağdaş dinamik informasiya texnologiyaları dünyasında maarifçilik formatı məhdud xarakter daşıya bilər ki, bu da həmin qurumun rəqabət qabiliyyətinin aşağı düşməsinə və səmərəsizliyinə səbəb ola bilər.
- Demək olarmı ki, mədəniyyət və turizmin strateji tandemi Azərbaycanın xaricdə təbliğatına xidmət edir...
- Çox xidmət edir demək, daha doğru olar. 2006-cı ildə prezident İlham Əliyevin təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyinin yaradılması faktını təkcə Azərbaycanın siyasi sisteminin struktur islahatlarının nəticəsi kimi dəyərləndirmək doğru olmazdı. Hər hansı xarici siyasi məqsədə nail olunmasında mədəniyyət mexanizmlərindən geniş istifadə mədəniyyət siyasətinin perspektiv və potensialının adekvat qiymətləndirməsindən xəbər verir. Mədəniyət və turizm sahələrini funksional olaraq birləşdirən əsas vəzifə ölkənin beynəlxalq imicinin qaldırılması və təbliğidir.
Məsələn, nazirliyin xaricə istiqamətləndirimiş PR-strategiyası kimi «Discovering Azerbaijan» layihəsini göstərə bilərəm, onun çərçivəsində «Filmer Limited» (Böyük Britaniya), «Mondeos» (Fransa), «Vokruq sveta» (Rusiya), «Explorer Publishing and Distribution LLC» (Birləşmiş Ərəb Əmirlikləri) kimi nəşrlərlə əməkdaşlıq haqqında saziş bağlanıb.
Əldə edilmiş sazişlər çərçivəsində beynəlxalq yol göstəricilərinin Azərbaycana həsr edilmiş xüsusi buraxılışları nəşr ediləcək. Qeyd edim ki, bir sıra nəşrlər artıq çıxıb və onların birinci sayının təqdimatı olub. Göstərilən nəşrlər, bir növ, «nəşriyyat brendləri»dirlər, öz ənənələri və beynəlxalq nüfuzları var. Onlar analoji nəşriyyat evləri arasında böyük avtoritetə malikdir və yüksək reytinq sahibidirlər. Bu yol göstəricilərinin əsas özəlliyi ondadır ki, ölkə barədə statistik göstəricilərlə yanaşı, onlar buraya ölkə, onun mədəni özünəməxsusluğu, mədəni irsinin çoxçalarlılığı haqqında, həmçinin, bizim zəngin milli mədəniyyətimizin təbliğinə və ölkənin müsbət imicinin yaradılmasına imkan verən başqa xarakterli materiallar da daxil edirlər.
- Başçılıq etdiyiniz nazirliyin fəaliyyətini izlədikcə, dəfələrlə elmi tədbirlərin, konfransların, seminarların və elmi metodikanın xüsusi önəmini üzə çıxaran başqa təşəbbüslərin də şahidi olduq. Fəaliyyətin elmi tərəfinə bu qədər diqqətin səbəblərini oxuculara izah edə bilərsinizmi?
- Etiraf etməliyəm ki, Azərbaycan ictimaiyyətinin nazirliyin fəaliyyətinin bu tərəfinə diqqət yetirməsinə çox sevinirəm. Qeyd etmək istərdim ki, çağdaş dövrümüzdə mədəniyyət siyasətinin gerçəkləşdirilməsində inzibati resurslar öz faydalı iş əmsallarını çoxdan tükədib. Mədəniyyət siyasətinin qarşısında duran keyfiyyətcə yeni məqsədlər, həmçinin, maraqların liberallığı bizdən dinamik inkişaf edən sosial-siyasi proseslərə reaksiya zamanı çeviklik, operativlik və adekvatlıq tələb edir. Bu gün elm və təhsil kimi anlayışlar ideya, orijinallıq, yaradıcılıq, rentabellik, nou-hau, mütərəqqilik, inteqrasiya, aktuallıq, kadr siyasətinin uğurluluğu və perspektivlilik kimi anlayışlara bərabər tutulur. Əksinə, bu istiqamətlərin olmaması və ya zəif inkişafı tənəzzül üçün real səbəb ola bilər.
Analitik fəaliyyət, proqnozlaşdırma, konkret durumların inkişafının modelləşdirilməsi, mövcud göstəricilərin sistemləşdirilməsi, həmçinin, strateji planlaşdırma olmadan gerçəkləşdirilən istənilən mədəniyyət layihəsinin mövcudluğunu təqvim ilinin cansıxıcı tədbirlər planı ilə eyniləşdirmək olar. Obyektivlik naminə qeyd edirəm ki, mədəniyyət siyasətində elmin aktuallaşdırılması və mahiyyətcə mühafizəkar olan bədii təhsil sisteminin çağdaşlaşdırılması elə də sadə iş deyil. Onlar yetərincə səy, önəmli kapital yatırımları tələb edir. Buna görə də elm, məhz onun mövcudluğu yeni şəraitin, tələblərin, həmçinin, mədəniyyət siyasətinin gerçəkləşdirilməsində yeni məqsədlərin ortaya çıxmasına səbəb ola bilər.
Bu siyasətin gerçəkləşdirilməsində effektivliyin artırılması ilə yanaşı, elm bütün dəyişikliklərə perspektivlilik xarakteri verir və müzakirə olunan sahənin kadr siyasəti üçün yeni səriştəlilik meyarları formalaşdırır. Nazirlik tərəfindən sponsorluq edilən, təşəbbüs göstərilən bütün elmi tədbirləri və aksiyaları sadalamayacağam. Bundan başqa, biz mütəmadi olaraq ölkənin ən tanınmış alimlərinin iştirakı ilə işçi qruplar yaradırıq ki, bununla da cari məsələlərin iştirakında elmin mövcudluğunu təmin edirik.
Ən başlıcası odur ki, bizim təşəbbüslər həm Milli Elmlər Akademiyası, həm də Təhsil Nazirliyi tərəfindən anlayışla qarşılanır. Bu məsələdə bizi sözügedən sahəni keyfiyyətcə dəyişən, mədəniyyət fenomeni üçün yeni ictimai-siyasi anlayış formalaşdıran və ölkənin beynəlxalq mövqeyini möhkəmləndirən təşəbbüslər maraqlandırır. Bu fakt, başqa sözlə, elmin və elmi araşdırmaların önəmini anlamaq göstərir ki, Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə də sahənin inkişafında elmin mövcudluğuna xüsusi diqqət ayıracaq.
- Cənab nazir, bir çox mədəniyyət təşəbbüsləri, o cümlədən, beynəlxalq tədbirlər nazirliklə Heydər Əliyev Fondunun birgə səyləri çərçivəsində gerçəkləşdirilir...
- Bundan başqa, deyim ki, bizim çox təşəbbüslərimiz Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilir. Mədəniyyət siyasətindəki bu gün haqqında danışdığımız həmin konkret uğurlar məhz ölkə rəhbərliyinin birbaşa dəstəyinin nəticəsidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən təşəbbüs qaldırılan humanitar, o cümlədən, mədəniyyət layihələrini Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə əvəzsiz töhvə kimi dəyərləndirmək mümkündür.
Məhz birinci xanımın səyləri nəticəsində muğam Azərbaycan mədəniyyətinin bütün dünyada tanıdılmasının əsas vasitələrindən birinə çevrildi. Muğamın gözəlliyi, çoxçalarlılığı, dərinliyi və təsirliliyi Azərbaycan mədəniyyətinin təsdiqidir. Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən başlayaraq gerçəkləşdirilən «Azərbaycan muğamları» layihəsinin əsas məqsədi muğam sənətinin dirçəldilməsi, populyarlaşdırılması və Azərbaycan xalqına məxsusluğunun beynəlxalq aləmdə təsdiqidir.
