13 Mart 2025

Cümə axşamı, 02:47

KİM-KİMƏ BORCLUDUR, YAXUD KİM-KİMƏ LAZIMDIR?\

Gürcüstan Parlamentinın Vitse-Spikeri Levon Vepxvadze ilə eksklüziv müsahibə

Müəllif:

15.03.2011

Hələ 2011-ci ilin yanvarında Gürcüstan prezidenti Mixail Saakaşvili qonşu Ermənistana səfər edən zaman bəzi gürcü KİV sosial tədqiqatlara əsaslanaraq bildirirdi ki, ermənilər Gürcüstanı Azərbaycan və Türkiyə ilə yanaşı, onlara dost olmayan dövlətlərin sırasında görür. «Bunun yalnız Tbilisi ilə Bakı arasında yaxınlaşmadan qaynaqlanmadığını anlamaq çətin deyil. Axı, bu  Qafqaz respublikasının hərbi doktrinasında açıq şəkildə yazılır ki, Azərbaycan strateji müttəfiq, Ermənistan isə yalnız praqmatik tərəfdaşdır», - deyə «Georgia Times» qəzeti yazmışdı.

Bu, Ermənistanın Gürcüstana mənfi münasibətinin yeganə və başlıca səbəbi deyil. Hadisələr göstərir ki, belə əhval daha çox Gürcüstanın Samtsxe-Cavaxetiya regionu ilə əlaqəli ermənilərin iddiaları ilə də bağlıdır.

«Cavaxetiya ermənilərinin hüquqları uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur». Bunu martın 10-da Cavaxetiya ermənilərinin hüquqlarını müdafiə üzrə koordinasiya şurasının üzvləri, «Cavakh» həmyerlilər birliyinin rəhbəri, Ermənistanın hakim Respublika Partiyasından olan deputat Şirak Torosyan və «Yerkir» («Məmləkət») birliyinin rəhbəri Sevak Artsruni bəyan ediblər.

Onlar bildiriblər ki, koordinasiya şurasına daxil olan təşkilatlar erməni blogerlərin BMT-nin baş katibi Pan Gi Muna, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya, Avropa  Şurasının baş katibi Tornbern Yaqlanda ünvanladıqları  onlayn ərizəyə qoşulurlar.

Gürcüstan hökumətindən «Cavaxetiya ermənilərinə qarşı ayrı-seçkilik siyasətinə son qoyulması, erməni ictimai xadimlərinə qarşı təqiblərin dayandırılması, Vaaqn Çaxalyanın (ermənilərin separatçı «Vahid Cavakh» təşkilatının rəhbəri - “R+”.) azad olunması, Cavaxetiyada erməni dilinə regional dil statusunun, həmçinin, erməni apostol kilsəsinə hüquqi statusun verilməsi və SSRİ dövründə müsadirə olunmuş kilsələrin geri qaytarılması» tələb edilir.

Tələblərdən göründüyü kimi, Ermənistanın hakim partiyası səviyyəsində qonşu dövlətin daxili işlərinə kobud şəkildə müdaxiləyə cəhd olunur. Bu iddiaların arxasında, əslində, hansı qüvvələr və maraqlar dayanır? Bütün bunlar nələrə aparıb çıxara bilər? «R+»a müsahibəsində bu və digər suallara Gürcüstan parlamentinin vitse-spikeri, müxalifətçi «Xristian-Demokrat Hərəkatı» partiyasının deputatı Levan Vepxvadze cavab verir.

- Ermənistan parlamentinin deputatlarının rəhbərlik etdiyi «Cavaxetiya ermənilərinin hüquqlarının müdafiəsi üzrə koordinasiya şurası» adlı qurum «Cavaxetiya məsələsi»ni Avropa Parlamentində, ATƏT və digər beynəlxalq qurumlarda qaldıracağını bildirir. Cavaxetiya regionunda ötən əsrin 90-cı illərində baş vermiş hadisələrə oxşar separatçılığın güclənməsi mümkündürmü?

- Sosial planda Samtsxe-Cavaxetyiada vəziyyət Gürcüstanın digər regionlarındakı durumdan heç nə ilə fərqlənmir. Əlbəttə ki, orada həll edilməli olan sosial problemlər var. Amma bu, hansısa etnik azlıqlarla bağlı deyil. Orada yerli kənd təsərrüfatı ilə əlaqəli problemlər mövcuddur. Yerli fermerlər heç zaman kartofu özlərinə sərf edən qiymətə sata bilmir. Cavaxetiyada əsas kənd təsərrüfatı məhsulu məhz kartofdur. Amma bu, Gürcüstanın bütün regionlarına xas problemdir. Məsələn, Kaxetiya fermerləri üzüm satışında problemlərlə üzləşirlər. Yəni bu, məhsulun nə vaxt və hansı qiymətə satılması ilə bağlı sırf fermerlərə aid problemdir. Burada milli məsələ yoxdur.

- Cavaxetiya regionundan strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu keçir. Ermənistan bu layihəyə mənfi münasibətini gizlətmir. Bu dəmir yolu Cavaxetiyada ermənilərə məxsus «Virk», «Cavakh», «Parvana» və digər separatçı təşkilatlar tərəfindən terror hədəfinə çevrilə bilərmi?

- Bu regionda erməni-gürcü münasibətləri ilə bağlı problem yoxdur. Təəssüf ki, etnik məsələlərdən istifadə etməklə özünə siyasi karyera qurmağa çalışan insanlar, qruplar var. Bunun qarşısını mərkəzin fəallığını artırmaqla almaq olar. Cavaxetiya üçün əlavə problem orada yaşayan ermənilərin Gürcüstanın dövlət dilini bilməməsidir. Bu səbəbdən, onların ümumdövlət sisteminə inteqrasiyasında problemlər yaranır. Onlar dil bilmədikləri üçün dövlət işlərində işləyə, ali məktəblərdə təhsil ala bilmirlər və s.

Odur ki, dövlət əsas fəaliyyətini Cavaxetiya regionunun ümumgürcüstan siyasi sisteminə inteqrasiyası üzərində qurub. Bakı-Tbilisi-Qars dəmir yolunun işini pozmaq cəhdlərinə gəlincə, düşünmürəm ki, onun reallaşmasına kimsə mane olmağa çalışsın. Hamı anlayır ki, Bakı-Tbilisi-Qars dəmir yolunda terror bumeranq kimi Gürcüstan ərazisindən digər istiqamətlərdə yükdaşımalarına da zərbə vuracaq. Bu, ilk növbədə, Gürcüstanın Qara dəniz limanlarından Ermənistan yükdaşımalarına da aiddir. Bütün bunlar arasında qarşılıqlı əlaqə var. Ermənistanla Gürcüstan arasında yaxşı münasibətlər Tbilisidən daha çox Yerevana lazımdır. Çünki Gürcüstan ərazisi Yerevan üçün həyati əhəmiyyətli tranzit zonasıdır.

- Yeri gəlmişkən, bu regionda separatçılar, praktik olaraq, yerli rus əhaliyə qarşı etnik təmizləmə aparıb. Yerli ermənilərin təzyiqi ilə buradakı  rus  icması öz kəndlərini tərk etməli olub...

- Orada problem ruslara və ya gürcülərə münasibətdə deyil. Məsələ ondadır ki, hər bir regionda torpaq sahələrinə sahibliklə bağlı problemlər var. Əgər Gürcüstanın digər regionlarında insanlar 1 kvadratmetr torpaq sahəsi uğrunda mübahisə edirsə, Cavaxetiyada söhbət hektarlardan gedir. Orada yalnız erməni kəndlərində yox, rusların arasında, həmçinin, erməni kəndlərinin öz aralarında da mübahisələr var. Çətin iqlim şərtləri üzündən Cavaxetiyada acarlar da yaşaya bilmədi. Daşqınlardan əziyyət çəkən acarların çoxu Acarıstana qayıtdı.

- Azərbaycanlı əhalinin Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı vəziyyət necədir?

- Azərbaycanlı əhalinin əsas problemi gürcü dilini bilməməkdir. Bundan başqa, Gürcüstanın istənilən digər regionunda olduğu kimi, orada da sosial-iqtisadi problemlər var. Azərbaycanlıların gürcü dilini bilməsi onlara dövlət xidmətində iş uğrunda müsabiqələrə qatılmaq, ali təhsil almaq və digər imkanlar verəcək. Əhalinin ölkədə baş verən siyasi proseslərdən, iqtisadi hadisələrdən xəbərdar olması da çox vacibdir.

Gürcüstanın Təhsil Nazirliyində etnik azərbaycanlıların, ermənilərin gürcü dilini öyrənmələri üçün proqram var. Amma bu proqramın maliyyələşdirilməsi cüzidir - 600 min lari (təxminən, 400 min dollar). Məsələn, Gürcüstan hökuməti 1000 ingilisdilli müəllimin ölkəyə gətirilməsinə 6 milyon dollar ayırıb. Əlbəttə, gürcülərin ingilis dilini öyrənmələri vacibdir. Amma milli azlıqların dövlət dilini bilməsi bundan az vacib deyil. Onların dövlətlərinin nemətlərindən faydalanması üçün bu vacibdir. Gürcü dilini bilmək azərbaycanlıların və ya ermənilərin milli mədəniyyətini inkişaf etdirmələrinə mane olmur. Dövlət dilini bilmək onlara kargüzarlıqla məşğul olmağa, uğurlu karyera qurmağa imkan verir.

- Gürcüstan XİN 2011-ci ildə Tbilisinin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüslə çıxış etməsinin istisna olmadığını bəyan edib. Gürcüstanın bu təşəbbüsü nə qədər uğurlu alına bilər?

- Gürcüstan qonşu dövlətlər arasında sülhün əldə edilməsində effektiv rol oynaya bilər. Amma təşəbbüsün irəli sürülməsi qonşu dövlətlərlə problem yarada bilər. Təşəbbüs münaqişə tərəfləri üçün qarşılıqlı şəkildə qəbul olunan kompromisləri özündə əks etdirməlidir. Kompromisləri münaqişə tərəfləri qəbul etmirsə, sülhməramlı təşəbbüslə çıxış edən ölkə ilə münasibətdə problemlər əmələ gələ bilər.


MƏSLƏHƏT GÖR:

596