Müəllif: Redaksiya
Fikrini bir yerə cəmləyib nəsə demək istəyirsən, amma çətinlik çəkirsən, çünki qəlbində aşıb-daşan duyğular, beynində dolaşan düşüncələr çox qarışıqdır. Sanki içində bir burulğan var. Halbuki Novruz Bayramının fəlsəfəsi elə sadədir ki, fikir və düşüncələr də bunun kimi sadə olmalıdır; sadəcə, bəşər övladı hələ də kökləri çox qədimlərə, zərdüştlüyə, yüzilliklərboyu formalaşmış insan müdrikliyinə gedən bu bayramın qanunları ilə yaşamağı öyrənməyib. Belə bir nəzəriyyə var ki, inkar həmişə inkara səbəb olur və insan bir şeyi nə qədər çox istəmirsə, elə ən çox da o baş verir.
Hamı bilir ki, Yer planetində insanları ayıran sərhədlərdən, irqi və milli mənsubiyyətdən asılı olmayaraq bir qanun mövcuddur ki, biz hamımız ona tabe oluruq. Biz hamımız Kainatın vahid təbiət qanunlarına tabeyik və onlar o qədər dəqiqdir ki, biz heç bir çətinlik çəkmədən kosmik gəmilər düzəldərək insanları kosmosa yola salır və kosmonavtların Yerə enişini saniyəsinə qədər hesablayırıq. Harada oluruqsa-olaq hamımız böyük bir qanuna tabe oluruq ki, onun da adı cazibədir!
Həyatımızda baş verən hər şeyi biz özümüz özümüzə cəzb edirik - ya daim başımızda saxladığımız obrazların gücü hesabına, ya da qaçılmaz düşüncənin təsiri sayəsində bu baş verir. Bizim həyatımız - bizim düşündüklərimizdən ibarətdir. Şüurumuzda baş verən hər şeyi özümüz özümüzə cəzb edirik.
Və biz yaxşı şeylər haqqında düşünməliyik, müsbət düşüncələrlə yaşamalıyıq, dünyaya sülh və dinclik gətirməliyik. Hərçənd bəşər övladında bu yaxşı alınmır, buna görə də o, inkara daha çox diqqət yetirir. Biz müharibəyə, narkotiklərə, fahişəliyə, QİÇS-ə qarşı mübarizə aparırıq, hansısa problemlə bağlı «mübarizə komitələri» yaradırıq, anlamırıq ki, müqavimət və mübarizə, sadəcə, xoşlamadığımız şeyə güc verir. Hansısa hallar bizi qəzəbləndirdikcə daha da güclənirik, çünki biz daim onların barəsində düşünür, onları cəzb edirik. Bu, Kainatın qanunudur.
Avstraliyalı prodüser Rond Bernin «Sirr» əsərində bu barədə yetərincə maraqlı fikirlər var. Müəllif bildirir ki, müharibə əleyhinə hərəkatlar daha çox müharibələr törədir, narkotiklər əleyhinə mübarizə narkotiklərin daha çox yayılmasına səbəb olur, çünki insanlar yasaqlananlara daha çox diqqət yetirməyə başlayır. Bir vaxtlar Tereza ana bu barədə dahi bir fikir söyləmişdi: «Mən heç zaman müharibə əleyhinə mitinqə getmərəm. Sülh uğrunda mitinq keçirəndə məni çağırarsınız». Tereza ana Kainatın qanununu gözəl anlayırmış, bu kiçik cüssəli, kövrək qadın sülh üçün çox şey edib, çünki inkara yox, sülhə və mərhəmətə əsaslanırdı.
Bunu biz də anlaya bilərik və belə yaşamaq da asan olar, amma inkar dalğası və mənfiliklər həyatmıza o qədər dolub ki, düşüncələrin gedişini müsbət axına çevirməyə çətinlik çəkirik. Onlar insanlara həzz verməyə başlayır. Ümidsizlik insanın ən böyük günahlarından biridir, bu, Yerə Tanrı tərəfindən göndərilmiş istənilən dində yada salınır və şərh edilir. İndi Yerdə təcavüzkarlıq, dözümsüzlük enerjisi həddindən yüksəkdir, bu enerji bəşəriyyətin inkar duyğuları, «lehinə» və «əleyhinə» mübarizə aparan minlər və milyonlar tərəfindən daha da doyuzdurulur.
