25 Dekabr 2024

Çərşənbə, 18:01

TANIŞ YAD QADIN

Gənc rəssamlar qadının sərhədsiz aləminin təfsirini təqdim ediblər

Müəllif:

09.12.2014

"Qadın ətri". İtaliyalı rejissor Dino Rizanın eyniadlı versiyası əsasında çəkilmiş Martin Brestin Hollivud remeykinə sitatdır. Filmin əsasını Covanni Arpinonun "Qaranlıq və bal" romanı təşkil edir. Kinoversiya qadının qabacaqdan hiss etməsi, onun kişiyə verə biləcəyi hüdudsuz aləm haqqında bəhs edir - bu dünyanı dərk etməyə çalışan və onu mənimsəyən deyil, anlamağa səy göstərən əsl kişiyə. Anlayaraqsa, özünü yenidən və yenidən kəşf etmək: üfüq xəttinə doğru sonsuzluq rəmzi kimi hərəkət etmək. Kapitan Fausto - italyan kinoversiyasının qəhrəmanı - kadet Çiçoya deyir: "Qadın - kişinin həqiqi doğma vətənidir". Bu, Covanni Arpinonun baxışıdır. "Art Villa" qalereyasında "Qadın ətri" rəssamların sərgisi 20-27 yaşda olan gənclərin baxışlarıdır. Onlar bu mövzuya öz təfsirlərini təklif edirlər. Onlar işlərini müəllif adları çərçivəsində qıfıllamırlar. Yəqin ki, bu da konseptual mövqedir: qoy, hər kəsin gördüyünün fərdi təfsiri yaransın.

 

İmran Mehdiyev

Heykəltəraşlıq. Ağaca az oxşayan, lakin vulkan tullantısına çox bənzəyən qəribə bitkinin çətirinin üzərində iki zərif qız fiquru əyləşib. Onlar kimdirlər? Cizgilərin incəliyi, bədənin hərəkətində gözəl plastika. Onların hər biri özünəməxsusdur və eyni zamanda, onlar bir-birinin mahiyyətini əks etdirirlər. Onlarda başlanğıcın vahidliyi və ziddiyyətlərin mübarizəsi həkk olunub. Qadın xarakteri də belə deyilmiş: dəyişkən, daimi olmayan, öncədən deyilməsi mümkünsüz. Ən çox insanı nə yoldan çıxarır: bədənin gözəlliyi və ya xarakterin xüsusiyyətləri?

 

Fəxri Abbasov

İki nəfərin rəqsi. Havadan, ehtiras məkanından bu rəqsdə birləşən iki fiqur peyda olur, döyüşdə olduğu kimi: kişi və qadın başlanğıcı. İkinci planda kişi qara geyinib. O, cəhənnəmlik kimi bir şeydir. Bəlkə o qədər də insan kimi deyil; nə qədər onu udan qara ehtirasların laxtası tək. Birinci planda qadın qırmızı paltardadır. Aqressiv qırmızı rəng! O, kişini itələyərək tapdalayır, birinci planı büsbütün doldurur. Qadın, sözsüz ki, tərəfdaşını burulğana salaraq, qadağalar xəttinə itələyərək, onu təhrik edir. Həvva və ya Lilit?

Qadağalarsız. Reklam lövhələrinin qalıqlarından qadın bədənləri görünür: çılpaq, yarıçılpaq. Üzləri yoxdur. Amma yenə də qadının cazibəsi hiss olunur. Lakin bu gözəlliyin nə üzü, nə fərdiliyi, nə də ruhu var. Əmtəə olan gözəllik: xeyli yayımlanan, ali müqəddəsliyi olmayan. Hamının alındığı və satıldığı dünya. Onun dəqiq sərhədləri yoxdur.

Yoldan çıxma. Yaşıllığın ilğımında sanki şüur, arzu altından qadın bədəninin qabarıqlıqları peyda olur. Nimfa? Nayada (pəri)? Qadın - xəyal... Qadın - arzu... O, həyata keçmiş ideya kimi əvvəlcədən hiss edilir. Dəriyə azca dəyən, hava parçasının köpüyündə o, cəlb edir və şıltaqlıqlaşır. Amma hansısa bir hissə görə biz anlayırıq ki, bu, sadəcə bir oyundur. Oyun vəd, oyun yalan, oyun şıltaqlıq. Sanki daha bir saniyə və yuxarıdan pərdə düşəcək ki, bizimlə onun arasında aralayıcı hədd olsun.

Fitnə. Bu qız tanış gəlir. Onun gülüşü. gur saçlardan-yarpaqlardan, saçlar-rənglərdən işvəli baxan baxışlar. O, ümumiyyətlə, büsbütün yazın, payızın və yayın boyalarından bir-birinə calanıb. O, kişini ovsunlayan və cəlb edən hər şeydir. Onda nəslinin bütün qadınlarının sehri, sirri, ovsunu, müəmması var. İllüziyaya harmoniya verə biləcək hər şeyin təcəssümüdür. O, yerdə cənnət vəd edən təcəssüm olunmuş fitnə, həyəcanlanmış fantaziyadır. Lakin həm də ürək sındıran odur: saymazyana, ötəri, gülərək və oynayaraq. O, eyni zamanda həm Həvva, həm də Lilitdir. Bəlkə, idealdır?

 

Zamir Rzayev

Heykəltəraşlıq. Şəhərli. Gənc və məqsədyönlü. O, həyatın qarşısına rahat çıxır. Deyəsən, onun "həyat" adlı təcrübə xoşuna gəlir! Bəs gözləri niyə bağlıdır? Niyə bu həyata addımladığı kimi asan və şən baxmır? Saçları arxaya tərəf yığılıb, küləkdə dalğalanır. Rəngli kağızların kəsimləri qarışıq düşüb. Onlar qayğısız bayram ovqatı yaradan ulduz qırıntılarına, kağızdan olan zəncirə və digər bayram bərbəzəyinə oxşayır. Onun fikiri haradadır: keçmişdə, bu gündə, gələcəkdə? Bəlkə o, həyatın mənası haqda fikirlərlə özünə əzab verməmək üçün sadəcə, bu həyatı görmək istəmir? Və hamı kimi axın boyu üzmək; ya da sabahki gün haqda düşünmədən, sadəcə, bu günlə yaşamaq...

 

Sevda Kamalova

Şlyapa. Bəşəriyyətin gözəl ixtirası - şlyapa! O, soyuqdan, yağışdan, qardan, günəşdən qoruyur. Eləcə də dünyadan, əgər ondan gizlənmək istəyərsə. Üzünü ovuclarına qərq edərək və qırmızı dodaqlarını ətraf aləmin asan iddialarına şıltaqcasına büzən qız pəncərədən baxır və eyni zamanda, sakitcə həyatı güdür. Bəli, bəli, məhz güdür! Onun gözlərini biz görmürük, ancaq onları sezirik. Lakin o, əhatəsindəkilərdən əsl münasibətini gizlətməyə çalışaraq, gözlərini bizdən qaçırır. Dodaqlarının ifadəsindən, əsasən, onu həqiqətən qiymətləndirə bilməyən dünyanı bəyənmir! Və eyni zamanda əsl hisslərini və fikirlərini gizlədərək, o istəyir ki, dünya onu yeganə və təkrarolunmaz kimi, tapmaca kimi, sirr və çox, çox... qəbul etsin! Şlyapanı çıxarsan, hər şey hələ də baş verə bilər!

 

Lalə Hüseynova

Heteroxromiya. Qız həyata və dünyaya tamamilə açıqdır. Müxtəlif rəngli gözləri iri-iri açılıb, dodaqları azca aralanıb. O, sanki gözləyir, indicə nəsə baş verəcək. Bundan qorxmadan, amma həm də şövq almadan. Sanki onda soyuq hər şeyi bilmək istəyi qədər, maraq hissi də var. O, həyatının qara və ağ xətlərini qanunauyğunluq prosesi kimi, özünü, öz imkanlarını müəyyən vəziyyətlərdə mümkün öyrənmə variantı kimi qəbul edir. O, yüksəlişləri də, məğlubiyyətləri də eyni şükranlıqla qəbul etməyi bacarır. Səhvlər və yanlışlıqlar faciə kimi qəbul olunmayacaq. Bu, sadəcə, ruhu möhkəmləndirən, xarakteri tərbiyə edən təcrübədir. Ola bilər ki, onun maraq oyadan başlanğıcı yoxdur, amma öz ruhunun gücünə olan əsaslı əminlik var!

 

Arzu Mürsəlova

Şəxsiyyətin fraqmentləri. Beş fraqmentdən ibarət fotokollaj. Kompozisiyanın mərkəzində üzü qara şlyapanın kənarları ilə gizlədilib. Onun gözlərini görmürük. Aşağıdakı fraqment - uzun saplaqlı qırmızırəngli solmuş qızılgül dekoltenin xəttindən bir qədər yuxarı dəriyə qısılıb. Qızılgülün dünya rəmzini bildirən mənaları çoxdur. Qırmızı qızılgül - Yer kürəsi, gözəllik, mükəmməllik, sevgi, qürur, istək, ehtiras və eyni zamanda, mərhəmət rəmzidir. Qızılgülə sitayiş ilahi mükəmməllik və harmoniya obrazı kimi poeziyaya daxil olaraq, Şərqdə də təşəkkül tapıb. Mərkəzi nöqtədən yuxarıdakı fraqment - gözləri bağlı qızın üzüdür. O, dünya ilə ünsiyyətdə olmaq istəmir. Çünki onun asimanda həmsöhbəti var. Sağdakı fraqment buna sübutdur. Başını arxaya əyərək, gözlərini səmaya zilləyib. Lakin biz ancaq üzün bir hissəsini görürük - sağ tərəfini. Üzün sol tərəfini bütün ekspozisiyanın başqa hissəsində axtarmalı olacağıq. Hə, kim və ya nə bu qızın ruhunun ahəngini pozub? Özünə ancaq yaradıcılıq dünyasını saxlayaraq, dünyanı rədd etməyə kim və ya nə onu məcbur edir? Bunu sol tərəfdəki fraqment - qızın əlləri təsdiq edir. Sol əl sağ əlin üstündədir. Sağ əlin barmaqlarının sümükləri ətraflı şəkildə seçilməyən işarə-rəmzlərlə təsvir olunub. Biz onları görürük, onlar var. Lakin onları anlamaq olmur, çünki qız bunu istəmir. Onun qırmızı qızılgülü - onun sirridir. Ancaq göylərə etibar edilə bilən sirr. 

"Qadının ətri" - bu tematik sərgi belə adlandırılıb. Qeyd edilən işlər, sadəcə, onun bir hissəsidir. Lakin kişi və qadınların dünyasında bu mövzu hər zaman tələb olunacaq, hər zaman həyəcanlandıracaq, narahat edəcək, ovsunlayacaq, qıcıqlandıracaq. Lakin heç vaxt son kimi dərk edilməyəcək. Çünki qadın kişi üçün - kişi qadın üçün olduğu kimi terra incognita-dır ("naməlum torpaq").



MƏSLƏHƏT GÖR:

618