Müəllif: Turan Şakir Bakı
Əslən Qarabağdan olsa da, 1990-cı ildə Bakı şəhərində dünyaya gəlib. Ata-baba yurdu Ağdam ermənilər tərəfindən işğal olunanda Güllü Muradovanın cəmi 3 yaşı var idi və çətin ki, o yerləri yaxşı xatırlaya bilsin. Lakin qarabağlı kökləri onun sonrakı həyatına təsirsiz ötüşməyib. Bu yerlərin insanlarına xas olan gözəl səsinə laqeyd qala bilməyən valideynləri, Güllünü musiqi məktəbinə yazdırıb və o, görkəmli xanəndə Sabir Abdullayevdən dərs alıb. 2008-ci ildə Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olan gənc xanəndə, təhsilini yenə də ustadı Sabir Abdullayevin sinfində davam etdirib.
2007-ci ildə Güllü Muradova Heydər Əliyev Fondunun layihəsi olan Televiziya Muğam Müsabiqəsinə seçilərək, birinci yerə layiq görülüb. Məhz bu hadisə onun həyatında bir dönüş nöqtəsinə çevrilib və yaradıcılığının gələcək inkişafında böyük rol oynayıb.
Tezliklə, Qarabağdan olan gənc Azərbaycan xanımı öz istedadı ilə ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə də tanınıb. Hazırda Güllü Muradova Prezident təqaüdçüsüdür, lakin bununla kifayətlənmək fikrində deyil. Gənc xanəndə öz yaradıcılıq planları ilə bizimlə bölüşüb.
- Müsabiqədən əvvəl, yəni 2007-ci ilə qədər çox festivallarda, yarışmalarda iştirak etmişdim. Hər dəfə də yer qazana bilmədiyimə, yaxud da yer verilmədiyinə görə, həvəsdən düşürdüm. Ona görə müsabiqələrə marağım o qədər də çox deyildi. Bu müsabiqə ərəfəsində isə ətrafımdakı insanlar belə məsləhət bildilər ki, əgər bu yarışmaya qatılsam mənim üçün uğurlu ola bilər. Mən də məsləhətlərə qulaq asıb seçim mərhələlərinə qatıldım. Düzünü desəm, üçüncü turdan keçəndən sonra da inanmırdım ki, adım ilk iyirmilikdə səslənsin. Amma adım seçilənlər arasında səslənəndə artıq inandım ki, qələbə də mənim ola bilər.
- Qələbəmdə müəllimim Sabir Abdullayevin böyük əməyi olub. Çox böyük zəhmətdən, hazırlıqlardan sonra, nəhayət ki, qalib oldum və tamaşaçılar tərəfindən gənc xanəndə kimi tanındım. Bunun üçün də həmişə müəllimimə və müsabiqənin təşkilatçısı Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanım Əliyevaya minnətdar olacam.
- Bəs müsabiqədən sonra sənətinizdəki durğunluq nə ilə əlaqədar idi?
- Əslində, elə bir durğunluq yox idi. Sadəcə, müsabiqədən sonra bir sıra dövlət tədbirləri, çəkilişlər, el şənlikləri insanı bir müddət məşğul edir. Və artıq efirə çıxmağa bir o qədər imkan olmur. Bundan əlavə, elə müsabiqə bitən kimi Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum və təhsilimi davam etdirdim. Bir müddət sonra isə başım disk hazırlıqlarına qarışdı və "Qarabağdır məkanım" adlı albomumu maraqlı repertuarla dinləyicilərin ixtiyarına verdim.
Diskin təqdimatından sonra isə solo-konsert vermək haqqında düşündüm. Elə bu günə kimi də hesabat xarakterli konsertin hazırlıqları ilə məşğulam. Əslində, tamamilə fərqli bir konsert fikirləşmişdim. Amma bunun üçün çox vaxt tələb olunduğuna görə, yaza saxladıq. Çünki bunun üçün həm məkan, həm də imkanlar bir balaca fərqli olmalıdır. Ancaq bu konsertdən qabaq - dekabr ayının 20-də Beynəlxalq Muğam Mərkəzində hesabat xarakterli konsertim olacaq. Bu konsertdə isə sırf muğamla yanaşı, digər bir gənc həmkarımla "Leyli və Məcnun" operasından parça ilə çıxışımız olacaq. Düşünürəm ki, bu maraqlı olmalıdır. Çünki müsabiqə ərəfəsində münsiflərin təklifi ilə həmkarım Abgül Mirzəliyevlə bu operadan parça ifa etmişdik. Bu, tamaşaçılar tərəfindən də uğurlu hesab edilmişdi.
