Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Ömrünün son illərində onu daha çox Muğam Teatrında görmək olardı. Həmin teatrın yaradıcılarından biri idi. Elə müsahibəni də orada - Muğam Teatrında almışdım. Ağayana, nurlu insan idi. Maraqlı həmsöhbətiydi. Həyat təcrübəsindən, görüb-götürdüklərindən danışdıqca danışa bilərdi. Çünki o, xanəndə İslam Rzayev idi. Dünyanın 70-dən çox ölkəsində qastrol səfərlərində olmuş, məşhur insanlarla bir yerdə çalışmış, özü də böyük şöhrətə çatmış sənətkarıydı. Amma çeşid-çeşid xatirələrinin sırasından bir adı seçər, onun - Seyid Şuşinskinin işığından başlayardı ötənlərdən danışmağa...
İslam Rzayev Füzuli rayonunun Sərdərli kəndində 1934-cü ilin 11 noyabrında dünyaya göz açdı. Bütün qarabağlılar kimi, kiçik yaşlarından musiqiyə böyük sevgi gördü. O da muğamlara, xalq mahnılarına könül verdi. Məktəbə gedib-gələndə də yolboyu səs-səsə verib oxuyurdular. Daha doğrusu, yoldaşları oxuyur, o isə susub dinləyirdi. Uşaqlar "Sən də oxu" deyəndə oxumaqdan boyun qaçırırdı: "Səsim yoxdur". Ancaq təkliyə çəkiləndə gizli-gizli zümzümə edirdi.
...Artıq 7-ci sinifdə oxuyurdular. Bir gün yenə şagird yoldaşları oxumağa başlayanda, o da ürəyində oxuduğu mahnını dilə gətirdi. "Tel nazik" mahnısının bir bəndini bilirdi. Xanəndə Əbülfət Əliyevin ifasında dinləməşdi. Elə onu oxudu. Yoldaşları İslam Rzayevi qınamağa başladılar: "Belə səsin var, niyə oxumursan?".
O günün həyatında başqa bir səhifə açacağını, yeni başlanğıc olacağını heç xəyalına da gətirmədi. Ancaq onun ifaçılıq qabiliyyətindən tezliklə çoxları xəbər tutdu. Aram-aram söhbətinə davam edən İslam Rzayev xatırlayırdı: "Qarabağda atanın bacısına bibi yox, mama deyirdilər. Mən də atamın bacılarını belə çağırırdım. Atamın beş bacısı var idi, böyüyü Nisə mamam idi. O, mərd, alicənab insan idi. Füzulidə Köndələn deyilən yerdə cıdır var idi. Orada bayramlarda yarışa çıxır, at çapardılar. Nisə mamam da milli geyimdə at çapar, yarışlarda qalib gələrdi. O bizim hamımızın böyüyüydü, bir işimiz olanda ona üz tutardıq. Məktəb yoldaşlarım da mənim oxumağımı Nisə mamama deyiblər. O, bu xəbərə çox sevinib".
Görkəmli xanəndə Seyid Şuşinski əslən Füzulinin Horadiz kəndindəniydi. Hər il yay tətilində Bakıdan Füzuliyə gəlirdi. İstirahət etdiyi günlərdə həm də gənc istedadları axtarıb tapırdı, onların xanəndə kimi yetişməsi, tanınması üçün əlindən gələni əsirgəmirdi. Bütün bunlardan xəbərdar olan Nisə xanım heç kimə bir söz söyləmədən ustad xanəndənin gəlişini gözləyib. Seyid Şuşinskinin Füzuliyə döndüyündən xəbər tutan kimi, qardaşı oğlunu da götürüb onun yanına gedib. İslam Rzayev ömründən ötənlərdən beləcə şirin-şirin danışırdı: "Biz Nisə mamamla həyətə keçəndə gördüm ki, dəhlizdə bir kişi əyləşib, qabağında da pürrəngi çay var, asta-asta qəlyan çəkir. Biz yaxınlaşanda ayağa qalxdı. Mən onu tanımırdım. Sonra bildim ki, bu, böyük xanəndə Seyid Şuşinskidir. Ağa (Seyid Şuşinskini belə çağırırdılar) mamamı böyük hörmətlə qarşıladı: "Xoş gəlmisi-niz, Nisə xanım, siz hara, bura hara?", - dedi. Onlar mehribanlıqla hal-əhval tutdular. Oturduq, bizə də çay gətirdilər. Nisə mamamla Ağa söhbətə başladılar. Mamamın kişilərə qoşulub cıdıra çıxmasından, at çapmasından, kişiləri ötməyindən xeyli danışdılar. Ağa söhbət əsnasında üzünü mənə tutdu: "Oğlum, çayını iç", - dedi. Mamam ona demişdi ki, Seyid, bu mənim qardaşım oğludur, bir oğlandır. Deyirlər, səsi var, bir yoxla, səsi varsa, de, yoxdursa, bu da işini bilsin".
