26 Dekabr 2024

Cümə axşamı, 06:04

FUTBOLDA ÜÇDƏN DEYİLİB

Xorvatiyalı Robert Prosineçki Azərbaycan millisinə başçılıq edən üçüncü əcnəbi oldu

Müəllif:

09.12.2014

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi, nəhayət ki, məlum oldu. Alman Berti Foqtsun istefasından sonra yığma xorvat məşqçi Robert Prosineçkiyə tapşırıldı. Danışıqların yekunlaşması üçün Bakıya gələn xorvat məşqçi 5 gün paytaxtımızda oldu. Bu müddətdə ölkə çempionatının matçlarını izləyən Prosineçki Azərbaycanda futbol infrastrukturu, uşaq futbolunun vəziyyətiylə tanış olmaqla yanaşı, Avroliqanın qrup mərhələsində baş tutan "Sent Etyen" - "Qarabağ" matçını da izlədi.

Robert Prosineçkinin namizədliyi üzərində dayanan AFFA ilk olaraq xorvat məşqçinin millimizlə bağlı hazırladığı iş planı ilə tanış olub. Azərbaycan millisinin inkişaf proqramını tərtib edən Prosineçki işlədiyi müddətdə Bakıda yaşamağa razılıq verib. 45 yaşlı məşqçinin əleyhinə olan əsas amil onun məşqçi kimi kifayət qədər yetərincə təcrübəyə malik olmamasıdır. 2006-2010-cu illərdə Xorvatiya millisində baş məşqçi Slaven Biliçin köməkçisi işləyən Prosineçki məşhur Uembli stadionunda İngiltərə yığması üzərində qələbənin iştirakçısıdır. Bununla belə, Serbiyanın "Srvena Zvezda" klubunda çalışan ilk xorvat kimi tarixə düşən veteran futbolçunun məşqçi kimi uğurları yoxdur. Serbiyada olduğu kimi "Kayserispor"da da böyük uğurla yadda qalmayıb. O, demək olar ki, axtarışdadır. 

Belədə AFFA-nın Robert Prosineçkinin namizədliyini dəstəkləməklə riskə getdiyi məlum olur. Digər tərəfdən yığma "Avro-2016"nın seçmə mərhələsində ardıcıl 4 matçda məğlub olub. Bu vəziyyətdə güclü məşqçi nüfuzunu itirməkdən qorxaraq komandaya yaxın dayanmaz. Prosineçkinin məşqçi kimi uğurları olmadığından millimizdə bütün bildiklərindən istifadə edəcəyini gözləmək olar. 

Ölkəmizə səfəri zamanı medianın suallarına cavab verən məşqçi komandamız haqda bunları deyib: "Avro-2016"nın Xorvatiya - Azərbaycan görüşünü izləmişəm. Həmin oyunda Xorvatiya 6:0 hesablı qələbə qazanıb. Bununla belə, Azərbaycan millisinin potensialı var. Hesab o demək deyil ki, komandanız inkişaf edə bilməz. Unutmayaq ki, Xorvatiya çox güclü komandadır. Ona görə hesab böyük olub".

Məşqçi AFFA ilə müqavilə imzaladıqdan sonra Bakıda yaşayacağını, aşağı yaş qrupları üzrə komandaları nəzarətdə saxlamaqla yeni futbolçu axtarışında olduğunu deyib: "Azərbaycanda yaşamaqda problem görmürəm. Bakı gözəl şəhərdir. Digər tərəfdən, ölkənizdə yaşamağım vacibdir. Çünki bütün komandaların oyununu izləməliyəm. Yeni futbolçular axtarışında olmalıyam. Millinin yeni adlara hər zaman ehtiyacı olur. Ona görə işimə diqqətlə yanaşmaq vacibdir. Azərbaycan millisinin səviyyəsini yüksəltmək mümkündür. Sadəcə çalışmaq mütləqdir".

AFFA İcraiyyə Komitəsinin iclasında bütün üzvlər Robert Prosineçkinin millidə işləməsinin lehinə səs verib. AFFA ilə Robert Prosineçki arasında imzalanan müqavilə 2018-ci ilin sonunda başa çatacaq. Cari mövsümün sonuna qədər xorvat məşqçi iki əcnəbi köməkçisiylə birgə Azərbaycandan 1 milyon 200 min avro qazanacaq. 2016-2018-ci illərdəki müqavilənin maliyyə şərtləri sonradan təsdiqlənəcək. Bu məlumatı AFFA İcraiyyə Komitəsinin üzvləri təsdiqləyib. Ona yığmada işləməkdə yerli məşqçilər Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizov kömək edəcək.

Baş katib Elxan Məmmədov “R+”a açıqlamasında digər namizədlərin federasiyadan daha çox pul istədiyini etiraf edib: "Bəzi məşqçilər bizdən 3 milyon avro tələb etdilər. Üstəlik, istefaya göndəriləcəkləri təqdirdə əlavə 3 milyon avro ödəməyimizi istədilər. Bu səbəbdən daha təcrübəli və titullu məşqçilərlə danışıqlarımız nəticəsiz qaldı. Ad çəkmək istəməzdik. Onlar arasında tanınan adlar çox idi. Fikrimcə, seçim düzgün oldu".

AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində Robert Prosineçkinin düzgün seçim olduğunu söyləyib: "Prosineçki düzgün seçim oldu. Gənc məşqçidir. Uğurlara acdır. Bilirəm ki, mediada Qurban Qurbanovun adı çox çəkilirdi. O vaxt onu "Neftçi"yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidir. Amma biz onu "Qarabağ"dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq", - deyə R.Abdullayev bildirib.

Türkiyənin "Kayserispor" klubunun idman direktoru Hasan Hüseyin Abız “R+”a açıqlamasında Robert Prosineçkinin qardaş ölkədə işlədiyi vaxtları yada salıb: "Robert Prosineçki yeni gələndə komandamız normal çıxış edirdi. Çempionatın ikinci yarısında isə ardıcıl bir neçə oyunda uduzduq. Prosineçki bu səbəbdən komandadan ayrılmaq istədi. Heç bir problem yaratmadan istefa verdi. Əgər Azərbaycanda ona dəstək verilərsə, uğur qazanmaq gücündədi. Çox yaxşı insandı. Futbolçularla necə davranmaq lazım olduğunu yaxşı bilir. Nə lazımdırsa, onu edən, işini görən biridi. Sərt insan deyil. Amma hər şey təkcə məşqçidən asılı deyil. Elə yerlər var ki, orda sərt olsan yaxşıdır, elə yerlər də var ki, orada mülayim davranmaq lazımdır. Həm də uğur qazanmaq bir az da şans məsələsidir. Əgər mühit yaxşı olarsa, fikrimcə, Prosineçki nəticə verə bilər. Ümumi deyim ki, yaxşı məşqçidir".

Prosineçkinin "Srvena Zvezda"da işlədiyi vaxt komandanın qapısını qoruyan Saşa Stamenkoviç onu müsbət məşqçi kimi dəyərləndirdi. "Neftçi"nin qapıçısı AFFA-nın düzgün seçim etdiyini bildirdi: "O daim üzərində çalışır. Düzgün seçimdir. İlk oyundan sonra hamınız ona təşəkkür edəcəksiniz. Hər bir futbolçunun xarakterini öyrənməyi bacarır və ən əsası, oyun keyfiyyətini artırmağı bacarır".

Beləliklə, alman Berti Foqts və braziliyalı Karlos Alberto Torresdən sonra Prosineçki Azərbaycan millisinə başçılıq edən üçüncü əcnəbi oldu.

Cari seçmə mərhələ Prosineçki üçün sınaq olacaq. Dörd məğlubiyyətdən sonra ondan nəticə tələb etmək real görünmür. Ayrı-ayrı oyunlarda milli yaxşı təsir bağışlaya bilər. Amma ümumilikdə nəticə barədə danışmaq üçün bir müddət gözləmək lazım gələcək. 

Məşqçidən tələb olunan əsas şərt yığmada rəqabət yaratmaq və millinin oyun səviyyəsini yüksəltməkdir.

 

 

İLK MƏNBƏLƏRDƏN

 

"Bütün komandaların oyununu izləməliyəm. Yeni futbolçular axtarışında olmalıyam. Millinin yeni adlara hər zaman ehtiyacı olur. Azərbaycan millisinin səviyyəsini yüksəltmək mümkündür. Sadəcə çalışmaq mütləqdir".

Robert PROSİNEÇKİ, Azərbaycan millisinin baş məşqçisi

 

"Bilirəm ki, mediada Qurban Qurbanovun adı çox çəkilirdi. O vaxt onu "Neftçi"yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidir. Amma biz onu "Qarabağ"dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq".

Rövnəq ABDULLAYEV, AFFA-nın prezidenti

 

 

ONUN HAQQINDA

Robert Prosineçki məşqçidən çox, futbolçu kimi yaxşı tanınır. 1969-cu ildə Almaniyada anadan olan, lakin Xorvatiyada böyüyən məşqçi futbolçu karyerasına Zaqreb "Dinamo"sunda başlayıb. Prosineçki daha sonra "Srvena Zvezda"nın (Serbiya) şərəfini qoruyub. Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu İspaniyanın "Real", "Ovyedo", "Barselona", "Sevilya", Belçikanın "Standard", İngiltərənin "Portsmut" komandalarının və bir neçə başqa klubun formasını geyinib. Yuqoslaviya milli komandasında 15 oyun (4 qol), Xorvatiya yığmasında 49 oyun (10 qol) keçirib. Gənclər arasında dünya çempionu (1987), gənclər arasında Avropa vitse-çempionu (1990), UEFA Çempionlar Kubokunun sahibi (1991), dünya futbol çempionatının bürünc mükafatçısıdır (1998). Müxtəlif ölkələrin milli çempionatlarında və kubok yarışlarında çoxsaylı mükafatlar qazanıb. Futbolçu karyerasına son qoyan Prosineçki Xorvatiya yığmasında məşqçi, "Srvena Zvezda"nın və Türkiyənin "Kayserispor" komandasının baş məşqçisi olub.

Maraqlıdır ki, Berti Foqtsla Robert Prosineçkinin yolu futboldan əvvəl də kəsişib. 1998-ci ildə Fransada keçirilən dünya çempionatında Foqtsun baş məşqçisi olduğu Almaniya dördəbir finalda mundiallarda debüt edən Xorvatiyaya 0:3 hesabıyla uduzub. Prosineçkinin 90 dəqiqə meydanda olduğu görüşdən sonra Foqts istefa verərək bundestimdan ayrılıb.


MƏSLƏHƏT GÖR:

635