- Belə qənaətə gəldim ki, digər gənc xanəndələr kimi, sizin də arzularınız arasında Leyli olmaq arzusu var...
- Hamının arzusu olub-olmaması barədə bir söz deyə bilmərəm. Amma mən öz gücümə, səs imkanlarıma inanıram. Bilirəm ki, onu uğurla oynaya bilərəm. Məsələn, indi "Leyli və Məcnun"da oynayan gənc həmkarım Vüsalə xanımın ifasına baxıram, onu çox bəyənirəm. Düşünürəm ki, mənim də gücüm çatar. Amma əgər bu olmasa, o qədər də heyfsilənmərəm. Hərçənd, təbii ki, opera səhnəsində yol keçmək hər xanəndə üçün böyük uğurdur. Mən də bir neçə dəfə buna cəhd eləmişəm, İnşallah, yəqin, dəyərləndirib məni dəvət edərlər, mən də məmnuniyyətlə gedib o səhnədə Leyli olaram.
- Adətən, gənc sənət adamları daha çox gündəmdə olmaq üçün efirlərdə, mətbuatda tez-tez çıxışlar edilər. Siz isə əksinə, bu vasitələrdən uzaq gəzirsiniz. Bunun səbəbi nədir?
- Mənim kimi əksər xanəndələr mətbuatda o qədər də görünmürlər. Onlar da yalnız yeni işlər görəndə, hansısa layihələrdə iştirak edəndə, maraqlı işlər təqdim edəndə televiziyalarda, qəzetlərdə, saytlarda olurlar. Fikrimcə, ən düzgünü də budur. Çıxıb boşuna özün haqqında danışmaqdansa, nə isə yeniliklə yadda qalmaq daha doğrudur.
- Gənc yaşda xarakterinizdəki ağıryanalıq, xaiyyətinizdənmi irəli gəlir, yoxsa bu, muğamın təsirindəndir?
- Düzünü desəm, bu fikri mənə çoxları söyləyir. Bəlkə də kənardan göründüyü kimidir. Bilirsiniz, muğam elə bir musiqidir ki, onun içinə daxil oldunsa, yaşından asılı olmayaraq, ağırlaşırsan, sanballı olursan, tərbiyələnirsən. Muğam dəryadır və hər dəfə bu dəryaya baş vuranda nələrsə insanın canına hopur.
- Gənc xanəndə kimi, gələcəkdə hansı ustadın zirvəsini fəth etmək, özünüzü onun pilləsində görmək istəyərdiniz?
- Onların zirvəsində deməzdim. Hələlik bu, mənim üçün imkansızdır. Əvvəldə də dediyim kimi, ilk müəllimim ustadımız, gözəl sənətkar Sabir Abdullayev olub, indi isə Azərbaycan Dövlət Milli Konservatoriyasında Xalq Artistimiz Arif Babayevdən dərs alıram. Bununla yanaşı, dinlədiyim xanəndələrimiz də var. Onların hamısından ilham aldığımı, zövq aldığımı desəm, yalan olar. Düzdür, qəbul edirəm ki, onlar yaxşı xanəndədirlər, seçilmişlərdəndirlər, çox yaxşı ifa edirlər. Amma bu ifa mənə toxunmur.
Bütün müəllimlərimə hörmət edirəm, onların tərəfini saxlayıram. Amma mənim üçün əvəzedilməz xanəndə Alim Qasımovdur. Muğam sənətində, ifasında yeganə zirvə onu sayıram. Mənim üçün ondan o tərəfi yoxdur. Onun ifasına, səsinə, şəxsiyyətinə vurğunam.
- Qarabağsızlıq, vətənsizlik, ifanızın yanğılı səslənməsinə təsir edirmi?
- Açığın desəm, istənilən həzin musiqi insanı yaralı yerindən vurur. Əgər mən Vətənimi fikirləşib, bir "Segah" ifa edirəmsə, bu, təbii ki, yanğılı olacaq. Əgər məni dinləyən insan da vətənini itiribsə, bu yanğı ona da sirayət edəcək. Vətənsizlik dillə, danışıqla ifadə olunan şey deyil. Onu yalnız hisslər büruzə verir. Oturub internetdə Qarabağın görüntülərinə baxanda, elə bil, ürəyimə dağ çəkirlər. Ancaq inanıram ki, İnşallah, yaralarımız tezliklə sağalacaq.
MƏSLƏHƏT GÖR: