24 Noyabr 2024

Bazar, 15:32

ÖLÜM SAÇAN TRANZİT

Azərbaycan və Rusiya təhlükəsizlik xidmətlərinin birgə əməliyyatı nəticəsində, Əfqanistandan həşiş daşınması kanalları kəsilib

Müəllif:

15.03.2011

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin (RF NDNX) birgə fəaliyyətinin məhsuldarlığını göstərmək üçün yalnız bir fakta nəzər salmaq kifayətdir: təkcə bu ilin əvvəlindən Əfqanıstandan Rusiya ərazisinə narkotik vasitə olan həşişin daşındığı bir neçə kanal kəsilib. MTN və Federal Xidmət bu narkokanalların bağlanması məqsədilə üç önəmli əməliyyat keçiriblər. Nəticədə 390 kiloqrama yaxın əfqan həşişi müsadirə olunub. Bu isə o deməkdir ki, narkomanlar 807 min birdəfəlik doza əldə edə bilməyiblər, cinayət aləmi isə 15 milyondan artıq narkodollardan məhrum olub. 

 

Narkokanallar

Əfqan narkotik istehsalını öz miqyasına görə dünyada fenomenal adlandırırlar. Əfqanıstan narkotik istehsalçısı olan ölkələr arasında yalnız heroin deyil, həm də həşiş ixracının həcminə görə birinci yerə çıxır. Bu ölkədə hər il 3,5 min ton həşiş istehsal edilir ki, bu da artıq öz həcminə görə heroinlə müqayisə edilə bilir. Bu isə o deməkdir ki, Əfqanıstanda bu ölkəni narkotik istehsalçısına çevirən sistemləşmiş amillər yaranıb və fəaliyyətdədir. Buradan narkotik üç istiqəmətə yönləndirilir: şimal marşrutu ilə Orta Asiyadan keçərək Rusiyaya; İran və Balkan yarımadasından keçməklə Avropaya. Balkan marşrutunun bir qolu isə Xəzəryanı ölkələrdən və Cənubi Qafqazdan, o cümlədən, Azərbaycandan keçməklə Rusiyanın Qafqaz bölgəsinə daxil olur. 

Üçüncü istiqamət isə Əfqanıstandan cənuba yönəlir  - Pakistan və Hindistandan keçməklə isti dənizlərə çıxır və buradan bütün dünyaya daşınır. Bu trafiklər gərginlik ocaqlarının yaranmasına, mütəşəkkil cinayətlərə və terrorizmə səbəb olur və onları daim gündəmdə saxlayır, həmçinin, narkotiklərin tranzit marşrutları üzrə silahlı toqquşmaların təmin edilməsində əsas alət rolunu oynayır.  

Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətində Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlığı «genetik zərurət» kimi dəyərləndirirlər. Amma təəssüf ki, hələ yalnız bütün tranzitin yalnız 10%-nin qarşısını almaq mümkündür. Maraqlıdır ki, bu göstəricilər ABŞ və Avropa qurumlarının analoji göstəriciləri ilə üst-üstə düşür. 

MTN-in mətbuat xidmətindən «Region plus»a bildiriblər ki, bu gün narkotiklərin qanunsuz dövriyyəsi transmilli mütəşəkkil cinayətkarlığın əsas  növlərindəndir. Bu, yalnız milli genefond üçün deyil, həm də bəşəriyyətin gələcəyi üçün təhlükə yaradır. Ən mənffətli kriminal sahələrdən olan narkobiznesdən əldə edilən gəlirlərin digər transmilli cinayətlərin, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır. Məhz bu baxımdan xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda narkotiklərin dövriyyəsinə nəzarətə xüsusi önəm verilir. Çünki MTN-də bu məsələ həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi nəzərdən keçirilir.

Bizim ölkə üçün bu təhlükə, əsasən, Azərbaycanın işğal olunmuş ərazilərindən və yuxarıda sadalanan tranzit daşınmalarından qaynaqlanır.  Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edərək, beynəlxalq nəzarətdən və milli yurisdiksiyadan kənarda qalmış «boz zona”larda - Dağlıq Qarabağda və Ermənistan tərəfindən işğal edilmiş digər Azərbaycan ərazilərində narkotik vasitələrin becərilməsinin, emalının və daşınmasının qarşısını almağa çağırıb. 

 

Statistika 

Son illər Azərbaycanın milli təhlükəsizlik orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə, onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və respublikanın ərazisindən tranzit kimi istifadə olunması hallarına qarşı mübarizə daha da gücləndirilib, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, işğal olunmuş Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.

Təkcə 2010-2011-ci illər ərzində MTN tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 40 cinayət işi başladılıb, 130 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Ümumilikdə, 1 ton 500 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Müqayisə üçün, 2009-cu ildə 1 ton 141 kiloqram narkotik vasitə tutulmuşdu və 38 cinayət işi üzrə 114 nəfər istintaqa cəlb edilmişdi. 2004-cü ildən 2009-cu ilə kimi MTN Azərbaycan ərazisindən daşınması planlaşdırılan 3 tondan artıq ağır tərkibli müxtəlif növ narkotik vasitələr (heroin, həşiş, tiryək və s.) aşkar edərək, qanunsuz dövriyyədən çıxarıb. Bu illər ərzində 70 cinayət işi başlanılıb, 240 adam məsuliyyətə cəlb olunub ki, onların da 25-i xarici vətəndaşlardır. 

MTN-də narkotiklərin qanunsuz dövriyyəsi məsələsinə bir neçə prizmadan yanaşırlar. Artıq qeyd etdiyimiz kimi, burada narkomaniya milli genefonda ağır zərbə kimi dəyərləndirilir və ona qarşı mübarzə bütün qanuni vasitələrlə aparılır. Hesab edilir ki, bu yalnız dövlət orqanlarını deyil, həm də bütün cəmiyyəti narahat etməli olan bəladır. Diqqətə həm də o çatdırılır ki,  narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən gəlir terrorizmin maliyyələşdirilməsinin əsas mənbəyidir. Bir fakt da danılmazdır: narkotiklərin qanunsuz dövriyyəsinin təhlükəsi bu gün terrorizmlə eyni səviyyədədir və insanlara ciddi problem yarıdır. Narkoterrorizmlə mübarizə bu gün aparılsa da, ən böyük problem Dağlıq Qarabağdan qaynaqlanır. 

MTN-də hesab edirlər ki, terrorla mübarizədə olduğu kimi narkotiklərdən gələn təhlükənin qarşısının alınmasının effektivliyi də beynəlxalq əməkdaşlığın səviyyəsindən asılıdır. Məsələn, İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Milli Təhlükəsizlik Nazirliyi qonşu ölkələrin müvafiq orqanları ilə səmərəli əməkdaşlıq edir. 2011-ci ilin yanvarında Bakıda milli təhlükəsizlik naziri Eldar Mahmudov və Rusiya NDNX-nin direktoru Viktor İvanovun  nakotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində imzaladıqları əməkdaşlıq sazişini buna misal göstərmək olar. 

Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə İran-Azərbaycan-Rusiya marşrutu üzrə külli miqdarda narkotiklərin daşınması ilə məşğul olan şəbəkəni aşkarlamağa və zərərsizləşdiriməyə müvəffəq olublar. 13 əməliyyat nəticəsində 1116 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 32 nəfər məsuliyyətə cəlb olunub. 


MƏSLƏHƏT GÖR:

453