Ən yaxşısı, xeyirxahlıq barədə düşünmək, onu həyatımıza cəzb etmək lazımdır. Dünyanı bir insan da dəyişə bilər - əgər o özü ümidsizliyə qapılmasa, ətrafındakılar da ümidlə yaşaya bilər. Bu məqamda dünya ətrafında 80 günə səyahət etmək barədə çəkilmiş dahiyanə cizgi filmini xatırlamaq yerinə düşər: «Həyat bir zəncirdir, xırdalıqlar isə onun halqaları! Halqalara etinadsız yanaşmaq doğru deyil!». Bu dahiyanə əsərin müəllifi isə Jül Verndir və cizgi filmi onun əsəri əsasında çəkilib. O öz fantastik əsərlərində sualtı gəmilərin və kosmik uçuş aparatlarının yaradılacağını söyləmişdi, halbuki XX yüzilliyin əvvəllərində elm bunlardan çox uzaq idi. Jül Vern və çox sayda başqa fantast yazıçılar sanki öz fikirləri ilə onları bugünümüzə dartıb-gətirmişdilər.
Ən yaxşısı odur ki, sülh barədə düşünəsən və heç nəyi mürəkkəbləşdirməyəsən. Sadəcə, fikirləri buna yönəltmək lazımdır... Bu, Yer üzərində bütün canlı aləmin dirçəliş bayramı olan Novruzun fəlsəfəsi kimi çox sadədir.
Novruzöncəsi evi və həyəti yığışdırırlar. Bəlkə də bəşəriyyət başında fikirlərin və qəlbindəki duyğuların da yır-yığışını aparsa, pis olmazdı. Novruzöncəsi kədərdən uzaqlaşır və şənlənirlər, mübahisədən əl çəkərək barışırlar, insanlar bir-birlərinə qonaq gedir və yaxşı fikirləri, xoş arzuları bölüşür, qeybəti, yalanı, gileyi kənara qoyub xoş şeylərdən danışırlar.
Novruz günlərində nəyinsə «əleyhinə» mübarizə aparmırlar, qonşulara, yaxınlara, dostlara, yoxsullara, yalqızlara, zəiflərə şirniyyat aparırlar, hədiyyələr verirlər. Bu bayramda dünyadan getmişlərə ağlamırlar, onların həyatda etdiyi yaxşı işləri xatırlayırlar. Novruz sülh, harmoniya, dinclik, təbiətlə və insanın özü ilə qovuşmaq bayramıdır, cəsarətlə onu insanın başına gələcək ən gözəl şeylərin cazibəsi barədə Kainat qanunu ilə eyniləşdirmək də olar. Novruz mərhəmətə və Tanrı sevgisinə cazibədir. Axı bu dünyada ruhumuzdan başqa, heç nəyimiz yaxdur.
Əgər müharibənin əleyhinəsənsə, yaxşısı budur, onun əleyhinə deyil, sülhün uğrunda çalış. Əgər insanların tox olmasını istəyirsənsə, aclıq əleyhinə mübarizə aparma, onların doyması üçün cəhd göstər.
Dünyada hər şey bir fikirdən başlayır. Böyük hadisələr o zaman böyük önəm qazanırlar ki, onlar baş verən anda çox sayda insan məhz bu barədə düşünür, sonra isə fikir və düşüncələr bu hadisəni diqqət mərkəzində saxlayır və şişirdir. Bu işdə KİV də çox rol oynayır. Amma əgər bəşəriyyət bu mənfi hadisədən üz döndərərək sevgiyə diqqət yetirsə, bu pis hadisə davam edə bilməz. O öz-özünə əriyərək yox olar, çünki həyata sevgi cəzb edilmiş olar. Biz, sadəcə, sakitləşməli və diqqətimizi görmək istəmədiyimiz şeylərdən çəkərək, görmək istədiyimiz şeylərə yönəltməliyik.
Enerji diqqətin yönəldiyi yerə axır, bəlkə də Novruz ənənələri bizə bunu öyrədir və biz bu ənənələri bayramdan sonrakı günlərdə də dəstəkləyə bilərik. Biz istəsək, bunu edə bilərik.
Qoy həyatda dinclik, mərhəmət və xoş düşüncələr çox olsun. Çünki başımıza gələnlərin hamısı Kainatın qanunları ilə baş verir.
MƏSLƏHƏT GÖR: