SOYQIRIM
Müəllif: Redaksiya
Soyqırım qurbanı olmuş azərbaycanlıların Qubadakı məzarlığına, yəqin ki, indiyədək bu qədər əhali axını olmamışdı. Ermənilərin insanlığa qarşı cinayətinin qurbanlarını yad etməyə bu il yalnız yerli ictimaiyyətin nümayəndələri, elm xadimləri, siyasətçilər, ziyalılar deyil, həmçinin, çoxlu sayda əcnəbi qonaqlar da gəlmişdilər. Erməni faşizminin görünməmiş əməli ilə tanış olmaq istəyən şəxslərin sayı ildən-ilə artır.
Azərbaycanlıların soyqırım günü Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il Sərəncamı ilə təsis edilib. Bu, Stepan Şaumyanın rəhbərliyi ilə erməni cinayətkar qruplarının və daşnakların bolşevik çevrilişindən istifadə edərək, Bakıda, Naxçıvanda, Şamaxıda, Qubada və digər şəhərlərdə 10 minlərlə günahsız insanı məhv etməsindən 80 il sonra baş verib. Bu vəhşiliyin qurbanı yalnız azərbaycanlılar olmayıb. Kütləvi qırğına məruz qalmış insanlar arasında ləzgilərə, yəhudilərə, ruslara və Cənubi Qafqazın ən çoxmillətli ölkəsində yaşayan digər millətlərin nümayəndələrinə də rast gəlinir.
Müxtəlif məlumatlara görə, 1918-ci ilin mart-aprel aylarındakı əməliyyatlar nəticəsində 30 min dinc sakin qətlə yetirilib. Onların arasında qadınlar, uşaqlar və qocalar da var. Amma onlar görünməmiş vəhşiliyin yeganə qurbanları deyil. Tarixi sənədlər ermənilər tərəfindən mədəni soyqırımın törədildiyini də göstərir. Arxiv materiallarına əsasən məktəblər, mədəniyyət mərkəzləri, kitabxanalar, Bakıdakı müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyət göstərdiyi "İsmailiyyə" binası da yandırılıb, Təzəpir məscidi və digər tarixi abidələr gülləbaran edilib.
Bu gün Ermənistanın Azərbaycan tarixi və mədəniyyətinin izlərinin məhvi istiqamətindəki məqsədyönlü siyasəti Azərbaycanın işğal olunmuş ərazilərində də davam etdirilir. Bunu həm çoxsaylı xarici KİV-in Dağlıq Qarabağdan hazırladığı reportajlar, həm də ATƏT missiyasının 2010-cu ilin payızında keçirdiyi monitorinqinin azərbaycanlıların soyqırımı günü ərəfəsində açıqladığı nəticələri göstərir.
Budəfəki məruzə missiyanın 5 il əvvəl açıqladığı nəticələrdən xeyli fərqlənir: "Yeni məruzə işğal altındakı ərazilərdə yaşayan insanların acınacaqlı vəziyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin status-kvonun saxlanılmasının perspektivsiz olduğunu anladığını birmənalı şəkildə ortaya qoyur. Bu, dəfələrlə hazırkı vəziyyətin saxlanılmasını mümkünsüz adlandıran və məhz bunun Yerevanın əsas məqsədi olduğunu bildirən Azərbaycanın gözlədiyi əsas siqnaldır. Ermənistan hakimiyyəti Dağlıq Qarabağ haqda həqiqi informasiyanın əldə edilməsinə dəfələrlə mane olub. Onlar xüsusilə Dağlıq Qarabağdakı durum haqda məlumatların toplanmasını əngəlləyib. Ermənilər bu ərazidə insanların asan və firavan yaşaması haqda Ermənistan liderlərinin söylədiyi fikirləri təkzib edəcək informasiyaların yayılmasından ehtiyatlanıb. Martın əvvəllərində Yerevan aeroportundan "Wochenzeitung" və "Neues Deutschland"ın jurnalisti Andre Vidmerin deportasiyası buna misaldır. Dağlıq Qarabağ və ona bitişik rayonlardan hazırlayacağı reportaja görə, Ermənistan hökuməti Vidmerə viza verməkdən imtina edib, nəticədə o, heç bir səbəb göstərilmədən deportasiya olunub", - deyə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Tarix fakültəsi"nin yaxın xarici ölkələrin tarix kafedrasının saytında yerləşdirilmiş ekspert qiymətləndirilməsində bildirilir.
