14 Mart 2025

Cümə, 20:50

İKİNCİ CƏHD

Futzal üzrə Azərbaycan millisı yenidən Avropa çempionatında

Müəllif:

15.03.2011

Bakıda keçirilən futzal üzrə Avropa çempionatının seçmə mərhələsi Azərbaycan və İspaniya komandaları üçün uğurlu oldu. Hər iki yığma layiqli çıxış etməklə qitə birinciliyinin final mərhələsinə adladı. Coze Alesio Da Silvanın rəhbərlik etdiyi millimiz Qazaxıstanı 6:3, Fransa komandasını isə 4:2 hesabıyla məğlub etdi. Qrup mərhələsinin son matçında futzalçılarımız Avropa çempionu İspaniyaya uduzdu 3:8. Nəticədən asılı olmayaraq, hər iki komanda yüksək nəticələr göstərdiyinə görə qitə birinciliyində medallar uğrunda yarışmaq imkanı qazandı. 

Yığmamızın tarixində ikinci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə alması çox sevindirici olsa da, oyun baxımından müəyyən problemlər hələ də qalmaqdadı. Millimizin “Avro-2012”də şanslarını, eləcə də heyətlə bağlı suallarımızı braziliyalı baş məşqçimiz Coze Alesio Da Silvaya ünvanladıq.

- Seçmə mərhələdə iki qələbə və bir məğlubiyyətlə komandamız Avropa çempionatına vəsiqə aldı. Ümumi nəticə və oyunu necə qiymətləndirirsiniz?

- Bütövlükdə komandamız yaxşı oynadı. Qazaxıstan və Fransa kimi komandaları üstələdik. Sonda İspaniya ilə görüşdə gücümüz çatmadı. Həm də artıq final mərhələsinə çıxdığımızı bilirdik. Müəyyən mənada arxayınçılıq da sözünü dedi. Səhvlərimiz də oldu. Əks-hücumlar zamanı müdafiədə yaranan çaşqınlıq məni bərk narahat edir. Səhvlər üzərində işləyəcəyik.

- Avropa çempionu İspaniya ilə görüşdə yığmamız qapısından 8 top buraxdı. Müdafiədə belə kobud səhvlərin olacağını gözləyirdinizmi?

- Futzalçılar çoxlu səhvlərə yol verdi. Daha doğrusu, İspaniya bizi səhv etməyə məcbur etdi. Belə güclü rəqiblə oyunda toparlanmaq vacibdi. Müdafiəmizin buraxdığı səhvlər ümumi nəticəyə təsirsiz ötüşmədi. Yorğunluq da özünü göstərdi. Əsas heyətin 6 üzvü bütün oyunlarda meydanda olub. Bu isə fiziki cəhətdən yorğunluq yaradır. Üstəlik, qapıçı Tveryankin də səhvə yol verdi. Qapımızda gördüyümüz qollardan 3-nün qarşısını ala bilərdi. 

- İkinci hissədə yığmamızın oyunu daha pis təsir bağışladı.

- Fasilədən sonra meydana ehtiyat oyunçuları buraxmağa başladım. Gördüyünüz kimi, onların bəziləri hələ belə sürətli oyunlara dözə bilmir. İspaniya isə yorğunluqdan yararlanaraq nəticəni xeyrinə həll etdi. İstənilən halda sevinmək olar ki, Azərbaycan millisi Avropa çempionatında yarışacaq.

- Heyətdə dəyişiklik gözlənilirmi?

- Çıxış yolumuz yoxdu. Yığmaya daha bir neçə milliləşdirilmiş futzalçını dəvət etmək lazımdı. Federasiya rəhbərliyinə fikrimi bildirmişəm. Əks halda, çempionat zamanı ciddi problemlər ortaya çıxa bilər.

- Yığmamızın heyətində əksər oyunçuların legioner olması nə ilə əlaqədardı?

- Yerli oyunçular hələlik yüksək fiziki təzyiqə tab gətirmir. Amma gələn il əsas heyətdə yerli oyunçuların çox olacağına inanıram. Gənclərdən Elvin Quliyev daha çox xoşuma gəlir. Üzərində işləsə, gələn il əsas heyətin oyunçusuna çevriləcək.

- Avropa çempionatı gələn il keçiriləcək. Heyətdə yaşlı oyunçuların olması sizi narahat etmirmi?

- Gələn il futzalçıların yaşının üstünə 1 il də gələcək. Bu mənada fikirlər müxtəlifdi. Məsələn, Maşado Nilson gələn il Xorvatiyada da bizə kömək edəcək. O, peşəkardı və özünü formada necə saxlamağın lazım olduğunu başa düşür. Qapıçı problemimiz ola bilər. Tveryankinin 46 yaşı var və gələn il sürətlə oynamaq onun üçün çətin ola bilər. Bu barədə fikirləşəcəyik. Ola bilər ki, “Avro-2012”də heyətdə yeni qapıçı görəsiniz.

- Son Avropa çempionatında komanda yekunda 4-cü oldu. Gələn “Avro-2012” üçün qarşınızda hansı məqsədlər qoyulub?

- Hələ bu barədə federasiya ilə söhbətimiz olmayıb. Gərgin məşq etməklə layiqli şəkildə hazırlaşmalıyıq. Əgər Xorvatiyaya yaxşı formada yollansaq, nəticə də yaxşı olacaq.

- “Avro-2012”də Azərbaycan millisi qitənin ən güclüləriylə yarışacaq. Rəqibləri analiz etməyə imkanınız olubmu?

- Siyahı ilə tanışam. İtaliya, Rusiya, Portuqaliya, Sloveniya və digər güclü komandalarla oynaya bilərik. Çox şey püşkdən asılıdı. Sentyabrın 7-də keçiriləcək püşkatmanın bizə düşərli  olacağına ümid edirəm.



MƏSLƏHƏT GÖR:

477