14 Mart 2025

Cümə, 20:52

AVARLAR SUYA!

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurena Lopes Bakını tərk etməzdən bir neçə saat əvvəl «R+»a nələri açıqladı?!

Müəllif:

15.03.2011

Mingəçevir şəhərindəki «Kür» Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında ənənəvi beynəlxalq «Prezident Kuboku» reqatası keçirildi. Ardıcıl 4-cü il keçirilən reqataya Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan 100-dən çox idmançı qatılmışdı. Azərbaycan və Gürcüstan hər üç növdə, Rusiya - akademik avarçəkmədə, Ukrayna isə kayak və kanoe növlərində təmsil olunmuşdu. 

Turniri izləyənlər arasında Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurena Lopes, qurumun eksperti Jaba Santo, Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vuds da var idi. 

Martın 9-da prezident İlham Əliyevin qəbulunda olan Joze Perurena Lopes Mingəçevirdəki avarçəkmə mərkəzinin üstünlüklərini xüsusi qeyd edib və bu cür arenaların beynəlxalq idman yarışlarının keçirilməsi üçün əhəmiyyətini vurğulayıb. Yarışdan əvvəl keçirdiyi mətbuat konfransında isə Beynəlxalq Federasiyanın prezidenti yenidən qurulmuş «Kür» Mərkəzini fantastik kompleks adlandırıb. Xatırladaq ki, vaxtilə keçmiş Sovetlər İttifaqının ən yaxşı avarçəkmə bazası sayılan «Kür» Mərkəzi müstəqilliyin ilk illərində baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüşdü. 

Beynəlxalq Kanoe Federasiyasının rəhbəri ilə görüşümüz səfərin sonunda Bakını tərk etməyə az bir neçə saat qalanda reallaşdı. Coze Perurena ölkəmizə səfəri barədə təəssüratları və Azərbayjanda avarçəkmənin perspektivləri barədə fikirlərini bizimlə bölüşməyə razılıq verdi. 

- Çox sağ olun ki, müsahibəyə razılıq verdiniz, cənab Perurena. Maraqlıdır, Azərbaycanı hansı təəssüratlarla tərk edirsiniz?

- Əvvəlcə ölkənizə ilk dəfə gəldiyimi deməliyəm. Azərbaycan haqda çox eşitmişəm. Hər il Bakıda bir sıra mötəbər turnirlərin keçirilməsi barədə mənə deyiblər. Hər şeyi gəlib öz gözümlə görmək istəyirdim. Federasiyanızın dəvəti ilə Mingəçevirdəki beynəlxalq turniri izləməyə və eyni zamanda bir sıra danışıqlar aparmaq üçün gəlmişdim. Səfərin maraqlı və məhsuldar olmasını deməliyəm. Azərbaycan idmanın bu növünün inkişafı üçün etdiklərini alqışlayıram. Fikrimcə, tezliklə daha böyük uğurlar əldə edəcəksiniz.

- Azərbaycanda idmanın inkişaf etdiyini söylədiniz. Maraqlıdı, idmanımız haqda hansı məlumatlarınız var?

- Ölkənizdə, əsasən, Olimpiya idman növlərinə üstünlük verildiyini eşitmişəm. Avarçəkmənin də inkişafda olduğu məlumdu. Ən azı, Demyanenko Azərbayjan təmsilçisi kimi dünya və Avropa çempionu olmaqla ölkənizi daha yaxşı tanıtdı. Azərbayjanda döyüş idman növlərinin daha çox populyarlıq qazandığını dedilər. Yəqin, gələcəkdə avarçəkmə də ilk sıralarda olacaq. İstənilən halda dövlətin idmana və idmançılara qayğısı hiss olunur. 

- Konkret hansı idman növlərini nəzərdə tutursunuz?

- Cüdo, güləş və sair. Ən çox güləşin Azərbaycanda sevildiyini eşitmişəm. Dünya və Avropa çempionatlarında pəhləvanlarınızın qələbələri azarkeşlərin sayını çoxaldıb. Ümumiyyətlə, bütün idman növlərində belədi. Əgər nəticə yoxdursa, azarkeşlər idmandan küsürlər. Əgər qələbə sorağı varsa, onda daha çox dəstəkləməyə çalışırlar.

- Sizcə, Azərbaycanda avarçəkməni populyarlaşdırmaq üçün hansı tədbirlər görülməlidir?

- İlk addımlar atılıb. Nəticələriniz hamını sevindirir. Mingəçevirdə gözəl kompleksiniz var. Üstəlik, yaxınlarda Bakıda bir neçə klubun yaradılacağını eşitmişəm. Sadəcə, bu yüksək tempi davam etdirmək lazımdı. Hər hansı bir beynəlxalq yarışı ölkənizdə keçirsəniz, bu, inkişafa təkan ola bilər.

- Yeri gəlmişkən, səfər zamanı bir sıra yerlərlə tanış oldunuz. Sizcə, Azərbaycan kanoe və ya avarçəkmə üzrə dünya və ya Avropa çempionatına ev sahibliyi edə bilər?

- Məndə olan məlumata görə, il ərzində ölkənizdə başqa idman növləri üzrə, ən azı, bir Avropa çempionatı keçirilir. Bu il boks üzrə dünya çempionatına ev sahibliyi edəcəksiniz. Deməli, təşkilatçılığda zəngin təcrübəniz var. Fikrimcə, heç bir problem yoxdu. Azərbaycan istənilən mötəbər yarışa ev sahibliyi edə bilər. 

- Yəqin, xəbəriniz var ki, Azərbaycan 2016-cı il Yay Olimpiya Oyunlarını da ev sahibliyini irəli sürmüşdü.

- Bilirsiniz, Olimpiadanı keçirmək çox çətindi. Üstəlik, bu mübarizədə qalib gəlmək də asan deyil. Ölkənizin namizədliyini irəli sürməsi artıq böyük hədəflərdən xəbər verir.

- Azərbaycanda Olimpiya Oyunlarına xüsusi önəm verilir. Avarçəkənlərimizin bu yarışda medal qazanmaq şanslarını necə qiymətləndirirsiniz?

- Əvvəlcə Olimpiadaya vəsiqə qazanmaq lazımdı, sonra medal barədə düşünmək olar. Hələ qarşıda lisenziya yarışları var. İdmançılarınızın şansları pis deyil. Xüsusilə Valentin Demyanenkoya böyük ümid bəsləyə bilərsiniz. Amma bu idmandı, indidən heç kim çempion olacağını söyləyə bilməz.

- Valentin Demyanenkonun son nəticələri 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunları barədə nikbin düşünməyə imkan verir?

- 2010-cu il Demyanenko üçün çox uğurlu oldu. Olimpiadaya hələ 2 il var. Ona görə həmin inkişaf sürətini saxlamaq asan məsələ deyil. Olimpiadada ən güclülər yarışır, bu yarış sanki çempionların çempionunu seçir. Əlbəttə, Demyanenko Londonda yarışacağı halda iddialılardan sayılacaq. Amma nəticəni indidən proqnozlaşdırmaq olmaz. Amma əminliklə bir şeyi söyləmək olar. Olimpiadada avarçəkmə üzrə medal qazansanız, gənclər bu idman növünə daha çox maraq göstərəcək. Bunun üçün çalışmağa dəyər.

- Müsahibəyə görə çox sağ olun.

- Sizə də təşəkkür və uğurlar.


MƏSLƏHƏT GÖR:

528