Sənəddə deyilir ki, bütün ərazi üzrə 1000 kilometrdən artıq məsafəni qət etmiş həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin faciəvi nəticələrini və sülh prosesində nailiyyətin olmadığını görüblər.
"Münaqişəyədək mövcud olmuş şəhərlər və kəndlər sahibsiz qalıb, demək olar ki, tamamilə xarabalığı xatırladır. İnsanların sayı haqda dəqiq məlumat olmasa da, Laçın və Kəlbəcər şəhərlərində və kiçik yaşayış məntəqələrində, təxminən, 14 000 nəfər yaşayır", - deyə hesabatda bildirilir.
Qeyd edək ki, işğaladək Azərbaycanın bu rayonlarında 100 000-dən artıq insan yaşayırdı.
Həmsədrlərin qiymətləndirməsinə görə, "İşğal olunmuş ərazilərdə 2005-ci ildən əhalinin nəzərəçarpacaq artımı qeydə alınmayıb. Köçkünlər (əsasən etnik ermənilər) bu ərazilərə Azərbaycan rayonlarından gəlib. Çətin vəziyyətdə, infrastrukturun inkişaf etmədiyi şəraitdə yaşayan bu insanlar üçün çox məhdud ictimai xidmətlər var. Onların əksəriyyətinin şəxsiyyətini təyin edən sənədi də yoxdur".
Əlbəttə ki, iqtisadiyyatın inkişafı üçün vəsait lazımdır, bu isə Ermənistanda yoxdur. Ciddi əcnəbi investorlar da öz kapitallarını işğal olunmuş ərazilərdəki tanınmamış qurumlara etibar edə bilməzlər. Üstəlik, Azərbaycanın öz ərazilərini hərbi yolla işğaldan azad etmək kimi suveren hüququnu da heç kəs ondan almayıb. ATƏT ermənilərin işğal altında olan ərazilərdə apardıqları süni məskunlaşma siyasətini İrəvanın da 1993-cü ildə qoşulduğu hərbi əməliyyatların getdiyi bölgələrdə mülkü əhalinin hüquqlarının qorunmasına dair Genevrə konvensiyasına zidd olduğunu etiraf edib.
Missiya Ermənistanın işğal etdiyi ərazilərdə inzibati sərhədlərdə dəyişikliyi də qeydə alıb, həmçinin bəzi rayonların adının dəyişdirildiyinin şahidi olub. Qeyd edək ki, beynəlxalq səviyyədə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayon "bufer zonası" və ya "təhlükəsizlik zonası" adlandırılır, guya ermənilər həmin ərazilərə iddia etmir. Amma əslində ATƏT missiyası müəyyən edib ki, tanınmamış rejim bu 7 rayonu öz inzibati ərazisinə daxil edib, onlar Qarabağın dağlıq hissəsinin yaşayış məntəqələri ilə birlikdə "DQR"in ərazisinə qatılıb.
Həmsədrlər bu ərazilərdəki qəbiristanlıqların qorunub-saxlanması üçün tədbirlərin görülməsini də məsləhət bilir. Bu da Ermənistan tərəfindən mədəni soyqırımın davam etdirildiyinin daha bir sübutudur.
Qeyd edək ki, erməni işğalı nəticəsində Azərbaycanın 1000-dək yaşayış məntəqəsi talan edilib, yandırılıb və dağıdılıb, çoxlu sayda arxeoloji abidələr, məscidlər və qəbiristanlıqlar məhv edilib. Azərbaycan muzeylərindən 40 mindən artıq qiymətli əşya və nadir eksponatlar oğurlanıb.
İstənilən halda, monitorinq nəticəsində ortaya çıxmış mənzərə həmsədrlərin status-kvonun yolverilməzliyi haqda düşüncələrini gücləndirib. Həm Bakıda, həm də Yerevanda missiyanın hesabatı müsbət qiymətləndirilsə də, sənəd erməni xalqı üçün düşünməyə ciddi əsaslar verir. Beynəlxalq vasitəçilərin hesabatı bəzi suallara cavab tapılmasına kömək etməlidir: 20 illik işğal ermənilərə nə verib; Ermənistanın özünün belə yaşamağa pul tapmadığı bir şəraitdə, bundan sonra da qeyri-qanuni müharibənin yükünü daşımağa dəyərmi; Ermənistana rəhbərlik edən Qarabağ klanı status-kvonun saxlanmasında nədən bu qədər maraqlıdır; bütün bunlar öz xalqına qarşı soyqırım deyilmi?
MƏSLƏHƏT GÖR:

585

