25 Noyabr 2024

Bazar ertəsi, 21:44

TƏRƏQQİ TEXNOLOGİYASI

«bakıelektrikşəbəkə» öz sistemlərində iş keyfiyyətini yaxşılaşdırır və abunəçilərə xidmət səviyyəsini yüksəldir

Müəllif:

01.04.2011

Çağdaş tələblərə və dünya standartları səviyyəsində fəaliyyət göstərməyə imkan verən müasir  texnologiyalardan istifadə,   tərəqqiyə, inkişafa  can atan istənilən müəssisədə prioritet məsələ sayılır.

Bu baxımdan, fəaliyyəti ayrıca qrup insanları deyil, necə deyərlər, bütöv bir şəhəri və ya bütün bir ölkəni əhatə edən təşkilat və qurumların çiyinlərinə xüsusi məsuliyyət düşür. Xüsusilə də, məsələ bu gün hər sakin üçün önəmli olan energetika sahəsi ilə bağlı olduqda məsuliyyət qat-qat artır. 

Bu nəzərə alındıqda, sevindirici haldır ki, Azərbacan paytaxtında enerji təchizatı ilə məşğul olan «Bakıelektrikşəbəkə» ASC öz inkişafının əsas atributlarından biri kimi, məhz  çağdaş texnologiyaların tətbiqini görür, bununla bağlı qabaqcıl ölkələrin təcrübəsi fəal şəkildə öyrənilir, yeni avadanlıq alınır, əhali arasında maarifləndirmə işləri aparılır. 

Belə ki, «Bakıelektrikşəbəkə»nin investisiya proqramı çərçivəsində şəbəkənin texnoloji baxımdan təkmilləşdirilməsi üçün gərək olan yeni «SKADA», «SMS meters» avadanlıqları, yüksək voltlu qazizoləedici kommutasiya avadanlığı alınır. 

 

Təkmil idarəetmə sistemi 

İstifadə edilən informasiya sistemi tamamilə çağdaş tələblərə cavab vermirdi: şəbəkənin  dispetçer idarəsi yarımstansiyaların göstərildiyi köhnə mnemosxem vasitəsilə gerçəkləşdirilirdi ki, bu da real zaman rejimində  kommutasiya sxemini əks etdirmirdi.  Hazırda «Bakıelektrikşəbəkə» SCADA-(Supervisory Control and Data Acquisition) idarəetmə sistemini tətbiq edir ki, bu sistem idarə olunan obyekt haqqında məlumat yığmağa, təhlil aparmağa və operativ şəkildə gerçək zaman rejiminə qoşulmağa imkan verir. 

Bu sistemin yardımı ilə yerlərdə dispetçer və operatorlar arasında əlaqə, sistem üzərində nəzarətin gerçəkləşdirilməsi, avadanlıq üzərində operativ manipulyasiyaların aparılması, həmçinin, yüklənmələrin ölçülməsi və bərabər paylanması  xeyli sadələşir.  Başqa tərəfdən, bu sistem satınalmalara nəzarət və enerjinin paylanması, energetika balansının aparılması və monitorinq üçün geniş imkanlar yaradır. 

Sistemə qoşulma yerlərdə (yarımstansiylarda) ölçü cihazlarının, qoruyucu avtomatik qurğuların, sayğacların yardımı ilə məlumat toplanmasından və onun distansion terminallara (RTU) ötürülməsindən başlayır. Və bu qurğu bütün toplanan məlumatları proqramlaşdırır, sinxronlaşdırır və siqnala çevirməklə fibrooptik rabitə kanalları ilə sistemin baş serverinə ötürür. Əldə edilən məlumat xüsusi proqram təminatı vasitəsilə vizual şəkildə dispetçer ekranında əks olunur, məlumatı təhlil edən dispetçer lazımi qoşulmaları gerçəkləşdirməklə vacib olan qərarları qəbul edir. 

 

Çağdaş sayğaclar 

Bir sözlə, «Bakıelektrikşəbəkə»nin bir çox texnoloji yenilikləri məhz abunəçilərə qayğı ilə bağlıdır. Belə ki, istehlak edilən  enerjinin haqqının daha sivilizasiyalı üsullarla ödənilməsindən ötrü ASC onlar üçün borc məbləği barədə telefon və SMS vasitəsilə məlumatlandırma sistemini tətbiq edib. Abunəçilər ödənişi poçt, bank, internet, ticarət mərkəzlərində və nəqliyyat qovşaqlarında, «Bakıelektrikşəbəkə»nin özünün abunəçi xidməti mərkəzlərində quraşdırılmış ödəmə terminalları vasitəsilə gerçəkləşdirə bilərlər. Həmçinin, daha çağdaş avadanlıq hesabına "199" qəza xidmətinin imkanları da genişləndirilib.

ASC-nin ən diqqətəlayiq niyyəti kimi, enerji istehlakına nəzarət və ödənişin gerçəkləşdirilməsi üçün ən dəqiq və əlverişli vasitə olan smart-sayğacların tətbiqini saymaq olar. Bu aparatların bir sıra önəmli üstünlükləri var, bunların sırasında SMS vasitəsilə idarəetmə imkanını, qabaqcadan ödəniş (prepayment) prinsipi ilə işləməni, sayğaca balansı SMS vasitəsilə mərkəzi sistemdən ödənilməsini göstərmək olar. 

Sayğacın özünün konstruksiyası ona qarşı vandalizm aktını mənasız edir, çünki istifadə olunan elektrik enerjisi barədə məlumat istənilən halda və zədələnmə formasından asılı olmayaraq qorunub-saxlanılır. Sayğacın normal işinə istənilən müdaxilə cəhdi (qidalandırıcı naqillərin yerinin dəyişdirilməsi, güclü maqnitlə təsir, möhürün tamlığının pozulması, korpusu açmaq cəhdləri və s.) onun yaddaşında kodlaşdırılmış iz qoyur və bunu heç cür məhv etmək mümkün deyil. Bundan başqa, bu cür sayğaclarda differensiallaşmış elektrik enerjisi tariflərinin istifadəsi nəzərdə tutulub. Yəni bu sistem vasitəsilə sutka ərzində (gündüz bir cür, gecə başqa cür), ay ərzində (bayram günləri bir cür, adi günlər başqa cür), həmçinin, abunəçi növü üzrə (kommersiya bir cür, sənaye başqa cür, sakinlər tamam başqa cür) müxtəlif tariflərin tətbiq edilməsi nəzərdə tutulur. 

Yekunda qeyd etmək istərdik ki, «Bakıelektrikşəbəkə», həmçinin, öz işinin texnoloji təkmilləşdirilməsi hesabına  «Azərenerji» SC-də elektrik alınması əməliyyatının səviyyəsini yaxşılaşdırmağa çalışır və bunun üçün yeni distansion nəzarət sayğacları quraşdırır.  Həmçinin, məlumat sisteminin dayanıqlılığı da gücləndirilir, qeyd edək ki, IP-telefoniyanın istifadəsinə də artıq başlanılıb və s. 

Beləliklə, Bakı enerji paylama şəbəkəsi göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında növbəti  uğurlar nümayiş etdirməklə inkişafının yeni mükəmməl mərhələsinə  qədəm qoyur.


MƏSLƏHƏT GÖR:

500