Bundan başqa, bizim ölkənin YUNESKO kimi təşkilatla işinin uğurları az deyil. Bunlar Qobustanla, aşıq sənəti ilə, Novruzla, Azərbaycan xalça incəsənəti ilə bağlıdır. Bir sözlə, mədəniyyət siyasətinin əsas işinin mədəni irsin çeşidlərinin populyarlaşdırılması olduğu nəzərə alınarsa, onda Heydər Əliyev Fondu ilə birgə işi nazirliyin bu sahədə siyasətinin uğurlu olmasının əsas şərti kimi dəyərləndirmək olar.
- Mədəniyyət nazirinə Azərbaycanda gerçəkləşdirilən mədəniyyət siyasətinin əsas prioritetləri barədə sual verməmək bağışlanmaz olardı. Təbii ki, sual genişmiqyaslıdır və onu bir cavabla əhatə etmək mümkün deyil, amma bununla belə siz qısaca olaraq prioritetlərin konturlarını cıza bilərsinizmi?
- Sualınıza cavab verməzdən öncə bir haşiyəyə çıxmalı və deməliyəm ki, prioritetlərin müəyyən edilməsi bir sıra özəl amillərdən asılıdır. Onların sırasında ölkənin iqtisadi artımını, beynəlxalq imicinin göstəricilərinin vəziyyətini, daxili siyasi sabitliyi, vətəndaşların siyasi mədəniyyətinin xüsusiyyətlərini, konkret dövlətin yerləşdiyi bölgənin «münaqişəlilik göstəricisini» və s. göstərmək olar.
Əgər tam qısa istəyirsinizsə, onda ölkənin mədəniyyət siyasətində dörd strateji istiqaməti ayırmaq olar. Onlar ölkənin mədəniyyət potensialının və mədəni irsinin, yaradıcılıq və bədii təhsil sisteminin qorunmasını, mədəni həyatın çoxtərəfliliyinin və mədəniyyət innovasiyalarının dəstəklənməsi ilə yanaşı, milli mədəniyyətin inkişafının vərəsəliyinin təmin edilməsi; mədəniyyət fəzasının vahidliyinin, mədəniyyət dəyərlərinin əlçatarlılığının təmin edilməsi, çoxmillətli dövlətdə mədəniyyətlərin dialoqu üçün şəraitin yaradılması; şəxslərin və sosial qrupların konkret cəmiyyətin uğurla çağdaşlaşmasına imkan verən dəyərlərə istiqamətlənməsinin formalaşdırılması; xarici təbliğat və ölkənin müsbət beynəlxalq imicinin formalaşdırılması, həmçinin, mədəni irsin konkret növlərinin Azərbaycan xalqına məxsusluğunun beynəlxalq səviyyədə qəbul etdirilməsinə nail olmaqdır.
Şəksiz, Azərbaycanın mədəniyyət siyasəti istənilən başqa siyasi fəallıq növü kimi müəyyən korelyasiyalardan istisna deyil. Bu, dünyada baş verən obyektiv proseslərdən, daxili siyasətdən asılı olmayan bir sıra fəaliyyətlərin konkret növlərini təkmilləşdirmək və rasionallaşdırmaq istəyi ilə izah edilir. Bununla belə, düşünürəm, bu siyasətin strateji xətti dəyişməz qalacaq.
- Xeyli vaxtdır mətbuat Bakıda I Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsindən yazır. Bu forum siyasətçilərin, diplomatların, alimlərin və ölkədə gedən siyasi proseslərin bariz şahidi olan sadə vətəndaşların müzakirə mövzusudur. Əlbəttə ki, nəzərdə tutulan tədbirlərin miqyası və dəvət olunacaq qonaqların ranqı barədə şərhləri yalnız forum keçirildikdən sonra almaq olar. Amma istənilən halda, necə deyərlər, nəzərdə tutulan beynəlxalq tədbirin siyasi məzmunu barədə ilk mənbədən eşitmək istərdik...
- Suala görə təşəkkür edirəm. Gerçəkdən qarşıdan gələn forum ən müzakirə edilən mövzudur. Özü də əlavə edim ki, təkcə bizdə deyil, həm də ən tanınmış beynəlxalq təşkilatlarda müzakirə edilir. Dərhal qeyd edirəm ki, Bakıda 7-9 apreldə I Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə təşəbbüs bizim ölkənin prezidenti tərəfindən edilib. Dövlət başçısı 2010-cu ilin sentyabr ayının 23-də forumun keçirilməsi niyyətini Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasında bəyan edib. Forumda müəyyən mənada rəqabət aparan bir sıra beynəlxalq təşkilatların (YUNESKO-nun, BMT yanında Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurası yanında «Şimal-Cənub» mərkəzinin, İSESKO-nun), eyni zamanda iştirakı, həmçinin, «Euronews»un maraqlı olması, tədbirdə dünyanın bütün qitələrinin, əlliyə yaxın ölkənin təmsil olunması deməyə imkan verir ki, I Dünya mədəniyyətlərarası dialoq forumu yuxarıda sadalanan qurumlar tərəfindən mədəniyyətlərarası dialoqun prinsiplərinin təbliği və möhkəmləndirilməsi işində əsas dəyərlərin funksional prioritetlərin razılaşdırılmış təyinatı imkanı kimi qiymətləndirilir.
Bununla da artıq bu gündən, demək olar ki, forum yalnız çağdaş Azərbaycan tarixində deyil, həm də beynəlxalq münasibətlər sistemində önəmli hadisə olacaq. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarını, özü də dünya meyllərini müəyyənləşdirən təşkilatları ölkə ərazisində bir araya gətirmək cəsarətli təşəbbüsdür və bunu heç Avropa ölkələrinin də hamısı bacara bilməz. Bu faktın özü Azərbaycanın gücünün və potensialının beynəlxalq səviyyədə tanınması deməkdir.
Düşünürəm ki, çağdaş dünyanın bizə həddindən artıq inteqrasiya edildiyini və qarşılıqlı asılı olduğumuzu bildirmək üçün xüsusi sübutlar və arqumentlər gətirməyə ehtiyac yoxdur. Dünyada baş verən hadisələr fonunda mədəniyyətlərarası dialoq, az qala, sülhün və anlaşmanın yeganə təminatçısına çevrilib. Bununla da mədəniyyətlərarası dialoq çağdaş dünyanın siyasi-ideoloji dəyərinə çevrilir.
Belə bir vəziyyətdə, mədəniyyətlərarası dialoq prinsiplərinin təbliği əsas prioritetlərindən və xarici siyasətinin prinsipal istiqamətlərindən biri olan ölkə, qlobal beynəlxalq münasibətlər sisteminin aktiv subyekti statusuna can atır. Ölkənin mövcud siyasi-iqtisadi potensialının adekvat qiymətləndirilməsi, həmçinin, mədəniyyətlərarası dialoqun önəminin dərindən anlaşılması beynəlxalq təşkilatların da Azərbaycanın bu cür təşəbbüslərini fəal dəstəkləməsinə səbəb olur.
Bundan başqa, yada salaq ki, Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ilin dekabrında gerçəklənən konfransı, həmçinin, İslam Konfransı Təşkilatının 2009-cu ilin oktyabr ayına təsadüf edən konfransı da Bakıda keçirilib və onlar da mədəniyyətlərarası dialoqun siyasi önəminin qlobal səviyyədə vurğulanmasına həsr edilmişdi. Bu cür tədbirlər Azərbaycanın xarici siyasətini bizim regiondan uzaqlara aparır və ölkəni beynəlxalq münasibətlərin fəal iştirakçısına çevirir.
- Sağ olun, cənab nazir. Yekunda istərdik ki, sizi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin beşilliyi münasibətilə təbrik edək və gələcək fəaliyyətinizdə uğurlar arzulayaq.
MƏSLƏHƏT GÖR:

528