...Seyid Şuşinski: "Oxu" deyəndə yenə də "Tel nazik" mahnısı yadına düşdü. Oxumağa başlayanda, xanəndə etiraz etdi: "Zildən oxu". Sonra o özü zildən bir zəngülə vurdu. İslam Rzayev fəxrlə, fərəhlə danışırdı: "Onun səsini tutdum, ordan başlayıb bir bənd "Tel nazik" oxudum, saxladı. "Bəsdir", - dedi. - "Bir halda ki, mənim tutduğum notu mənim ağzımdan aldın, kifayətdir". Sonra mamama üzünü tutdu: "Nisə xanım, bu uşağın yaxşı səsi var. Bunu iyulun 25-i, 26-sı Bakıya gətir, mənim sinfimə qəbul etdirək".
Seyid Şuşinskinin dediyi gün bibisi onu Bakıya gətirdi. Gecəni xanəndə Seyid Şuşinskinin evində qaldılar. Səhəri gün Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə yollandılar. İslam Rzayev sənədlərini verdi. Ona imtahanın altı gündən sonra olacağını söylədilər.
İmtahan günü gəldi. İyirmi nəfərədək gənc həyəcanla imtahanın başlanmasını gözlədi. Münsiflər heyətində Seyid Şuşinski, Əhməd Bakıxanov, Fikrət Əmirov, Mirzə Mənsur kimi sənətkarlar əyləşmişdilər. Növbə ona çatdı. Əhməd Bakıxanov "Oğlum, bir muğam oxu, qulaq asaq", - dedi. Özünü itirdi, sonra dilləndi: "Mən muğam bilmirəm". Yenə Əhməd Bakıxanov xəbər aldı: "Bəs bura niyə gəlmisən?". "Gəlmişəm öyrənməyə", - dedi. Münsiflər heyətinin üzvləri güldülər. Hiss elədi ki, onun cavabı xoşlarına gəlib, tez sözlərinə davam etdi: "Tel nazik"i bilirəm. Dedilər, oxu. Seyid Şuşinski tarçalan Kamil Əhmədova pıçıltı ilə hansı pərdədən başlamalı olduğunu dedi. Tarzən zildən çalmağa başladı. İslam Rzayev "Tel nazik" mahnısının bir bəndini oxumuşdu ki, dedilər, çıx bayıra. İmtahan bitdikdən sonra qiymətləri elan elədilər. İslam Rzayev "5" almışdı.
...1951-ci il idi. İslam Rzayev artıq Asəf Zeynallı adına Musiqi Məktəbinin tələbəsiydi. Seyid Şuşinski kimi ustad sənətkarın sinfində oxuyurdu. Onun əlaçı tələbələrindən biri idi. Məşhur xanəndədən muğam sənətinin sirlərini böyük həvəslə öyrənirdi. 1956-cı ildə musiqi məktəbində təhsilini başa vurdu. Gənc idi, istedadlı idi. Qarşısında yeni yollar açılmışdı. Ancaq o zaman Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərməkdən imtina etdi. İllər sonra fikrini belə əsaslandırırdı ki, həmin vaxtlar opera dəbdə deyildi. Deyirdi: "Mən opera müğənnisi olmaq istəmədim. Ona görə ki, camaat onları çox da bəyənmirdi. Operada oxuyanlar iki-üç ildən sonra dəbdən düşürdülər. Məni Zeynəb Xanlarovayla bir yerdə tamaşada oynamağa çağırmışdılar. O, Leyli olacaqdı, mən Məcnun. Mən getmədim".
İslam Rzayev sənətdə ustadının yolu ilə irəliləməyə başladı. O da muğam sənətini yüksək tuturdu. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirdikdən sonra, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Sonralar Muğam Teatrında çalışdı. İyirmi ilə yaxın həmin teatrın bədii rəhbəri vəzifəsində işlədi.
Elə sənət yoluna başladığı ilk günlərdən tanınmağa, sevilməyə başladı. Bənzərsiz səsi, peşəkar ifası ilə pərəstişkarlar qazandı. Sənət yolu zəngin oldu. İslam Rzayev təkcə Azərbaycanda tanınmadı. Dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil etdi. Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə qastrol səfərlərində olan İslam Rzayev Azərbaycan mədəniyyətini, doğma musiqimizi, əsrarəngiz muğamlarımızı təbliğ edirdi.
Xalq artisti İslam Rzayevin bənzərsiz ifa tərzi var idi. "Çahargah", "Bayatı-Kürd", "Mahur-Hindi", "Rast" və digər muğamları, təsnifləri, xalq və bəstəkar mahnılarını özünəməxsus oxuyardı. Zəngin repertuarı var idi. Səid Rüstəmov, Cahangir Cahangirov, Bəhram Nəsibov və başqa məşhur bəstəkarların bir çox əsəri ilk dəfə İslam Rzayevin ifasında səsləndi, sevildi. Onun özünün də bəstələri var idi. Oxuduğu onlarca mahnının müəllifi idi. Onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" və digər mahnıları geniş yayıldı.
İslam Rzayev yalnız xanəndə kimi deyil, həm də pedaqoq kimi ustadının - xanəndə Seyid Şuşinskinin yolunu davam etdirirdi. "Mədəniyyət və İncəsənət Universiteti üçün proqram hazırlamışam", - deyirdi. - "O, universitetin muğam kafedrasında mənim proqramım əsasında dərs deyilir. Proqrama 17 muğamın adı, hissələri və guşələri daxil edilib. Dörd muğam da var. Rəhmətlik Seyid onu yaxşı bilirdi. Mən də ondan öyrənmişdim. Azərbaycanda o muğamlar yoxdur. Onları biz bərpa edirik".
İslam Rzayev sənətdə söz, nüfuz sahibiydi. Ondan Azərbaycan muğamlarının sirlərini öyrənirdilər. O isə yenə də böyük minnətdarlıqla ustadını xatırlayırdı: "Seyid Azərbaycanda ilk dəfə Üzeyir bəyin göstərişi və köməyi ilə xanəndə yetişdirməyə başlayıb. O zaman Seyid Şuşinski çox məşhur xanəndəymiş. Bir gün Üzeyir bəy onu yanına çağırıb deyir: "Seyid, sənə bir ehtiyacım var, Konservatoriyanı açmışam, amma heç kim uşağını burada oxumağa qoymur. Səbəbi mövhumatdır". Üzeyir bəy fikirləşmişdi ki, tələbələrə yaxşı təqaüd versələr, buna görə uşaqlar axışıb-gələrlər. Üzeyir bəyə böyük hörməti olan Seyid o vaxtlar konservatoriyaya maddi cəhətdən yardım etməyə başladı. Bu yardım iki il davam etdi.
Seyid belə insan, belə sənətkar idi. Xanəndələrdən heç biri Seyidin gördüyü işi görməyib. Ağayana, dünyanın malında, pulunda gözü olmayan biri idi. Ona nahaq yerə Ağa demirdilər ki...".
Növbə ona gəlmişdi. İslam Rzayev muğam sənətini Seyid Şuşinski kimi ustad sənətkarların sevdiyi qədər sevir, onların qoruduğu kimi təssübkeşliklə qoruyurdu. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Azərbaycan Milli Konservatoriyası - Z.F.) professoru olan İslam Rzayev gənc tələbələrə muğam sənətinin sirlərini böyük həvəslə öyrədir, Azərbaycan musiqi sənəti üçün ifaçılar yetişdirirdi. Onun tələbələrinin əksəriyyəti bu gün xanəndəlik məktəbinin layiqli davamçılarıdırlar.
Ömrünün son çağları ağrılı keçirdi. İllər ona qürurla andığı, fəxrlə danışdığı xatirələr versə də sağlamlığını alıb getmişdi. Daha ən çox döydüyü xəstəxana qapıları idi. Onun səhhəti ilə bağlı pərəstişkarları tez-tez kədərli xəbərlər eşidirdilər. İslam Rzayev 2008-ci ilin 26 yanvarında 74 yaşında vəfat etdi. Lent yazılarının yaddaşında qalan həzin səsi, bənzərsiz ifası onu Azərbaycan musiqisevərlərinin xatirəsində hər zaman yaşadacaq.
MƏSLƏHƏT GÖR: